Məhkəmə qərarları › İş №2-1(103)-641/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-641/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-641/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili X4, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı «iddiaçının adına mənzilə dair reyestrdə qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərarından 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 saylı, 140,6 kv.m sahəsi olan mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 16.03.2011-ci il tarixdə "xxxx" MMC ilə 48 nömrəli müqavilə bağlayaraq, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 nömrəli 140,6 kv.m sahəsi olan mənzili əldə etmişdir. O, mənzilin dəyərini tam ödəmiş və bu barədə "xxxx" MMC tərəfindən ona maliyyə arayışı verilmişdir. Həmin arayışda göstərilmişdir ki, onun (İddiaçı) 16 mart 2011-ci il tarixli 48 nömrəli müqavilə üzrə borcu qalmamışdır. İddiaçı 2017-ci ilin dekabr ayında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, həmin mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin həmin təşkilat məsələnin həllindən imtina etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.03.2018-ci il tarixli 2-1(81)-1054/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərar ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. Sonradan "xxxx" Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə 27.08.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1054/2018 saylı inzibati işinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və həmin inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1054/2018 saylı 09.03.2018-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-6549/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli). Həmin qərardan üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, işdə olan bütün sənədlərdən məlum olur ki, ünvan 2də 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış bina bütövlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Hazırki iş üzrə İddiaçı iş üzrə 3-cü şəxsə "xxxx" Mənzil Tikinti Kooperativə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-ə ödəmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. 1-ci instansiya məhkəməsi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, İddiaçı "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 16.03.2011-ci il tarixli bağlanmış 48 №-li müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək, öz qərarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə əsaslandıraraq iddia tələbini təmin etmişdir. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticəsi tam əsassızdır. Yuxarıda qeyd edildiyi kimi ünvan 2də 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olduğu və binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına heç bir ixtiyarı olmamışdır. Ona görə də hesab edirlər ki, məhkəmə əsas gətirdiyi İddiaçı ilə "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 16.03.2011-ci il tarixli bağlanmış 48 №-li müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa İddiaçı "xxxx" MTK-nin üzvü olmamış, MTK-i ilə müqavilə bağlamamış və mənzilin dəyərini kooperativə ödəməmişdir. Tərəflərindən təqdim olunmuş və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmə istinad etdiyi müqavilə özü-özlüyündə etibarsızdır. İşdə olan sənədlərdən məlum olur ki, ünvan 2də İ girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binası bütünlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur və iş üzrə İddiaçı həmin MTK- nin üzvü olmamış və MTK-ə pay haqqı ödəməmişdir. İddiaçının ödədiyi pul "xxxx" MMC-ə ödənmişdir. Yuxarıda qeyd etdiyi kimi və işdə olan sənədlərdən də məlum olur ki, "xxxx" MMC-nin ünvan 2də 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binasına, binanın yaşayış və qeyri-yaşayış sahələrinə sərəncam, sahiblik, istifadə hüququ yoxdur. Bu hal işdə olan və yuxarıda qeyd etdiyi kimi, Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.04.2019-cu il tarixli qərarı ilə sübut olunur və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman ünvan 2də 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binası istismara təhvil verilməmişdir. Apelyasiya baxışı zamanı iş üzrə üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığı bildirdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 saylı, 140,6 kv.m sahəsi olan mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş ilk növbədə cavabdehin “iddianın mümkünsüzlüyü” barədə mövqeyini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, iddiaçı mənzilə dair müvafiq müqavilə bağladığından və cavabdehə hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etməklə imtina cavabı aldığından, iddianı qaldırmaq üzrə subyektiv hüquqa malikdir. Cavabdeh tərəf də daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli orqan kimi çıxış edir. Qaldırılan iddia növünə görə “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, bu qəbildən olan mübahisələr üzrə İPM-n müddəaları “iddia müddəti” nəzərdə tutmur. Həmçinin iddianın mümkünsüzlüyünü şərtəndirən hər hansı digər hallar da mövcud deyil. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilən hallarla bağlı aşağıdakıları qeyd etmişdir: 1) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanındakı İddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə İddiaçı arasındakı 16 mart 2011-ci il tarixli 48 nömrəli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır (qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır); 2) Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, İddiaçı 2017-ci ilin dekabr ayında müraciəti üzrə inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də, həmin sənəd Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır; 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri və təsisçisinin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə diar cinayət mühakimə icraatına zərərçəkmiş qismində hazırkı İddiaçı da cəlb olunmuş və hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədi kimi təqdim edilən 16 mart 2011-ci il tarixli 48 nömrəli ("xxxx" MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə sözügedən icraatın araşdırma predmeti olmaqla, həmin hissədə zərərçəkmiş İddiaçıının pozulmuş hüquqlarının bərpası ilə bağlı müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır; 4) "xxxx" MMC ilə İddiaçı arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 16 mart 2011-ci il tarixdə bağlanmış 48 nömrəli müqavilə həmçinin hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir; 5) İddiaçı 16 mart 2011-ci il tarixli 48 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, AR Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 8-ci maddəsinə həmin hüquq qeydiyyat alınmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlmişdir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı Məhərrən qızının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni qiymətləndirilmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 16.03.2011ci il tarixli 48 nömrəli müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqdan ibarət 27 nömrəli 140,6 kv.m sahəsi olan mənzilin tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 09.01.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən binada 27 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlərə İdarədə baxılmışdır. Araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “maliyyə arayışı”ndan görünür ki, "xxxx" MMCdən 16 mart 2011-ci il tarixli 48 nömrəli müqavilə ilə Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İX mərtəbəsində yerləşən 140,6 kv.m sahəsi olan 27 saylı mənzilə görə müəssisəyə 80.000 manat pul ödəmişdir. İddiaçı 16.03.2011-ci il tarixli 48 saylı müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nəsimi RİH-in 01.10.2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layhələşdirilməsi və tikintisinə həmin MTKya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTKya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. İş materiallarından görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 2də 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC). İş materiallarında olan 05.03.2006-cı il tarixli "xxxx" MTK ilə "xxxx" MMC arasında müştərək fəaliyyət üçün razılaşma imzalaşma müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə, öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihəsmeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. İş materiallarında olan AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "xxxx" MTK-ya ünvanlanmış 21.08.2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - MTK-nın binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubuna baxılmışdır. ünvan 2də yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 0612.2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti AR Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. İş materiallarında olan AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X1 Baş İdarəsinin "xxxx" MMMC-yə ünvanlanmış 18.08.2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - "xxxx" MMMC-nin müraciəti əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26.07.2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır. İş materiallarından görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "xxxx" MTK-ya ünvanlanmış 02/07-3630 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: ünvan 2də 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə “AlyansZ” oxunmalı olduğu bildirilmişdir. 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı baarədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19.07.2018-ci il tarixli hökmünün surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri və təsisçisinin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatına İddiaçı zərərçəkmiş qismində cəlb edilmiş və iş üzrə 16.03.2011-ci il tarixli 48 nömrəli ("xxxx" MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə nəzərə alınmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 02.09.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTKya qarşı iddiası qismən təmin edilərək, ünvan 1dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 06.12.2018ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «ünvan 1də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2- 2(102)-158/2019 saylı iş üzrə 09.04.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 16.03.2011-ci il tarixli 48 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 nömrəli 140,6 kv.m mənzili tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Kassa mədaxil orderinə və maliyyə arayışına əsasən iddiaçı həmin mənzilə görə ümumilikdə 80.000 manat pul ödəmişdir, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edir. Üçüncü şəxs apelyasiya şikayətin əsası kimi "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də İddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 16.03.2011-ci il tarixli 48 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini əsası hesab etmir və qeyd edir ki, "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 saylı, 140,6 kv.m sahəsi olan mənzili tikib iddiaçıya təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla istifadəsində olan yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar