Məhkəmə qərarları › İş №2-1(103)-639/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-639/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-639/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarının ləğvi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********163800 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır.

2. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********772700 nömrəli, 11 oktyabr 2023-cü il tarixli Qərarına əsasən, 2022-ci il dövrü üzrə mənfəət vergisi üzrə “iddiaçı tərəfindən tətbiq edilən azadolma yalnız diri şəkildə təqdim edilən məhsullara tam aid edilə biləcəyi nəzərə alınaraq gəlirlər və xərclər 1,76 % xüsusi çəki ilə (diri satılan toyuğun ümumi satışda olan payı) azad olmaya cəlb edilmə səbəbi ilə 260.054,43 AZN əlavə vergi hesablanmışdır.

3. “İnzibati şikayətin təmin edilməməsi haqqında” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********766900 nömrəli 14 dekabr 2023-cü il tarixli Qərara əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.

4. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 15 nömrəli, 16 fevral 2024-cü il tarixli Qərarına əsasən, hüquqi şəxs İddiaçı MMC-nin inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC barəsində 11 oktyabr 2023-cü il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********772700 saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən 2022-ci il üçün vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması nəticəsində Cəmiyyətə 2022-ci il üçün 260.054,43 (iki yüz altmış min əlli dörd manat 43 qəpik) manat mənfəət vergisi borcu hesablanmışdır. Qeyd edilən qərardan yuxarı vergi orqanına şikayət verilmiş, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023-cü il tarixli qərarına əsasən "AZİNPAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********772700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin həmin qərarda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə İddiaçı MMC-nin 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən yenidən kameral vergi yoxlaması keçirilməklə nəticəsinə uyğun qanunamüvafiq tədbirlərin görülməsini təmin etmək, İddiaçı MMCnin fəaliyyəti üzrə vergiyə cəlb edilən və vergidən azad gəlirlərinin, o cümlədən real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlamasının keçirilməsini təmin etmək tapşırılmışdır. Həmin qərarda AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023cü il tarixli qərarın nəticəvi hissəsində qərardan onun təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət verilə biləcəyi qeyd olunmuşdu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 16 fevral 2024-cü il tarixli 15 saylı qərarına əsasən hüquqi şəxs İddiaçı MMC tərəfindən verilmiş inzibati şikayət təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********772700 nömrəli 11 oktyabr 2023- cü il tarixli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 14 dekabr 2023-cü il tarixli **********766900 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 16 fevral 2024cü il tarixli 15 saylı qərarı rəsmi qaydada İddiaçı MMC- yə 28 fevral 2024-cü il tarixində təqdim olunmuşdur. AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 16 fevral 2024-cü il tarixli 15 saylı qərarı ilə tanış olarkən Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023-cü il tarixli qərarda qeyd edilənlənlərin eyni cümlə və kəlimələrlə sonuncu qərara köçürülmüşdür. Həmçinin həmin qərarda aparılan hüquqi əsaslandırmaya nəzər yetirərkən həmin qərarda sadəcə AR Vergi Məcəlləsinin və AR İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinin qeyd edildiyini, həmin maddələr əsasında inzibati şikayətin hansı səbəbdən təmin edilmədiyinin əsaslandırmasının aparılmadığı müəyyən edildi. vergi orqanı istinad etdiyi maddələrdə onların məzmununu təhrif edərək məsələyə vergi ödəyicisinin gəlirlərini vergiyə cəlb edilməsi kontekstindən yanaşmışdır. Belə ki, işdə olan materiallardan da göründüyü kimi vergi ödəyicisi olan İddiaçı MMC-nin sahibkarlıq subyekti kimi əsas fəaliyyəti ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsidir. Bunlar geniş tövsif edilən zaman həmin heyvanların diri heyvan şəklində alınması, yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi başa düşülməlidir. Vergi Məcəlləsində qeyd edilən maddələrin dispozisiyasından da göründüyü kimi heyvanlar və quşlar canlıdır, onların yetişdirilməsi və bəslənməsindən sonra kəsilən heyvanlardan əldə edilənlər isə məhsuldur. Belə olan halda toyuq heyvanının canlı forması heyvan kimi tövsif edildiyi halda, onun kəsilməsi nəticəsində əldə edilmiş toyuq əti bir məhsul növüdür və kəsilərək əldə edilmiş bir məhsul istehsalat nəticəsində formalaşmışdır. Həmçinin əldə edilmiş toyuq əti məhsulunun hissələrə bölünərək satılması onun ilkin formasının dəyişikliyi kimi də tövsif edilməməlidir. Belə ki, əgər məhsulun ilkin forması bütöv quş ətidirsə, onun hissələrə bölünməsi ilkin formasına hər hansı bir formada xələl gətirmir. Belə ki, bütövlükdə olan quş ətinin hissələrə bölünməsi (bud əti, qanad, bud dibi əti kimi) onun quş əti olma xüsusuyyətini aradan qaldırmır. Həmçinin vergi orqanına bu qanunsuzluqla bağlı etirazımızı bildirdikdə, onlar bizə bütöv quş ətinin hissələrə bölünüb satılması kimi bir halını məhsulun yarımfabrikat bir məhsul olması səbəbindən kənd təsərrüfatı məhsullarının istehsalı kimi qəbul edilmədiyini, bu səbəbdən vergiləndirməyə tabe tutulduğunu bildirdilər. Bütövlükdə olan quş ətinin hissələrə bölünməsi (bud əti, qanad, bud dibi əti kimi) onun quş əti olma xüsusuyyətini aradan qaldırmadığı kimi quş ətinin hissələrə bölünməsi ona yarımfabrikat olma özəlliyi vermir. Əgər istehal edilən bütöv quş əti Cəmiyyət tərəfindən qiymə halına salınaraq təqdim edilsəydi, buna kənd təsərrüfatı məhsullarının istehsalı yox, emalı kimi yanaşıla bilərdi. Və yaxud istehsal edilən quş əti bütöv qaydada və ya hissələrə doğranaraq tərkibinə müvafiq ədviyyatlar və ya qatqılar qatılsaydı, həmin quş əti məhsulunun kimyəvi tərkibinin dəyişdirilərək yarımfabrikat hala salınmasından söhbət gedə bilərdi. Bundan - başqa, bütöv quş ətinin hissələrə bölünərək təqdim edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı olmasaydı, o zaman bütöv quş ətinin hissələrə bölünməsi prosesi aparılmaz, broyler təsərrüfatları bəslənmiş və yetişdirilmiş bütöv quş ətinin hissələrə bölünməsi prosesini ilkin formanı dəyişməsi səbəbindən həyata keçirtməz, onun bütöv halında təqdim edilməsini həyata keçirirdi. Quşların bilavasitə Cəmiyyət tərəfindən yetişdirilməsi və bəslənməsi Cəmiyyətiminin Məcəllənin 13.2.60-cı maddəsinə uyğun olaraq kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olmasını təsdiq edir və onların satışını həyata keçirərkən nəticədə son istehlakçının quş əti məhsulundan rahat istifadə edə bilməsi üçün doğranmış vəziyyətdə müştəriyə təqdim edilməsi heç bir halda bu məhsulun yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilməsi, kimyəvi tərkibinin dəyişdirilməsi və ya konservləşdirilməsi anlamına gələ bilməz. Odur ki, Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyin tələbinə dair vergi ödəyicilərinə şərh verilərkən hər-hansı söz və ya söz birləşməsini kontekstdən çıxarmadan, söz oyunu oynamadan, vergi ödəyicilərini qanunvericiliyə zidd olaraq müxtəlif yollarla məqsədli şəkildə vergiyə cəlb etmək marağını güdmədən obyektiv yanaşma tətbiq edərək Məcəllə ilə müəyyən edilmiş vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vəzifələrini layiqincə yerinə yetirməkləri daha məqsədəuyğun olardı. Eyni halla bağlı vergi orqanı tərəfindən 2021-ci il üçün də kameral vergi borcu hesablaması aparılmışdır. Həmin dövr üçün də analoji qaydada izahat təqdim edilməklə hesablanmış olan vergi borcunun qanunsuz olduğunu vergi orqanının diqqətinə çatdırılmışdır. Təqdim edilmiş izahat və sənədlər əsasında 2021-ci il üçün vergi orqanı tərəfindən hesablanmış olan kameral vergi borcu silinmişdir. 2021-ci il üçün hesablanmış olan kameral vergi borcu silindiyi halda eyni hal üzrə 2022-ci il üçün vergi orqanı tərəfindən hesablanmış olan kameral vergi borcu silinməməkdədir. Bir il müddətində qeyd edilən halla bağlı AR Vergi Məcəlləsində hər hansı bir dəyişiklik aparılmadığı halda vergi orqanı tərəfindən iki fərqli və müxtəlif yanaşmanın tətbiq edilməsi heç başa düşülən deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş dəqiqləşmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı ümumi gəlirdən çıxılmalar sətirində göstərilmiş 3519038,75 manat barədə ilkin təsdiqedici sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Vergi ödəyicisinin məlumatlarının araşdırılması zamanı məlum oldu ki, əldə edilmiş məhsullar (toyuq və cücə) kəsimə məruz qalaraq (ayrı-ayrı hissələri) satışa təqdim edilib. Vergi məcəlləsinin 13.2.61.1-ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. Qeyd edilən maddənin müddəları tam şəkil ödənilmədiyi aşkar edilmişdir ki, bununla bağlı kameral qaydada hesablama aparılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimələrin araşdırılması zamanı 62007,65 manat hissəsinin vergi məcəlləsinin 13.2.61.1- ci maddəsinin (kənd təsərrüfatı anlayışının açılışı) müddəalarına zidd olmadan təqdim edildiyi müəyyən edilmişdir. Kameral hesablama aparılan zaman müəyyən edilmiş kənd təsərrüfatı dövriyyəsinin ümumi satışda olan xüsusi çəkisi müəyyən edilərək ( 62007,65 / 3519038,75= 1,76%) xərcə nisbətdə eyni xüsusi çəkiyə əsasən müvafiq olaraq ümumi gəlirdən çıxılmayan xərclər sətirində 38685,09 (1,76 * 2195444,06 = 38685,09) manat qeyd edilmişdir. Qeyd olunan kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********462500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 260054,43 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli **********772700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı məhkəmədə həm 2022-ci il, həm də 2023-cü illər üzrə hesablanmış mənfəət vergisini mübahisələndirmişdir. Eyni zamanda, həmin dövrlər üzrə cavabdehin qərarlarından yuxarı inzibati orqana şikayət edilmiş, yekunda inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli **********766900 saylı qərar qəbul edilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, uçot-baza məlumatları, bəyannamə göstəriciləri və təqdim edilmiş sənədlərə əsasən inzibati araşdırma aparıldığını, cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində 2022-ci il üçün gəlirlər sətirində 3457031,1 manat azadolmalar və güzəşt məbləğinin, xərclər hissəsində 2243694,06 manat vergidən azad olunan xərc məbləğinin kənd təsərrüfatı məhsulunun istehsalına və satışına aid olmasının müəyyən edilmədiyini, Cəmiyyət tərəfindən kimyəvi tərkibi dəyişmədən, konservləşdirilmədən, təbiətdə olduğu ilkin formasında təqdim ediməsindən 2022-ci il ərzində əldə edilmiş 62007,65 manat gəlirlər kənd təsərrüfatı mallarının istehsalından əldə edildiyi hesab edilərək vergidən azad edilən gəlirlərə, toyuğun kəsilmiş vəziyyətdə, ayrı-ayrı hissələrə bölünərək qablaşdırılmış, paketləşdirilmiş və açıq şəkildə, ilkin formasını saxlamadığı formada təqdim edilməsindən 2022-ci il ərzində əldə edilmiş 3519038,75 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə əldə edilmiş 2021715,99 manat gəlirlərin isə vergiyə cəlb edilən gəlirlərə aid edilməli olmasının inzibati araşdırma zamanı təsdiqləndiyini, həmçinin, 2023cü il üçün mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin bəyan edilməməsi səbəbindən gəlirlərin elektron qaimə-fakturalara əsasında, xərclərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən müəyyən edildiyini, fəaliyyətinin xx.xx.2023-cü il tarixli **********373900 nömrəli “Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi” ilə bərpa edildiyini, 2023-cü il üçün kameral qayda vergi hesablandıqdan sonra həmin dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə real vergi öhdəliyinin göstərilmədiyini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********772700 və **********797600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-8117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışa təqdim edilməsini artıq emal kimi nəzərə alınması düzgün mövqe sayılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından əmal məhsulu formalışdırdıqdan sonra, yəni ev quşu kəsilərək ət şəklində satışa təqdim etmişdir. Halbuki, qanun normasına görə, istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada olduğu halda - istehsal sayılır. Odur ki, iddiaçı tərəfindən satışa diri şəkildə olmayan kənd təsərrüfatı məhsullarının (ev quşu ətinin) təqdim edilməsi istehsal kimi nəzərə alınmamalı və qanunvericilikdə nəzərdə tutulmuş vergidən azad olunmamalıdır. Odur ki, iddiaçı tərəfindən satışa diri şəkildə olmayan kənd təsərrüfatı məhsullarının (ev quşu ətinin) təqdim edilməsi istehsal kimi nəzərə alınmamalı və qanunvericilikdə nəzərdə tutulmuş vergidən azad olunmamalıdır.

11. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli inzibati aktı qanuni və əsaslı deyildir.

12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını əsaslandırmamış, dəlillərini göstərməmişdir. Qərarın ləğv edilməsi ilə bağlı yeganə qeyd ondan ibarət olmuşdur ki, “Cavabdeh inzibati orqan tərəfindən iddiaçının istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışa təqdim edilməsini artıq emal kimi nəzərə alınması düzgün mövqe sayılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından əmal məhsulu formalışdırdıqdan sonra, yəni ev quşu kəsilərək ət şəklində satışa təqdim etmişdir. Halbuki, qanun normasına görə, istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada olduğu halda - istehsal sayılır. Odur ki, iddiaçı tərəfindən satışa diri şəkildə olmayan kənd təsərrüfatı məhsullarının ( ev quşu ətinin) təqdim edilməsi istehsal kimi nəzərə alınmamalı və qanunvericilikdə nəzərdə tutulmuş vergidən azad olunmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli inzibati aktı qanuni və əsaslı deyildir”. Qeyd olunan cümlələri məhkəmənin dəlili hesab etsək, bildirilməlidir ki, Vergi Məcəlləsinin 13.2.61-ci və 13.2.61.1-ci maddəmaddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 11 okyabr 2023-cü il tarixli **********7600 saylı qərar qəbul etmişdir. Qeyd edilən qərara əsasən 2023-cü il üçün vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə 2023-cü il üçün 49.629,28 (qırx doqquz min altı yüz iyirmi doqquz 28 qəpik) manat mənfəət vergisi borcu hesablanmışdır. Bununla bağlı yuxarı vergi orqanına və AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edilmiş, qeyd edilən orqanlar tərəfindən edilən şikayətlər təmin edilməmişdir. İddiaçı MMC tərəfindən 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli qərarın (hesablanmış vergi məbləği 260.054,43 (iki yüz altmış min əlli dörd manat 43 qəpik)) və 11 oktyabr 2023-cü il tarixli **********7600 nömrəli qərarın (hesablanmış vergi məbləği 49.629,28 (qırx doqquz min altı yüz iyirmi doqquz manat 28 qəpik)) ləğv edilməsi üçün iki ayrı icraatda məhkəməyə müraciət olunmuşdur. 11 oktyabr 2023-cü il tarixli **********7600 nömrəli qərarla bağlı (hesablanmış vergi məbləği 49.629,28 (qırx doqquz min altı yüz iyirmi doqquz manat 28 qəpik)) Bakı İnzibati Məhkəməsində məhkəmə araşdırması davam edərkən (iş nömrəsi: 2- 1(112)-8118/2024) cavabdeh vergi orqanı tərəfindən 23 oktyabr 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2- 220920/2024 saylı qərar qəbul edilərək 2023-cü il üçün vergi orqanı tərəfindən kameral yoxlama əsasında hesablanmış olan 49.629,28 manatlıq mənfəət vergisi borcu 49.629,28 manat həddində azaldılmışdır. (yəni sıfırlanmışdır). Bundan sonra cavabdeh vergi orqanı tərəfindən Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət edilərək AR İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinin tələbləri doğrultusunda iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi istənilmişdir.Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 2-1(112)-8118/2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərarda da hal-hazırda qanuni qüvvəsini almışdır. Bildirmək istəyirik ki, verilmiş olan apellyasiya şikayəti formal mülahizələr əsasında verilmişdir. Belə ki, vergi orqanı tərəfindən iddiaçı barəsində eyni gündə həm 2022, həm də 2023-cü illər üçün kameral vergi yoxlaması əsasında mənfəət vergisi borcu hesablanmışdır. Yəni hər iki qərarın da hüquqi əsaslandırılmasının eyni olduğunu iddia tələblərinə qarşı məhkəməyə təqdim edilən etirazlarda görmək mümkün idi. Sadəcə hər iki qərar üzrə fərqli cəhət, sadəcə hesablanmış olan vergi borcunun məbləğinin fərqlilik təşkil etməsidir ki, bunun da iddianın mahiyyətinə (hesablanmış olan vergi məbləği üçün vergitutma bazasına və vergitutma obyektinə münasibətdə) heç bir aidiyyəti yoxdur. Bu cəhətdən hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən qərardan verilən apellyasiya şikayətinə baxılarkən məsələyə bu aspektdən yanaşılması daha məqsədə uyğundur. Belə ki, hər iki il üçün hesablanmış olan vergi mədləğlərinin bir ili üçün vergi orqanı tərəfindən azalmanın aparılıb, digər il üçün saxlanılması başadüşülən deyildir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş olan apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 8117/2024 saylı 23 avqust 2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməyinizi xahiş edirik.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlətödənişləri ödəməyə məcbur edilə bilməz.

18. Azərbaycan Respublikası Vergi Məcəlləsi:

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi; 13.2.61. kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: 13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;

Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur.

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək.

Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1.vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar;

Maddə 106. Mənfəət vergisindən azadolmalar və güzəştlər 106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1dən 13 il müddətinə;

19. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.1.4. Heyvan mənşəli qida məhsulu - insanların qidalanması üçün istifadə olunan heyvan əti, quş əti, heyvan və quş ətinin sub məhsulları, balıq və balıq kürüsü, molyuska, xərçəngkimilər və digər su onurğasızları, yumurta, bal və digər arıçılıq məhsulları (vərəmum, arı südü), süd və emal yolu ilə onlardan alınan qida məhsulları; Maddə 1.1.12. İlkin istehsal - heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla ilkin istehsal məhsullarının yığılması, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması; Maddə 1.1.13. İlkin istehsal məhsulları - ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan, habelə arıdan alınan qida və yem məhsulları, dəniz məhsulları, o cümlədən balıq və balıq kürüsü, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları; Maddə 1.1.14. Qida və yem məhsullarının istehsalı - emala məruz qalmadan ilkin istehsal məhsulunun təmizlənməsi, kəsilməsi (heyvan kəsimi daxil olmaqla), doğranması, parçalanması, dilimlənməsi, cilalanması, üyüdülməsi, dərisinin soyulması, tükünün yolunması, soyudulması, dondurulması və ya onların kombinasiyasından ibarət hər hansı proses, bununla bağlı çəkilib bükülməsi, qablaşdırması, etiketlənməsi, habelə qida və yem məhsullarının istehsaldaxili saxlanması və daşınması;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 23.Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

26. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

27. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati şikayətin təmin edilməməsi haqqında” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********766900 nömrəli 14 dekabr 2023-cü il tarixli Qərara əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.

28. Daha sonra İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 15 nömrəli, 16 fevral 2024-cü il tarixli Qərarına əsasən, hüquqi şəxs İddiaçı MMC-nin inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır.

29. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

30. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalışdırdıqdan sonra, yəni ev quşu kəsilərək ət şəklində satışa təqdim etmişdir. Halbuki, qanun normasına görə, istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada olduğu halda – istehsal sayılır. Odur ki, iddiaçı tərəfindən satışa diri şəkildə olmayan kənd təsərrüfatı məhsullarının (ev quşu ətinin) təqdim edilməsi istehsal kimi nəzərə alınmamalı və qanunvericilikdə nəzərdə tutulmuş vergidən azad olunmamalıdır”

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

32. Belə ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarların qəbul edilməsinin əsasında “hissələrə bölünmüş toyuq əti” məhsullarının satışının Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən vergidən azad edilməməsi dayanır. Odur ki, “hissələrə bölünmüş toyuq əti” məhsullarının satışının Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən vergidən azad edilib-edilməməsinə qiymət verilməlidir.

33. Qanunvericiliyin sözügedən müddəasına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət vergidən azaddır.

34. Burada ilkin olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kənd təsərrüfatı istehsalı bəzi xidmətlərin göstərilməsi də daxil olmaqla, müvafiq olaraq kənd təsərrüfatı məhsullarının, xammalın və ərzaq məhsullarının becərilməsi, istehsalı və emalı ilə bağlı iqtisadi fəaliyyətlərin məcmusu deməkdir. Kənd təsərrüfatı bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesidir.

35. Kənd təsərrüfatı məhsullarının istehsalına və satışına isə müvafiq olaraq Vergi Məcəlləsinin 13.2.60-cı və 13.2.61.1-ci maddələrində anlayış verilmişdir. Belə ki, həmin müddəalara əsasən sənaye üsulu (o cümlədən, xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi kənd təsərrüfatı məhsullarının istehsalıdır.

36. Göründüyü kimi, qanunvericilikdə sənaye üsulu dedikdə, xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemlərində diri şəkildə heyvanların quşların yetişdirilməsi, bəslənməsi, və onlardan diri şəkildə olarkan yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən məhsulların əldə edilməsini kəndə təsərrüfatı məhsullarının istehsalı kimi müəyyən etmiş və yalnız göstərilən fəaliyyətin müvafiq qaydada vergidən azad olunması qeyd edilmişdir.

37. Hazırkı iş üzrə iddiaçının fəaliyyəti ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsindən ibarətdir.

38. Vergi Məcəlləsinin 13.2.61.1 və 106.1.14-cü maddələrinin birgə təhlili nəticəsində onu qeyd etmək olar ki, canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadıqda, onun satışı vergidən azaddır.

39. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim edilmiş 3-44/2-003097/2025 nömrəli, xx.xx.2025ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilmiş diri şəkildə olan quşların kəsilmiş vəziyyətdə, ayrı-ayrı hissələrə bölünərək qablaşdırılması qida məhsullarının istehsalı hesab edilir.

40. Həmçinin, məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 5-22/2-747/2025 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Standartlaşdırma İnstitutunun 2018-ci il 12 dekabr tarixli 053 qeydiyyat nömrəsi ilə Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmiş X2 “C” seksiyasında (EMAL SƏNAYESİ MƏHSULLARİ) təzə və ya soyudulmuş ev quşlarının hissələri sənaye məhsulları kimi qeyd edilmişdir.

41. Göründüyü kimi, qida və yem məhsullarının istehsalı dedikdə, emala məruz qalmadan ilkin istehsal məhsulunun təmizlənməsi, kəsilməsi (heyvan kəsimi daxil olmaqla), doğranması, parçalanması, dilimlənməsi, cilalanması, üyüdülməsi, dərisinin soyulması, tükünün yolunması, soyudulması, dondurulması və ya onların kombinasiyasından ibarət hər hansı proses, bununla bağlı çəkilib bükülməsi, qablaşdırması, etiketlənməsi, habelə qida və yem məhsullarının istehsaldaxili saxlanması və daşınması nəzərdə tutulur. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən istehsal olunan hissələrə bölünmüş toyuq əti qida məhsulu, iddiaçının fəaliyyəti isə qida məhsullarının istehsalı və satışı kimi qiymətləndirilməlidir. Yəni, həmin faəliyyət vergidən azad olunma məqsədləri üçün nəzərdə tutulmuş kənd təsərrüfatı məhsulunun istehsalı deyildir.

42. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş etirazın İddiaçı MMC-nin 2023-cü il üzrə vergi orqanı tərəfindən hesablanmış əlavə mənfəət vergisinin ləğv edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya 2023-cü il üzrə 49629,28 manat əlavə mənfəət vergisi hesablanmış, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən əlavə hesablanmış məbləğ ləğv edilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin 5 nömrəli Əlavəsinin 14-cü sətrində iddiaçı tərəfindən 2.304.399,12 manat gəlir üzrə azadolma məbləği bəyan edilmişdir.

44. Cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlamasının yekununda isə müəyyən olunmuşdur ki, iddiaçının 2.214.399.12 manat gəliri, 2.307.019,22 manat cəmi xərci, 2.214.399,12 manat ümumi gəlirdən çıxılan xərci, 90.000 manat gəlir üzrə azadolma müəyyən edilmişdir.

45. Beləliklə də, təqdim edilmiş cari və yekun kameral vergi yoxlaması bəyannamələrindən görünür ki, 2023-cü il üzrə əlavə hesablanmış vergi məbləğinin azaldılması iddiaçı tərəfindən 2.304.399,12 manat gəlir üzrə azadolma məbləğinin cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı olmamışdır.

46. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “hissələrə bölünmüş toyuq əti” məhsullarının satışının vergidən azad edilməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmaması səbəbindən aparılmış kameral yoxlamalar nəticəsində qəbul etdiyi mübahisələndirilən qərarlar Vergi Məcəlləsinin 13.2.61.1 və 106.1.14-cü maddələrinə uyğundur və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qərarın ləğvinə əsas verir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar