Məhkəmə qərarları › İş №2-1(103)-644/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-644/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-644/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2390/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Xəzri İstirahət və Sağlamlıq Mərkəzinə qarşı işə bərpa olunması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1986-cı ildə Ağdam rayon Novruzlu kəndində anadan olmuşdur. X2 1957-ci il təvəllüdlüdür. X1 1962-ci ildə Ağdam rayon Novruzlu kəndində anadan olmuşdur. Onlar da heç yerdə işləmir pensiya alırlar. Ailələri Ağdam rayonundan məcburi köçkün düşüblər. X6 ilə 2011-ci ildən ailəlidir.O, orta məktəbi qurtarandan sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən gələndən sonra işləmək fikrinə gəlmiş və uşaqlıqdan həmişə arzusunda olduğu polis olmaq üçün sənədlərini Daxili İşlər Nazirliyinə vermiş və xoşbəxtlikdən də işə qəbul olunmuşdur. 2009-ci ildən Daxili İşlər Nazirliyinin Xəzri İstirahət və sağlamlıq mərkəzinin komendant manqasının polis nəfəri olmuşdur. Rütbəsi polis serjantıdır. Artıq 10 il idi ki, polis kimi çalışırdı. İşlədiyi müddətdə heç vaxt heç bir problemi olmayıb. Əksinə xidmətə görə məharət dərəcəsi 2-ci, 1-ci dərəcə və pul mükafatları almışdır. Bu yaxınlarda onu Daxili Təhqiqatlar İdarəsinin işçisi olan Ceyhun Tağıyev yanına çağırıb bildirmişdir ki, “o, yetkinlik yaşmına çatmadığı vaxtda, yəni 16 yaşında cinayətdə iştirakçı olmuşdur”. O, ondan bu barədə izahat almışdır. Sonra isə Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyev onu qəbul etmiş və ona bildirmişdir ki, 16 yaşı olanda cinayətdə iştirakçı olmuşdur, ona görə də, daha polis kimi işləyə bilməz”. Nəhayət 19.11.2019-cu il tarixdə O, işdən çıxarılmışdır. Sözügedən cinayət hadisəsi isə göstərdiyi kimi olmuşdur. O, 16 yaşında olanda qohumlarının evinə, yəni Bülbülə qəsəbəsinə qonaq getmişdir. Həmin gün qohumlarının uşaqları ilə onların qonşuluğunda olan uşaqların mübahisəsi olmuş və nəticədə cinayət hadisəsi baş vermişdir. O, həmin vaxt heç bir cinayət törətməmişdir, sadəcə qohumlarının yanında olduğu üçün onu da, iştirakçı kimi işə cəlb etmişlər. Məhkəmə vaxtı isə yetkinlik yaşına çatmadığı üçün ona şərti cəza, yəni - 1 il sınaq müddəti ilə azadlığa buraxmışlar. 1 il başa çatan kimi məhkumluğu da qurtarıb. Həmin vaxt o, bunları bilməmişdir. Bütün bu olanları, bu yaxınlarda hökmlə tanış olanda bilmişdir. İndiyə qədər bildiyi bu idi ki, “o, qohumlarının yanında olduğu üçün saxlanılmış və nəhayət günahı olmadığından buraxılmışdır”. Yadında qalan yalnız bunlar olmuşdur. Hətta bərəsində olan hökmdən onun heç vaxt xəbəri olmamışdır. Valideynlərindən də, soruşub, deyiblər ki, “həmin vaxt günahı olmadığı üçün onu buraxıblar”. Nə onun, nə də valideynlərinin barəsində olan bu hökmdən məlumatları olmayıb. Bu səbəbdən də, apelyasiya şikayəti də verməyiblər. Göründüyü kimi, O, cinayət hadisəsi baş verəndə yetkinlik yaşında olmamışdır. Barəsində olan hökmdən ümümiyyətlə xəbəri olmamışdır. Sonra da, yetkinlik yaşına çatıb hərbi xidmətə getmişdir. Hərbi xidmətdən gələndən sonra da, polis olmaq arzusu ilə Daxili İşlər Nazirliyinə ərizə vermiş və xoşbətlikdən də, işə qəbul olunmuşdur. Həmin vaxtdan 10 ildir ki, polis işləyir, öz işini də çox sevir. O, polis işçisi kimi həmişə dövlətinin, xalqının xidmətində olmuşdur. Uşaq vaxtı ondan aslı olmayan səbəbdən yaranmış bu xoşagəlməz hadisəyə görə onun bu şərəfli peşəsindən uzaqlaşdırılmağı onun üçün ölümdən belə betərdir. Ona görə də, sözügedən cinayət hadisənin iştirakçısı olduğu yetkinlik yaşına çatmadığı dövrdə olduğuna, həmin vaxtdan artıq 17 il keçdiyinə, peşəsini sevdiyinə, işlədiyi 10 il müddətində işində heç bir qusur olmadığına, valideynlərinin yaşlı olmasına, evin yeganə dolandıranı olduğuna və məcburi köçkün olduğuna görə işinə bərpa olunmasını istəyir. Hesab edir ki, onun sözügedən işlə əlaqədar işdən çıxarılması qanuna uyğun deyildir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində DİN-in 19.11.2019-cu il tarixdə əsassız olaraq DİO-da xidmətdən xaric edildiyini göstərmişdir. Sabiq polis əməkdaşı İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən təmin edilməyərək rədd olunmalıdır. Belə ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş İddiaçı Suraxanı rayon Məhkəməsinin 22.08.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir. 12.03.2009-cu il tarixdə İddiaçı DİN-in Tibb İdarəsinə ərizə ilə müraciət edərək X9 xidmətə qəbul olunmasını xahiş etmiş, yoxlama zamanı sonuncu anket məlumatlarında məhkumluğunu gizlətmişdir. DİN BƏSİİ-də namizədin yoxlanılmış tələbnaməsində 06.12.1986-cı il təvəllüdlü Ağdam rayon sakini X5 22.08.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən CM-nin 221.2.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması göstərilsə də, Tibb İdarəsinin Kadrlar qrupunun sabiq baş inspektoru Zakir Həsənov həmin xüsusatı araşdırmamış, nəticədə İddiaçı DİN-in Tibb İdarəsinin 07.08.2009-cu il tarixli 64ş/h nömrəli əmrilə İdarənin sanatoriya tipli “Azərbaycan” istirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur. DİN-in Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin Qeydiyyat sektorunun XMTÜ baş inspektoru Pərvanə Hajıyeva 2012-ci ildə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Kadrlar qrupunun kadr üzrə inspektoru vəzifəsində xidmət edərkən növbəti yoxlama zamanı tərtib etdiyi 29.06.2012-ci il tarixli tələbnamə vasitəsilə məhkumluq barədə məlumatları müəyyən etsə də, bu barədə Mərkəzin rəisi Rişad Qasımova şifahi məlumat verməklə kifayətlənmiş, 16.07.2012-ci il tarixli təkrar tələbnaməsində isə İddiaçı təvəllüdünü 01.01.1986-cı il tarix kimi göstərərək DİN BƏSİİ-dən onun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması haqda cavab almışdır. Qeyd olunan nöqsanlara yol verdiyinə görə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Komendant manqasının polis nəfəri polis serjantı İddiaçı DİN-in 19.11.2019-cu il tarixli Ə944-001-19 nömrəli əmrilə «Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X9 xidmətdən xaric edilmiş, eyni zamanda barəsində olan intizam xarakterli hər iki əmr 20.11.2019-cu il tarixdə ona elan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. Məlum olmuşdur ki, İddiaçı iddia müddətini ötürməklə 22.01.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. DİN-in 23.06.2011ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş «X9 xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında» Təlimatın 1.16.4-cü bəndinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər X9 xidmətə qəbul edilə bilməzlər. «Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında» Əsasnamənin 17-ci maddəsinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər X9 xidmətə qəbul edilə bilməzlər. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2390/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində işdən çıxarılmağı barədə əmri mübahisələndirmədən işə bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə qərarında əmrin əsassızlığına qiymət verərək, işə bərpa olunma tələbini təmin etməmişdir. Məhkəmə iclasında iddiaçı dəqiqləşmə təqdim edərək, cavabdehlərdən biri olan Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Xəzri İstirahət və Sağlamlıq Mərkəzinə qarşı iddia tələbindən imtina etdiyini bildirmiş, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən işdən çıxarılmağı ilə əlaqədar verilmiş əmrin ləğv olunmasına və işə bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.11.2019-cu il tarixli Ə944-001-19 nömrəli əmrini mübahisələndirir. Hazırki iddia da İPM-in 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İşdən görünür ki, iddiaçı ilk öncə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 24.12.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, daha sonra iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə “işə bərpa” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ilə bağlı xüsusi mümkünlük şərti olan müddətlə bağlı şərtlər ödənilsə də, mahiyyətcə əsassızdır. İş materiallarından görünür ki, DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Komendant manqasının polis nəfəri İddiaçı ümumvətəndaş pasportu almaq məqsədilə 04.10.2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraciət etməsi, barəsində BƏSİİ-nin uçotları vasitəsilə keçirilmiş yoxlamalarda sonuncunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.08.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum edilərək 1 il şərti sınaq müddəti təyin edilməsi ilə bağlı DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisinin 24.10.2019-cu il tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş İddiaçı Suraxanı Rayon Məhkəməsinin 22.08.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir. 12.03.2009-cu il tarixdə İddiaçı DİN-in Tibb İdarəsinə ərizə ilə müraciət edərək X9 xidmətə qəbul olunmasını xahiş etmiş, yoxlama zamanı sonuncu anket məlumatlarında məhkumluğunu gizlətmişdir. DİN BƏSİİ-də namizədin yoxlanılmış tələbnaməsində 06.12.1986-cı il təvəllüdlü Ağdam rayon sakini İddiaçı 22.08.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən CM-nin 221.2.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması göstərilsə də, Tibb İdarəsinin Kadrlar qrupunun sabiq baş inspektoru Zakir Həsənov həmin xüsusatı araşdırmamış, nəticədə İddiaçı DİN-in Tibb idarəsinin 07.08.2009-cu il tarixli, 64 ş/h nömrəli əmrilə İdarənin sanatoriya tipli “Azərbaycan” İstirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur. DİN-in Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin qeydiyyat sektorunun XMTÜ baş inspektoru Pərvanə Hacıyeva 2012-ci ildə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Kadrlar qrupunun kadr üzrə inspektoru vəzifəsində xidmət edərkən növbəti yoxlama zamanı tərtib etdiyi 29.06.2012-ci il tarixli tələbnamə vasitəsilə məhkumluq barədə məlumatları müəyyən etsə də, bu barədə Mərkəzin rəisi Rişad Qasımova şifahi məlumat verməklə kifayətlənmiş, 16.07.2012-ci il tarixli təkrar tələbnaməsində isə İddiaçı təvəllüdünü 01.01.1986-cı il tarix kimi göstərərək DİN BƏSİİ-dən onun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması haqda cavab almışdır. DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin rəisi Rişad Qasımov tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətmiş, mövcud nöqsanların vaxtında aşkar edilərək qarşısının alınmasını təmin etməmişdir. “Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquqmühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri). DİN-in 23.06.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş “X9 xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” Təlimatın 1.16.4-cü bəndinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər X9 xidmətə qəbul edilə bilməzlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 noyabr 2019-cu il tarixli, Ə944- 001-19 nömrəli “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyindən və həmin ərizə icraata qəbul edildiyindən kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar ləğv edilməli, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən işdən çıxarılmağı ilə əlaqədar verilmiş əmrin ləğv olunması və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2390/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən işdən çıxarılmağı ilə əlaqədar verilmiş əmrin ləğv olunması və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar