Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-640/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı Tərcüməçi Bağırova – X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin yardımcı sahəsinə bölgü sxeminin tərtib edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)- 6324/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin yardımçı sahəsinə bölgü sxeminin tərtib edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-6324/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Qarayeva). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardaının ləğv edilərək, iddia tələbinin mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsini göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi əsl olmayan cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı yönəldiyindən, iddia sonuncuya münasibətdə ilk öncə həmin əsasla mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Birinci instansiya məhkəməsinin qənaətinə görə hazırkı iddianın qaldırılmasında əsas məqsəd iddiaçının paylı mülkiyyətində olan mənzilə dair deyil, ümumilikdə bütün mənzilin yardımçı sahəsinə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsindən ibarətdir. Ancaq iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5.-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 23.2.-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Həmin Məcəllənin 39.2.-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Həmin Məcəllənin 61.2.-ci maddəsinə əsasən ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçıya izah etmişdir ki, iddia etdiyi daşınmaz əmlaka münasibətdə paylı mülkiyyətçi statusu olduğundan ümumi əşyanın (yaşayış sahəsinin) yardımçı sahələrinə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsini tələb edə bilməz. Hər bir halda yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mübahisə olduqda isə mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz payının naturada ayrılmasını əmlakın oldugu yer üzrə rayon (şəhər) məhkəməsi müstəvisində tələb edə bilər. Göstərilən məsələlər öz həllini tapdıqdan və iddiaçının paylı əmlakdan payı ayrıldıqdan sonra isə müvafiq səlahiyyətli inzibati orqana əmlak hüquqları ilə bağlı sənədləşmə işlərinin aparılması haqqında ərizə ilə müstəqil şəkildə müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırkı iddiasında cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-6324/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-640/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-640/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver