Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-646/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, övladları – X1 və X2 məcburi köçkün stausunun və məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1980-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulmuşdur, məcburi köçkündür, 2-ci qrup əlil, işsizdir. O, 2002-ci ildə X3 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və birgə nikahlarından 2002-ci il təvəllüdlü X5 və 2004-cü il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları onun himayəsinə verilmişdir. Özü və hər iki övladı Xocəvənd rayonu Qaradağlı kəndində daimi qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayonunda məskunlaşmışlar. Onun xx.xx.2006-cı il tarixli məcburi köçkün vəsiqəsi vardır. Lakin, qızının və oğlunun məcburi köçkün vəsiqəsi yoxdur. Övladlarına məcburi köçkün vəsiqəsi verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən imtina edilərək bildirilmişdir ki, keçmiş həyat yoldaşı “məcburi köçkün” statusuna malik olmadığından övladlarına “məcburi köçkün” statusunun verilməsi mümkün deyildir. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, iddiaçının övladlarının atası X3 “məcburi köçkün” statusuna malik olmamışdır. Bu səbəbdən də, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə müvafiq olaraq iddiaçının övladları X1 və X2 məcburi köçkün statusu verilə bilməz. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın “Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir” adlı bölmənin 4.4-cü bəndində nəzərdə tutulmuşdur ki, ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında “məcburi köçkün” statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara verilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən valideynlərdən atası “məcburi köçkün” statusuna malik və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən sənəd verilir. Qeyd olunan hər iki normanın mənasına görə, bir halda müvafiq müavinət məhkəmə qaydasında məcburi köçkün statusu olan şəxsin himayəsində olan uşaqlara verilir, digər halda isə yalnız atası məcburi köçkün olan şəxsin şəxsin uşaqları digər şərtlərlə yanaşı “məcburi köçkün” statusu əldə etmək imkanı qazanır. Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd hal kimi qiymətləndirilməli və bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. O, məcburi köçkün statusuna malikdir və xx.xx.2019-cu il tarixdən məhkəmə qətnaməsinə əsasən uşaqları onun himayəsindədir. Təlimatın şərtlərinə uyğun olaraq övladları məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu qazanmışlar. İstinad olunan hər iki normanın əlaqəli təhlili isə o nəticəyə gəlməyə əsas verir ki, müvafiq yemək xərcini almaq hüququ əldə etmiş şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat verir. Belə olan halda hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın “Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir” adlı bölmənin 4.4-cü tətbiq edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, iddiaçı 1980-ci ildə Xocəvənd rayonunda anadan olmuş, 2002-ci ildə X3 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2002-ci il təvəllüdlü X5 və 2004-cü il təvəllüdlü X6 anadan olmuşlar. 2006-cı ildə iddiaçıya “Məcburi köçkün” statusu verilmiş, iddiaçının əri V.Məmmədov məcburi köçkün solmamış, onun iddiaçı ilə nikahları 2019-cu ildə ləğv edilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1-ci bəndinə əsasən, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Qaydaların 4.2-ci bəndinə görə, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə; 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə; 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə; 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinin tələbləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçının uşaqlarının atasının “məcburi köçkün” statusuna malik olmayan şəxs olması işin mübahisələndirilməyən halıdır. Qaydaların 4.1.6-cı bəndi isə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış o uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsini təsbit edir ki, həmin uşaqların: 1) atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun. Bu iki şərtə birlikdə əməl olunduqda, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçının tələbi Qaydaların “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilən şəxslərin dairəsini müəyyən edən 4.1-ci bəndinin digər yarımbəndlərinin də təsirinə düşmür. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası bildirir ki, İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla iddiaçıya aid edilmişdir. Bu qaydadan irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan rəsmi sənədlərə malikdir. Qeyd olunanların mübahisəyə tətbiqi baxımından, iddiaçı sübut etməlidir ki, 1) uşaqlarının atası “məcburi köçkün” statusuna malikdir və 2) uşaqlarının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayondur (şəhərdir). Lakin iddiaçının uşaqlarının atası “məcburi köçkün” statusuna malik olan şəxs deyil. Odur ki, sonuncunun qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması faktının mövcud olub-olmamasının müəyyən edilməsinə zərurət qalmır. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Uşaqlarının atasının “məcburi köçkün” statusuna malik olmaması halında İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin normanın ikinci cümləsi ilə üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin Konstitusiyaya və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna zidd olması məhkəmə kollegiyası tərəfindən müəyyən olunmur, bu barədə dəlillər qanunun səhv təfsirinin nəticəsidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən ilkin faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”la cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin iddiaçının uşaqlarının atasının “məcburi köçkün” statusuna malik olmaması ilə əsaslandırılan xx.xx.2019-cu il tarixli 01/17593 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-in 87.6-cı maddəsi), apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-646/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-646/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver