Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-646/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8571/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə iddia qaldıraraq, ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının və ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq qeydə alınmış sığorta kapitalının, yəni 10.320,53 (on min üç yüz iyirmi manat 53 qəpik) manat pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək, (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) ona ödənilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya hərbi qulluqçu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. O, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət edərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabının sığorta hissəsi hesablanaraq, pensiyasına əlavə olunaraq ona ödənilməlidir. Cavabdeh tərəfindən ona ünvanlanan 13 aprel 2022-ci il tarixli rəsmi məktubunda ona bildirilmişdir ki, tələbi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10.320,53 (on min üç yüz iyirmi manat 53 qəpik) manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin pensiya sığorta kapitalı da “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10.320,53 : 72=143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 424,19(280,85+143,34) manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbinə uyğun olaraq da qulluq stajına görə əlavənin məbləği (944,05 manat) həmin artım (143,34 manat) qədər azaldılıb. Nəticədə də hazırda əmək pensiyasının məbləğinin sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasının məbləği isə 800,71 (944,05 manat-143,34 manat) təşkil edir. Cavabdeh DSMF bu cavabı ilə dolayısı yolla qulluq stajına görə məbləğin, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq müəyən edilmiş 10320,53 (on min üç yüz iyirmi manat 53 qəpik) manat pensiya sığorta kapitalının faktiki olaraq ona ödənilmədiyi təsdiq olunur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçıya 4 mart 2007ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. İddiaçıya sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1224,90 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi-280,85 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi944,05 manat. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1- ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən "bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-cı ıl tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına gorə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan bırı olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10.320,53 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 10.320,53 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10320,53:72=143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 424,19 (280,85+143,34) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (944,05 manat) həmin artım qədər (143,34 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 800,71 (944,05-143,34) manat təşkil edir 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-122,49 manat maddi yardım ödənilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8571/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarı ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: «…Hərbi qulluqçu kimi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi fərdi hesabımın sığorta hissəsində yığılmış sığorta kapitalına g.örə pensiyasının yenidən hesablanması üçün cavabdeehə müraciət etmiş,lakin sonuncu tərəfindən ona ünvanlanmış 13 aprel 2022-ci il tarixli rəsmi məktubunda bildirilmişdir ki, onun fərdi hesabımın sığorta hissəsində 10320,53 * manat sığorta kapitalı qeydə alınıb.Həmin pensiya sığorta kapitalı da "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10320,53:12-143,34manat) əmək pensiyamın sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyamın sığorta hissəsi 424,19 (280.85+143.34) manat müəyyən edilib. Əmək pensiyaları haqqında Qanunun 29.2-ci maddəsinin tələbinə uyğun olaraq daqulluq stajına görə əlavəmin məbləği (944,05 manat) həmin artım (143,34 manat) qədər azaldılıb.Nəticədə də hazırda əmək pensiyamın məbləğinin sığorta hissəsi 424,19 manat, qulluq stajıma görə əmək pensiyamın məbləği isə 800.71 (944,05 -143,34) manat təşkil edir. Beləliklə faktiki olaraq ona toplanmış sığorta kapitalının ödənilmədiyi təsdiq olunur. Halbuki, o, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Xidmətindən ehtiyata buraxıldıqdan sonra, yəni ona 2007-ci iltarixdə “yaşa görə ömürlük pensiyası" təyin olunduqdan sonra, 19 iyun 2012-cı İ tarixdən "Azpetrol» LTD MMC-də yanacaqdoldurma məbntəqəsində elektromexanik vəzifəsinə təyin olunmuşdur. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Əmək pensiyaları haqqında Qanunun 9.6və 37..3.1-ci maddələrinə müvafiq olaraq Pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilər Cavabdeh DSMF-nin hesablanması onun pensiyasına müdaxilədir yəni pensiyasının azalmasına səbəbdir, nəinki pensiyaya əlavədir. O, pensiyaya çıxarkən təyin edilmiş pensiya məbləği 676,34 manatdır. "Əmək pensiyasının sığorta hissəsi (SH) 280,85 manat. Qulluq stajına görə əlavə 944,71manatdır(cəmi 1225 manat) Cavabdeh DSMF ilk öncə onun pensiyasının sığorta hissəsi (SH) 280,85 manatın üzərinə sonradan işlədiyi dövrlərdə əldə etdiyi 10.320 manat 53 qəpik sığorta kapitalının 72-yə (ƏPQ 37.3.1) nisbətini (143,34 manat) əlavə edir və əldə etdiyi nəticənin iddiaçının pensiyasının sığorta hissəsinin (SH) (424,19) müəyyən olunduğun göstərir. Sonra isə “Əmək pensiyaları haqqında’ Qanunun 29.2-ci maddəsinin tələbini rəhbər tutaraq yuxarıda göstərilən (143,1manat) nəticəni onun qulluq stajına görə əlavədən çıxaraq onun qulluq stajına görə əlavəni 800 manat 71 qəpik olaraq müəyyən edir. Hesablamaya qədər cəmi 1225 manat. Hesablamadan sonra 1225 manat. Birinci instanasiya məhkəməsi iş üzrə tərəflərin qarşlıqlı münasibətini düzgün qiymətləndirməyib, işə düzgün normanı tətbiq etməyib və nəticə etibarı ilə də maddi və prosessual hüquq normalarının pozulması ilə müşayət olunan qərar qəbul edib...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsayeva, qanunamüvafiq olaraq qeyd olunan pensiya kapitalı miqdarında iddiaçının pensiyası artırılıb azaldılmaqla, pensiyasının yenidən hesablandığını, lakin bu zaman pensiyasında artım baş vermədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” İddiaçının iş materiallarında olan İT-İ seriyalı ******* №li əmək kitabçasının təsdiq olunmuş surətinə və pensiya işinə dair sənədlərə (pensiya uçot vərəqinə, məlumat vərəqinə, pensiya təyinatı barədə qərara, sığortaolunanın hesabına və s.) əsasən müəyyən olunur ki, iddiaçı: -xx.xx.1992-xx.xx.2007-ci illərdə milli təhlükəsizlik orqanlarında xidmət etmiş və hərbi hidmətdən tərxis olunduqdan sonra, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Statuslu Şəxslərlə İş üzrə Departamentinin “Əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyinatı haqqında” xx.xx.2007-ci il tarixli HD/198 №li qərarı ilə ona Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təqdim olunmuş 00356 №li xx.xx.2007-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2007-ci il tarixdən yaşa görə 676 manat 34 qəpik məbləğində ömürlük pensiya təyin olunmuş; -xx.xx.2022-ci il tarixinə olan 735 manat vəzifə maaşı, 154 manat oütbə maaşı,622,30 manat xidmət illərinə görə əlavə, 64 manat ərzaq payı, 257,25 manat məhkərət dərəcəsinə görə haq nəzərə alınmaqla cəmi 1942 1942,80 manat təminat xərcliyindən yenidən hesablanmış pensiya məbləği 1224,90 manat təşkil etmiş; -hərbi qulluqçu kimi pensiya təyin olunduqdan sonra, xx.xx.2012-xx.xx.2012 (8gün) dövründə "xxxx" LTD MMC-də yanacaqdoldurma məntəqəsində; xx.xx.2013-xx.xx.2013(4 ay 3 gün) BTRİB-də xx.xx.2015-xx.xx.2021( 6 il 2 ay 20 gün) dövründə Kommunal Xidmət təmir və kompleksi mühafizəsi müəssisəsinin Yaşıllaşdırma işləri üzrə şöbəsində işləmiş (cəmi: 6 il 7 ay) və; - 2012 iyun - 2021-ci il dekabr dövründə onun fərdi hesabının sığorta hissəsiində 11043, 35 manat məbləğində pensiya kapitalı toplanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki:
1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin qüvvədə olan redaksiyasına görə: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 29.1-1-ci maddəsinə əsasən isə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir ( maddəyə əlavə edilən bu əlavə 16 avqust 2019-cu il tarixən qüvvəyə minmişdir). Beləliklə də qanunvericiliyin qeyd olunan iddiaçının vəziyyətini yaxşılaşdıran müddəları baxımından, iddiaçının hərbi qulluqçu kimi 2007-ci ildə pensiyaya çıxıdıqdan sonra, 6 ildən çox işləməklə, 2012 iyun - 2021-dekabr dövründə fərdi hesabının sığorta hissəsində 11043,35 manat məbləğində pensiya kapitalının qeydə alınması onu deməyə əsas verir ki, həmin sığorta kapitalı nəzərə alınmaqla, Qanunun qeyd olunan tələbləri qaydasında onun əmək pensiyasının yenidən hesablanmasını aparmaq cavabdeh orqanın öhdəliyidir. Lakin konkret halda cavabdeh tərəfindən əmək pensiyaları haqqında qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmır, xx.xx.2022-ci il tarixdə pensiyası yenidən hesablanarkən iddiaçının vəziyyətini yaxşılaşdıran həmin normalar ona münasibətdə tətbiq olunmasından imtina olunaraq, “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksyiası təbiq olunmaqla, onun pensiyasının tərkibində 2012 iyun - 2021-dekabr dövründə toplanmış 11043, 35 manat məbləğində sığorta kapitalı qədər pensiyası artırılıb, həmin məbləğdə də azaldılmaqla, faktiki olaraq onun fərdi hesabında qeydə alınmış 11043, 35 manat sığorta kapitalını silərək sıfırlayır ki, bu da iddiaçının pensiya hüququnun pozulması deməkdir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməsi istisna edilir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8571/2022 saylı qərarı ləğv edilməli, iddia təmin olunmalı və iddiaçı xx.xx.2007-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra 2012 iyun-2021-ci il dekabr dövründə fərdi hesabının sığorta hissəsində yığılmış sığorta kapitalı nəzərə alınmaqla, onun əmək pensiyasının əmək pensiyaları haqqında qanunvericiliyin hazırda qüvvədə olan normalarına müvafiq qaydada yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8571/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin olunsun. İddiaçı xx.xx.2007-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra, 2012 iyun- 2021-ci il dekabr dövründə fərdi hesabının sığorta hissəsində yığılmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının əmək pensiyaları haqqında qanunvericiliyin hazırda qüvvədə olan normalarına müvafiq qaydada yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.