Məhkəmə qərarları › İş №2-1(103)-638/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-638/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-638/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müvafiq siyahıdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehin üzərinə İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliklərinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən tikinti fəaliyyəti ilə məşğul olur. 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr müvafiq olaraq ƏDV depozit hesabına köçürmə edən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti" VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısı qeyd edildiyi müəssisəyə bildirildi. Yazı hələdə olduğu kimi sistemdə ortaya çıxır və işgüzar nüfuzuna ciddi ziyan dəyir. Maliyyə itkilərinə məruz qalır. Qanunvericiliyə əsasən İnternet Vergi İdarəsinin fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir və cavabdehlik daşıyır. "xxxx" MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən və ya bu cür şübhənin olduğu təqdirdə müvafiq araşdırmanın aparılmaması, cinayət işinin başlanmaması bu cür məlumatın qeyd edilməsini qanunvericiliyə əsasən tamamilə yalnışdır və böhtan xarakeri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması AR-nın Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu faktın olması ehtimalı varsa, müvafiq qaydada cinayət işi başlanılmalı və araşdırılmalıdır. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. Həmçinin İddiaçı MMC-nin ƏDV subhesabında olan vəsaitin hərəkəti də qanunsuz olaraq məhdudlaşdırılmışdır ki, bu da qanunvericiliyə əsasən tamamilə qanunsuzdur. Müəssisənin ƏDV sub-hesabına məhdudiyyət yalnız qanunvericilikdə nəzərdə tutulduğu halların mövcud olması ilə həyata keçirilə bilər ki, bu da müvafiq qərar əsasında həyata keçirilir. Halbuki, bu cür qərar qəbul edilmədən müəssisənin ƏDV sub-hesabına məhdudiyyət qoyulmuşdur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları”na tamamilə ziddir. Bütün bunlar müəssisənin işgüzar nüfuzuna, fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Beləki, hal-hazırda alğı-satqı etdiyi müəssisələr ƏDV sub-hesabına köçürmələr həyata keçirməkdən imtina edir, müəssisə ilə əməkdaşlıq etmək istəmirlər. Müəssisəni fəaliyyətində yaranmış bu problemlərə görə müəssisə əldə edə biləcəyi gəlirdən məhrum olur. Belə ki, müəssisənin 2018-ci il tarixində mənfəəti 92770.48 manat olmuşdur. Qeyd olunan qanunsuz əməllərdən sonra müəssisənin fəaliyyəti dayanmış, mənfəət əldə edə bilməmişdir və ƏDV sub-hesaba qoyulmuş məhdudiyyət və sistemdə ortaya çıxan əsassız yazının qeyd olunduğu 2018-ci ilin 30 dekabr tarixindən hazırkı dövrədək - 1 il 2 ay 10 gün müddətində müəssisə (14x7730.87) + 2576.95 = 110 809.13 manat əldə edə biləcəyi mənfəətdən məhrum edilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırmışdır ki, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM, 109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 maddə). Belə ki, İddiaçıMMC-nin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinə səbəb "xxxx"MMC-də (VÖEN: **********) 2015-2018-ci illər üzrə aparılmış SVY zamanı müəyyən olunmuş qara mühasibatlıq məlumatlarına əsasən müəssisənin İddiaçı MMC ilə də riskli əməliyyatlar aparılması faktlarının aşkar olunmasıdır. Bunun əsasında İddiaçı MMC xx.xx.2019-cu il tarixində riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2015-xx.xx.2017-ci illər ərzində heç bir e-faktura təqdim olunmamışdır. Həmin dövr ərzində 10.660,0 manat dəyərində “sement, su və enerji” göstərilməklə efaktura əldə edilmişdir. Eyni zamanda, xx.xx.2018-xx.xx.2020-ci illər ərzində müəssisə tərəfindən 59.012,0 manat dəyərində “metlax, metal konstruksiyalar, alüminium ərintilərindən plitələr, telekommunikasiyada istifadə olunan kabellər (CCTV4+1 və səs kabeli 2x2.5-1800m), elektrik və işıqlandırma avadanlığı, gipsdən məmulatlar (təbəqələr), künclük və profillər, mərkəzi yaddaş qurğuları, rəqəmsal kameralar və yazan videokameralar, səs gücləndirici dinamiklər və s.” idxal olunmuş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə (VÖEN **********) 968.742,0 manat dəyərində “mini futbol meydançasında və idman zalında görülmüş işlər, tikinti işləri” göstərilməklə e-qaimə təqdim edilmişdir. Dövr ərzində müəssisə tərəfindən 792.100,0 manat dəyərində “mərmər, faner, metal vərəqələr, kafel, taxta, elektrik avadanlıqları, keramika, qranit, radiator, qum, tüstü xəbərdaredici qurğu, kabel, enerji və s.” olmaqla e-qaimə əldə olunmuşdur. Yuxarıda qeyd edilən dövr ərzində müəssisə tərəfindən ümumi dövriyyəsi 968.742,0 manat məbləğində göstərilmiş və büdcəyə 141.628,0 manat məbləğində vergi ödənişi edilmişdir. Lakin bununla belə müəssisənin adına heç bir aktiv təsərrüfat subyektinin qediyyata alınmadığı və Əmək müfəttişliyinin məlumatına əsasən işçisinin olmadığı müəyyən olunmuşdur. Belə olan halda iddiaçının tədarük etdiyi mal-materialın saxlanma yeri, konkret olaraq özünün fəaliyyət göstərdiyi yer, habelə göstərdiyi xidmətlərin hansı əmək qüvvəsi ilə həyata keçirməsi barədə yaranmış suallar onun riskli vergi ödəyicisi hesab olunmasına ciddi əsaslar vermişdir. İddiaçı iddia ərizəsində vergi orqanının qanunazidd hərəkət edərək, vergi ödəyicisi barədə hər hansı araşdırma aparılmadan, cinayət məsuliyyətinə cəlb edilmədiyi halda onu riskli vergi ödəyiciləri siyahısına aid edildiyini bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, DVX-nın Vergi Cinayətlərinini ibtidai Araşdırılması Baş İdarəsində "xxxx" MMC-də (VÖEN: **********) külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi başlanılmış və araşdırma materialları əsasında həmin müəssisənin əmtəəsiz əməliyyat aparmaq məqsədi ilə bağladığı mülki-hüquqi əqdlərdən birinin tərəfi qismində İddiaçı MMC-nin çıxış etdiyi müəyyən edilmişdir. Beləliklə, riskli vergi ödəyicisi ilə aparılan əmtəəsiz əməliyyatlar, həmçinin vergi ödəyicisinin özü tərəfindən vergi orqanına dürüst olmayan məlumatların təqdim edilməsi gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətin ƏDV sub-hesabı üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin aradan qaldırılmasına gəldikdə isə, iddiaçı bu halın əsaslandırılması üçün hər hansı bir sübut təqdim etməmişdir. Vergi ödəyicisinin iş qovluğu məlumatları təhlil edilərkən ƏDV sub-uçot hesabının bağlanılması halını təsdiq edən hər hansı məlumat aşkar olunmamış, müəssiəsə tərəfindən bununla bağlı ünvanlanmış müraciətlərin isə müvafiq qaydada cavablandırıldığı müəyyən edilmişdir. Analoji məhkəmə mübahisəsinə baxmış Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-1(102)-830/18 nömrəli (hakim Sevda Hüseynova) qərarında qeyd edilmişdir ki, iddiaçı hesab etmişdir ki, onun ƏDV sub-uçot hesabına məhdudiyyət cavabdeh tərəfindən qoyulmuşdur. Bu halın əsaslandırılması kimi hər hansı bir sübutu təqdim etməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının əsaslandığı hallar hər hansı bir qaydada yoxlanılmamış və iddiaçının ƏDV sub-uçot hesabına məhdudiyyətin qoyulması hüququnun cavabdehlərdə olub-olmaması, mövcud olduğu halda, hansı əsaslarla və hansı qaydada qoyulması, qoyulduğu təqdirdə iddia tələbi ilə bağlılığı müəyyən edilməmişdir.”. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, bildiririk ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi“ Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV subuçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı ərizəsində müəssiəsinin fəaliyyətinin dayandırıldığını və bu səbəbdən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000,0 manat məbləğində kompensasiyanın ödənilməsini Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Lakin qeyd etməliyik ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv olmuş, xx.xx.2019-cu il tarixdə təqdim etdiyi arayış əsasında fəaliyyəti dayandırılmış, lakin xx.xx.2019-cu il tarixdə bəyannamə təqdim etdiyinə görə fəaliyyəti yenidən aktivləşdirilmiş və xx.xx.2020-ci ilədək aktiv olaraq qalmışdır. Bu isə öz növbəsində vergi ödəyicisinin məhkəməyə yanlış məlumat təqdim etdiyini və onun iddiasının əssasız olaraq maddi mənfəət əldə etmək məqsədi daşıdığını göstərir. Həmçinin iddiaçının dəymiş ziyanın əvəzi olaraq 160.809,13 manat pulun ödənilməsi tələbi barədə bildiririk ki, iddia tələbinə nəzər saldıqda iddiaçı hansı hərəkətlər nəticəsində zərərin dəyməsi, bu hərəkətlərlə dəymiş zərər arasında səbəbli əlaqə, habelə zərərin dəyməsini əsaslandıran dəlillər və sübutlar qeyd edilməmişdir. Göründüyü kimi, İddiaçı MMC-nin iddiası əsassız və qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadı ilə iddia “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv ediməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2087/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2022 saylı 03 mart 2022-ci il tarixli qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilməsi, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması, qərarın qalan hissədə (birinci tələbə münasibətdə) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən tikinti fəaliyyəti ilə məşğul olur. 30 dekabr 2018-cu il tarixdən digər müəssisələr müvafiq olaraq ƏDV depozit hesabına köçürmə edən zaman İnternet Vergi “Vergi ödəyicisi İddiaçı" VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyat aparan şəxs olması ehtimal olunur.” yazısı qeyd edildiyi bildirildi. Yazı hələ də olduğu kimi sistemdə ortaya çıxır və işgüzar nüfuzlarına ciddi ziyan dəyir. Maliyyə itkilərinə məruz qalır. Qanunvericiliyə əsasən İnternet Vergi İdarəsinin fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir və cavabdehlik daşıyır. "MANAR-QALA” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən bu cür şübhənin olduğu təqdirdə müvafiq araşdırmanın aparılmaması, cinayat işinin başlanmaması bu cür məlumatın qeyd edilməsi qanunvericiliyə əsasən tamamilə yalnışdır və böhtan xarakeri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması AR-nın Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu faktın olması ehtimalı varsa, müvafiq qaydada cinayət işi başlanılmalı və araşdırılmalıdır. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını va qərəzli yanaşmanı sübut edir. Həmçinin İddiaçı MMC-nin ƏDV sub-hesabında olan vəsaitin hərəkəti də qanunsuz olaraq məhdudlaşdırılmışdır ki, bu qanunvericiliyə əsasən tamamilə qanunsuzdur. Müəssisənin ƏDV sub-hesabına məhdudiyyət yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda həyata keçirilə bilər ki, bu da müvafiq qərar əsasında həyata keçirilir. Halbuki, bu cür qərar qəbul edilmədən müəssisənin ƏDV sub-hesabına məhdudiyyət qoyulmuşdur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il ta 218 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan “ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları”na tamamilə ziddir. Bütün bunlar müəssisənin işgüzar nüfuzuna, fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Belə ki, hal-hazırda alğı-satqı etdikləri müəssisələr ƏDV sub-hesablarına köçürmələr həyata keçirməkdən imtina edir, onlarla əməkdaşlıq etmək istəmirlər. Müəssisəni fəaliyyətində yaranmış bu problemlərə görə müəssisə əldə edə biləcəyi gəlirdən məhrum olur. Belə ki, müəssisənin 2018-ci il tarixində mənfəəti 92770.48 manat olmuşdur. Qeyd olunan qanunsuz əməllərdən sonra müəssisənin fəaliyyəti dayanmış, mənfəət əldə edə bilməmişdir və ƏDV sub-hesaba qoyulmuş məhdudiyyət ve sistemdə ortaya çıxan əsassız yazının qeyd olunduğu 2018-ci ilin 30 dekabr tarixindən hazırkı dövrədək- 1 il 2 ay 10 gün müddətində müəssisə 110 809.13 manat əldə edə biləcəyi mənfəətdən məhrum edilmişdir. Qeyd edilən qanunsuz hərəkətlərlə bağlı xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılması yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı VÖEN “100126083 əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehimal olunur.” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin hesabına köçürülməsi öhdəliklərinin qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişlər. Hakim qərardadda əsaslandırmağa çalışmışdır ki, guya müəssisə dəymiş ziyanla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunan sənədlərdən də görünür ki, Müəssisənin 2018-ci il tarixində mənfəətini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Bu sənədlərdən aydın şəkildə müəssisənin ƏDV sub hesabına məhdudiyyət tətbiq edilməmişdən əvvəl müəssisə normal fəaliyyət göstərmiş və mənfəət əldə etmişdir. Lakin hakim bu xüsusatlara da göz yummuşdur və nəticədə qanunsuz və əsassız olaraq xx.xx.2022-ci il tarixli 2-1(112)- 254/2022 nömrəli Qərardad qəbul etmişdir. Həmçinin hakim mümkünlük məsələsinin həll edilməsini iddia ərizəsinin verildiyi tarixdən 2 il keçdikdən sonra xx.xx.2022-ci il tarixdə həll etməyi zəruri hesab etmiş, guya İPM-in 2.2.7, 36.4 və 35.1-ci maddələrinə əsaslanaraq mümkün hesab etməmişdir. Lakin qeyd etmək istərdik ki, verilmiş iddianın 1-ci hissəsi öhdəliyin icrası haqqında ( İPM 2.2.3) və digər hissəsi isə inzibati mübahisələrin həll ilə bağlı əmlak tələbinə, habelə inzibat orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə komnensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. İPM-nin 34.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hakim bu hissədə də qərardadı düzgün əsaslandırmamışdır. Çünki açıq aydın dəymiş ziyana görə konpensasiyanın verilməsi və öhdəliyin icrası haqqında iddiaların birlikdə verilə biləcəyi qeyd edilib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmçinin, həmin Qərarın 4.1., 4.2. və 5.1.-ci bəndlərində göstərilmişdir ki, İPMin 35ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı işdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir:1) İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi, 2) Müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək 10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının birinci tələbi-“iddiaçının ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi” tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçının ikinci tələbi isə - “əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin iddiaçının bank hesabına köçürülməsi” tələbi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı iddia növünə aiddir. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Bununla əlaqədar, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən iddia tələbi İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aid edildiyindən, iddia tələbinin birinci hissəsi isə öhdəliyin icrası iddia növünə aid olduğundan və digər iddia növlərinə münasibətdə subsidiarlıq yalnız İPM-in 36.4-cü maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia növü üçün nəzərdə tutulduğundan, hazırkı iddia tələbi, yəni “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi”nə dair iddia tələbi mümkün sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar