Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-639/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “qaçqın statusunun bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020ci il tarixli, 2-1(112)-593/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı cavabdehin vəzifəli şəxsləri tərəfindən yol verilən və İddiaçı hüquq və azadlıqlannm məhdudlaşdınlmasına səbəb olan halların aradan qaldırılması; İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir 29.10.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə 1988-ci il tarixdə Ermənistan Respublikası Masis rayonundan qaçqın düşmüşlər, bir müddət Bakı şəhərində yaşadıqdan sonra 1990-cı il tarixdən Xocalı şəhərinə köçmüşlər. 26 fevral 1992-ci il tarixdə dünya tarixində misli görünməmiş hadisə baş vermişdir. Erməni millətçiləri Xocalı şəhərində soyqırım törətmişlər. Həmin dəhşətli günlərin şahidlərindən biridə iddiaçının ailəsi olmuşdur. Bacısı ailəsi ilə birlikdə ermənilər tərəfindən qətlə yetirilmişlər. Bu gündə Xocalı soyqırımı ilə əlaqədar yaradılmış abidə lövhəsi üzərindəki şəhid adlarında onun da bacısının adı vardır. Məcburi köçkün kimi Bakıya gəldikdən sonra ailənin bütün üzvlərinə 1992-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və vəsiqəsi verildi. Məcburi köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud Respublikanın digər şəhər və rayonlarında yaşamasına baxmayaraq məcburi köçkün statusuna malik olduğundan o da 25 dekabr 2015-ci ilə kimi məcburi köçkün statuslu sayılmış və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmişdir. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onunda adı qeyd edilib və o və övladları istifadə edib, həmçinin məcburi köçkünlərə edilən kommunal güzəştlərlə bağlı siyahıda həmişə onunda adı qeyd edilib və Dövlət Komitəsi də onu da nəzərə alıb. 25 dekabr 2015-ci ilədək o, digər övladları yetkinlik yaşına çatdıqca müvafiq sənədləri səlahiyyətli orqana təqdim edərək, onlara məcburi köçkün vəsiqəsi almışdır. 2015-ci il tarixdən sonra ona bildirdilər ki, ona məcburi köçkün statusu düşmür. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Respublikada qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Vətəndaş İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, İddiaçı Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Xocalı şəhərinə gəlmiş, Xocalı şəhərinin işğalından 3 ay öncə Xocalıdan pasport qeydiyyatından çıxaraq 07.01.1992-ci il tarixdə Bakı şəhərində yerləşən yataqxanada pasport qeydiyyatına düşmüşdür. 06.05.1992-ci il tarixdə isə yataqxanada qeydiyyatdan çıxaraq ünvan 1 ünvanına daimi pasport qeydiyyatına alınmışdır. Daha sonra isə, ünvan 2 ünvanlarda daimi pasport qeydiyyatına alınmışdır. 25.07.1996-cı il tarixdən 04.02.2010-cu il tarixədək ünvan 3 ünvanında, 04.02.2010-cu il tarixdən 18.01.2011-ci il tarixədək Xocalı şəhərində qeydiyyatda olmuşdur. 18.01.2011-ci il tarixdən bugünədək isə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsi tərəfindən Komitəyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1970-ci il təvəllüdlü Hüseynov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində qeydiyyatda dayanmır və onun barəsində heç bir məlumat yoxdur. Bununla yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xocalı Rayon Polis Şöbəsi tərəfindən Komitəyə ünvanlanmış məktuba əsasən, İddiaçı fərdi uçot kartoçkasında onun 03.05.2011-ci il tarixdən ünvan 8 ünvanında qeydiyyatda olduğu qeyd olunmuşdur. Yuxarıda yazılanlara əsasən və Xocalı RİH-nin başçısının müraciəti əsasında aparılmış araşdırmaların nəticəsi olaraq İddiaçı verilmiş AA 010838 saylı məcburi köçkün vəsiqəsi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən, bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, “Məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Odur ki, İddiaçı Xocalı rayonunun işğalından əvvəl Xocalıdan pasport qeydiyyatından çıxaraq 07.01.1992-ci il tarixdə Bakı şəhərində yerləşən yataqxanada pasport qeydiyyatına düşdüyündən, ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-593/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı 1992-ci ildən Xocalı rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonunda müvəqqəti məskunlaşmışdır. İddiaçının 010838 nömrəli Məcburi köçkün vəsiqəsi ləğv olunmuş, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan 23.10.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Araşdırma nəticəsində məlum olmuşdur ki, siz Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Xocalı şəhərinə gəlmiş və Xocalı şəhərinin işğalından 3 ay öncə Xocalıdan pasport qeydiyyatından çıxaraq 07.01.1992-ci ildə Bakı şəhərində yerləşən yataqxanada pasport qeydiyyatına düşmüsünüz. 06.05.1992-ci ildə isə yataqxanadan qeydiyyatdan çıxaraq ünvan 1 ünvanına daimi pasport qeydiyyatına alınmısınız. Bundan sonra ünvan 2 ünvanlarda daimi pasport qeydiyyatına alınmısınız. Hazırda 25.07.1996-cı ildən qeydiyyatda olduğunuz Nizam rayonu, Şərifli küçəsi, 94B, mənzil 26 ünvanında yaşayırsınız. Qeyd olunan xüsuslar və Xocalı RİH-nin başçısının müraciəti əsasında aparılmış araşdırmaların nəticəsi olaraq sizə 30.12.1999-cu ildə Komitə tərəfindən verilmiş AA 010838 nömrəli köçkün vəsiqəsi mövcud qanunvericiliyin tələblərinə görə 27.10.2010cu ildə ləğv edilmişdir. Əlavə olaraq bildiririk ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Ermənistan Respublikasında aparılan etnik təmizləmə siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və mövcud qanunvericiliyi əsasən daimi yaşayış sahəsi əldə etmiş qaçqınlar daimi məskunlaşmış hesab edilir və onlara məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil olunmur. Azərbaycan Dövlət Pedaqoji Kollecinin 08.10.2020-ci il tarixli 369 nömrəli Arayışında göstərilmişdir: “İddiaçı 31.08.1991-ci il tarixində 79-k nömrəli əmri ilə (keçmiş Bakı Sənaye- Pedaqoji Texnikumu) indiki ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əyani şöbəsinə “Avtomobil nəqliyyatında hərəkətin idarə olunması və daşımaların təşkili" (qrup213) ixtisasına qəbul olmuşdur. Tələbə İddiaçı əyani şöbədə təhsil aldığı müddət ərzində 04.09.1991-ci il tarixindən 07.01.1992-ci il tarixinədək təhsil aldığı təhsil müəssisəsinin tabeliyindəki yataqxanada müvəqqəti qeydiyyatda olmuşdur. Sonra 31.08.1992-ci il tarixində 60-k nömrəli əmrlə təhsilalma formasını dəyişdirərək öz ixtisası üzrə (qrup72) qiyabi şöbəyə köçürülmüşdür. 30.06.1994-cü il tarixində 68k nömrəli əmrlə isə kolleci bitirmişdir.” 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 23.09.2020-ci il tarixli 703 nömrəli Arayışından görünür ki, İddiaçı 41-813-cü yataqxanadan 12.05.1992-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 55, mənzil 47-yə qeydiyyata düşüb. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Xocalı rayon X7 tərəfindən 04.09.1991-ci il tarixdə aldığı XXİV-JQ seriyalı 665167 nömrəli keçmiş SSRİ pasportu ilə 25.07.1996-cı il tarixdən 04.02.2010-cu il tarixədək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İddiaçı 04.02.2010-cu il tarixdən 18.01.2011-ci il tarixədək Xocalı şəhərinə qeydiyyata alındıqdan sonra yenidən 18.01.2011-ci il tarixdən hal-hazıradək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, 07.01.1992-ci il tarixdən 06.05.1992-ci il tarixədək İddiaçı yaşayış yeri üzrə qeydiyyatı barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat aşkar edilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməsinin 2.4-cü bəndinə əsasən Komitə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək vəzifəsini həyata keçirir. Həmin Əsasnaməsinin 3.6-cı bəndinə əsasən məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir. Həmin Əsasnaməsinin 3.10-cu bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür. Həmin Əsasnaməsinin 3.11-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir. Həmin Əsasnaməsinin 3.22-ci bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir. İddiaçının 04.09.1991-ci il tarixindən 07.01.1992-ci il tarixinədək təhsil aldığı təhsil müəssisəsinin tabeliyindəki yataqxanada müvəqqəti qeydiyyatda olması, 25.07.1996-cı il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyata alınması iş materialları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı təhsil aldığı təhsil müəssisəsinin tabeliyindəki yataqxanada daimi deyil, müvəqqəti qeydiyyatda olmuşdur. İnzibati icraat aparılarkən inzibati orqan tərəfindən Xocalı rayonu işğal edilən zaman (26.02.1992) iddiaçının başqa digər ünvanda (rayonda) daimi olaraq qeydiyyatda olduğu sübuta yetirilməmişdir. Həmçinin iddiaçının 26.02.1992-ci il tarixə kimi Xocalı rayonunda qeydiyyatda olmamasına dair cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-593/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-639/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-639/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver