Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-640/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Nizami Bələdiyyəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla ) iş üzrə QƏRARİ (Açar sözlər:” torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1475/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları.
1. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 18 mart 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 03 saylı qərarı əsasında iddiaçı ilə üçüncü şəxs arasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinin 49 il müddətinə iddiaçıya icarə verilməsi haqqında müqavilə bağlanmışdır.
2. 15 mart 2005-ci il tarixli 03 saylı icarə müqaviləsinə əlavə edilmiş eskizdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinin yeri göstərilmişdir.
3. Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 03 saylı qərarı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinin 49 il müddətinə iddiaçıya icarə verilməsi qərarı alınmışdır.
4. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********20 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. Cavabdehin məktubunda qeyd edilmişdir ki, həmin məsələ ilə bağlı iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli, **********71 nömrəli məktubla ətraflı cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçının əsaslandırması:
5. İddiaçı 5 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinə icarə hüququnun qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli, 10 saylı qərarı və 18 mart 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsi verildiyi gündən hal-hazıradək iddiaçının (İddiaçı) istifadəsindədir. İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinin icarə hüququ əsasında dövlət qeydiyyatına alınması və icarə hüququ əsasında reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi 16 aprel 2021ci il tarixli müraciətə 02/478 saylı məktubla cavab olaraq bildirmişdir ki, “Bakı şəhər İHB-nın 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı və həmin sərəncama əlavə edilmiş Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılacaq torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı ŞİH-in sərəncamına və Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. İddiaçı istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini, torpaq sahəsinin plan və ölçünü, dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün cavabdehə təqdim etməklə müraciət etmişdir. Lakin cavabdeh orqan heç bir əsas gətirmədən sənədlərin qəbul etməsindən imtina etmişdir.
Cavabdehin etirazları:
7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının müraciətində 7 iyul 2020-ci il tarixdə əlavə edilmiş protokoldan çıxarışın qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 23 oktyabr 2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsinə dair icarə müqaviləsində qeyd edilən bələdiyyə qərarı və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı, torpaq sahəsi yaşayış binasının ümumi istifadəsində olan yaşıllıq ərazisində yerləşmiş və hasarlanma, mərzçəkmə işləri aparılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 25 sentyabr 2020-ci il və 7 iyun 2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır.
Üçüncü şəxsin mülahizəsi:
8. Üçüncü şəxs məhkəməyə ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli məktubunda bildirir ki, iddiaçıya Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli qərarı əsasında ayrılmış və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən, ümumi sahəsi 360 kv.m olan torpaq sahəsini bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir. İddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi Bakı ŞİH başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami bələdiyyəsinə ayrılan 330 ha torpaq sahəsinin ərazisində yerləşir. Bakı ŞİH başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktında göstərilən koordinatlara əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xəritə hazırlanmışdır. Üçüncü şəxs göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinə icarə müqaviləsi əsasında İddiaçı adına reyestrdən çıxarışın verilməsinə etiraz etmir.
9. Birinci instansiya məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6803 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Q.Qarayev prospekti, 79 saylı binanın yanında ayrılmış 360 kv.m torpaq sahəsinin ayrılan dövrdə və hazırda bələdiyyənin mülkiyyətində olan ərazi hüdudlarında yerləşməsi və torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edilmədiyi müəyyən olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1475/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinası qanunsuz sayılmış, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin 15 mart 2006-cı il tarixli 10 saylı qərarının qəbulu üzrə inzibati icraat zamanı inzibati orqan Nizami Bələdiyyəsi tərəfindən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati aktı kimi 15 mart 2006-cı il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir.
12. Torpaq sahəsinin yaşıllıq ərazisində yerləşməsi, ümumi hasar daxilində yerləşməsinə gəldikdə isə, bu hal ona hüququnun qeydiyyat alınmamasına əsas vermir. İmtinada vurğulanan “mərzçəkmə işlərinin aparılmaması” dəlili də əsassızdır, çünki, bu hal həm iddiaçının iradəsindən asılı deyil, həm də cavabdehin səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, torpaq qanunvericiliyi bələdiyyə mülkiyyətində olan, yaşıllıq ərazisində yerləşən torpaq sahəsinin bələdiyyə qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıbaparılmaması üzrə icraatda mühüm rol oynaya bilər, hansı ki, hazırkı mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-532/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)- 1475/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1906/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-532/2023 nömrəli qərarı ləğv edilməsi və təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1906/2023 saylı qərarındakı hüquqi mövqeyi olaraq göstərilmişdir ki: “25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli, 10 saylı qərarının qəbulu üzrə inzibati icraat zamanı Nizami Bələdiyyəsi tərəfindən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati akt kimi 15 mart 2006cı il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir. 26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. 27. İşin materiallarına görə, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 03 saylı qərarı əsasında iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsi icarə verilmişdir. Lakin iddiaçı iddia tələbində onun torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasının əsası kimi Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarına istinad etmiş, məhkəmələr də iddiaçının qeyd etdiyi qərara əsaslanmaqla iddianı təmin etmişlər. 28. İş materiallarında Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarı yoxdur. 29. Digər tərəfdən, iddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 18 mart 2006-cı il tarixdə bağlandığını göstərsə də, iş materiallarına əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin tarixi 18 mart 2005-ci il göstərilmiş, müqavilədə Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 03 saylı qərarına istinad edilmişdir. 30. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə bələdiyyə qərarında və müqavilədə aşkar uyğunsuzluqlar var. Birinci instansiyası məhkəməsi həmin uyğunsuzluqları və ziddiyyətləri tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, iş materiallarında olmayan Bakı şəhəri Nizami Bələdiyyəsinin “15 mart 2006-cı il tarixli 10 saylı qərarı”na istinad etməklə iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmadan həmin nəticə ilə razılaşmışdır.”
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1906/2023 saylı qərarında göstərilənlər baxımından yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) ərizə təqdim edərək iddia ərizəsində səhvən qeyd edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarı deyil, həmin qərarın 03 saylı olmasının nəzərə alınmasını xahiş etmişdir.
20. Həmçinin, yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/R-322 saylı, 13 oktyabr 2023-cü il tarixli Arayışını təqdim edərək Arayışda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
21. Belə ki, həmin Arayışda qeyd edilmişdir: Bakı şəhər Nizami bələdiyyəsinin 03 saylı 15 mart 2005-ci il tarixli qərarı ilə Nizami rayonu, Q.Qarayev prospekti 79 saylı binanın yanında yerləşən 360 kv.m. torpaq sahəsi 49 il müddətinə ticarət və iaşə məqsədilə İddiaçı icarəsinə verilmiş və 18 mart 2005-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanılmışdır. Lakin mexaniki səhv olaraq qərarın tarixi 15 mart 2006cı il qeyd olunmuşdur. Sözügedən qərarın 15 mart 2005-ci il olması Bakı şəhər Nizami bələdiyyəsinin 15 mart 2005-ci il 03 saylı iclas protokolundan verilmiş 07 iyul 2020-ci il tarixli çıxarışla da təsdiq olunmuşdur. Ona görə də həmin qərarın verilmə tarixi 15 mart 2005-ci il oxunmalıdır.
22. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1906/2023 saylı qərarında göstərilənlər baxımından araşdırma aparılmış və yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) tərəfindən təqdim edilmiş ərizəyə və Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/R-322 saylı, 13 oktyabr 2023-cü il tarixli Arayışına əsasən iddia ərizəsində səhvən qeyd edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006cı il tarixli 10 saylı qərarı deyil, həmin qərarın 03 saylı, tarixinin 15 mart 2005-ci il tarixli olması və iddiaçı ilə 18 mart 2005-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanılması nəzərə alınmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətində 7 iyul 2020-ci il tarixdə əlavə edilmiş protokoldan çıxarışın qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 23 oktyabr 2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsinə dair icarə müqaviləsində qeyd edilən bələdiyyə qərarı əlavə olunmamışdır. Bununla yanaşı, torpaq sahəsi yaşayış binasının ümumi istifadəsində olan yaşıllıq ərazisində yerləşmiş və hasarlanma, mərzçəkmə işləri aparılmamışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) ərizə təqdim edərək iddia ərizəsində səhvən qeyd edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarı deyil, həmin qərarın 03 saylı olmasının və Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/R-322 saylı, 13 oktyabr 2023-cü il tarixli Arayışında göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0.1- ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
30. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin:
3-cü bəndinə görə (3.0.11) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
31. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Maddə 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1906/2023 saylı qərarı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1475/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1906/2023 saylı qərarında göstərilənlər baxımından araşdırma aparılmış və yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) tərəfindən təqdim edilmiş ərizəyə və Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/R-322 saylı, 13 oktyabr 2023-cü il tarixli Arayışına əsasən iddia ərizəsində və təqdim edilmiş sənədlərdə səhvən qeyd edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarı deyil, həmin qərarın 03 saylı, tarixinin 15 mart 2005-ci il tarixli olması və iddiaçı ilə 18 mart 2005-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanılması nəzərə alınmışdır.(Bu Qərarın 19,20, 21-ci bəndləri)
36. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tətbiq edilən qanunvericilik normalarının tələbləri (Bu qərarın 27-30-cu bəndləri) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir.
37. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. (64.1-ci və 64.2-ci maddə).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.
39. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətində beş dəlil gətirmişdir: 1) 7 iyul 2020-ci il tarixli protokoldan çıxarışın qanunvericiliyə uyğun olmadığının müəyyən edilməsi; 2) Bələdiyyə torpaqlarının yalnız açıq torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilməsinin mümkünlüyü; 3) Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmaması; 4) bələdiyyə qərarına və müqaviləyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin olmaması; 5) Torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi və hasarlama, mərzçəkmə işlərinin aparılmaması.
40. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları diqqətə çəkir: Məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2005-cı il tarixli 03 saylı qərarını təqdim etmişdir, tərəflər inzibati icraatda 7 iyul 2020-ci il tarixli protokolla bağlı aşkar olunmuş xüsusatları məhkəmə icraatında bildirməmişlər.
41. Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2005-cı il tarixli 03 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 15 mart 2005-cı il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
42. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2005-cı il tarixli 03 saylı qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir.
43. Birinci instansiya məhkəməsinin iş üzrə 18 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 03saylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 79 saylı binanın yanında ayrılmış 360 kv.m torpaq sahəsinin ayrılan dövrdə həmin bələdiyyənin mülkiyyətində olan ərazi hüdudlarında yerləşməsinin və torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 18 mart 2022- ci il tarixli 10/6803 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: - (Tədqiqatın nəticəsi) Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 05 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Q.Qarayev prospekti, 79 saylı binanın yanında ayrılmış 360 kv.m torpaq sahəsinin ayrılan dövrdə və hazırda bələdiyyənin mülkiyyətində olan ərazi hüduqlarında yerləşməsi və torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edilmədiyi müəyyən olunur.
45. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş 18 mart 2022-ci il tarixli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması təsdiqlənir.
46. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
48. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 03 saylı qərarının qəbulu üzrə inzibati icraat zamanı inzibati orqan Nizami bələdiyyəsi tərəfindən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati aktı kimi 15 mart 2005-ci il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir.
49. Torpaq sahəsinin yaşıllıq ərazisində yerləşməsi, ümumi hasar daxilində yerləşməsinə gəldikdə isə, bu hal ona hüququnun qeydiyyat alınmamasına əsas vermir. İmtinada vurğulanan “mərzçəkmə işlərinin aparılmaması” dəlili də əsassızdır, çünki, bu hal həm iddiaçının iradəsindən asılı deyil, həm də cavabdehin səlahiyyətindədir.
50. Nəzərə alınmalıdır ki, torpaq qanunvericiliyi bələdiyyə mülkiyyətində olan, yaşıllıq ərazisində yerləşən torpaq sahəsinin bələdiyyə qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıbaparılmaması üzrə icraatda mühüm rol oynaya bilər, hansı ki, hazırkı mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır.
51. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 03 saylı qərarı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinin icarə əsasında İddiaçı ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının ona istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır.
52. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası formal mülahizələrə istinad olunan sayılmaqla qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
53. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1475/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1475/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.