Məhkəmə qərarları › İş №2-1(103)-645/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-645/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-645/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 63 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçnın nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 63 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8022/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçıya məxsus AZE seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1995-ci ilə qədər Kürdəmir Rayonlararası X3 bazasında operator, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Məişət Təmir Tikinti Trestinin 1 nömrəli Təmir Tikinti Sahəsində anbardar, xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilə qədər 9 №-li Təmir Tikinti İdarəsində anbardar vəzifəsində işləmişdir. İddiaçı onun 25 ildən artıq iş stajının olmasına istinad edərək ona yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh quruma müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-K40082/2023 saylı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, 7ci, 22-1.1-ci maddələri ilə əsaslandırılmaqla qeyd olunmuşdur ki, iş üzrə icraat materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı cəmi 9 il 10 ay 10 gündür. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979- cu il tarixdən xx.xx.1995-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Kürdəmir Rayonlararası Kimyəvi X1 işdən çıxma əmrlərində adınıza rast gəlinməmişdir. Bu səbəblə sözügedən dövrün (xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci tarixinədək) sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanın surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2021-ci il tarixindən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 150 manata çatdırılmışdır. Əlavə sənədlər təqdim edildiyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Eyni zamanda bildirilmişdir ki, yaşa görə sosial müavinətin məbləği xx.xx.2023-cü tarixindən 220 manat müəyyən edilib. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 63 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.1979-cu ildən xx.xx.1995-ci ilə qədər Kürdəmir Rayonlararası X3 bazasında operator, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Məişət Təmir Tikinti Trestinin 1 nömrəli Təmir Tikinti Sahəsində anbardar, xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilə qədər 9 №-li Təmir Tikinti İdarəsində anbardar vəzifəsində işləmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçının 63 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası hüququ mövcud olmuşdur. Buna görə də iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh inzibati orqan öz imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasına əsasən onun 9 il 10 ay 10 gün sığorta stajı mövcuddur. İddiaçının xx.xx.1979-cu ildən xx.xx.1995-ci ilə qədər işlədiyi müddəti qarşılıqlı yoxlanılması həyata keçirilmiş və bu zaman iddiaçının işdən çıxma əmri aşkar olunmamışdır. Bu əsasdan həmin dövr iddiaçının sığorta stajına əlavə edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Kürdəmir rayon Dövlət Arxivinin 96 №-li, xx.xx.2015-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixli 629/1 № li əmrlə Kürdəmir rayonlararası X3 Bazasına operator vəzifəsinə qəbul edilmiş və həmin Bazanın xx.xx.1995-ci il tarixli 41 №li əmrinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995-ci il tarixli 436 saylı və “Azərkəndkimya” REİB-nin xx.xx.1995-ci il tarixli, 82 saylı əmrləri rəhbər tutularaq İdarənin strukturunun dəyişməsi ilə əlaqədar xx.xx.1996-cı ildən bütün tərkib işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının 1995-ci ildən əvvələ həmin bazadan işdən azad olunmasına dair hər hansı bir qeyd dövlət arxivində mövcud olmamışdır. Məntiqi olaraq düşündükdə 1979-cu ildən 1995-ci ilə qədər həmin bazada fasiləsiz olaraq əmək fəaliyyəti göstərməsinin əksini sübut edəcək hər hansı bir hal mövcud deyildir. Cavabdeh inzibati orqanın xx.xx.1995-ci il tarixli, 41 №li əmrdə konkret olaraq iddiaçının adının qeyd olunmamasına əsaslanması məntiqsizdir. Belə ki, həmin əmrdə bütün tərkibin, eləcə də iddiaçının işdən azad olunması öz əksini tapmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, işin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1979-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Kürdəmir Rayonlararası Kimyəvi X2 işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Kürdəmir Rayon Dövlət Arxivinin 04 may 2023-cü il tarixli, 3-48-2SRA/2- 36/2023 nömrəli sorğuya cavab məktubunda işədaxil olma əmrləri göstərilsə də, işdən azad edilmə əmrləri və əməkhaqqı cədvəlləri aşkar edilməmişdir. Qeyd edilən arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixli 41 № li qeyd edilən müəssisənin strukturunun dəyişməsi ilə əlaqədar 25 01.1996-cı il tarixdə bütün tərkib işdən azad edilmişdir. Lakin qeyd edilən əmrdə Ağayev Əzizağa, Hüseynova Şükriyyə və Məhyəddinova Fəxriyyənin işdən azad olunduğuna görə ikinci və üçüncü aylar üçün orta aylıq əmək haqqı ödəniməsi nəzərdə tutulmuşdur. Əmək Qanunları Məcəlləsinin 42-1-ci maddəsinə əsasən müəssisədə, idarədə təşkilatda işin həcminin azalması və ya təşkilati-hüquqi formanın (mülkiyyətçinin dəyişməsi, yenidən təşkil olunması və s.) dəyişməsi ilə əlaqədar bu Məcəllənin 38-ci maddəsinin «a» və «b» bəndləri ilə fərdi əmək müqaviləsi (kontraktı) ləğv edilərkən işçilərə: işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əmək haqqı ödənilir. Maddənin məzmunundan da aydın olduğu kimi, işçinin əmək müqaviləsinə xitam verilərkən işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əmək haqqı ödənilir. Qeyd olunan əmrdə iddiaçının işdən çıxması haqqında və ona ikinci və üçüncü aylar üçün orta aylıq əmək haqqı ödənilməsi barədə hər hansı qeyd aparılmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8022/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 63 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina m\ltubu və iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında” xx.xx.2023-cü il tarixli imtina məktubu almışdır. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 63 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “sığorta stajının və pensiya kapitalının kifayət qədər olmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçı xx.xx.1960-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 63 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və müəssisənin arxiv arayışını təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, xx.xx.1979-cu ildən xx.xx.1995-ci ilə qədər Kürdəmir Rayonlararası X3 bazasında operator – (16 il 1 ay 1 gün), xx.xx.1995ci ildən xx.xx.1999-cu ilə qədər Məişət Təmir Tikinti Trestinin 1 nömrəli Təmir Tikinti Sahəsində anbardar – (3 il 9 ay 20 gün), xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilə qədər 9 №li Təmir Tikinti İdarəsində anbardar – (6 il 0 ay 22 gün) işləməklə tələb olunan 25 ildən artıq iş stajını toplamışdır. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Kürdəmir Rayonlararası Kimyəvi X1 işdən çıxma əmrlərində adına rast gəlinməməsinə (xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci tarixinədək), bununla da sığorta stajının 25 ildən az olmasına, eyni zamanda pensiya kapitalının kifayət qədər olmamasına istinad edərək tələbin təmin edilməsindən imtina edilmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1 bəndinə görə, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kürdəmir rayon Dövlət Arxivinin 96 saylı 10 aprel 2015-ci il tarixli arxiv arayışından görünür ki, Kərimova X5 rayonlararası X3 Bazası üzrə xx.xx.1979- cu il tarixinə Əmr №629/1 –bazaya operator vəzifəsinə qəbul edilmiş, Kürdəmir rayonlararası X3 Bazası üzrə xx.xx.1995-ci il tarixinə Əmr №41 – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995- ci il tarixli 436 saylı və “Azərkəndkimya” REİB-nin xx.xx.1995-ci il tarixli 82 saylı əmrləri rəhbər tutularaq idarənin strukturunun dəyişməsi ilə əlaqədar 25 yanvar 1996-cı ildən bütün tərkib işdən azad edilmişdir. Həmçinin Kürdəmir rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmuş sorğuya cavab məktubuna əsasən Arxiv İdarəsində araşdırma aparılarkən Kürdəmir rayonlararası X3 Bazasının arxiv sənədləri sırasında İddiaçı adına verilmiş əmrin aşkar olunduğu və xx.xx.2015-ci il tarixli 96 saylı arxiv arayışının həmin dövrün qeydiyyat kitabından keçirildiyi müəyyən olunmuşdur. Həmin sorğuya cavab məktubuna əlavə olunmuş iddiaçının mübahisəli dövrlərdə işlədiyi müəssisənin əmrlərindən çıxarışlarından görünür ki, həqiqətən də iddiaçı işəgötürənin 629 saylı xx.xx.1979-cu il tarixli əmri ilə bazaya operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 41 saylı əmrlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995- ci il tarixli 436 saylı və “Azərkəndkimya” REİB-nin xx.xx.1995-ci il tarixli 82 saylı əmrləri rəhbər tutularaq idarənin strukturunun dəyişməsi ilə əlaqədar 25 yanvar 1996-cı ildən bütün tərkibin işdən azad edilməsi qərara alınmışdır. Həmin əmrin sonunda qeyd olunmuşdu ki, İdarənin strukturunun dəyişməsi ilə əlaqədar iki aylıq müavinət almaqla Ağayev Əzizağa, Hüseynova Şükufə, Məhyəddinova Fəxriyyə xx.xx.1996-cı ildən işdən azad edilmiş hesab edilsinlər, yeni strukturda işləyəcək şəxslər üçün əlavə əmr verilsin. Hazırda cavabdeh inzibati orqan iddiaçının 1979-1995-ci illər üzrə işlədiyi müddəti nəzərə almadığını onunla əsaslandırır ki, yuxarıda adı çəkilən xx.xx.1995-ci il tarixli 41 saylı əmrin ikinci hissəsində iddiaçının adı göstərilməmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, Kürdəmir rayonlararası kimyəvi məhsulların təzhizatı bazası üzrə 629 saylı xx.xx.1979-cu il tarixli əmrinə əsasən İddiaçı bazaya operator vəzifəsinə qəbul edilmişdir. Bu fakt cavabdeh tərəfindən də təsdiq olunur. İşəgötürənin xx.xx.1995-ci il tarixli 41 saylı əmri ilə müəssisənin bütün tərkibinin işdən azad edilməsi göstərildiyindən, bu müddəa təbii ki, işçi kimi iddiaçıya da şamil olunur. O ki qaldı əmrin ikinci hissəsində iddiaçının adının göstərilməməsinə, əmrin həmin hissəsi bəzi işçilərə iki aylıq müavinətin verilməsi ilə bağlıdır ki, bu zaman da işəgötürən iddiaçıya həmin müavinətin verilməsini lazım bilməmişdir. Baxmayaraq ki, cavabdeh orqanın da bildirdiyi kimi qanunla həmin müavinət iddiaçıya da verilə bilərdi, lakin adı çəkilən əmrdə həmin müavinətin iddiaçıya da verilməsi göstərilməmişdir və bu, işəgötürənin seçimi olmuşdur. Nəzərə alınmalıdır ki, bu faktla bağlı iddiaçının hər hansı tələbi də olmamışdır. Hazırki vəziyyətdə cavabdeh orqanın Arxivdən təqdim olunan xx.xx.1995-ci il tarixli 41 saylı əmrin ikinci hissəsində iddiaçının adının göstərilməməsi səbəbindən iddiaçının 1979-1995-ci illərdə işlədiyi müddəti onun stajına daxil etməməsi absurddur. Çünki, qeyd olunduğu kimi, həm iddiaçının həmin müəssisədə işə daxil olması barədə xx.xx.1979-cu il tarixli əmr mövcuddur ki, hansı ki, həmin əmrə cavabdehin etirazı yoxdur, həm də iddiaçının da müəssisənin bütün tərkibinə daxil olan işçi kimi işdən azad olunmasının qeyd olunduğu məlum əmr mövcuddur. Kollegiya onu da nəzərə alır ki, iddiaçının mübahisəli iş stajı (1979-1995) onun əmək kitabçasında da əksini tapmışdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1979-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan (cavabdeh tərəfindən mübahisələndirilən) dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1979-cu il tarixdən (əmrdə qeyd olunan tarixdən) xx.xx.1995-ci tarixədək Kürdəmir rayonlararası X3 Bazasında operator vəzifəsində işləməsi faktı onun yuxarıda adı çəkilən qanunvericiliyin tələbinə görə əsas sənədi olan əmək kitabçası ilə öz təsdiqini tapır və bu halı təkzib edə biləcək hər hansı sübut cavabdeh qurum tərəfindən təqdim olunmadığından məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr iddiaçının əmək stajına daxil edilməlidir. Beləliklə, iddiaçının xx.xx.1979-cu ildən (əmrdəki tarixdən) xx.xx.1995-ci ilə qədər Kürdəmir Rayonlararası X3 bazasında operator işlədiyi müddət (15 il 11 ay 17 gün), xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Məişət Təmir Tikinti Trestinin 1 nömrəli Təmir Tikinti Sahəsində anbardar işlədiyi müddət (3 il 9 ay 20 gün), xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilə qədər 9 №-li Təmir Tikinti İdarəsində anbardar işlədiyi müddət (6 il 0 ay 22 gün) nəzərə alınmaqla, onun qanunla tələb olunan 25 ildən artıq iş stajına malik olduğu iş materialları ilə öz təsdiqini tapır. O ki qaldı cavabdehin həm imtina məktubunda, etirazında, həm də apellyasiya şikayətində göstərdiyi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halına münasibətdə də qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə kollegiyası bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən onun hazırki tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi iddiaçıya 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması qənaətinə gələrkən ona xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə sosial müavinət təyin edildiyini (bu təyinat cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda da əksini tapıb (i.v. 3)) nəzərə alaraq pensiya təyin olunduğu tarixdən yaranmış fərq məbləğinin ona ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8022/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8022/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar