Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-641/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili X4, ərizəçi “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X2 və vəkili X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə qarşı çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3761/2018 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanda yerləşən 103 saylı mənzilin ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdehə göndərilmiş, sonuncunun xx.xx.2019-cu il tarixli **********75 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının adına çıxarış hazırlanaraq təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdə «xxxx» MMC məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, 2-1(81)-3761/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra “xxxx” MMC ərizələrlə Məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində işə cəlb edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri qismində mübahisəli mənzilin üzərinə həbs qoyulması və hər hansı təmir-tikinti işlərinin aparılmasının iddiaçıya qadağan edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-929/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməmiş, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmiş, “xxxx” MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 28.1-ci maddəsinin tələblərinə uyğun həll edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizələr təmin edilməmişdir. Qərardadla razılaşmayan ərizəçi “xxxx” MMC ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qərardadda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə nə ərizəyə baxılmışdır, nə də qərardadın məzmununda buna aid hər hansı qeyd yoxdur. Belə olan halda məhkəmə tərəfindən belə nəticəyə gəlinməsi aydın deyil. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində nəyə, hansı səbəbə və hansı faktlara görə ərizəni təmin etməməsini əsaslandırmamışdır. Yalnız bir cümlə ilə “ərizəçi qeyd olunan məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı bir sübutu məhkəmə təqdim etməmişdir” kifayətlənmişdir. Lakin, onlar şikayətlərində İddiaçı mübahisəli mənzilə dair çıxarışın verilməsinin onların birbaşa hüquqlarına toxunmasını dəqiq göstərmişlər. Məhkəmə qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına istinad etsə də, onun mənasını təhrif etmişdir. Həmin qərara əsasən şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozulmanın ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Belə bir qətnamənin mövcudluğunun yalnız İddiaçınm “xxxx” MMC-yə qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərkən bilmişlər. Məhkəmənin 2(011)-5988/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və eyni zamanda 2 saylı İİM-nin xx.xx.2018-ci il tarixli 2-1 (82)-3761/2018 qərarından şikayət verilmişdir. Göründüyü kimi, məhkəmə qərarından onlar hüquqlarına toxunduğu üçün dərhal şikayət verilmişdir. Həmin qərarın onların hüquqlarına toxunmasını isə şikayətlərində konkret dəlil və faktlar göstərməklə əsaslandırmışlar. Belə ki, İddiaçı çıxarışı almasına səbəb olan alqı-satqı müqaviləsinin və maliyyə arayışının həqiqəti əks etdirmədiyini, verilmiş maliyyə arayışının saxta olmasını və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi göstərilmişdir. Bundan əlavə, DƏDRX Bakı ərazi idarəsinə məktubla müraciət olunaraq konkret olaraq 103 və 108 saylı mənzillərə çıxarışın verilməməsini xahiş etmişlər. İşə apellyasiya qaydasında baxılarkən, ərizəçinin direktoru və vəkili şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, birinci instansiya məhkəməsinin qərardadının təsviri hissəsində “İddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək ünvan 2 ünvanın üzərinə həbs qoyulması və hərhansı bir təmir-tikinti işlərinin aparılmasının İddiaçı qadağan edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.”, nəticə hissəsində isə “... müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizələri təmin edilməsin.” qeyd olunsa da, qərardadda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ümumiyyətlə müzakirə edilməmiş və hüquqi qiymət verilməmişdir. Halbuki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizənin rədd edilməsinin əsaslandırılmaması prosessual hüquq normalarının pozuntusudur. Qərardad qəbul edilərkən digər prosessual hüquq pozuntularına da yol verilmişdir. Belə ki, İPM-in 28-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə, 28.2). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir (28.3). İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (28.4). Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28.5). Məhkəmə kollegiyası bildirir ki, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə əsasən iki məqsəd daşıyır. Bir tərəfdən cəlbetmə vasitəsilə həm cəlb olunmuş şəxsin, həm də mübahisə tərəflərinin mənafeləri qorunmalı, digər tərəfdən isə növbəti hüquqi mübahisənin yaranmasının qarşısını almaq üçün qərarın hüquqi qüvvəsi cəlb edilmiş şəxsə də şamil olunmalıdır. Cəlb edilən şəxs məhkəmə prosesində tərəfə çevrilmir. Cəlbetmə vasitəsilə o, özünün və ya başqalarının maraqlarını təmsil etmək imkanı qazanır. Cəlb edilmiş şəxsin tərəflərdən hər hansı birini dəstəkləməsi zəruri deyil. İPM-in 28.1-ci maddəsi ilə tənzimlənən adi cəlbetmə məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda mümkündür. Burada həlledici olan yalnız publik-hüquqi və mülki-hüquqi maraqlardır. İqtisadi və ya başqa faktiki maraqların mövcudluğu kifayət deyil. Bu baxımdan hüquqi maraq o zaman mövcud olur ki, cəlb edilən şəxsin tərəflərdən biri və hər ikisi ilə, yaxud mübahisə predmeti ilə əlaqəsi olsun və hüquqi mübahisə haqqında yekun qərar onun hüquqi vəziyyətini yaxşılaşdırsın, yaxud onun üçün gözlənilən zərərlərin qarşısını ala bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə hər hansı bir tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Həmin Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan zəruri cəlbetmədən isə o vaxt bəhs olunur ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfi şəkildə müdaxilə etsin (həmin qərar bu hüquqları dəyişdirsin, ləğv etsin və ya təsdiq etsin). Əksər hallarda burada söhbət üçüncü şəxsin xeyrinə çıxarılmış əlverişli inzibati aktın digər bir şəxs (iddiaçı) tərəfindən mübahisələndirilməsindən gedir ki, məhz bu kontekstdə zəruri cəlbetmənin həyata keçirilməməsi prosessual pozuntu kimi qəbul edilir. Birinci instansiya məhkəməsi qərardadında İPM-in 28-ci maddəsini təfsir edərək göstərmişdir ki, “...iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iş materialları ilə müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3761/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan 1 il 5 aya yaxın müddət keçdikdən sonra həmin iş üzrə 3-cü şəxs qismində cəlb olunmaq istəyən şəxs “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. ... Digər tərəfdən məhkəmə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3761/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının “xxxx” MMC-nin qanunla qorunan maraqlarına toxunduğu müəyyən edilməmişdir. ... Ərizəçi qeyd olunan məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəticədə hazırki iş üzrə qəbul edilən qərarın onun maraqlarına toxunmasını müəyyən etmək mümkün olmamışdır.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarından sonra formalaşmış məhkəmə təcrübəsi artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını da əhatə edir. Digər tərəfdən, ərizəçi alqı-satqı müqaviləsinin və maliyyə arayışının həqiqəti əks etdirmədiyini, maliyyə arayışının saxta olduğunu irəli sürərək, bununla bağlı öz sübutlarını Məhkəməyə təqdim etmişdir ki, həmin dəlillərin mötəbərliyi onlara mahiyyəti üzrə hüquqi qiymət verilməklə yoxlanıla bilərdi. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3761/2018 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. Ərizəçi “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-641/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-641/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver