Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-639/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubunun (qərarının) qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qannununa xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququ yarandığı gündən, yəni 57 yaşı tamam olduğu, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1980-cı il tarixdə Paris Kommunası adına “Xəzər dəniz gəmi təmiri” zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər şagirdi vəzifəsinə qəbul olunmuş və hərbi xidmətə getdiyinə görə xx.xx.1980-ci il tarixdə həmin işdən azad olunmuşdur (hərbi xidmətdə əmək stajı 10 ay 5 gün təşkil edir). xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 22 gün). xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Xəzər dəniz gəmi təmiri” Zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər vəzifəsində (2 il 05 ay 13 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmin zavodun elektromontaj sahəsində gəmi elektrik quraşdırıcısı (13 il 8 ay 23 gün), xx.xx.1999-cu il tarixdən bu günədək "xxxx" Şirkətində baş mühəndis vəzifəsində işləyir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 il 9 ay 02 gün olmuşdur ki, həmin iş stajının 13 il 8 ay 22 günü əmək şəraiti ağır olan peşələrdə gəmi elektrik quraşdırıcı işləmişdir. Cavabdehə müraciət edərək, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etsə də, cavabdeh orqan ona ünvanladığı 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubu ilə güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etmişdir. Əmək kitabçasının, hərbi biletinin notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə olunmuş surətlərindən göründüyü kimi, hazırda qüvvədə olan 7 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək onun ümumi iş stajı (hərbi xidmətdə olduğu nəzərə alınmaqla) 25 il 9 ay 02 olmuşdur ki, həmin iş stajının 13 il 8 ay 22 gün əmək şəraiti ağır olan peşələrdə gəmi elektrik quraşdırıcısı işləmişdir ki, həmin peşələrdə işləyən şəxslər 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XİV bölməsinin (Metal emalı bənd: ********) “gəmi elektrik quraşdırıcıları” 2150300a-1753a yarımbəndi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalat sahələri hesab olunur ki, o da, həmin sahələrdə 13 il 8 ay 22 gün işləmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1980-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasının surətində və xx.xx.2021-ci il tarixli ərizəsinə əlavə etdiyi sənədlərə əsasən ümumi iş stajı 25 ildən az (18 il 11 ay 24 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyanının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42600.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17371,09 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsinə kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi yaranmır. Cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının xx.xx.1999-cu il tarixdən hal-hazırki tarixədək işlədiyini iddia etdiyi halda həmin müəssisənin 1998-ci il 20 aprel tarixindən (https://www/e-taxes/gov/az/ebyn/commersialChecker.jsp saytı vasitəsilə əldə edilmiş məlumata əsasən) qeydiyyata alınmasına baxmayaraq, VÖEN-nin xx.xx.2005-ci ildə alınması (Sığorta Altsistemi (Monitornq)) vasitəsilə alınmış məlumat) iddiaçının həmin müəssisədə işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. Qanunvericiliyə əsasən, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nöməsi (VÖEN) verilməlidir. Sığorta Altsistemi (Monitorinq) vasitəsilə alınmış məlumata əsasən "xxxx" müəssisəsi VÖEN-i 07.0.12005-ci il tarixdə almışdır. Hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan əmək stajı 25 ildir. Lakin müəssisənin VÖEN alma tarixindən əvvəl əmək kitabçasında qeydlərin aparılması, müəssisəsnin arxiv sənədlərinin, əmək haqqı cədvəllərinin mövcud olmaması əmək kitabçasındakı 1993-cü ildə olan qeydləri şübhə altına alır. Həmçinin qeyd etmək istəyirlər ki, həmin müəssisə məcburi dövlət sosial sığorta haqqlarını 2007- ci il mart ayından etibarən ödəməyə başlamışdır. İddiaçı məhz 1999-cu ildən hal-hazırki dövrədək həmin müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də, ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Yəni, iddiaçının işlədiyini iddia etdiyi illər şübhədən azad sübularla təsdiq olunmalıdır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1980-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasının surətinə və xx.xx.2021-ci il tarixli ərizəsinə əlavə etdiyi sənədlərə əsasən ümumi iş stajı 25 ildən az (18 il 11 ay 24 gün (xx.xx.1980- xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17371,09 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu almışdır. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığına qiymət vermək üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericilik normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamamlamışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması işin mübahisəsiz halıdır. Belə ki, "xxxx" QSC “Zığ” Gəmir Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş RM01/138 nömrləi, xx.xx.2019-cu il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı Hacıablayeviç (xx.xx.1962-ci il təvəllüdlü) həqiqətən “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası” adına Baş İstehsalat Vahidində işləmişdir. xx.xx.1980-ci ildən Ağac emalı sahəsində dülgər gəmi üzrə şagid peşəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci ildən Ağac emalı sahəsində birinci dərəcəli dülgər gəmi üzrə, xx.xx.1980-ci ildən sovet ordusunda xidmətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1983-cü ildən ağac emalı sahəsində birinci dərəcəli dülgər gəmi üzrə peşəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü ildən ağac emalı sahəsində ikinci dərəcəli dülgər gəmi üzrə, xx.xx.1983-cü ildən ağac emalı sahəsində üçüncü dərəcəli dülgər gəmi üzrə, xx.xx.1985-ci ildən ağac emalı sahəsində dördüncü dərəcli dülgər gəmi üzrə, xx.xx.1985-ci ildən elektrikquraşdırma sahəsidnə elektrik quraşdırıcı gəmi üzrə şagirdi üzrə peşəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildən elektrikquraşdırma sahəsində birinci dərəcəli elektrik quraşdırıcı, xx.xx.1986-cı ildən elektrikquraşdırma sahəsində ikinci dərəcəli elektrik quraşdırıcı, xx.xx.1988-ci ildən elektrikquraşdırma sahəsində üçüncü dərəcəli elektrik quraşdırıcı, xx.xx.1991-ci ildən elektrikquraşdırma sahəsində dördüncü dərəcəli elektrik quraşdırıcı, xx.xx.1995-ci ildən elektrikquraşdırma sahəsində altıncı dərəcəli elektrik quraşdırıcı, xx.xx.1999-cu ildən Kran avadanlıqlarının xidməti və təmiri üzrə elektrik mantyoru, xx.xx.1999- cu ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №- li siyahısına əsasən bölmə XİV.Metal emalı şifr 2150300a-1753a gəmi elektrik quraşdırıcısı kimi güzəştli şərtlərlə pensiya hüquna malikdir. xx.xx.2011-ci il tarixli əmrə əsasən zavodun adı xx.xx.2011-ci il tarixindən ADXDG “Gəmi təiri və Gəmirqayırma” İB-nin Gəmir Təmiri İstehsalat Bazası adlandırılıb. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli, 18 nömrəli qərarı ilə Cəmiyyətin strukturunun qurumlarının siyahsıı təsdiq edilmişdir. AXDG “QSC” xx.xx.2014-cü il tarixli, 08 saylı əmri ilə AXDG-nın “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodu və “Gəmi Təmiri İstehsalat Bazası” yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ” Gəmi Təmiri Zavodunda birləşmişdir. AXDG “QSC”-nin xx.xx.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. Göründüyü kimi, iddiaçının gəmi elektrik quraşdırıcısı peşəsində işlədiyi dövr 12 il 6 aydan artıqdır. İşin mübahisəli halı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması ilə bağlıdır. Belə ki, cavabdehin pensiya təyin edilməsindən imtinasının və apellyasiya şikayətinin dəlillərindən aydın görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 18 il 11 ay 24 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) ümumi iş stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının "xxxx" firmasında işlədiyi dövrlərdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Belə ki, notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, 037576 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı zavoda işə qəbul olunanadək əmək stajı olmayıb, o, xx.xx.1980-ci ildə “Xəzər dəniz gəmi təmiri” SPO Paris Kommunası ad. Baş İstehsalat Vahidinə taxta emalı sahəsinə gəmiçi-dülgər şagirdi vəzifəsinə qəbul edilib, xx.xx.1980-ci il tarixdə taxta emalı sahəsində birinci dərəcəli gəmiçi dülgər peşəsinə keçirilmiş, xx.xx.1980-ci il tarixdə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1980- xx.xx.1982-ci il tarixlərində ordu sıralarında xidmət etmiş, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsidnə birinci dərəcəli gəmiçi dülgər vəzifəsinə qəbul edilib, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsində ikinci dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsində üçüncü dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1985-ci il tarixdə taxta emalı sahəsində dördüncü dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1985-ci il tarixdə elektromontaj sahəsinə gəmi elektrik quraşdırıcısının şagirdi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixdə elektromontaj sahəsində birincidərəcəli gəmi elektrik quraşdırıcısı, xx.xx.1986-cı il tarixdə elektromontaj sahəsində ikinci dərəcəli gəmi elektrik quraşdırıcısı, xx.xx.1987-ci il tarixdən elektromontaj sahəsində ikinci dərəcəli gəmi elektrik quraşdırıcısı keçirilmiş, xx.xx.1988-ci il tarixdə gəmi elektrik quraşdırıcısı üçüncü dərəcəsi verilmiş, xx.xx.1991-ci il tarixdə gəmi elektrik quraşdırıcısı dördüncü dərəcəsi verilmiş, xx.xx.1995-ci il tarixdə gəmi elektrik quraşdırıcı altıncı dərəcəsi verilmiş, xx.xx.1998-ci il tarixdə yükqaldırma vasitələri üzrə vəzifələr üzərinə qoyulmaqla kranlar üzrə 6-cı dərəcəli elektromontyor vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1999-cu il tarixdə "xxxx" şirkətinə baş mühəndis vəzifəsinə qəbul edilmişdir. "xxxx" tərəfindən verilmiş 01.KE-10.2021 nömrəli, 26 oktyabr 2021- ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" firmasının həmtəsisçisidir və xx.xx.1999-cu il tarixindən bu günədək adıçəkilən firmanın baş mühəndisi vəzifəsində işləyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********072900 nömrəli məktubundan görünür ki, hüquqi şəxs “Kaspiya Elektrik" firması (VOEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. xx.xx.2022-ci il tarixinə olan uçot-baza məlumatlarına əsasən hüquqi şəxsin fəaliyyət xx.xx.2015-ci il tarixdən 01.01 2020-ci i! tarixədək dayandırılmış və vergi orqanına təqdim edilmiş hesabata əsasən fəaliyyəti xx.xx.2015-ci il tarixindən bərpa olunmuşdur. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Göründüyü kimi, mübahisəli dövrlərdə (xx.xx.1999-xx.xx.2006-cı illər arası dövr) "xxxx" firmasının mövcudluğu, fəaliyyətinin olması (xx.xx.1998-ci il tarixdə qeydə alınıb) öz təsdiqini tapdığından, həmin dövrlərdə sözügedən firmada işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, xx.xx.2006- cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt tələb olunmurdu. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-639/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-639/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver