Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-638/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X10) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10993/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı X10 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1976-cı il təvəllüdlü X6 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50131 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ev 3 otaqdan ibarətdir və hal-hazırda orada 4 nəfər pasport qeydiyyatındadır (özü, oğlu M.İddiaçı, atası A.İddiaçı və üçüncü şəxs S.S.Quliyev). Uzun müddətdir ki, onun mənzilində yaşamayan X10 orada formal pasport qeydiyyatında olsa da, lakin bu günə kimi həmin mənzilin qeydyyatından çıxmamışdır. X6 ona məxsus mənzildə qanunsuz pasport qeydiyyatında olmağı onun mülkiyyət hüququnu pozur. Bununla bağlı cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubla müraciətindən imtina edilmişdir. Odur ki, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Sənan Quliyevin ona məxsus mənzildə yaşamaması və orada formal pasport qeydiyyatında olması müvafiq faktlar ilə təsdiq olunur: Bakı şəhəri Xətai rayonu MKTB-nin 29 saylı MKİS-si tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında Laçın rayonundan məcburi köçkün olan 5 nəfərdən ibarət Həsənovların ailəsi müvəqqəti məskunlaşmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 4 nəfər pasport qeydiyyatındadır: özü, oğlu Mikael Abdullayev, atası Aleksandr Abdullayev və üçüncü şəxs Sənan Quliyev. Digər tərəfdən, üçüncü şəxs Sənan Quliyevin qanunsuz hərəkətləri nəticəsində ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4399/2013 saylı 07 noyabr 2013-cü il tarixli qətnaməsi ilə atası X1 cavabdeh X7 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh S.S.Quliyevdən vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manat A.İddiaçı xeyrinə tutulması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-906/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə tələbkar A.İddiaçı pul vəsaitinin indeksasiyası bağlı ərizəsi qismən təmin edilərək borclu S.S.Quliyevdən tələbkar A.İddiaçı xeyrinə 13884,83 manat pulun tutulması qət edilmişdir. 9 ildən artıq müddətdir ki, ümumilikdə 33223,03 (otuz üç min iki yüz iyirmi üç manat üç qəpik) manat məbləğində pulun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları olsa da, lakin iş üzrə üçüncü şəxs olan borclu S.Quliyev həmin məhkəmə qərarlarını qərəzli olaraq icra etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10993/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı ilə İddia təmin edilMİŞ, X6 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam qanunsuz, əsassız olaraq iş üzrə heç bir araşdırma aparmadam, əvvəllər mülkiyyət hüququ ilə ona məxsus olmuş mübahisəli mənzildən nə onun çıxarıldığını, nə də ki onun həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmadığı halda İddiaçı iddia tələbi təmin edərək onun mübahisəli mənzildən qeydiyyatdan çıxarılma öhdəliyini cavabdeh Xətai Rayon Polis İdarəsinin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10993/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən Bakı şəhəri Xətai rayonu, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. -X10 və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu, ünvan 1 İddiaçı bağışlanılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X10 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29011)-4399/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən X4 vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manat X1 xeyrinə tutulmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-906/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4399/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu X4 tələbkar X2 xeyrinə 13884,83 manat tutulmuşdur. -Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin borclunu axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu, xx.xx.1976-cı il təvəllüdlü Bakı şəhəri Xətai rayonu ünvan 5 ünvanında qeydiyyatda olan X10 barəsində axtarış elan edilmişdir. -Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 29 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 062 saylı xx.xx.2023cü il tarixli arayışa əsasən X8 (1945), X14 (1973), X11 (2009) məcburi köçkün kimi, X9 (2012, məcburi köçkün deyil), X5 (1984, məcburi köçkün deyil) Babək prospektində yerləşən 78 saylı evin 178 saylı mənzilində müvəqqəti məskunlaşıblar. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 29 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 062 saylı xx.xx.2023cü il tarixli arayışa əsasən X8 (1945), X14 (1973), X11 (2009) məcburi köçkün kimi, X9 (2012, məcburi köçkün deyil), X5 (1984, məcburi köçkün deyil) Babək prospektində yerləşən 78 saylı evin 178 saylı mənzilində müvəqqəti məskunlaşıblar. -Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 29 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 200 saylı xx.xx.2023cü il tarixli arayışa əsasən X10 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin orada yaşamır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-21689/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X10 xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən əsasların olmaması ilə bağlı mülkiyyətçinin əmlaka heç bir hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı yaşadığı problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərar qəbul etmiş və qərara almışdır ki: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir 3.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Göründüyü kimi mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı hallar mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən Bakı şəhəri Xətai rayonu, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs X10 İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu, ünvan 1 İddiaçı bağışlasa da, Sənan Quliyev həmin mübahisəli mənzildə qeydiyyatda qalmışdır. Hazırkı iş üzrə üçüncü şəxsin həmin ünvanda yaşamadığını və iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə hər hansı bir hüququnun olmadığını müəyyən edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlili kimi göstərdiyi həmin mənzilin əvvəllər onun mülkiyyətində olmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal şəxsin mənzildə qeydiyyatda qalması üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10993/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I Üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10993/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.