Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-643/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3628/2024 nömrəli, 29 iyul 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, FŞGV 2021 ANALOJİ (B) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin fiziki şəxs İddiaçı xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN-nin verilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi, 2020-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-ci il Gəlir Vergisi üzrə xx.xx.2022-ci il tarixli **********843500 saylı, 2022-ci il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh tərəfindən bildirilmişdir ki, FŞGV 2021 ANALOJİ (B) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 6165,00 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır, qərar ləğv olunmalıdır. Cavabdeh orqanın qərarında iddiaçı tərəfindən nəqliyyat vasitələri ilə bağlı müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşma yaranmasına səbəb olmuşdur. İddiaçı tərəfindən bu barədə cavabdeh orqana müraciətlər edilməsinə baxmayaraq, məhəl qoyulmamış, cavabdeh qurum müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. Bununla əlaqədar iddiaçı cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin iddiaçının müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-3628/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilmiş və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********009700 saylı, xx.xx.2022-ci il tarixli **********843500 saylı, xx.xx.2023-cü il tarixli **********014900 saylı, xx.xx.2023-cü il tarixli **********019400 saylı qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN-nin verilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi, 2020-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-ci il üzrə xx.xx.2022-ci il tarixli **********843500 saylı, 2022-ci il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 8 ədəd elektron alış aktı üzrə 123300 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 353544 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 17.400,0 manat, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 366843 nömrəli alış aktı əsasında Kia RİO markalı avtonəqliyyat vasitəsinin 9.000,0 manat, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 379184 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 14.500,0 manat, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 407648 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 16.000,0 manat, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 416394 nömrəli alış aktı əsasında Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinin 11.900,0 manat, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 423251 nömrəli alış aktı əsasında Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinin 14.000,0 manat, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 447432 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 21.000,0 manat və "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 464452 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 19.500,0 manat məbləğ olmaqla ümumilikdə 8 sayda, 123.300,0 manat dəyərində avtomobillərin təqdim edilməsi müəyyən edilmişdir. Eyni zamanda, "xxxx" MMC və "xxxx" MMC tərəfindən tərtib olunmuş elektron alış aktlarının qüvvədə olduğu, qaydalara uyğun olaraq İnternet Vergi İdarəsindən xx.xx.2023cü il tarixə olan göstəricilərə əsasən elektron alış aktında hər hansı düzəlişin aparılmadığı müəyyən edilmişdir. Araşdırma zamanı nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən qısa müddət ərzində fərdi sahibkar tərəfindən "xxxx" MMC və "xxxx" MMC-yə təqdim edilməsi ilə nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı qənaətinə gəlinmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq “Sənədlərin təqdim edilməsi barədə” "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli məktublar göndərilərək İddiaçı ilə aralarında 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədlərin inzibati araşdırmaya təqdim edilməsi tələb edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubları ilə inzibati araşdırmaya fərdi sahibkar ilə 2021-ci il ərzində aparılmış qarşılıqlı əməliyyatlara dair təsdiqedici sənədlər (alqı-satqı müqaviləsi, bank ödəniş tapşırığı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitələrini sərəncama verilməsi barədə etibarnamə, şəxsiyyət vəsiqəsi və s.) təqdim edilmişdir. Təqdim edilmiş təsdiqedici sənədlərə əsasən İddiaçı avtonəqliyyat vasitələrinin satışı öz təstiqini tapmış və qeyd olunan əməliyyatlar sahibkarlıq fəaliyyəti kimi qiymətləndərilmişdir. İddiaçı tərəfindən 2019-2021-ci il tarixləri aralığında ildə 2 ədəd olmaqla 6 ədəd nəqliyyat vasitəsi, o cümlədən 2022-ci və 2023-cü illərdə hər il 1 ədəd olmaqla 2 ədəd nəqliyyat vasitəsinin idxal edildiyi, Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə təqdim edilmiş məlumatlara əsasən xx.xx.2019-cu ildə idxal edilmiş gömrük dəyəri 21.774,64 manat, invoys dəyəri 13.784,64 manat təşkil edən Ford Fusion markalı (BAN:3FA6P0K92ER154174) nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə, xx.xx.2019-ci ildə idxal edilmiş gömrük dəyəri 21.498,34 manat, invoys dəyəri 12.148,34 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0HD7FR286764) nəqliyyat vasitəsinin xx.xx.2019-ci il tarixdə, xx.xx.2020-ci ildə idxal edilmiş gömrük dəyəri 24.833,64 manat, invoys dəyəri 18.033,64 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0K9XHR137773) nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə 25.000,0 manata, xx.xx.2020-ci ildə idxal edilmiş gömrük dəyəri 21.824,64 manat, invoys dəyəri 14.174,64 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0K96FR139730) nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə 20.000,0 manata, xx.xx.2021-ci ildə idxal edilmiş gömrük dəyəri 21.949,54 manat, invoys dəyəri 16.849,54 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0HD6KR127759) nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə 25.000,0 manata, xx.xx.2021-ci ildə idxal edilmiş gömrük dəyəri 17.736,94 manat, invoys dəyəri 11.616,94 manat təşkil edən Ford Fusion markalı (BAN:3FA6P0HD9GR222114) nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə 18.000,0 manata, xx.xx.2022-ci ildə idxal edilmiş gömrük dəyəri 12.861,74 manat, invoys dəyəri 9.376,74 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0HD2HR218715) nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə 25.000,0 manata və xx.xx.2023-ci ildə idxal edilmiş gömrük dəyəri 12.957,07 manat, invoys dəyəri 8.780,17 manat təşkil edən Ford Fusion markalı (BAN:1FA6P0HD6E5357132) nəqliyyat vasitəsinin xx.xx.2023-ci il tarixdə təqdim edildiyi müəyyən edilmişdir. Lakin qeyd olunanlara baxmayaraq, məhkəmə, qərarında qeyd etmişdir ki, iddiaçının fərdi sahibkar statusu olmamışdır, iddiaçının vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınması barədə hərəkətləri qanunsuz hesab olunmalıdır, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli **********502400 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında" bildiriş-xəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Odur ki, fiziki şəxslərin vergi orqanında uçota alınmasının təmin edilməsi məqsədi ilə İddiaçı Vergi Məcəlləsinin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi orqanında uçota alınmış və iddiaçıya xx.xx.2022-ci il tarixli **********714900 nömrəli bildiriş göndərilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində 123300 manat dəyərində elektron alış aktları ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********862000 nömrəli və xx.xx.2023-cü il tarixli **********586000 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 2558,40 manat, 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə 6165 manat, 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 3124,80 manat və 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə 2433,40 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********009700, **********014900, **********019400 və xx.xx.2022-ci il tarixli **********843500 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı tərəfindən həmçinin 2021-ci il gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli **********843500 nömrəli qərardan inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********459300 nömrəli Qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********843500 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) barəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 6.165,00 manat məbləğində 2021-ci il üçün gəlir vergisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********009700 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN:**********) barəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2.558,40 manat məbləğində 2020-ci il üçün gəlir vergisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********014900 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN:**********) barəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3.124,80 manat məbləğində 2022-ci il üçün gəlir vergisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********019400 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN:**********) barəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2.433,40 manat məbləğində 2023-cü il üçün gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək hüquqları vardır. 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir (xx.xx.2023-cü ilədək olan redaksiyası). 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»nın: 2.1-ci bəndinə əsasən vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər - sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. 2.9-cu bəndinə əsasən vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir (xx.xx.2023-cü ilədək olan redaksiyası). İşin faktiki hallarından göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixdə ona açılmış ********** saylı VÖEN-nin ləğv edilməsini, 2020-ci il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-ci il gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli **********843500 saylı, 2022-ci il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən 2021-ci il ərzində tərtib edilmiş 8 ədəd alış aktı üzrə mal və ya xidmətin təqdim edildiyini qeyd etməklə həmin əməliyyatları sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Bu səbəbdən iddiaçının fərdi sahibkar statusu olmasa da, vergi orqanının təşəbbüsü ilə vergi orqanı tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır (xx.xx.2022-ci il tarixdən). Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi tələb olunur. Fiziki şəxsin ərizə vermədən, vergi orqanının öz təşəbbüsü ilə uçota alınması qeyd olunan dövrdə qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının müraciəti olmadan cavabdehin onu vergi ödəyicisi kimi uçota alması əsassız və qanunsuz hesab edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər. Lakin vergi orqanı tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma halını müəyyən etdikdə və həmin əməl nəticəsində dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görülə bilər (Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3628/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-643/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-643/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver