Məhkəmə qərarları › İş №2-1(103)-643/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-643/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-643/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili X2, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 25 il sığorta stajı nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6392/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya məxsus NZ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universiteti nəzdində Sənaye və Texnologiya Kolleci tərəfindən verilmiş 722 saylı 28 yanvar 2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, X3 1975-1979-cu illərdə keçmiş Bakı Yerli Sənaye Texnoloji Texnikumunun “Ağac biçmə və ağac emalı texnologiyası” ixitsasının əyani təhsil forması üzrə, tam kursunu oxuyub bitirərək, ona “Ağac biçmə və ağac emalı texnologiyası” üzrə “texnik-texnoloq” ixtisas dərəcəsi, qeydiyyat nömrəsi 3603, Ö № 014049 seriyalı diplom verilmişdir. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1973-cü ildə 1-ci dərəcə ilə montaj məhsulları sexinə 1-ci dərəcə ilə quraşdırıcı-çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü ildə təhsili ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1975-ci ildə Nəsimi RDİŞ nəzdində ÖMŞ-yə gözətçi qəbul edilmiş, xx.xx.1976-cı ildə Sovet ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet Ordusunda xidmət etmiş, xx.xx.1978-ci ildə Bakı zərgərlik zavodu 3 saylı futlyar sexinə 2-ci dərəcə ilə yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il Plastik kütlə məmulatlarının yığımı üzrə 4 sexə şagird vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə Plastik kütlə məmulatlarının yığılması üzrə 1-ci dərəcəli yığıcısı vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu ildə Plastik kütlə məmulatlarının yığılması üzrə 2-ci dərəcə təyin edilmiş, xx.xx.1979-cu ildə 3 saylı sexə yükləyici vəzifəsinə köçürülmüş, xx.xx.1980-cı ildə Futlyar istehsalatı üzrə 4 saylı sexə 2-ci dərəcə ilə qablaşdırıcı vəzifəsinə köçürülmüş, xx.xx.1980-cı ildə işdən azad edilmş, xx.xx.1980-cı ildə 26 Bakı Komissarları ictimai iaşə “Çadir” kafesi filialının 29 saylı yeməkxanasınında fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildə istehsalat texniki xidmət və komplektasiya idarəsi “Xəzər dəniz neft və qaz istehsalatı” VİB Mərkəzi bazaya yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmiş, xx.xx.1982-ci ildə Şaumyan rayonu İctimai İaşə istehsalat birliyi PTK yanında 4 saylı yeməkxananın filialına 3-cü dərəcə ilə bufetçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə “Fax---” kafesinə eyni vəzifəyə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. İT-İ seriyalı ******* saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1983-cü ildə "xxxx" kafesinə administrator vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmiş, xx.xx.1996-cı ildə Binəqədi eayonu Ticarət və İctimai İaşə İdarəsi "xxxx" kafesi maddi məsuliyyət ilə 4-cü dərəcəli aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ildə Binəqədi eayonu Ticarət və İctimai İaşə İdarəsi "xxxx" kafesi maddi məsuliyyət ilə 4-cü dərəcəli aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ildə Xəzər Dəniz gəmiçiliyi “Caspian” mehmanxanasına aşbaz qəbul edilmişdir. İT-İ seriyalı ******* saylı xx.xx.2003-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2003-cü ildə "xxxx" MMC-də sef-aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş, xx.xx.2005-ci ildə "xxxx" MMC-nin “Karetnıy dvor” kafesinə sef-aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə "xxxx" MMC-nin “Karetnıy dvor” kafesinə sef-aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmiş, xx.xx.2009-cu ildə "xxxx" MMC-nin “Karetnıy dvor” kafesinə sef-aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə "xxxx" MMC-nin “Karetnıy dvor” kafesinə sef-aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildə "xxxx" MMC-də şef-aşbaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2016-cı ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmiş, xx.xx.2017-ci ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmiş, xx.xx.2018-ci ildə "xxxx" MMC-də aşpaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmiş,xx.xx.2019-cu ildə işdən azad edilmişdir. İddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh Hüquq, Daxili nəzarət və Monitorinq Departamentinin monitorinq və araşdırma şöbəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edərək, İddiaçı 1983-1997-ci illərdə "xxxx" Kafesində işləməsi faktı qarşılıqlı araşdırılaraq müəyyən edilmişdir ki, "xxxx" Kafesinə aid arxiv sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmamışdır. 1993, 1994, 1995, 1996,1997–ci illər üzrə Zümrüd Kadesinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri mövcud olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, **********8 saylı 19 yanvar 2022-ci il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiaysı hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 20 il 8 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 8 ay sığorta stajına uyğun olaraq 15749.44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklkə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filialın monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1983-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək "xxxx" kafesində olan əmək fəaliyyətinin xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrünün araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ iİdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəblə həmin dövrün araşdırılması mümkün olmamış və bu dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin bildirmişlər ki, sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajının qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək faəliyyəti dövlərlərinin zərurət olduğu halda araşdırıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2021-ci il tarixindən 130 manat (xx.xx.2022-ci il tarixindən 180 manat) məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 25 il sığorta stajı nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.1983-cü ildən xx.xx.1997-ci ilə qədər "xxxx" kafesində müxtəlif vəzifələrdə işləmişdir. Əmək fəaliyyətləri haqqında bütün məlumatlar ona məxsus İT-İ № ******* saylı əmək kitabçası ilə öz təsdiqini tapmışdır (əmək kitabçası iddia ərizəsinə əlavə edilir).xx.xx.2006-cı ilədək onun 25 ildən artıq ümumi iş stajı mövcud olduğundan, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasının əsasını onun xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək iş stajının düzgünlüyünün yoxlanılmasının mümkün olmaması təşkil edir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddasinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Ona məxsus İT-İ № ******* saylı əmək kitbçasında da onun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi öz əksini tapmışdır. Cavabdeh imtina məktubunda xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrünün araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin tapılmamasını əsas gətirilərək 25 il sığorta stajının olmamasını bildirsə də, əmək kitabçasından görünür ki, onun 25 ildən artıq iş stajı mövcuddur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 20 il 8 ay təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 20 il 8 ay sığorta stajına uyğun olaraq 15749,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kafesində olan əmək fəaliyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrünün araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəblə həmin dövrün araşdırılması mümkün olmamış və bu dövr sığorta stajına daxil edilməmişdir. Məlumat üçün bildirirlər ki, İddiaçı 05 fevral 2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajının və pensiya kapitalının tamamlanmaması səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşla xx.xx.2021-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staiı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqların yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlann (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanlarin qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı Mərkəzinin 19 yanvar 2022-ci il tarixli **********8 nömrəli məktubuna əsasən İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 20 il 8 ay təşkil edir. Əlavə olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və va fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçası 1973-ci il 05 fevral tarixində tərtib edilmiş, iddiaçının öz imzası ilə rəsmiləşdirilmişdir. Belə ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kafesində olan əmək fəaliyyəti dövrünə dair əmək kitabçasında qeydlərin mövcud olmasına baxmayaraq həmin müəssisənin əmək haqqı cədvəlləri və digər arxiv sənədləri dövlət arxivində mühafizə olunmur. İddiaçının xx.xx.1983-xx.xx.1997-ci illərdə "xxxx" kafesində olan əmək fəaliyyətinin xx.xx.1992-xx.xx.1997-ci illərdə işlədiyi dövr birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və qeyd edilən müəssisələrin arxiv sənədlərinin dövlət arxivində və müvafiq müəssisələrin arxivində aşkar edilməməsi faktı nəzərə alınmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1973-xx.xx.1973-cu illər, xx.xx.1975-xx.xx.1976cı illər, xx.xx.1976-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1980-ci illər, xx.xx.1980-xx.xx.1981ci illər, xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1982- xx.xx.1983-cü illər, xx.xx.1983xx.xx.1996-cı illər, xx.xx.1996-xx.xx.1997-ci illər, xx.xx.1997-xx.xx.1997-ci illər, xx.xx.1997xx.xx.2001-ci illərdə işləməsi ilə bağlı qeydlər mövcuddur. Beləliklə, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 20 il 8 ay 3 gün təşkil edir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi, “onun 25 il sığorta stajı nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 20 il 08 ay olması və pensiya kapitalının kifayət qədər olmaması, yəni 15749.44 manat olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olmasının öz təsdiqini tapmasına, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halının da əhəmiyyət daşımamasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı İmamveri Mehbəliyev xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil almasını təsdiq edən sənədi, hərbi biletini, əmək kitabçalarını, arxiv arayışını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o,xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, həmçinin Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universiteti nəzdində Sənaye və Texnologiya Kollecinin arxiv arayışından görünür ki, X4 1975-1979-cu illərdə keçmiş Bakı Yerli Sənaye Texnoloji Texnikumunun “Ağac biçmə və ağac emalı texnologiyası” ixitsasının əyani təhsil forması üzrə, tam kursunu oxuyub bitirərək, ona “Ağac biçmə və ağac emalı texnologiyası” üzrə “texnik-texnoloq” ixtisas dərəcəsi, qeydiyyat nömrəsi 3603, Ö № 014049 seriyalı diplom verilmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli, İT-İ seriyalı ******* saylı xx.xx.1983-cü il tarixli və İT-İ seriyalı ******* saylı xx.xx.2003-cü il tarixli əmək kitabçalarının təsdiq edilmiş surətlərindən görünür ki, o, müxtəlif dövrlərdə müxtəlif müəssisələrdə işləmişdir. Hazırki iş üzrə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Kafesində işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda 1992-1997-ci illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00587-2022 saylı 04 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin 1992- 1995-ci illərə dair arxiv sənədlərində İddiaçı barəsində heç bir məlumat yoxdur. Əlavə olaraq, Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin nəzdində olan "xxxx" kafesinin, o cümlədən 1996, 1997-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Kafesində işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********845400 saylı xx.xx.2022-ci il tarixli “Məlumatın təqdim edilməsi barədə” məktubun surətindən görünür ki, Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin nəzdində olmuş "xxxx" Kafesinin qeydiyyatı barədə müraciətə baxılaraq bildirilmişdir ki, dövlət reyestrində Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsi "xxxx" Kafesinin xx.xx.1995-ci il tarixdə 1224 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********27 saylı 23 may 2022-ci il tarixli “Məlumatın təqdim edilməsi barədə” məktubun surətindən görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 726 nömrəli sərəncamı ilə Ticarət Nazirliyinin Binəqədi rayonu Ticarət və İctimai İaşə İdarəsinin tabeliyində olmuş "xxxx" Kafesinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.1998-ci il tarixində tam başa çatdırılmışdır. Eyni zamanda, "xxxx" ASC yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilmişdir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivi üzvlərinin siyahısında aşkar edilməmişdir. Müstəqil təsərrüfat subyekti olan "xxxx" ASC-nin fəaliyyəti və digər məsələləri barədə məlumatın əldə edilməsi məqsədilə cəmiyyətin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla dövlət reyestrində Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsi "xxxx" Kafesinin xx.xx.1995-ci il tarixdə 1224 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olduğu bildirilmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının məhz həmin müəssisədə 1992-1997-ci illərdə işləməsi faktını yenidən mübahisələndirərək iddianın təmin olunması barədə məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı xx.xx.1983-cü il tarixdən 19.0.1997-ci il tarixədək işlədiyi Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsi "xxxx" Kafesinin hüquqi şəxs kimi ilk dəfə dövlət qeydiyyatından keçməsini təsdiq edən sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən bir sıra sənədlər məhkəməyə təqdim olunmuşdur. Belə ki, sorğuya cavab məktubuna əlavə edilmiş 1224 saylı xx.xx.1995-ci il tarixli X5 X1 görünür ki, Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsi "xxxx" kafesi 1995-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Həmçinin məktuba əlavə edilmiş Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsi "xxxx" Kafesinin nizamnaməsindən görünür ki, Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsi "xxxx" kafesinin Nizamnaməsi 1995-ci ilin noyabr ayında təsdiq edilsə də, həmin kafe nizamnamənin “1. Ümumi müddəalar”ında göstərildiyi kimi, Binəqədi şəhər Ticarət İdarəsinin 20 aprel 1988-ci il tarixli 103 No-li əmrilə yaradılaraq “Gənclik” kafesi adı ilə fəaliyyət göstərmiş, xx.xx.1995-ci il tarixdən isə "xxxx" kafesi adlanmışdır. Bununla da iş üzrə müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə mübahisələndirilən dövrdə, yəni xx.xx.1992- xx.xx.1997-ci illərdə də mövcud olmuşdur. O ki qaldı cavabdehin istinad etdiyi hala- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsinə, bu barədə qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məktublarının məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1992-xx.xx.1997-ci illərdə işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1992-1997-cı illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mübahisəli dövrdə- xx.xx.1992- xx.xx.1997-ci illərdə işlədiyi müəssisənin arxiv sənədlərinin olmamasına görə həmin illərdəki stajı qəbul etməsə də, iddiaçının həmin müəssisədə işlədiyi başqa illərdəki iş stajını qəbul etmiş, belə olan halda istinad etdiyi imtinanın əsasını təşkil edən dəlili əsaslandıra bilməmişdir. Bundan başqa adı çəkilən müəssisədə iddiaçının işləməsi faktı birinci instansiya məhkəməsinə təqdim olunmuş- həmin müəssisə tərəfindən qeyd olunan dövrlərdə X17 Fonduna verilən haqq-hesab cədvəlləri ilə də tam təsdiq olunur. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar