Məhkəmə qərarları › İş №2-1(103)-643/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-643/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-643/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “evinin cavabdeh tərəfindən bərpa edilərək özünə qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-7309/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “evinin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bərpa edilərək özünə qaytarılması barədə” vəzifəsinin üzərilərinə qoyulmasının təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, 20.10.2017-ci ildə Xətai Rayon İcra Hakimiyyəti öz hüquq və vəzifə səlahiyyətlərini kobud halda pozaraq vəhşicəsinə evini dağıtmışdır. Məhkəmədə isə əvvəlcədən baxılsa da, məhkəmə qərarını gözləmədən evi dağıtdıqdan 15 gün sonra banka 74.677 manat pul köçürmüş, 13 iyun 2018-ci ildə həmin pulu məcburi ona vermişlər. 10 yanvar 2017-ci il tarixdə Ali Məhkəmə tərəfindən bildirilmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti “Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə cavabdeh qismində iştirak etməsi qanuna uyğun hesab edilə bilməz. Demək ki, Xətai Rayon İcra Hakimiyyəti özbaşına heç bir səlahiyyəti olmadan evini dağıtmışdır. Ali Məhkəmənin 10 yanvar 2017-ci ildə olan qərarına əsaslanaraq evinin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bərpa edilərək özünə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-7309/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə atına alan və ziddiyyətlər yaradan müddəalar olmamalıdır. Mübahisənin mahiyyətinə aid iddiaçının irəli sürdüyü dəlillərin müzakirə edilməməsi, eləcə də onların qiymətəndirilməsinin məhkəmə qərarında əks olunmaması həmin qərarın çəkişmə prinsipinin pozulması ilə çıxarıldığına dəlalət edir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4290/17 saylı 25 sentyabr 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı evinin ölçüsünə uyğun olaraq “Ağ şəhər” layihəsində mənzillə təmin olunmağı tələbinə dair iddiası mümkün hesab edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2017- ci il tarixli 2-1(103)-2644/17 saylı iş üzrə qərardadı ilə məhkəmənin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2644/17 saylı iş üzrə 07 noyabr 2017-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2017-ci il tarixli 2-1(102)-2478/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin - mənzillə təmin olunmağı tələbinin əldə edilməsinə yönəldilmişdir ki, bununla bağlı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə iddianın mümkünlüyü ilə bağlı hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisə ilə bağlı əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı artıq mövcud olduğundan, İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddiaçının eyni iddiasına yenidən baxıla bilməz və həmin iddia bu səbəbdən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı mümkünsüz hesab etməkdə düzgün nəticəyə gəlsə də hüquqi qiymətləndirmə düzgün olmadığından iddianın mümkün hesab edilməməsi ilə bağlı əsaslandırma aşağıdakı şəkildə olmalıdır. Hazırkı işdə iddianın predmeti iddiaçının sökülmüş evinin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bərpa edilərək özünə qaytarılmasıdır. İddiaçı ilkin iddia ərizəsində Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş evinin ölçüsünə uyğun olaraq “Ağ şəhər” layihəsində mənzillə təmin olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı işdə olan iddia ilə əvvəlki işdə olmuş iddia tələbi fərqli olmuşdur. Odur ki, hazırkı vəziyyətdə qeyd olunan əsasla iddianı mümkün saymamaqla məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı hesab edir ki, 20.10.2017-ci ildə Xətai Rayon İcra Hakimiyyəti öz hüquq və vəzifə səlahiyyətlərini kobud halda pozaraq vəhşicəsinə evini dağıtmışdır. Odur ki, evi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bərpa edilərək özünə qaytarılmalıdır. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət etsin və cavabdeh həmin ərizəni təmin etməsin. Cavabdehin imtinası öhdəliyin icrası haqqında iddia qaldırılması üçün əsasdır. İşdən görünür ki, iddiaçının evinin bərpa edilərək özünə qaytarılması tələbi barədə cavabdehə müraciəti mövcud deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bundan başqa, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya yaşayış evinin söküntüsü ilə əlaqədar kompensasiya ödənilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında hazrıkı tələbi irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəsinin hüquqi qiymətləndirməsi əsassız olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-7309/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar