Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-64/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər X5, "xxxx" MMC) qarşı “bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2- 1(82)-2595/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 204D/t saylı bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Amma cavabdeh idarə göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxemaik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 204D/t nömrəsi sxematik xəritədə olmadığı, göstərilən sahə digər sahə ilə eyni hasar daxilində olduğu və digər şəxsə torpaq sahəsinin mülkiyyət hüququna dair verilmiş şəhadətnamə ilə üst-üstə düşdüyünü qeyd edərək tələbinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi idarə əsassız olaraq formal mülahizələrə istinad edərək əsassız olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan əlavə əgər hüquqmüəyyənedici sənədər təqdim edilmədiyi halda belə, cavabdeh idarə hansı sənədlərin təqdim edilməsini belə öz imtinasında göstərməmiş, sadəcə olaraq əsassız süründürməçiliyə yol vermişdir. Halbuki iznibati orqan kimi cavabdeh idarənin yardım etmə vəzifəsi olduğu halda qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanda yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2-1(82)- 2595/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanda yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-730/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(82)-2595/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1749/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2- 1(103)-730/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “204D/t” nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin, göstərilən sahə digər bağ sahəsi ilə eyni hasar daxilindədir. Lakin bağların bölgüsünə dair notarial qaydada təqdim edilmiş bölgü sxemi təqdim olunmamışdır. Bundan başqa, göstərilən bağ sahəsi digər fiziki şəxsə (X3) torpaq sahəsinin mülkiyyət hüququna dair verilmiş şəhadətnamə (JN 30405) ilə üst-üstə düşür. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunmüvafiq imtina məktubu ünvanlanmışdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2-1(82)-2595/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0.12 ha torpaq sahəsi olan 204D/t nömrəli bağ sahəsinin sahibliyi İddiaçı məxsus olması iş materiallarında olan bağ sahəsinin daimi istifadəyə verilməsinə dair xx.xx.2004-cü il tarixli 33396 saylı müqavilə ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı və istismarı Birliyinin Pirşağı ərazisindəki 204D/t nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 33396 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0.12 ha torpaq sahəsi olan 204D/t nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0.12 ha torpaq sahəsi olan 204D/t nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, Azərbaycan Respublikası ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********24 saylı məktubunda qeyd olunmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “204D/t” nömrəsi sxematik xəritədə olmadığı, həmçinin göstərilən sahə digər bağ sahəsi ilə eyni hasar daxilində olduğu və digər şəxsə torpaq sahəsinin mülkiyyət hüququna dair verilmiş şəhadətnamə ilə üst üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində hüquqları qeydiyyata almaqdan imtina etmənin səbəblərini cavabdeh ona göndərdiyi xx.xx.2019-cu il tarixli bildirişdə belə izah etmişdir ki, iddiaçının müqaviləsində göstərilən “204D/t” nömrəli torpaq sahəsi sxematik planda yoxdur və göstərilən sahə digər bağ sahəsi ilə eyni hasar daxilində yerləşməklə başqa şəxsə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Bu halda işə baxmış məhkəmə cavabdehin etiraz dəlillərini araşdırıb hüquqi qiymət verilməsi üçün ərazinin bölgü sxemini tələb edib, müqayisə etməklə işə əlavə etməli, iddiaçının tələb etdiyi torpaq sahəsinin məhz kimin mülkiyyətinə verildiyini müəyyən edib həmin şəxsi üçüncü şəxs qismində işə cəlb etməli idi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməlidirlər. İnzibati məhkəmə icraatında məhkəmələr inzibati orqanlara bu norma üzrə vəzifələrini xüsusi olaraq izah etməli, etiraz dəlillərinə dair sübutlar təqdim etməyi tələb etməlidirlər. Lakin birinci instansiya məhkəməsi 7 dəfə məhkəmə baxışı təyin etməsinə baxmayaraq cavabdehdən etiraz dəlillərinin əsaslandırılması üçün ətraflı izahat almamış, yazılı izahat verməklə torpaq sahəsinin kimin adına qeydiyyata alındığını müəyyən etməmiş, DƏDRXdə saxlanan ərazinin bölgü sxemini tələb etməmişdir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də bu cür araşdırma aparmamışdır. Apelyasiya məhkəməsi xx.xx.2020-ci il tarixli məktub göndərərək torpağın bölgü sxeminin və torpağın X2 adına qeydiyyata alınması üçün əsas olmuş bütün sənədlərin təqdim olunmasını tələb etsə də, bu sənədlərin nəyə görə təqdim olunmadığını araşdırmamış, məhkəmədə iştirak etmiş cavabdehin nümayəndəsindən bunun səbəbini soruşmamışdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışı zamanı X5 və "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar məsələləri üzrə komissiyasının xx.xx.1986-cı il tarixli qərarı əsasında Pirşağı bağ massivində yerləşən yerləşən 207/T saylı bağ sahəsi üzərində X2 və Zəminə Əlibalayevanın mülkiyyətinə verilməsi haqqında xx.xx.2006-cı ildə JN 30405D saylı şəhadətnamə tərtib olunmuşdur. Həmin torpaq sahəsi və orada yerləşən yaşayış evi xx.xx.2006-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi ilə X1. Eyni zamanda bu sənədlərə əlavə olunmuş sxemdə qeyd olunur ki, iddiaçının hüququ qeydə alınmasını tələb etdiyi torpaq sahəsi JN 30405D saylı şəhadətnamədə göstərilən torpaq sahəsi və X8 məxsus torpaq sahələri ilə üst üstə düşür. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının xx.xx.2004-cü il tarixli 33396 saylı müqavilə əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, planölçüsü və digər sənədlər iddiaçıda olmadığından iddiaçının iddia etdiyi sahənin xx.xx.2004-cü il tarixli 33396 saylı müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçı ilkin müraciət zamanı başqa bir sahəni göstərmişdir. Faktiki göstərilən sahə isə digər fiziki şəxsin (X4) iddia etdiyi ünvan ünvanda yerləşən bağ sahəsi ilə üstüstə düşür. Həmçinin iddiaçının iddia etdiyi ümumi ərazi ilə bağlı "xxxx" MMC tərəfindən idarəyə müraciət edilmişdir və müvafiq ərazinin qonşuluğunda yerləşən bağın nömrəsi 204/t-dir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilməlidir ki, məhkəmə iclasları dəfələrlə iddiaçının iştirakının təmin edilməsi məqsədilə təxirə salınsa da, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(82)-2595/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(82)- 2595/2019 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-64/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-64/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver