Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-638/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hesabatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-7308/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı iddiaçının evinə və obyektinə nə qədər məbləğdə pul köçürülməsi barədə hesabatın verilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-7308/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Maliyyə Nazirliyi tərəfindən kompensasiya məqsədi ilə ayrılan pulun qanuniliyini özündə əks etdirən hesablama qaydasını (torpağın, yaşayış sahəsinin və qeyri-yaşayış sahəsinin ayrılıqda hər birinə ayrılan kompensasiyanın məbləği), bunu hesablayan cavabdeh təşkilatın alqısatqını təmin edən hüquqi əsaslar, onun evinə və obyektinə şərik olan X2 və tanımadığı digər şəxslərin münasibətləri haqqında olan məlumatların rəsmi surətdə ona təqdim olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən evi və obyekti razılaşma olmadan məhkəmə qərarı gözlənilmədən quldurcasına dağıdılmışdır. 2014-cü ildən bu günə qədər Xətai Rayon İcra başçısı bütün qanuna zidd əməllərdən istifadə edir. Xətai icra başçısı onun evini və obyektini adlarını bilmədiyi insanların və X1 adlarına yazaraq mənimsəmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamının hüquqi cəhətdən savadsız və qeyri-qanuni olduğuna hər kəs əmindir. Həmin sərəncamda onların yaşadığı ərazinin, küçənin adı yoxdur, qiymətləndirmə yoxdur. Elə bu səbəblərdən də 225 saylı sərəncamla bu köçürtmənin təmin edilməsi qeyri-qanunidir. Məhkəmələrə təqdim edilən məktublarda isə guya yaşayış evi sökülən sakinlər fərdi qaydada komissiyaya dəvət olunmuş və onlara ödəniləcək vəsait hər bir ailə başçısı ilə razılaşdırılaraq komissiyanın aktı tərtib olunduğunu bildirərək yalan ifadələr vermişdir. Məhkəmələr tərəfindən tam və hərtərəfli araşdırma aparılmamışdır. Məhkəmə hakimləri Xətai icra başçısının rəyini oxumadan olduğu kimi qərara köçürmüş, qanunla qorunan hüquqlarını pozmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İşdə olan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 29 mart 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” 10 iyun 2013-cü il tarixli 225 nömrəli sərəncamına əsasən qeyd olunan ərazidə mövcud olan yaşayış və qeyri yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 06 mart 2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçıya yaşayış evinin söküntüsü ilə əlaqədar 18.05.2019-cu il tarixdə 64850 manat kompensasiya ödənilmiş və eyni zamanda məktubda bildirilmişdir ki, məbləğ ümumi siyahı ilə filiala təqdim olunduğu üçün digər müştərilərin məlumatlarının təqdim olunması bank sirri hesab olunduğu üçün tam siyahını və ödəniş tapşırığını təqdim edə bilmirlər. İddiaçı kompensasiya məqsədi ilə ayrılan pulun qanuniliyini özündə əks etdirən hesablama qaydası barədə hesabatın təqdim edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırda cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hansı hüquqlarının və qanunla qorununan maraqlarının pozulması müəyyən edilmir. Qeyd edilməlidir ki, işdən görünür ki, iddiaçıya kompensasiya ödənilmişdir, şəxs ödənilmiş kompensasiyanın məbləğini ədalətli hesab etmirsə, həmin məsələni mübahisələndirə bilər. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin proses iştirakçılarına hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin, iddiaçı qanunvericiliyə uyğun olaraq iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-7308/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-638/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-638/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver