Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-642/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2746/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işəBakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X3 Respublikası “Yujdaq” İnstitutu tərəfindən ona verilmiş КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivaventlilik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə “Yujdaq” institutuna daxil olmuş və 1997-ci ildə təhsilini bitirmişdir. O, 1995-ci ildən Balakən rayon Qullar 3 saylı kənd ümumi orta məktəbində biologiya müəllimi ixtisası üzrə işləməyə başlamışdır. İddiaçı 2011-2012-ci illərdə diplomun tanınması ilə əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etsə də, ona diplomun Azərbaycan Respublikasının ərazisində tanınması üçün daha bir il təhsil alması bildirilmiş və bu əsasla da ona imtina edilmişdir. Bundan sonra iddiaçı təhsil aldığı “Yujdaq” institutuna müraciət edərək 2012-2013-cü illərdə daha bir il təhsil almış və ona xx.xx.2013-cü il tarixdə КЛ 68486 nömrəli diplom verilmişdir. Həmin diplomun tanınması məqsədi ilə yenidən Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin ona imtina edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2746/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Rusiya Federasiyasında dövlət nümunəli olmayan təhsil sənədi dövlət nümunəli diploma (dublikata) dəyişdirilə bilməzdi. Belə ki, 1997-ci ildə “Yujdaq” İnstitutu dövlət akkreditasiyasından keçməmişdir. X6 və Təhsil nəzarət xidməti və “Yujdaq” İnstitutunun rəhbərliyinə müvafiq məktub göndərilmiş, dublikat diplomla əvvəlki diplom arasında uyğunsuzluq aşkarlanmışdır. Eyni zamanda, Rusiya Federasiyasının “Elm və təhsil nəzarət xidməti”ndən Nazirliyə daxil olmuş xx.xx.2014-cü il tarixli, 01-59-6/07-937 saylı məktubda da bunlar öz əksini tapmışdır. “Yujdaq” İnstitutunun xx.xx.2013-cü il tarixli, 153 nömrəli məktubuna əsasən bu diplom etibarsız sayılır. Qeyd olunanlar əsasında iddiaçının adına İnstitut adından verilmiş diplom üzrə ixtisası ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Diplom ali təhsil müəssisəsini uğurla başa vuran məzunlara verilir. İş materiallarından göründüyü kimi, iddiaçı 1997ci ildə təhsilini başa vurmuş və ona diplom verilmişdir. İddiaçıya diplom verilibsə, deməli o aldığı ixtisas üzrə tədris proqramını tam mənimsəmiş və nəticədə buraxılış imtahanı verərək diplom almışdır. İddiaçının 2012-2013-cü ildə hansı tədris planına əsasən yenidən təhsil alması və buraxılış imtahanını verməsi qeyri-müəyyəndir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplom üzrə ixtisasın tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçıya X3 Respublikası “Yujdaq” İnstitutu tərəfindən КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplom verilmiş, diploma əsasən İddiaçı həmin İnstitutun “Biologiya” ixtisası üzrə biologiya və kimya müəllimi ixtisası almışdır. Həmçinin “Yujdaq” İnstitutu tərəfindən КЛ 68486 nömrəli diploma əlavə verilmişdir. Həmin əlavədə qeyd olunur ki, iddiaçıya müəyyən edilmiş nümunəli ali peşə təhsili haqqında diplom 1997-ci ildə verilmiş, əyani forma üzrə təhsil müddəti 5 il olan Biologiya ixtisasının biokimya ixtisaslaşması üzrə “Yujdaq” İnstitutuna 2012ci ildə daxil olmuş, 2013-cü ildə başa vurmuşdur. İddiaçı təhsil aldığı zaman tədris olunan fənlərdən məqbul, kafi, yaxşı, əla qiymətlər almış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli K-9854/03-24 saylı məktubundan müəyyən olunur ki, “Yujdaq” İnstitutu tərəfindən xx.xx.2013-cü il tarixli КЛ 68486 saylı ali təhsil haqqında sənədlərdə tədrisin müddəti 2012-2013-cü illər qeyd olunmaqla, biologiya müəllimi ixtisası üzrə qiyabi formada təhsil aldığı göstərilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, ali təhsil müəssisəsinə qəbul üçün əsas olmuş 1997-ci ildə aldığı diplomun təsdiqi üçün xx.xx.2012-ci ildə Təhsil Nazirliyinə müraciət etmiş və xx.xx.2012-ci il tarixli 172 saylı protokola əsasən həmin diplomun tanınmaması barədə mənfi rəy verilmişdir. Ali təhsil müəssisəsindən Nazirliyə daxil olmuş məktuba əsasən ona P 00183 saylı diplom əvəzinə dublikat diplom (KB 50365 saylı) verildiyi bildirilmişdir. Rusiya Federasiyasında dövlət nümunəli olmayan təhsil sənədi dövlət nümunəli diploma (dublikat) dəyişdirilə bilməzdi. Belə ki, 1997-ci ildə “Yujdaq” İnstitutu dövlət akkreditasiyasından keçməmişdir (X2 Nazirliyi xx.xx.2000-ci il tarixli 859 saylı əmri ilə “Yujdaq” İnstitutu xx.xx.2005-ci ildə dövlət akkreditasiyasından (N 25-0886) keçmişdir. Bu məsələyə aydınlıq gətirilməsi üçün Rusiya Federasiyasının “Elm və X8 Xidməti” və “Yujdaq” İnstitutunun rəhbərliyinə müvafiq məktub göndərilmiş, dublikat diplomla əvvəlki diplom arasında uyğunsuzluq aşkarlanmışdır. Eyni zamanda, Rusiya Federasiyasının “Elm və X8 Xidməti”ndən Nazirliyə daxil olmuş xx.xx.2014-cü il tarixli 01-59-6/07-937 saylı məktubda da bunlar öz əksini tapmışdır və “Yujdaq” İnstitutunun xx xxxxxxxx 2013-cü il tarixli 153 nömrəli məktubuna əsasən bu diplom etibarsız sayılmışdır. Qeyd olunanlar əsasında İddiaçı adına “Yujdaq” İnstitutu tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli КЛ 68486 saylı diplomun (dublikat) ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Bundan sonra İddiaçı attestasiyadan keçmək üçün ali təhsil müəssisəsinə müraciət etmiş və xx.xx.2012-ci ildə eyni ixtisasın 6-cı kursuna qəbul olunaraq (qiyabi təhsil forması) xx.xx.2013-cü ildə məzun olmuş və КЛ 68486 saylı diplom almışdır (diploma əlavədə əyani təhsil müddəti 5 il qeyd olunmuşdur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndini və Nazirliyin Ekspert Qrupunun xx.xx.2014-cü il tarixli rəyini rəhbər tutaraq İddiaçı adına xx.xx.2013-cü il tarixli КЛ 68486 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən Kazımova (Paçalova) Sevinc Qalib qızına ünvanlanmış xx.xx.2019-cu il tarixli, № K- 319/03-ANİ saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli elektron müraciətinizin nəticəsi barədə Sizə xx.xx.2019-cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə məlumat verilmiş və xx.xx.2014-cü il tarixli, K-9854/03-24 saylı məktub elektron ərizənizdə qeyd etdiyiniz ünvana göndırilmişdir. Məlumat üçün bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52 2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İşin faktiki hallarında görünür ki, iddiaçı X3 Respublikası “Yujdaq” İnstitutu tərəfindən ona verilmiş КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, cavabdeh inzibati orqan isə Rusiya Federasiyasının “Yujdaq” İnstitutunun diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsinə, iddiaçının ilkin olaraq təhsil aldığı müddətdə “Yujdaq” İnstitutunun akkreditasiyadan keçməməsinə, iddiaçının 1997-ci ildə aldığı diplomun sonradan etibarsız hesab edilməsinə, dövlət nümunəli olmayan təhsil sənədinin dövlət nümunəli təhsil sənədinə dəyişdirilməsinin mümkünsüzlüyünə istinad edərək, iddiaçıya imtina cavabı vermişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və mübahisə yuxarıda qeyd edildiyi qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Hazırkı halda, iş materiallarında olan xx.xx.2014-cü il tarixli Rusiya Federasiyasının “Yujdaq” İnstitutunun 2013-cü il tarixli məzunu Kazımova (Paçalova) Sevinc Qalib qızının təqdim etdiyi КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplomun tanınmamasına dair ekspert rəyindən görünür ki, 1997-ci ildə “Yujdaq” İnstitutu dövlət akkreditasiyasından keçmədiyi üçün (X2 Nazirliyi xx.xx.2000-ci il tarixli 859 saylı əmri ilə “Yujdaq” İnstitutu xx.xx.2005-ci ildə dövlət akkreditasiyasından (N 25-0886) keçmişdir) 1997-ci ildə aldığı P 00183 saylı diplom əvəzinə dublikat diplom (KB 50365 saylı) verilmişdir. Rusiya Federasiyasının “Elm və X8 Xidməti” və “Yujdaq” İnstitutunun rəhbərliyinə müvafiq məktub göndərilmiş, dublikat diplomla əvvəlki diplom arasında uyğunsuzluq aşkarlanmışdır. “Yujdaq” İnstitutunun xx xxxxxxxx 2013-cü il tarixli 153 nömrəli məktubuna əsasən bu diplom etibarsız sayılmışdır. Qeyd olunanlar əsasında İddiaçı adına “Yujdaq” İnstitutu tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli КЛ 68486 saylı diplomun (dublikat) ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Həmin rəydən görünür ki, İddiaçı attestasiyadan keçmək üçün ali təhsil müəssisəsinə müraciət etmiş və xx.xx.2012-ci ildə eyni ixtisasın 6-cı kursuna qəbul olunaraq (qiyabi təhsil forması) xx.xx.2013-cü ildə məzun olmuş və КЛ 68486 saylı diplom almışdır (diploma əlavədə əyani təhsil müddəti 5 il qeyd olunmuşdur). İddiaçının diplomunun ekvivalentliyinin müəyyən edilməsi zamanı onun Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində yaradılmış komissiya tərəfindən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq yoxlanılmış və ekspert komissiyasının mənfi rəyinə əsasən belə tanınmadan imtina edilmişdir. Bundan əlavə iddiaçının ilkin olaraq “Yujdaq” İnstitutunda təhsil aldığı müddətdə insititut dövlət akkreditasiyasından keçməmiş, yalnız X2 Nazirliyinin xx.xx.2000-ci il tarixli 859 saylı əmri ilə “Yujdaq” İnstitutu xx.xx.2005-ci ildə dövlət akkreditasiyası keçmişdir. İş materiallarına həmçinin “Yujdaq” İnstitutu tərəfindən təqdim edilmiş arxiv arayışı da əlavə edilmişdir. Həmin arayışda qeyd olunur ki, iddiaçı xx.xx.1993-cü il tarixli 06 saylı əmrlə qiyabi təhsil forması üzrə 1-ci kursa qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə 164 saylı əmrlə qiyabi təhsil forması üzrə 5-ci kursa keçirilmiş, xx.xx.1997-ci il tarixli 231A saylı əmrlə, Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçıQ tam təlim kursunu müvəffəqiyyətlə və tam şəkildə yerinə yetirmiş və “Biologiya” ixtisası üzrə (ixtisaslaşma “Bitkiçilik”) attestasiya imtahanından keçmişdir və bununla ona xx.xx.1997-ci ildə P № 001183 saylı, 183 qeydiyyat nömrəli müəyyən edilmiş diplom və ixtisas dərəcəsi verilmişdir. Diplomun alınması üçün İddiaçı 2012-ci ildə APT QDM “Yujdaq” İnstitutunun 5-ci kursuna qəbul edilmişdir. xx.xx.2013-cü il tarixli 215 saylı əmrlə biologiya fakültəsinin 6-cı kurs tələbəsi İddiaçı “Biologiya” ixtisası üzrə “Biologiya və kimya müəllimi” ixtisas dərəcəsi verilmişdir və xx.xx.2013-cü ildə КЛ № 68486 saylı, 5186 qeydiyyat nömrəli diplom təqdim edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı 1997-ci ildə diplom aldığı halda hansı əsasla yenidən 2012-ci ildə “Yujdaq” institutunda təhsilini davam etdirməsi aydın deyil. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin diplomu tanımaqdan imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2746/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2746/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-642/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-642/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver