Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-639/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi tələbinə dair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 20296,6 manat sosial sığorta borcunun onun şəxsi vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ona yəni, İddiaçı 01 iyun 2021-ci il tarixli qərarla 21025 manat və 09 sentyabr 2021-ci il tarixli qərarla isə 8411,3 manat borc məbləğinin hesablanmasına dair qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir müddətdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu yaxınlarda ona bəlli olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 20296.6 manat borc yazılmışdır. Həmin borcdan 832,39 manatı işsizlikdən sığorta fonduna ödənilməli olan borcdur. O, fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə daim əməl etmiş, vergi, sosial sığorta və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmin borcun hansı işçilərə və hansı hesabat əsasında ona yazılması bəlli deyil. Bununla bağlı müraciət etsə də, bu halın onun tərəfindən sübut edilməli olduğunu bildirmişlər. Göstərilən əsaslarla razı olmamaqla bildirmək istəyir ki, inzibati orqan borcu özü sübut etməli olduğu halda sübutetmə yükünü onun üzərinə qoyur. Bu isə qanunvericiliyin tələblərinə tamamilə ziddir. Qeyd etmək istəyir ki, hesablanmış borcun hansı əsaslarla hesablanması ona bəlli deyil. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilən borc məbləğinin haradan yaranması, hansı dövrü əhatə etməsi, borc məbləğinin əsas və ya pensiya borcu olması ona məlum deyil. Halbuki onun sığorta haqqı üzrə heç bir borcu yoxdur, hesabatları, ödəmələri vaxtı vaxtında həyata keçirdiyi halda cavabdeh əsassız olaraq onun bir sıra hüquqlarını, öhdəliklərini həyata keçirməyə maneçilik törədir, şirkətin maraqlarını və qanuni mənafelərini ciddi şəkildə pozur, bu, müəssisədə maliyyə problemlərinin yaranmasına səbəb ola bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim A.A.Abdullayeva) iddia rədd edilmişdir. İddiaçı həmin qərardan iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrindəki icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1656/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1656/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ləğv edilərək, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “işdə olan (iş səh.13) cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə **********016300 saylı 01 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “bəyannamə və hesabat dövrü: 1-ci rüb 221”. Həmin qərarda həmçinin yazılmışdır ki, “bəyannamə və hesabat növü: muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat).” Yəni, kameral vergi yoxlaması yuxarıda göstərilmiş 4 (dörd) növ vergi və məcburi dövlət ödənişləri üzrə keçirilmiş və sözügedən qərarda iddiaçının 21.025,33 manat məbləğində borcu hesablanmış lakin həmin borcun hansı 4 növ vergi və məcburi ödənişlər üzrə hesablanması ayrıca olaraq qeyd edilməmişdir.......Digər tərəfdən, cavabdehin adıçəkilən kameral vergi yoxlaması qərarından göründüyü kimi, iddiaçının təqdim etdiyi bəyannamədə borcun olmaması, yəni 0,00 manat göstərilmişdir. Belə olan halda apellyasiya məhkəməsi iddiaçıdan, onun tərəfindən bəyannamənin verilib-verilməməsini aydınlaşdırmalı idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, işin 12-ci səhifəsində olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********285800 saylı xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “bəyannamə və hesabat dövrü: 2-ci rüb 2021”. Həmçinin həmin qərardakı bəyannamə və hesabat növü 1 iyun 2021-ci il tarixli qərarında olan vergi və məcburi dövlət ödənişləri ilə eynidir, yəni 4 (dörd) növdən ibarətdir. Lakin sözügedən qərarda iddiaçının borcu vergi və məcburi dövlət ödənişləri üzrə 8.411,30 manat olaraq yazılsa da, 1 iyun 2021-ci il tarixli kameral vergi yoxlaması qərarında da olduğu kimi, sözügedən 4 (dörd) növ üzrə ayrıca olaraq açıqlanmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumiyyətlə, onun dövlət büdcəsinə borcun olmaması barədə mövqeyi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınaraq adıçəkilən vergi və məcburi dövlət ödənişlərinə dair 4 (dörd) növü üzrə araşdırılma aparılmalı və həmin məsələ tam və hərtərəfli tədqiq edilməli idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir.” Təkrar baxış zamanı apelyasiya instansiya məhkəməsinin mövqeyi : Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri bildiriş bazasına əsasən aparılmış araşdırma zamanı dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 1-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********249300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyindən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) 21025 manat məbləğində hesablama aparılmış, xx.xx.2021-ci il tarixli **********016300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin aparılmış araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********541800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər, sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmiş, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələsinə (hesabatı) 8411,3 manat məbləğində hesablama aparılmış xx.xx.2021-ci il tarixli, **********285800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixə "Muzdlu işləyənləri işə götürən siğortaedənlər (MDSS)” üzrə 20216,67 manat, “Muzdlu işləyənləri işə götürən siğortaedənlər (İşsizlik)” üzrə 808,66 manat olmaqla, ümumilikdə, 21025,33 manat sosial siğorta haqları hesablanmışdır. Həmçinin, xx.xx.2021-cİ il tarixə “Muzdlu işləyənləri işə götürən siğortaedənlər (MDSS)” üzrə 8087,5 manat, “Muzdlu işləyənləri işə götürən siğortaedənlər (İşsizlik)” üzrə 323,8 manat olmaqla, ümumilikdə, 8411,3 manat sosial siğorta haqları hesab!anmışdır. Hesablanmış məbləğlər 2021-ci ilin 1-ci və 2-ci rübləri üzrə hesablanmış məcburi dövlət sosial siğorta və işsizlik siğortası haqları üzrə olmuşdur və cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktuba qoşma kimi əlavə edilmiş cədvəldə hesablama qaydası ətraflı şəkildə təsvir olunmuşdur. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh tərəfindən qəbul edilən inzibati akt qanuni və əsaslı olmuş, həmin aktın qəbulu iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmamışdır. Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə müvafiq bəyannamələrin növbəti məhkəmə iclasında təqdim edilməsi bildirilsədə, növbəti məhkəmə iclası zamanı sözügedən bəyannamələr təqdim edilməmişdir. Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə görə Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir.Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. AR Konstitusiyasının 73-cü maddəsinin İ maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarda qeyd edilənlərdən də görünür ki, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı bununla razılaşmasa da, qərarın qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdeh inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən qərarlar qanunvericiliyin tələbləri nəzərə alınmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-639/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-639/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver