Məhkəmə qərarları › İş №2-1(103)-638/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-638/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-638/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6800/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı məhkəməyə müraciət edərək Belarusiya Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetin tərəfindən dövlət imtahan komissiyasının 23 iyun 2020-ci il tarixli qərarı (protokol №245) ilə verilmiş “Dİ № 0029280” nömrəli ali təhsil diplomu üzrə ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası və Belarus Respublikası Fövqəladə Hallar nazirliklərinin rəhbərləri arasında əldə edilmiş razılaşmalar əsasında 2015-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Belarusiya Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinə təhsil almağa göndərilmiş, həmin universitetin “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə qiyabi şöbəsində təhsil alaraq 2020-ci ildə həmin universiteti bitirmişəm və dövlət imtahan komissiyasının 23 iyun 2020-ci il tarixli qərarı (protokol No245) ilə iddiaçıya “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə mühəndis’" ixtisası verilmiş və “Dİ No 0029280” nömrəli ali təhsil diplomu təqdim edilmişdir. Diplomun təsdiqi üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müvafiq qaydada müraciət edilmiş, müraciətə dair mənfi qərar qəbul olunmuş və bu qərar iddiaçının bitirdiyi təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmağı səbəbindən diploma əlavədə tələb olunan tədris yükünü yerinə yetirməyimin qeyrimümkünlüyü ilə (Qaydaların 4.1.4 və 4.1.5-ci yarımbəndlərə əsasən) əsaslandırılmışdır. Bundan sonra iddiaçı tərəfindən Belarusiya Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinə rəsmi məktubla müraciət edilmiş və cavab olaraq universitetdə təhsil aldığı müddətdə tələbə kimi üzərinə düşən bütün öhdəliklərin tam yerinə yetirilməsi qeyd olunmuşdur. Belarusiya Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetindən iddiaçıya göndərilmiş cavab məktubu ilə birlikdə təkrar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilmiş və diploma tanınma şəhadətnaməsinin verilməsi məsələsinə bir daha baxılması xahiş edilmişdir. Müraciətə cavab olaraq göndərilmiş məktubda cavabdehin məsul vəzifəli şəxsi tərəfindən diplomun tanınmasının mümkün olmaması bildirilmişdir (xx.xx.2024-cü il tarixli 3-29-61/2-D-620-4/2024 nömrəli məktubu). İddiaçı hesab edir ki, müraciətinə cavabdeh tərəfindən səthi və formal yanaşılmış və aşağıdakı vacib məqamlar nəzərə alınmamışdır. Belə ki, İddiaçı Belarusiya Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Belarusiya Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əldə olunmuş razılaşma əsasında təhsil almağa göndərilmiş, universitetə daxil olmazdan əvvəl də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət etmiş, onu bitirdikdən sonra da həmin nazirliyin əməkdaşıdır. İddiaçıya təhsil məzuniyyətlərinin verilməsi və bu müddətdə Belarusiyaya getməyinə icazə verilməsi AR FHN-in X5 Xidmətinin əmrləri ilə rəsmiləşdirilmişdir, yəni FHN-in əməkdaşı olaraq əmrlərdə göstərilən müddətlərdən artıq Belarusiyada olmağına icazə verilməmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2.3-cü maddəsinə görə isə rəhbərliyin icazəsi olmadan ölkə hüdudlarınmı tərk etməyə icazə verilmir. İddiaçı 2020-ci ildə COVİD-19 pandemiyası şəraitində təhsil aldığı təhsil müəssisənin tədris yükünü mənimsəmək üçün distant formada təhsil almaq məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdehin yuxarıda göstərilən qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmaqla Azərbaycan Respublikası ərazisində ixtisas üzrə xidmətdə inkişaf etməyə maneə yaratdığna görə bu məsələnin həlli məhkəmə qaydasında mümkündür. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş № 002980 nömrəli xx.xx.2020-ci il tarixli diplom üzrə “Fövqalədə hallarının qarşısının alınması və aradan qaldırılması” ixtisası (bakalavr/qiyabi) üzrə üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra- Qaydalar)na uyğun olaraq icraat aparılmışdır. iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-cı tədris ili üzrə -13 gün, 2016/2017-ci tədris ili üzrə - 8 gün 2017/2018-ci tədris ili üzrə -13 gün, 2018/2019-ci tədris ili üzrə - 14 gün, 2019/2020 - getməyib pandemiya dövrü İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: -Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1 (102)-959/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1 (102)- 2377/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar v.s.) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2- 1(102)- 1776/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 29-cu bəndində qeyd edilmişdir ki, “ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1783/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 32-ci bəndində qeyd edilmişdir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr" ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə tələb olunan müddətdə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1 -ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 'Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalan"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6800/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universiteti tərəfindən İddiaçı adına verilmiş Dİ № ******* qeydiyyat nömrəli ali təhsil haqqında diplom üzrə aldığı ixtisasın (“Fövqəladə hallarının qarşısının alınması və aradan qaldırılması”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş Ali təhsil haqqında Dİ ******* nömrəli Diploma əsasən İddiaçı 2015-ci ildə Dövlət təhsil müəssisəsi “Belarus Respublikası FHN Mülki Komandamühəndis institutuna” daxil olmuş və 2020ci ildə Dövlət təhsil müəssisəsi “Belarus Respublikası FHN Mülki müdafiə universitetinin” “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 23 iyun 2020-ci il tarixli qərarı ilə, Protokol № 245 N.O.X1rşısının alınması və aradan qaldırılması üzrə mühəndis ixtisası verilmişdir. - Dİ ******* saylı Diploma Əlavədə (Məqbul – imtahan cədvəliindən Çıxarışda) qeyd olunmuşdur ki, İddiaçı təhsil müəssisəsi “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Komanda-mühəndis institutunda” qiyabi təhsil fakültəsində 30 noyabr 2015-ci ildən 30 avqust 2016cı ilə qədər, təhsil müəssisəsi “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə universitetində” qiyabi təhsil fakültəsində 31 avqust 2016-cı ildən 25 iyun 2020-ci ilə qədər “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə təhsil aldığı müddətdə müvafiq fənnləri öyrənmiş və bilikləri nümayiş etdirmişdir. - .Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti xx.xx.2016-cı il tarixli 0176/e nömrəli Əmrdən Çıxarışa əsasən adları sadalanan əməkdaşlara X2 İnstitutunun qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etmələri üçün 2016-cı ilin iyul ayının 5-dən 19-dək 15 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir: Daxili xidmət çavuşu İddiaçı Oktay oğlu – X5 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 18 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni Əsas: FHN-nin 16 iyun 2016-cı il tarixli 14/xx-xx/03177 nömrəli məktubu - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti xx.xx.2017-ci il tarixli 0188/e nömrəli Əmrdən Çıxarışa əsasən adları sadalanan əməkdaşlara Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında iştirak etmələri üçün 2017-ci ilin iyun ayının 25-dən iyul ayının 5-dək 11 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir: Daxili xidmət çavuşu İddiaçı Oktay oğlu – X5 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 18 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni Əsas: FHN-nin 14 iyun 2017-ci il tarixli 14/xx-xx/02517 nömrəli məktubu - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti xx.xx.2018-ci il tarixli 0095/e nömrəli Əmrdən Çıxarışa əsasən adları sadalanan əməkdaşlara Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında iştirak etmələri üçün 2018-ci ilin aprel ayının 17-dən 29-dək 13 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir: Daxili xidmət kiçik çavuşu İddiaçı Oktay oğlu – X5 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 18 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni Əsas: FHN-nin 6 aprel 2018-ci il tarixli 14/xx-xx/01154 nömrəli məktubu - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti xx.xx.2019-cu il tarixli 0086/e nömrəli Əmrdən Çıxarışa əsasən adları sadalanan əməkdaşlara Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında iştirak etmələri üçün 2019- cu ilin aprel ayının 9-dan 22-dək 14 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir: Daxili xidmət çavuşu İddiaçı Oktay oğlu – X5 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 18 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni Əsas: FHN-nin xx.xx.2019-cu il tarixli 14/xx-xx/00807 nömrəli məktubu - “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli, NA00009365 nömrəli Qərara əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) əsasən tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra - Agentlik) tərəfindən elektron qaydada daxil olmuş müraciətlər əsasında həyata keçirilir. Bildirilir ki, qeyd olunan müraciət üzrə Qaydalara əsasən icraat aparılmış, sizin ali təhsil aldığınız ölkədə olma müddəti sözügedən Qaydaların 4.1.4 və 4.1.5-ci yarımbəndlərində əks olunmuş tanınmaya dair tələblərlə uyğunsuzluq təşkil etdiyi üçün sizin ali təhsilə aid kvalifikasiyanın tanınmaması haqqında xx.xx.2023-cü il tarixli qərar verilmişdir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin-azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tələb olunur. Eyni zamanda, Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Həmçinin müraciətdə iş yerindən ali təhsil müəssisəsində qiyabi təhsilalma forması üzrə nəzərdə tutulmuş sessiya və imtahanlarda iştirakla bağlı verilən icazə müddətləri ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 124-cü bəndinin 4-cü hissəsinə əsasən ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir və bununla bağlı tanınma üzrə tələblər ilə əmək münasibətlərini tənzimləyən qanunvericilik aktları arasında hər hansı uyğunsuzluq mövcud deyildir. Qaydaların 8.1-ci yarımbəndinə əsasən ərizəçilər tərəfindən tanınmanın nəticələrindən inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı daxili xidmət baş leytenantı İddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu” nun 9.0.12-ci maddəsi ilə nəzərdə tutulmuş hüququndan istifadə etməklə 2015/2016 - 2019-2020-ci tədris illərində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetində bakalavr səviyyəsində təhsil haqqı özü tərəfindən ödənilməklə qiyabi təhsil almışdır. İddiaçı təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, Universitetin verdiyi arayışlar əsasında Əmək Məcəlləsinin 123-cü maddəsi ilə nəzərdə tutulmuş təhsil məzuniyyəti verilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu” nun 16.1 -ci maddəsinə əsasən fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Əlavə olaraq bildirilir ki, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universiteti ilə (əvvəlki adı Mühəndis Komandirlər institutu) əməkdaşlıq Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş çərçivəsində həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.-cı maddəsinə əsasən Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4-cü maddəsinə əsasən Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21-ci maddəsinə əsasən Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: Bənd 1.1 Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Bənd 1.6 “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; Bənd 3.2 Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, hazırkı işin hazllarından görünür ki, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş Ali təhsil haqqında Dİ ******* nömrəli Diploma əsasən İddiaçı 2015-ci ildə Dövlət təhsil müəssisəsi “Belarus Respublikası FHN Mülki Komanda-mühəndis institutuna” daxil olmuş və 2020-ci ildə Dövlət təhsil müəssisəsi “Belarus Respublikası FHN Mülki müdafiə universitetinin” “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 23 iyun 2020-ci il tarixli qərarı ilə (Protokol № 245) İddiaçı Fövqəladə Halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis ixtisası verilmişdir. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, .“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş: - Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: - informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; - birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; - Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; - Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkatlar sahəsində əməkdaşlığın inkişafı; - Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; - texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; - zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; - Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, iddiaçının 2015-2020-ci illər ərzində təhsil aldığı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universiteti ilə (əvvəlki adı Mühəndis Komandirlər institutu) əməkdaşlıq Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş çərçivəsində həyata keçirilir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli 15/111 nömrəli müqavilədən (Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə bağlanmış) də görünür ki, İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində 2015-2020-ci tədris illərində müvafiq Sazişdən (əməkdaşlıqdan) irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bağlanmış müqavilə əsasında təhsil almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən ünvanlanan məktubda iddiaçının Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetində təhsil alması faktı təsdiqlənərək qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı daxili xidmət baş leytenantı İddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu” nun 9.0.12-ci maddəsi ilə nəzərdə tutulmuş hüququndan istifadə etməklə 2015/2016 - 2019-2020-ci tədris illərində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetində bakalavr səviyyəsində təhsil haqqı özü tərəfindən ödənilməklə qiyabi təhsil almışdır və təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, Universitetin verdiyi arayışlar əsasında Əmək Məcəlləsinin 123-cü maddəsi ilə nəzərdə tutulmuş təhsil məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti tərəfindən verilmiş əmrlərə əsasən X5 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 18 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni İddiaçı Oktay oğluna (eləcə də xidmətin digər əməkdaşlarına) Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetin qiyabi şöbəsində imtahan sessiyalarında iştirak etmələri üçün ödənişli təhsil məzuniyyəti verilmişdir (əmrlərin surəti iş materiallarına əlavə olunmuşdur). Ödənişli təhsil məzuniyyətinin verilməsi üçün əsas isə Fövqəladə Hallar Nazirliyinin məktubları olmuşdur. İddiaçı hazırda da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətində işləyir. Göründüyü kimi İddiaçı məhz iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi fikrini rəhbər tutaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bağlanmış əməkdaşlıq sazişi çərçivəsində təhsil almışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin fərdi halları nəzərə alınmaqla iddiaçının qeyd edilən ixtisas üzrə tədris yükünü mənimsəməməsi barədə dəlillər məqbul hesab edilə bilməz. Belə ki, İddiaçı fərdi qaydada deyil, məhz Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş çərçivəsində “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun maddələrinə əsasən fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin məktubu əsasında 2015-2020-ci illərdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetində təhsil almışdır və hazırda da təhsil aldığı ixtisas üzrə Fövqəladə Hallar Nazirliyində işləyir. Həmçinin Dİ ******* saylı Diploma Əlavədən (Məqbul – imtahan cədvəliindən Çıxarışdan) görünür ki, İddiaçı təhsil müəssisəsi “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Komandamühəndis institutunda” qiyabi təhsil fakültəsində 30 noyabr 2015-ci ildən 30 avqust 2016-cı ilə qədər, təhsil müəssisəsi “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə universitetində” qiyabi təhsil fakültəsində 31 avqust 2016-cı ildən 25 iyun 2020-ci ilə qədər “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə təhsil aldığı müddətdə müvafiq fənnləri öyrənmiş və bilikləri nümayiş etdirmişdir. Ali təhsil haqqında ******* nömrəli Diplom və Diploma Əlavə “Belarus Respublikası FHN Mülki Müdafiə Universiteti və Belarus Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 15.09.202-ci il tarixdə BLR1-36-22-DV8H0144İ № ilə təsdiq edilmişdir. Odur ki, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aid olmaqla ali təhsil haqqında diplom və əlavəsi təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6800/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6800/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar