Məhkəmə qərarları › İş №2-1(103)-647/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-647/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-647/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1951-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-408/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 17.10.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı 04 sentyabr 2016- cı il tarixdən başlayaraq hər ay olmaqla, onun şəxsi mülkiyyətində olan mənzilin ərazisinə uyğun, orta bazar qiymətləri nəzərə alınmaqla kirayə pulunun (mərburi köçkün çıxana qədər) ödənilməsi və 04 sentyabr 2016-cı ildən hal-hazırkı günə qədər yığılmış pul vəsaitinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtsadi Məhkəməsinə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, himayəsində olan qızı, İİ qrup əlil, özü xəstə halda 25 ildir ki, qohumların evlərində, kirayələrdə yaşayırlar. Ona verilən ev məcburi köçkün tərəfindən zəbt edilmişdir. Məcburi köçkünün özünə və ailə üzvlərinə məxsus avtomobilləri, evi, mağazası vardır. Qaçqın və məcburi köçkünün yerləşdirilməsi bir başa cavabdehə aiddir. Ona məxsus şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilindən qanunla nəzərdə tutulmuş qaydada istifadə edə bilmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2(008)-2078/2017 saylı qətnaməsi ilə ilk iddiası təmin olunaraq, X1 və onun ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, 40/41 saylı evin, 14 saylı mənzilindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia təmin edilməmişdir. Bu qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.10.2018-ci il tarixli, 2(103)-5627/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bu qətnamədən narazı qalan cavabdeh Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(202)- 2330/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(103)-5627/2018 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-408/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 19.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-408/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq, o, mənzilin boşaldılmadığını, hazırda qardaşının evində yaşadığını bildirdi. Məhkəmə Kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbini 04 sentyabr 2016- cı il tarixdən başlayaraq hər ay olmaqla, iddiaçının şəxsi mülkiyyətində olan mənzilin ərazisinə uyğun, orta bazar qiymətləri nəzərə alınmaqla kirayə pulunun (məcburi köçkün çıxana qədər) ödənilməsi və 04 sentyabr 2016-cı ildən hal-hazırkı günə qədər yığılmış pul vəsaitinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəxsi mülkiyyətində olan mənzilin ərazisinə uyğun, orta bazar qiymətləri nəzərə alınmasını qeyd etsə də, orta bazar qiymətinin müəyyən edilməsi ilə hər hansı sənəd-sübut əlavə etməmiş və ya konkret qiymət və məbləğ göstərməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi qeyri-müəyyən xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti ilə hazırkı iddia tələbi eyni olduğundan, qeyd edilən hal Azərbaycan Respublikası İPM-nin 13cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsinin təsir dairəsinə düşmür. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020ci il tarixli, 2-1(112)-408/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 408/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “04 sentyabr 2016- cı il tarixdən başlayaraq hər ay olmaqla, onun şəxsi mülkiyyətində olan mənzilin ərazisinə uyğun, orta bazar qiymətləri nəzərə alınmaqla kirayə pulunun (mərburi köçkün çıxana qədər) ödənilməsi və 04 sentyabr 2016-cı ildən halhazırkı günə qədər yığılmış pul vəsaitinin birdəfəlik ödənilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar