Məhkəmə qərarları › İş №2-1(103)-640/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-640/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-640/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Abbasova Günel Məhərrəm qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8947/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 aprel 2024-cü il tarixli, İQ-24/1 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona “qaçqın vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.2004-ci il təvəllüdlü İddiaçı (Pasport:No MV0009121) 15 yanvar 2024-cü il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Pakistan İslam Respublikasında həyatı təhlükəsizliyinin təminatının inamsız olduğunu bildirmiş və göstərmişdir ki, uzun müddətdir ki, “Tabliğhi Jamaat” adlı dini təşkilat tərəfindən ana və atası başda olmaqla ailəsi təqibə məruz qalır. Hətta öldürüləcəyi təhdidi ilə belə təqibə məruz qalmışdır. Pakistanın bir neçə şəhərinə getsə də təqibdən yaxa qurtara bilməmişdir. Pakistan polisi isə dini rejimə münasibətdə hər-hansı müqavimət göstərə bilmir və bu aşkar etiraf olunur. Ona görə də həyati təhlükəsizliklərinin təmin olunması üçün özü, bacıları və valideynləri olmaqla Azərbaycan dövlətinə sığınmışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində isə vəsatətləri təmin edilməmiş və bu barədə 03 aprel 2024-cü il tarixli İQ-24/1 №-li qərar qəbul edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, təqibinə məruz qaldıqları “Tabliğhi Jamaat” adlı dini təşkilatın dini maarifləndirici təşkilat olduğu və könüllü İslama dəvət ilə məşğul olan bir təşkilat olduğu müəyyən edilmişdir. Halbuki, sözügedən təşkilat Pakistanda qəddarlığı ilə məşhurdur. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ailəsi ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-24/1 nömrəli qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Azərbaycan Respublikasına gələnədək dövlət hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. təqibə məruz qaldıqlarını iddia etdikləri dini təşkilatın əslində təqib və təhdiddən istifadə etmədikləri internet resursları ilə müəyyən olunmuş; 3. iddiaçı atasının verdiyi ifadələrə zidd olaraq bildirmişdir ki, onlar xristian olduqlarına görə deyil, bacıları səbəbindən təqibə məruz qalmışlar. X1 Xidmətinə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8947/2024 saylı qərarı ilə (hakim Aysev Almazova) iddia ərizəsi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prossesual normaları düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, müraciətlə əlaqədar 09-2024 saylı şəxsi iş açılmış, xx.xx.2024-cü il tarixində iddiaçı MŞ-09-2024 nömrəli müvəqqəti şəhadətnamə verilmişdir. Dövlət Miqrasiya Xidmətində iddiaçının işinə baxılmış və qaçqınlıq statusunun verilməsindən imtina barədə xx.xx.2024-ci il tarixli JQ-24/1 nömrəli qərar qəbul edilmişdir. Qərarın surəti 6 aprel tarixində rəsmən iddiaçıya təqdim edilmişdir. İddiaçı qərarla razılaşmır və bunu belə əsaslandırır ki, qərarın qəbul edilməsi ilə nəticələnmiş müsahibədə onun bütün fikirləri nəzərə alınmamış, qaçqınlıq statusunun verilməsindən imtinanı əsaslandırmağa imkan verən məlumatlardan istifadə edilmiş və bununla da onun hüquqlarının müdafiə olunması ilə bağlı heç bir addım atılmamışdır. Bundan başqa, iddiaçının bəzi fikirləri isə təhrif edilmiş və yanlış nəticə çıxarılmışdır. Belə ki, iddiaçı və ailə üzvlərinin katolik olmasına görə onun düşdüyü vəziyyəti Dövlət Miqrasiya Xidməti düzgün qiymətləndirə bilməmişdir. Tablighi Jamaat təşkilatı iddiaçını və ailəsini Pakistanda dini baxışlarına görə sıxışdırır, ona və ailəsinə müxtəlif vasitələrlə təzyiq edir, onları islama dəvət etmək adı altında zor gücünə müsəlman dini qəbul etdirmək istəyirlər. Tablighi Jamaat təşkilatı hesab edir ki, pakistanlı şəxs katolik ola bilməz. Buna görə də iddiaçı hər gün ailəsi ilə təzyiq altında yaşadığını bildirir. İddiaçı və ailəsinin Pakistan hökumətinə etdiyi müraciətlərə baxmayaraq, hökumət onların hüquqlarını qorumur və onlara sahib çıxmır. Ona görə də iddiaçı və ailəsi dərhal Azərbaycana qaçıb gəliblər. Bu səbəbdən də İddiaçı şikayətə yenidən baxılmasını və şikayət ərizəsində verilən yeni məlumatlar əsasında əvvəlki qərarın ləğv edilməsini və yeni qərar qəbul edilib özünə və ailəsinə qaçqınlıq statusunun verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının valideynləri də analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, apellyasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Hal-hazırda iddiaçı və valideynləri artıq ölkə ərazisində deyillər. İddiaçı xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. İddiaçının ölkəsində təqibə və təhdidə məruz qalmasını təsdiq edən sübutlar mövcud deyil. Polisə müraciət edildiyinə istinad edilmiş, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin müraciət məhz ailə daxili münaqişələrə görə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri formaldır və şikayətin təmin edilməsi üçün hazırkı vəziyyətdə hər hansı qanuni əsas yoxdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi kəndində 05 dekabr 2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ-24/1 nömrəli Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarına əsasən Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı barəsində tərtib olunmuş Qaçqın statusun verilməsi haqqında vəsatət (ərizəanket) və müsahibə sənədi iş materiallarına əlavə olunmuşdur. İddiaçı vətəndaşı olduğu ölkədə özünün və ailə üzvlərinin “Tablighi Jamaat” təşkilatı (cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, “Tablighi Jamaat” dini təşkilatı heç bir terror və radikal qruplaşmalara aidiyyəti olmayan dini maarifləndirici təşkilatdır) və dövlət nümayənləri tərəfindən təqib olunduğunu, təhdid və hücumlara məruz qalaraq ölüm riski ilə üzləşdiyini bildirsə də, bu faktı sübut edən halları əsaslandıra bilməmişdir. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İnternet resursları üzərindən “Tabliğhi Jamaat” beynalxalq dini hərəkatın fəaliyyəti ilə bağlı olan məlumatlara nəzər salınmış və müəyyən edilmişdir ki, qeyd olunan hərəkatın əsas misiyası islam dinində maarifləndirmə, yəni dini qaydalara riayət etmə, o cümlədən tək allahlığa inanmayan dini cərayənları islam dininin qəbul edilməsinə dəvət edilməsi ilə əlaqədardır. Qeyd olunan hərəkatın 7 ölkə ərazisində fəaliyyətinə qadağa qoyulsa da, Pakistan İslam Respublikası ərazisində həmin dini hərəkatın fəaliyyətinə qadağa qoyulmamışdır. Başqa sözlə desək həmin hərəkatın üzvlüyünə məcburi şəkildə qoşulması və xrtistian dininə qarşı mübarizəsi ilə bağlı hər hansı bir halı internet resurslar üzərindən müəyyən etmək mümkün olmadı. Həm məhkəməyəqədər, həm də məhkəmədə aparılan inzibati icraat zamanı iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut təqdim etməmişdir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə, əsasən, qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. ... qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir: “ ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. ... "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. ... Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. ... "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir”. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, dini baxışlarına görə ölkəsində təqib və təhdid olunacağını bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Z və T Birləşmiş Krallığa qarşı iş üzrə ifadə etdiyi mövqeyə müraciət etməyi zəruri hesab edir: “ ... müdafiə dini mənsubiyyətinə görə (hər hansı digər səbəbə görə) təqiblərə, real ölüm riskinə və ya ciddi mənfi rəftara məruz qalacaqları və ola bilsin ki, onlara qarşı ədalətli mühakimədən açıq-aşkar imtina ediləcəyi barədə əsaslandırılmış iddiası olan şəxslərə təklif edilir. Pakistan Respublikasındakı xristian icmasının heç bir rəsmi nəzarət altında olmaması, parlamentdə öz nümayəndələri ilə təmsil olunmaları, Pakistanın hüquqmühafizə və məhkəmə orqanlarının müvafiq olaraq kilsələri və məktəbləri qorumaq, xristian əhaliyə qarşı hücumlar həyata keçirənləri mühakimə etmək, həbs etmək və cəzalandırmaq üçün müvafiq tədbirlər görməsi faktına əhəmiyyət verilməlidir”. Həmin iş üzrə Avropa Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, Pakistanın ərazisində xristian icmasının təqibi halı mövcud deyildir, ərizəçi fərdi olaraq risk altında olduğunu göstərməlidir. Qaçqınların işləri üzrə Beynəlxalq Təşkilatın (QBT) 1946-cı il tarixli nizamnaməsində verilmiş "qaçqın" termini həm də anlayışı təşkil edirdi. Bu kateqoriyaya ölkəsinə qayıtmaqdan imtina etmək üçün "irqinə, dininə, vətəndaşlığına və ya siyasi əqidələrinə" görə təqibə məruzə qalacağından ehtiyatlanması üçün əsaslı səbəblər gətirən şəxslər aid edilmişdi. Məhkəmə kollegiyası qeyd edir ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur”. Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər. İddiaçı Pakistana qayıtdığı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin olduğunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən məhkəmə kollegiyası ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür. İnzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, apellyasiya şikayətində göstərilənlər əsaslı deyildir. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. Bəhs olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. QƏRARA ALDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2-1(112)-8947/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Günel Abbasova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar