Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-645/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8545/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququ yarandığı tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, ona yəni xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Ermənistan, Krasnoselo rayonu, Toxluca kəndində doğulmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976- cı ilədək həqiqi hərbi xidmət keçmişdir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976cı il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan, Krasnoselo rayonu, Toxluca kəndində sovxozda sürücü peşəsində işləmişdir. Bu faktı təsdiq etmək üçün Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, həmin məhkəmənin 2(011)-5919/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan, Krasnoselo rayonu, Toxluca kəndində sovxozda sürücü vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5919/2021 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Ona məxsus olan ******* nömrəli Əmək kitabçasından görünür ki, xx.xx.1989- cu il tarixdən xx.xx.2002-ci il tarixədək sürücü peşəsində işləmişdir. Həqiqi hərbi xidmət müddəti, məhkəmə qətnaməsi ilə təsdiq edilən iş stajı müddəti və əmək kitabçasında göstərilən iş stajı müddəti nəzərə alınmaqla onun ümumilikdə iş stajı 28 il 02 ay 19 gün təşkil edir. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, təqdim etdiyi xx.xx.1977-ci il tarixli ******* saylı əmək kitabçasının, hərbi biletinin surətlərinə, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli №2(011)-5919/2021 saylı qətnaməsinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il 2 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən 01.07 2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1977-ci il tarixində adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci ii tarixli aktına əsasən “Gəncə Ərzaqnəqliyyat“ ASC-dəki əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda; Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən; 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçı Y.l.Həsənovun pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun-1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli ******* saylı əmək kitabçasının, hərbi biletinin surətlərinə, Xətai Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2(011)- 5919/2021 saylı qətnaməsinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il 2 ay təşkil edir. Bundan başqa, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1977-ci il tarixində İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2002ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-dəki İddiaçı əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək adına əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8545/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1988-ci ildə yaşayış yerini dəyişdiyinə görə işdən azad olunmuşdur (Əmr № 32, xx.xx.1988-ci il); xx.xx.1989-cu ildə Azərbaycan SSR Dövlət “Aqrosənaye”nin 2 saylı Bakıavtonəqliyyat kontorunun 5 saylı avtonəqliyyat idarəsinə 2 dərəcəli sürücü vəzifəsinə təyin olunmuşdur (Əmr № 72, xx.xx.1989-cu il) (Azərbaycan SSR Dövlət “Aqrosənaye”nin Bakı 2 saylı avtonəqliyyat kontorunun adı xx.xx.1990-cı il tarixində dəyişdirilərək “Qələbə” Bakı Avtonəqliyyat müəssisəsi qoyulmuşdur); xx.xx.1993-cü ildə Respublika İxtisaslaşdırılmış avtonəqliyyat birliyinin və "xxxx" Dövlət Şirkətinin Avtonəqliyyat Birliyinə köçürülməklə işdən azad edilmişdir (Əmr № 93, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə 2 nömrəli Avtonəqliyyat Kontorundan köçürülmə yolu ilə "xxxx" Dövlət Şirkəti 4 saylı Gəncə İxtisaslaşdırılmış avtonəqliyyat müəssisəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul olunmuşdur (Əmr № 1&3, xx.xx.1993- cü il); xx.xx.2002-ci ildə cəmiyyətin sürücüsü işdən azad olunmuşdur (Əmr № 21, xx.xx.2002-ci il). Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5919/2021 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi (İddiaçı) onun xx.xx.1976-cı ildən xx.xx.1988ci ilə qədər Ermənistan Respublikası, Krasnesolo rayonu, Toxluca kəndində sovxozda sürücü peşəsində işlədiyi üçün 12 il 6 ay iş stajının olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qeyd olunan qətnaməsi ilə ərizə təmin olunaraq İddiaçı xx.xx.1976-cı il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində sovxozda sürücü vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyyəti olan faktın müəyyn edilməsi qət olunmuşdur. Qətnamə 10 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********525300 nömrəli məktubu ilə təqdim olunmuş 3/53 №-li Dövət Qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 01 iyul 1997-ci tarixli 496 nömrəli sərəncamı ilə yaradılmış "xxxx" X3 Cəmiyyəti 29 oktyabr 1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində “Quru yolla yükdaşıma nəqliyyatı və Azərbaycan Respublikası Qanunvericiliyi ilə qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul olması üçün dövlət qeydiyyatından keçmişdir. Şəhadətnamədə və nizamnamədə cəmiyyətin hüquqi ünvanı ünvan 1ş aftoərzaqnəqliyyat müsəssinin bazasında yaradılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 223P**********00 nömrəli məktubunda qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN:2006-cı il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2010-cu il tarixdən dayandırılması, xx.xx.2015ci il tarixdə bərpa olunması, xx.xx.2020-ci il tarixdə vergi uçotunun ləğv olunması barədə məlumat müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 976,45 manat vergi ödənilmişdir. xx.xx.2018ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial Sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası vergi orqanlarına həvalə edilmişdir. Vergi Orqanlarının məlumat bazasında vergi ödəyiciləri tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə aparılmış ödənişlər barədə məlumatlar mövcuddur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 saylı məktubda bildirilmişdir ki, müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ıl iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamarn nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- cı ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda. Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi xx.xx.1977-ci il tarixli ******* saylı əmək kitabçasının, hərbi biletinin surətlərinə, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 5919/2021 saylı qətnaməsinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il 2 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1977-ci il tarixində adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci ii tarixli aktına əsasən "xxxx" ASC-dəki əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddəyə əsasən müraciətçiyə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, 01.01 2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad edilən Qaydalarda, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Həmçinin, həmin Qaydalarda xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu imperativ qayda “Əmək pensiyaları haqqında” Qanun 21.1-ci maddəsinin də tələbindən irəli gəlir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatındam keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajını toplamışdır. Kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliliyini şübhə altına alan hər-hansı bir əsasın mövcud olması müəyyən edilməmişdir. Göstərilən hal, isə cavabdehin iddiaçının sığorta stajının mötəbər sayılmaması ilə bağlı dəlillərini əsassız etmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 65 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8545/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-645/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-645/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver