Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-64/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2- 1(112)-4741/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək orta texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək kolxozda çalışmışdır. xx.xx.1984-cü il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyəti dövründə ancaq elektrik qaz və elektrik qaynaqçısı peşələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır. Cavabdehə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, birincisi “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunveriliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güəzştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək (yəni ƏPQ-nun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının xx.xx.1979-cu il tarixli, АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin iddiaçıya dair 3 iyul 2017-ci il tarixli, 24 nömrəli arayışda xx.xx.1984-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının Tikinti İdarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək haqqı cədvəllərində iddiaçının adının qeyd olunmadığı və xx.xx.2000-ci il tarixdə işdən azad edildiyi barədə müvafiq əmrin olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli akt ilə təsdiq edilmişdir. Odur ki, həmin dövrü (xx.xx.1990xx.xx.2000) iddiaçının əmək stajına daxil etmək mümkün deyildir. Belə olan halda, iddiaçı xx.xx.2006-cı il tarixədək “ƏPQ” ilə tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır. İkincisi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış peniya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”nun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 2-ci və 4-cü şərtlərə əmək edilməmişdir. İddiaçının xx.xx.1979-cu il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin iddiaçıya dair 3 iyul 2017-ci il tarixli, 24 nömrəli arayışda xx.xx.1984-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində ididaçının Tikinti İdarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilmə zamanı xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək haqqı cədvəllərində iddiaçının adının qeyd olunmadığı və xx.xx.2000-ci il tarixində işdən azad edildiyi barədə müvafiq əmrin olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli akt ilə təsdiq edilmişdir. Odur ki, həmin dövrü (xx.xx.1990xx.xx.2000) iddiaçının əmək stajına daxil etmək mümkün deyildir. Belə olan halda, iddiaçı xx.xx.2006-cı il tarixdək “ƏPQ” ilə tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır. ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitinin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanların fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üzrə nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci ildə 65 yaş tamam olmuşdur. Deməli, ƏPQ-nin 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 ay deyil, 204 aya (144 ay + 60 ay) bölünməlidir. 60 ay iddiaçının pensiyaya çıxmaq hüqüqunun yarandığını iddia etdiyi 60 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqqdir (65 il – 60 il = 5 il). 204 ay × 200.00 manat (minimal pensiya məbləği) = 40800.00 manat. İddiaçının cəmi pensiya kapitalı 39331.00 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Həmçinin, nəzərə çatdırırlar ki, “ƏPQ”-nin 1.0.18-ci maddəsinə əsasən sığortaolunanların əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasınn minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 60 yaşının tamam olduğu, xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-4741/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.1977-ci il tarixində 22 nömrəli orta texniki peşə məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisası (əyani şöbəyə) qəbul olmuş, xx.xx.1979-cu il tarixində 22 nömrəli orta texniki peşə məktəbini “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə bitirmiş, 11 may 1980-cı ildən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1979-cu ildə “Azərbaycan” Kolxozunun üzvlüyünə qəbul edilərək, İV dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1984-cü ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə 302 saylı Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı kimi qəbul edilmiş, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər 4-cü dərəcəli elektrik qaz qaynaqçısı işləmiş, xx.xx.1989-cu ildə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı keçirilmiş, xx.xx.2000-ci ildə öz xahişinə əsasən işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə “AzNKZT” Tr, 2 №-li T.Q.İ.də tikinti sahsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə "xxxx" Təmir Tikinti Quraşdırma Müəssisəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2004cü ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə “X2” LTD-də qaynaqçı peşəsinə qəbul edillmiş, xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə “X2” LTD-də qaynaqçı peşəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmiş, xx.xx.2011-ci il tarixdə "xxxx" QSC-də əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, halhazıradək işləməkdə davam edir. “X3” LLC tərəfindən verilmiş 4022 nömrəli, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən 2005-ci ilin may ayının 18-dən 2006-cı ilin oktyabr ayının 19-na kimi, 2008-ci ilin fevral ayının 12-dən 2009-cu ilin iyul ayının 13-nə kimi “X3” MMC birgə müəssisəsində qaynaqçı peşəsində işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş 24 nömrəli, 03 iyul 2017-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən xx.xx.1984-cü il tarixində 100 c nömrəli əmrlə 302 saylı Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı kimi qəbul edilib. xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər 120 c nömrəli əmrlə əmək kitabçasına əsasən 4-cü dərəcəli elektrik qaz qaynaqçısı işləyib. xx.xx.1989-cu ildə 65 c nömrəli əmrlə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı keçirilib. xx.xx.2000-ci il tarixində 36 c nömrəli əmrlə işdən azad edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, arayışdan görünür ki, o, xx.xx.2011-ci il tarixindən hal-hazırki vaxta qədər "xxxx" QSC-nin Tullantılar emalı Departamentinin 4-cü sahəsində (H.Əliyev adına X7) əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləyir. "xxxx" MMC tərəfindən verilmiş 04 nömrəli, 28 aprel 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən 1990-1991-ci illərdə 302 saylı Tikinti idarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Əmək haqqı 1990-1991-ci illər üzrə cəmi 10037.96 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta Kapitalı əsasında hesablanan pensiya təyinatı şöbənin mütəxəssisləri təərfindən tərtib olunan aktda 1990 – 1991-ci illər nəzərə alınmamışdır. "xxxx" MMC 302 saylı tikinti idarəsi tərəfindən verilmiş 11 yanvar 1999- cu il tarixli, 3/c nömrəli əmrdən görünür ki, 5-ci dərəcəli elektrik qaynaqçısı İddiaçı xx.xx.1999-cu ildən öz hesabına məzuniyyətdən geri çağırılmış və yeni açılan Azneft Tikinti sahəsinə göndərilmişdir. Pensiya alt sistemindən çıxarılmış iddiaçının pensiya kapitalı haqqında məlumatdan görünür ki, onun hazıradək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41799.59 manat təşkil edir Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. İddiaçının 60 yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Cavabdeh iddiaçının müraciətindən imtinasını iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olmaması, yetərli pensiya kapitalının olmaması ilə əsaslandırmışdır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş 04 nömrəli, 28 aprel 2021-ci il tarixli arayış və ona əlavə olunmuş 11 yanvar 1999cu il tarixli əmrdən müəyyən edilmişdir ki, iddiaçı 1990-1991-ci illərdə 302 saylı Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində işləmiş, həmin illər üzrə ümumilikdə əmək haqqısı 10037.96 manat təşkil etmiş, xx.xx.1999-cu ildə isə öz hesabına məzuniyyətdən geri çağırılmışdır. Göstərilən sübutlar isə ona dəlalət edir ki, iddiaçı 1984- 1991-ci illərdə "xxxx" MMC-də 302 saylı Tikinti İdarəsində işləmiş, 1991-1999-cu il tarixləri arasındakı dövrlərdə isə öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün isə onun ümumi iş stajına daxil edilməməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar... Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Yuxarıda qeyd edilən normaların məzmunundan da aydın olur ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqısı ödənilməlidir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzərə alına bilər. İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olsa da belə onun ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən pensiya təyin edilərkən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cu maddəsinə əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qeyd edilən maddə əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini də istisna etmir. Digər tərəfdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Odur ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr işçinin sığorta stajına daxil edilməlidir. Apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən verilmiş 15 nömrəli, 03 iyun 2022ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-cü ildən 1993-cü illər müəssisədə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı sənətində işləmişdir. Həmçinin, arayışda qeyd olunmuşdur ki, 10 fevral 2021-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sığorta idarəsinin mütəxəssisləri tərəfindən aparılan yoxlama zamanı təqdim olunan əmək haqqı cədvəllərinin bəzi illəri nəzərdən qaçmışdır. 1992-ci il üzrə şəxsin işləməsinə baxmayaraq əmək haqqı cədvəli ofisin köçməsi səbəbi ilə əlaqədar itirilmişdir. Arayışa əmək haqqı cədvəlləri əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır. Həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İşin hallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasına və iş materiallarına əlavə edilmiş, hərbi bilet, orta texniki peşə haqqında attestat, işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır (təqdim olunmuş çıxarışa əsasən tələb olunan pensiya kapitalı 40.800.00 manat, iddiaçının faktiki malik olduğu pensiya kapitalı isə 41799.59 manat təşkil edir). Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işlədiyi elektrik qaz qaynaqçısı və əl ilə qaynaqda elektrik qaynaqçısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Dağ-mədən işləri” adlanan 1-ci bölməsinin 21.2-ci yarımbəndinə nəzərdə tutulmuş “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” a) yarımbəndi üzrə qeyd edilmiş elektrik qaz qaynaqçıları və əl ilə qaynaqda elektrik qaynaqçıları vəzifələrinə uyğun olmaqla güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir və buna dair işəgötürən tərəfindən arayışlar təqdim edilmişdir. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Qaynaq işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan qaynaqçılar insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. İddiaçının işlədiyi qaz qaynaqçısı və elektrik qaynaqçısı peşələri isə həmçinin əmək kitabçasında və işəgötürən tərəfindən təqdim edilmiş arayışda öz əksini tapmışdır. Həmçinin, iddiaçı “elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil almışdır. Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1221/2022 saylı qərardadı ilə İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilmiş, qərardadın icrası haqqında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 15 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən adıçəkilən şəxsin pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi iddiaçının tələbinin təmin edilməsi kimi qəbul oluna bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-4741/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-64/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-64/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver