Məhkəmə qərarları › İş №2-1(103)-643/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-643/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-643/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı gündən alınmamış pensiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12142/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2009-cu il tarixindən iddiaçıya təyin olunmuş, lakin xx.xx.2023-cü il tarixindən cavabdeh tərəfindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və xx.xx.2023-cü il tarixindən dayandırılmış və ödənilməmiş əmək pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixli, 405-K saylı əmr əsasında Neft Sənayesi Nazirliyinin “Neftgeofizika İdarəsi” “Azneftgeofiz kəşfiyyat” trestində yükləyici vəzifəsinə təyin edilmişdir. xx.xx.1970-ci il tarixli, 497-k saylı əmr əsasında təhsil ilə əlaqədar olaraq işdən azad edilmişdir. Əmr Kadrlar şöbəsinin rəisi tərəfindən imzalanaraq möhür ilə təsdiq edilmişdir. xx.xx.1971-ci il tarixli, 30 saylı əmrə əsasən “Azərbaycanfilm” kinostudiyasında müvəqqəti olaraq 3-cü dərəcə ilə işıqlandırıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1971-ci il tarixli, 163 saylı əmr ilə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əmr Kadrlar üzrə direktor köməkçisi tərəfindən imzalanmış, möhür ilə təsdiq edilmişdir. Daha sonra xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordusunda xidmət etmişdir. xx.xx.1976-cı il tarixli, 230/K saylı əmrlə Neft Sənayesi Nazirliyinin “Neftgeofizika İdarəsi” “Azneftgeofiz kəşfiyyat” tresti X1 faza zondu operator texniki vəzifəsinə qəbul edilmişdir. VPO QSN “Kaspmorneftqazprom” xx.xx.1979-cu il tarixli, 173 saylı əmr əsasında Neft Sənayesi Nazirliyinin “Neftgeofizika İdarəsi” “Azneftgeofiz kəşfiyyat” trestinin adı istehsalat geoqrafik trest “Kaspneftqazgeofizkəşfiyyat” VPO QSN “Kaspmorneftqazprom” ilə dəyişdirilib. Əmr Kadrlar şöbəsinin rəisi tərəfindən imzalanaraq möhür ilə təsdiq edilmişdir. xx.xx.1981-ci il tarixli, 167/k saylı əmr əsasında 5/81 saylı DSM baş faza zond texniki qəbul edilmişdir. xx.xx.1981-ci il tarixdə Qaz Sənayesi Nazirliyinin xx.xx.1981-ci il tarixli, 254-ORQ saylı əmri ilə trest “Kaspneftqazgeofizkəşfiyyat” VPO “Kaspmorneftqazprom”-un tərkibindən “SOYUZMORGEO” ümumittifaq dəniz kəşfiyyatı üzrə elmi-istehsalat geologiya-geofizika birliyinin tərkibinə verilib. Əmr Kadrlar şöbəsinin rəisi tərəfindən imzalanıb. xx.xx.1982-ci il tarixli, 56/k saylı əmr əsasında 5/82 saylı ERİİ (elektron rəqəmsal və infrastruktur) baş texniki vəzifəsinə təyin edilmişdir. xx.xx.1983-cü il tarixli, 169/k saylı əmr ilə 2/83 saylı DSP-yə ERİİ (elektron rəqəmsal və infrastruktur) baş texniki vəzifəsinə təyin edilmişdir. xx.xx.1984-cü il tarixli, 17/k saylı əmr əsasında 2/84 X1 geofizik-operator vəzifəsinə təyin edilmişdir. xx.xx.1985-ci il tarixdə xx.xx.1985-ci il tarixli, 220/k saylı əmr ilə 16/85 DSP-yə geofizik-operator vəzifəsinə təyin edilmişdir. xx.xx.1988ci il tarixli, 220/k saylı əmr əsasında SSRİ SİKP MK və PİÜİMŞ-nın 1115 saylı, xx.xx.1986cı il tarixli qətnaməsi və mütəxəssislərin növbədənkənar attestasiyası ilə geofizik (operator) vəzifəsinə təyin edilmişdir. NSN-nin xx.xx.1988-ci il tarixli, 207 saylı əmri və “Soyuzmorgeo” İB-nin xx.xx.1988-ci il tarixli, 1-orq saylı əmrinə əsasən “Kaspneftqazgeofizikakəşfiyyat” istehsalat geofizika trestinin adı “Kaspneftgeofizkəşfiyyat” trestinə dəyişdirilib və SSRİ NSN Başneftgeofizika “Soyuzmorgeo” İB-nin tərkibinə birləşdirilib. xx.xx.1988-ci il tarixli, 64/k saylı əmrə əsasən 2/88 X1 v/k geofizik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixli, 71/k saylı əmrə əsasən 2-ci dərəcə ilə geofizik vəzifəsinə təyin edilmişdir. xx.xx.1991-ci il tarixli, 89/k saylı əmrə əsasən 01 dərəcə ilə geofizik vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci il tarixli, 206/k saylı əmrə əsasən İran İslam Respublikasına müqavilə üzrə 01 dərəcə ilə geofizik (operator) vəzifəsinə getmişdir. xx.xx.1993-cü il tarixli, 28 saylı əmrə əsasən müqavilə işlərin başa çatması ilə əlaqədar işə davam etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 481 saylı əmri və xx.xx.1992-ci il tarixli, 200 saylı əmrinə əsasən “Kaspneftgeofizkəşfiyyat” (Xəzər dəniz neft geofizika kəşfiyyat) trestinin adı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə çevrilmiş "xxxx" dövlət konserinin tərkibinə daxil edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin xx.xx.1994-cü il tarixli, 116a-17a32-9a saylı əmri və trestin xx.xx.1994-cü il tarixli, 164 saylı əmri əsasında rəhbər işçilərinin keçirdilmiş attestasiyasına əsasən 11-ci dərəcə ilə geofizik (operator) vəzifəsinə köçürülmüşdür. xx.xx.1994-cü il tarixli, 145/k saylı əmrə əsasən Azərbaycan Respublikası ƏHQM-nin 36-cı maddəsinin 5ci bəndi ilə tərəflərin razılığı əsasında “Kaspian Geofizikal” VSP (VMM)-nə köçürülmə qaydasında işdən azad edilmişdir. Əmr ƏTƏ və Kadrlar Şöbəsinin rəisi tərəfindən imzalanıb. xx.xx.1994-cü il tarixli, 14/k saylı əmrə əsasən Azərbaycan- X3 Müştərək Müəssisəsi X1 köçürdülmə yolu ilə geofizik-operator vəzifəsinə qəbul edilmişdir. Əmr Kadrlar şöbəsinin rəisi tərəfindən imzalanmışdır. Yuxarıda qeyd olunan çalışdığı illərə görə xx.xx.2009-cu il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ona təyin edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-R-87437/2023 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktuba əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən ona guya artıq ödənilmiş 59651,44 (əlli doqquz min altı yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin geri qaytarılması tələb olunmuşdur. Cavabdeh tərəfindən ona təqdim edilmiş məktubla ona təyin olunmuş əmək pensiyasının dayandırılmasını onunla əsaslandırılmışdır ki, araşdırma zamanı guya ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası cavabdeh tərəfindən aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının 1 yanvar 2006- cı il tarixinədək ümumi iş stajı 35 il 11 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 41,36 manat (35,03 x 170 manat 144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 67,74 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6504,48 manat sığorta kapitalına uyğun 45,17 (6504,48 144) manat va 85 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011ci il tarixinə 197,91 (45,17+67,74+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib. Cavabdehin bu absurd əsaslandırması iddiaçının hüquqlarının pozulmasına, qanunvericiliklə müdafiə olunan öz hüquqlarını həyata keçirməyinə əngəl olur. İddiaçı xx.xx.2006-cı il tarixinədək ümumi stajını 35 il 11 gün (tələb edilən 25 il ümumi stajdan da artıq) olmaqla toplamış, yaşı tamam olduğu zaman isə xx.xx.2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. Cavabdeh öz imtinasında da 2006-cı il tarixinədək ümumi stajının 35 il 11 gün təşkil etdiyini təsdiq etmişdir. 2006-cı il tarixində iddiaçının yaşı və ümumi stajı həmin dövrün qanunvericiliyinə uyğun olaraq 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağını müəyyən edirdi. Göründüyü kimi, qanuni əsaslarla təyin edilmiş pensiya məbləği əsassız olaraq bu gün ondan tələb edilməsi onun qanunla müəyyən edilən hüquqlarının pozulmasının bariz nümunəsidir. Belə ki, bütün qanunvericilik aktları iddiaçının hüquqlarının bərpa edilməsini şərtləndirir. Odur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, cavabdeh tərəfindən pozulmuş hüquqlarının məhkəmə tərəfindən bərpa edilməsini qanunauyğun hesab edir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 11 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 41,36 manat (35,03 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 67,74 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6504,48 manat sığorta kapitalına uyğun 45,17 (6504,48:144) manat və 85 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 197,91 (45,17+67,74+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 59651,44 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 59651,44 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə hər ay (45,43 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar və həmin Qanunun 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixindən etibarən 454,33 manat təşkil edir. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12142/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilərək, İddiaçı xx.xx.2009-cu il tarixindən təyin olunmuş, lakin xx.xx.2023-cü il tarixindən cavabdeh tərəfindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və xx.xx.2023-cü il tarixindən dayandırılmış və ödənilməmiş əmək pensiya məbləğinin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, ona xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir, səbəb kimi iddiaçıya 55 yaşının tamam olduğu tarixdən təyin olunmuş pensiyanın qanunazidd olmağını, əslində isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşından (xx.xx.2011) təyin olunmalı olduğunu, təyin olunan zaman güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun mövcud olmadığını göstərməklə, xx.xx.2023-cü il tarixli məktubla əmək pensiyasının dayandırıldığı bildirilmişdir. Daha sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İş materiallarından hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi iddiaçının güzəştli iş stajına malik olmaması əsası ilə dayandırılmışdır. İddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə xx.xx.2023-cü il tarixli məktubla əmək pensiyasının dayandırılması ilə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İddiaçıya əmək pensiysının təyin edilən zaman DSMF orqanının qəbul etdiyi qərar əlverişli inzibati akt sayılır. Cavabdeh iddiaçının əmək pensiyası məbləğinin azaldılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən pensiya ödənişinin dayandırılması və artıq ödəmənin tutulmasına iddiaçının müvafiq razılığının olduğu müəyyən edilmir, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil. Odur ki, həmin hərəkətlər qanunsuz hesab edilərək iddiaçının razılığı olmadan tutulmuş pensiya məbləği iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (həmin Qanunun 67.2-ci maddəsi). İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12142/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar