Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-64/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 1200 saylı 13.08.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 04.08.2016-cı il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti Başçısının 1200 saylı, 13.08.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin plan cizgisi tərtib edilmişdir. İddiaçısözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh tərrəfindən iddiaçıya ünvanlanmış **********12 saylı 17.07.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İdarəyə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir. Həmçinin əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 1200 saylı 13 avqust 1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hüquqların dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin torpaq sahəsinin plan cizgisi də tərtib olunaraq təsdiq olunmuşdur. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestirdən müvafiq çıxarışın verilməsi məqsədilə aidiyyatı dövlət orqanına, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtin edilmişdir. O, cavabdeh inzibati orqanın ona qarşı bu cür hərəkətini qanunsuz və əsassız hesab edir, çünki tərəfindən müvafiq çıxarışın verilməsi üçün lazım olan bütün hüquqi sənədlər əldə olunmuş və cavabdehə təqdim olunmuşdur. Belə olan halda hesab edir ki, cavabdeh tərəfindən müvafiq çıxarış verilməli idi. Çünki, torpaq sahəsi qanuni əsaslarla onun istifadəsinə verimişdir. Əslində imtinada göstərilən heç bir uyğunsuzluq yoxdur, hal-hazırda torpaq sahəsi boşdur, heç kim tərəfindən hasarlanmamışdır, qaldı ki, digər şəxslərin müraciətləri ilə üst-üstə düşməsi məsələsinə, bu uydurmadır və bu uydurma onun hüquqlarını poza bilməz. Əgər həmin torpaq sahəsinə başqa şəxslərin sənədi işlənibsə də, bu onun deyil, məhz cavabdehin öz günahıdır və bu səhvini düzəltməlidir. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Səbail rayon İcra hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş yerləşmə sxemində torpaq sahəsinin sənəd üzrə ölçülərində naturadakı ölçülərlə müqayisədə fərqlər mövcuddur və torpaq sahəsində hasarlanma və mərzlənmə işləri tam aparılmamışdır. Belə ki, 3 torpaq sahəsi bir hasar daxilindədir və torpaq sahələrinin ara səhədləri şərtidir. Bundan əlavə, iddiaçı tərəfindən 22.09.2016-cı il tarixli müraciətlə əlaqədar İdarənin mütəxəssislərinə göstərilən torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən neft kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin iddiaçının İdarəyə 05.07.2019-cu il tarixli poçt vasitəsilə etdiyi müraciətinə əlavə etdiyi sənədlərin surət olduğu, əlavə olunmuş yerin cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bundan əlavə məlum olmuşdur ki, iddiaçı tərəfindən 05.07.2019-cu il tarixli müraciət ilə əlaqədar İdarənin mütəxəssislərinə göstərilən torpaq sahəsinin İdarənin elektron baza məlumatlarına əsasən yerləşmə cizgisinə hər hansı bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciət etdikləri torpaq sahələri ilə üst-üstə düşür. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyetri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X2 Təşkili üzrə Dövlət Agentliyi və Arxitektura Komitəsi məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və ekspertiza təyin edilməlidir. Tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilllərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 29.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxs hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi İbrahim Kəlbiyev apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 17.07.2019-cu il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 08.08.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 1200 saylı 13.08.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin plan cizgisi tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin mövqeyinə görə, İdarəyə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, torpağın yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. İş üzrə birinci instansiya məhkəməsi iddiaçıdan iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərini əldə etmiş və iddianı əsaslı sayaraq onun təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cavabdehin imtinasında qeyd olunanlarla bağlı araşdırma apararaq 2-1(103-872/2020 saylı 27.08.2020-ci il tarixli qərardadla Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1200 saylı 13 avqust 1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşib-yerləşməməsinin, həmin torpaq sahəsi ilə 191 saylı 22.12.2005-ci il tarixli Səbail Bələdiyyəsinin qərarına, 4820 saylı 29.05.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli 25.12.2008-ci il tarixli çıxarış verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi alınmaqla iş üzrə mühəndis-tikinti ekspertizasının keçirilməsini qərara almışdır. 12.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3173 saylı 30.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı 02.06.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən əlavə edilmiş sxemlərlə ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından, elektron bazada ölçülmüş ərazidə hər hansı neft kəməri barədə məlumat və X4 adına torpaq sahəsinin qeydiyyatdan keçməsi aşkar edilmədiyindən, mübahisələndirilən ərazinin dövlət mülkiyyəti torpağı olduğundan, Bakı şəhəri Səbail İcra Hakimiyyəti Başçısının 200 saylı 13.08.1999-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi ilə 191 saylı 22.12.2005-ci il tarixli Səbail Bələdiyyəsinin qərarına və 4820 saylı 29.05.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli 25.12.2008-ci il tarixli çıxarış verilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək olmamışdır. Mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Apellyasiya baxışı zamanı 17.09.2021-ci il tarixdə iddiaçı vəsatət verərək, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi və ekspertizanın keçirilməsinin müstəqil ekspertə həvalə edilməsini xahiş etmişdir. Belə ki, vəsatətə əlavə edilmiş Azərbaycan Respublikası “X5”nin 508 saylı 15.09.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazində tədqiq olunan İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin natura üzrə sərhədləri ölçülmüş və döngə nöqtələrinin koordinatları beynəlxalq Koordinat Sistemi olan WGS-84 (UTM-39) koordinat sistemində müəyyən olunmuşdur. Koordinatları müəyyənləşdirən torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Səbail rayonu, Badamdar qəsəbəsi ərazində tədqiq olunan İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin natura üzrə koordinatlarının ərazinin elekron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmət tərəfindən tərtib edilmiş müütəxəssis rəyinə əlavə olunan, mübahisəli torpaq sahələrinin yerləşmə sxemində göstərilən torpaq sahələrindən 88.7 metr qərb tərəfdə yerləşməsi müəyyən olunmuşdur. Beləliklə, aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdu ki, məhkəməyə təqdim olunan rəylər arasında ziddiyyətlər mövcuddur. Buna görə də iddiaçıya Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 13.08.1999-cu il tarixli 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv.m. torpaq sahəsinin (i.v. 7-dəki plan sxeminə əsasən) naturada yerləşdiyi yerinin, həmin yerin başqa fiziki və ya hüquqi şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyinin (həm faktiki olaraq naturada, həm də kadastr məlumatlarına əsasən) və yaxud da neft kəmərinin mühafizə zolağında yerləşib-yerləşmədiyinin müəyyən edilməsi məqsədilə məhkəmənin 22.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə “X8 və Ekspertiza Mərkəzi” MMC-dən müvafiq mütəxəssis rəyinin alınması qərara alınmışdır. 14.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş “X8 və Ekspertiza Mərkəzi” MMCnin mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1200 saylı 13.08.1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv.m. torpaq sahəsinin naturada yerləşdiyi yer, həmin torpaq sahəsinin həm faktiki olaraq naturada, həm də kadastr məlumatlarına əsasən digər fiziki və ya hüquqi şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və neft kəmərinin mühafizə zolağında yerləşmədiyi müəyyən edilmişdir. Beləliklə, iş üzrə müəyyən olundu ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 1200 saylı 13.08.1999-cu il tarixli sərəncamı, torpaq sahəsinin plan cizgisi mövcuddur, iddiaçı həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etdiyi halda cavabdeh inzibati orqan həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğuna, elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyətinin olmadığına, digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşdüyünə istinad edir. Lakin məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməsini əsaslandıran hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin imtinanın əsasını yoxlamaq məqsədilə mütəxəssis rəyləri alınmış və həmin rəylərlə rəsmiləşdirilməsi tələb olunan torpaq sahəsinin nəinki fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi, həm də onun neft kəmərinin mühafizə zolağında yerləşmədiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırki işdə məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X2 Təşkili üzrə Dövlət Agentliyinin və Arxitektura Komitəsinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi və ekspertiza təyin edilməsi” barədə dəlilinə, bu barədə dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunması və ekspertiza təyin olunmasına zərurət olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Buna görə də apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 311 manat məbləğundə pul vəsaiti İddiaçı tutularaq Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 311 manat məbləğundə pul vəsaiti İddiaçı tutularaq Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azad İmanov
Məhkəmə qərarları › İş №2-1(103)-64/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-64/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver