Məhkəmə qərarları › İş №2-1(103)-643/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-643/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-643/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(82)-2044/2015 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 06.11.2009-cu il tarixdən (55 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2044/2015 saylı, 01 iyun 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2044/2015 saylı 01 iyun 2015ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(82)-2044/2015 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş və pensiya işinə tikilmiş 14 aprel 2015-ci il tarixli SOCAR/15-3600/07/02-00007 “İmtiyazlı arayışı”nda qeyd olunmuşdur: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən (kod:2290000b-24441) güzəştli şərtlərlə pensiya hüququna malikdir.” Araşdırma zamanı aşkar edilmişdir ki, qeyd olunan əsaslandırma Nazirlər Kabinetinin müvafiq qərarına uyğun aparılmamış, eyni zamanda şöbə tərəfindən bu hala ciddi yanaşılmamış, arayışa istinad edilməklə vətəndaşa müvafiq şöbə tərəfindən pensiya təyin edilmişdir. Müəssisə qeyd etdiyi kodu Nazirlər Kabinetinin 2 nömrəli siyasında mövcud olduğunu göstərsə də, başlığın 1 nömrəli siyahıya aid olduğu müəyyən edilmişdir. Eyni zamanda, müəssisə vətəndaşın iş stajının hansı dövrünün güzəştli olması barədə heç bir konkret məlumat qeyd etməmiş, arayışın sonunda əsas kimi istinad etdiyi qərarın adının yazılışında da səhvə yol vermişdir. Göstərilənlərlə yanaşı, qeyd olunan koda uyğun olaraq vətəndaşın iş icraçısı kimi işlədiyi dövr 03.08.1998 – 01.05.2008-ci illəri əhatə etmişdir. Lakin həmin dövrün stajı Qanunda nəzərdə tutulmuş 12 il 6 aya qarşı cəmi 9 il 8 ay təşkil etmiş və bu da ona 55 və yaxud 57 yaşdan yaşa görə güzəştli şərtlərlə pensiya hüququ vermir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, vətəndaşın işləmiş olduğu digər peşə vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həmçinin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda da nəzərdə tutulmamışdır. Məhkəmə qərarında qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən vətəndaşın xüsusilə ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun zərərli şəraitdə işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən İPM-in 12-14-cü maddələri ilə müəyyən edilmiş tələblərə tam riayət edilmədiyi müşahidə edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə iclasları formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi və yaranmış böyük miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə iclasında cavabdeh şöbə tərəfindən vətəndaşın iddiasına qarşı etibarlı müdafiə təşkil edilməmiş, məhkəməyə qanunvericiliyin şərtləri təqdim və ətraflı izah olunmamışdır. Məhkəmə qərarı istisna olmaqla normativ hüquqi aktlara və qanunvericiliyə əsasən İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmadığı, onun ümumi əsaslarla 01.07.2017-ci ildən Qanuna edilmiş dəyişikliklərə müvafiq olaraq 63 yaş 6 aydan, yəni 06.05.2018-ci ildən pensiya hüququnun yarandığı müəyyən edilmişdir. Pensiya ödənişi araşdırma ilə əlaqədar 01.08.2020-ci il tarixdən dayandırılmışdır. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla 06.05.2018-ci il tarixdən 01.08.2020ci il tarixindək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi hesablanıb ödənilməli olan pensiya məbləği 18216,48 manat təşkil edəcəkdir. Göründüyü kimi, 01.08.2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 764,80 manata qarşı 2070,93 manatla (1306,13 manat artıq fərqlə və ya 2.7 dəfə artıq) təyin olunmasına nail olmuşdur. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi və yaranmış böyük miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir Həmin Məcəllənin 106-cı (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı mübahisəyə münasibətdə də qeyd edilən qaydalar nəzərə alınmalı və tətbiq olunmalıdır. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2044/2015 saylı, 01 iyun 2015-ci il tarixli qərarının surəti 19 iyun 2015-ci il tarixdə cavabdeh şöbəyə təqdim olunmuş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, daha sonra qərar icra edilməsi üçün 21.07.2015-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27.04.2021-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2044/2015 saylı, 01 iyun 2015-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan 5 ildən çox olan müddət keçmişdir. Ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir. Müddət məhdudiyyəti ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin mümkün hesab olunmaması barədə qərardad qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(82)-2044/2015 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar