Məhkəmə qərarları › İş №2-1(103)-647/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-647/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-647/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X20 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2146/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ağdam rayonu Mahrızlı kənd Uşaq bağçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və məhkəmə qərarı icraya yönəldilənədək pensiyadan çıxılmış məbləğlərin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin aidiyyəti qurum tərəfindən pensiya təyin edilərkən iş stajı düzgün nəzərə alınmamış, müəyyən dövrlər sosial iş stajına daxil edilməmişdir. Belə ki, iddiaçı 1982-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində yerləşən “Uşaq baxçası və Körpələr evi”nin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin müəssisədə 2005-ci ilə qədər çalışmış, 2005-ci ildə öz ərizəsi əsasında vəzifəsindən ayrılaraq Bakı şəhərində yerləşən 36 saylı Ağdam köçkün orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh quruma yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə edilən müraciətinə baxılaraq xx.xx.2021-ci il tarixdə imtina məktubu verilmişdir. Əvvəlki məktubdan fərqli olaraq bu məktubda artıq ödənilmiş pensiyanın tutulması məsələsinə münasibət bildirilməmiş, təkcə 1981-1989-cu illər üzrə stajın pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmadığı qeyd olunmuşdur. Həmin məktubda göstərilmişdir ki, “təqdim etdiyiniz əmək kitabçasının, Dövlət X17 xx.xx.2021-ci il tarixli 41 nömrəli arayışının və diplomun surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək fərdi hesabın 18 il 6 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında sizin yaşa görə əmək pensiyanız xx.xx.2017-ci il tarixindən yenidən hesablanmışdır. Əlavə olaraq bildirilir ki, Dövlət X17 xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışında əks olunan Mahrızlı kənd uşaq bağçasındakı 1981-1989-cu illərə aid əmək fəaliyyətiniz ilə bağlı arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar işğal altında qaldığına görə həmin dövrlər sığorta stajına daxil edilmir”. Həmin məktubda pensiyadan bu günədək çıxılan məbləğlərə də münasibət bildirilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və 19 noyabr 2020-ci il tarixdən başlayaraq pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X14 Fima Yəhya qızına ünvanladığı xx.xx.2021-ci il tarixli, **********1 nömrəli “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarda ona məxsus ******* nömrəli əmək kitabçasının dublikatına, AR Dövlət X17 xx.xx.2021-ci il tarixli arayışına, diplomun surətinə əsasən ümumilikdə xx.xx.2006-cı il tarixədək 18 il 06 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyi və illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə xx.xx.2021-ci il tarixdən 265,61 manata çatdırılaraq ödənildiyi göstərilmişdir. Həmçinin, imtina məktubunda AR Dövlət X17 xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışında əks olunan Ağdam rayonu Mahrızlı kənd uşaq baxçasındakı 1981-1989-cu illərə dair əmək fəaliyyətini qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qanunun tə!əblərinə müvafiq olmaması qeyd edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə 195,3 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə Ağdam rayonu Mahrızlı kənd uşaq baxçasındakı 1981-1989-cu illər ərzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. İşin mübahisələndirilən halı İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq xx.xx.1982xx.xx.2005-ci illər ərzində işlədiyi dövrdür. Belə ki, həmin əmək kitabçasının ilk hissəsində əmək kitabçasının doldurulma tarixi qeyd edilməmişdir. Bununla yanaşı qeydin xx.xx.1982ci il tarixdə doldurulmasına baxmayaraq, möhür üzərində əks olunan yazılar latın qrafikasına aiddir. Həmçinin sözügedən qeydin doldurulmasına əsas olan əmr nömrəsi və tarix qeyd edilməsinə baxmayaraq, İddiaçı bununla bağlı hər hansı mötəbər sübutu nə cavabdeh orqana, nə də məhkəməyə təqdim etməmişdir. İddiaçı xx.xx.1982-xx.xx.2005-ci illər ərzində işlədiyi dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından və həmin qeydlərin yazılmasına əsas olan mötəbər sübutlar mövcud olmadığından cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənləri, AR MPM-in 154-cü və AR İPM-in 47-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2146/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia qismən təmin edilmiş, İddiaçı 19 noyabr 2020-ci il tarixdən başlayaraq aylıq pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulması, iddiaçının Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməmiş hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, o, 1982-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində yerləşən “Uşaq baxçası və Körpələr evi”nin müdiri vəzifəsinə təyin olunmuş, həmin müəssisədə 2005-ci ilə qədər çalışmış, 2005-ci ildə öz ərizəsı əsasında vəzifədən ayrılaraq, Bakı şəhərində yerləşən 36 saylı Ağdam köçkün orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Həmçinin, iş materiallarında olan Dövlət X17 20 aprel 2021-ci il tarixli 41 saylı arayışından qeyd olunur, Ağdam rayon Dövlər Arxivində saxlanılan Ağdam rayon Qaradağlı və Zəngişalı kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərində məlum olur ki, o, Mahrızlı kənd uşaq baxçasında müdir vəzifəsində işləmişdir. Sənədlərin arxivdə obyektiv səbəblərdən olmamasına görə cavabdeh orqanın qarşılıqlı yoxlama apara bilməməsi birmənalı olaraq iddiaçının əleyhinə şərh oluna və sosial təminatın subyekti kimi onun hüquqlarının pozulmasına əsas verə bilməz.İstinad etdiyi halları təsdiq edəcək faktlar və sübutlar əmək kitabçası və dövlət arxivinin qeyd olunan müvafiq arayışıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməmiş hissədə təmin olunmasını xahiş etdi. Əlavə olaraq yazılı ərizə verərək inzibati orqan tərəfindən qəbul edilmiş onun hüquqlarını pozan xx.xx.2021-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması barədə” qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmuş hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız iddiaçının verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmamış hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iddia təmin olunmalıdır. İşin hallarından görünür ki, İddiaçı cavabdehin xx.xx.2017-ci il tarixli 692 nömrəli qərarı ilə xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, bu zaman iddiaçının xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 04 ay hesablanmışdır. Daha sonra iddiaçı xx.xx.1973- xx.xx.1976-cı il tarixlərdə aldığı təhsil müddətinin ümumi iş stajına daxil edilərək pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan xx.xx.2020-ci il tarixli qərarla iddiaçının təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasını yenidən hesablamış, bu zaman iddiaçının Mahrızlı kənd uşaq bağçasındakı 1982-1993-cü illərə aid əmək fəaliyyəti ilə bağlı arxiv sənədlərinin olmadığına istinad edərək həmin dövrləri sığorta stajına aid etməmiş, qeyd edilən illərin iş stajını ümumi iş stajından çıxaraq iddiaçıya xx.xx.2006-cı il tarixədək 14 il 07 ay 20 gün ümumi sığorta stajı hesablayaraq iddiaçıya pensiya təyin edildiyi xx.xx.2017ci il tarixdən həmin illər nəzərə alınmaqla ödənilmiş pensiyanı artıq ödəmə kimi müəyyən edərək iddiaçının aylıq pensiyasından tutulmalar etmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə yeni bir inzibati akt tərtib edərək iddiaçının pensiyasını yenidən hesablamış, bu zaman iddiaçının Mahrızlı kənd uşaq bağçasındakı 1982-1989-cu illərə aid əmək fəaliyyəti ilə bağlı arxiv sənədlərinin olmadığına istinad edərək həmin dövrləri sığorta stajına aid etməmiş, iddiaçıya xx.xx.2006-cı il tarixədək 18 il 06 ay ümumi sığorta stajı nəzərə alaraq pensiya təyin etmişdir. Hazırki mübahisə üzrə iddiaçı əvvəllər cavabdeh inzibati orqan tərəfindən pensiya təyini zamanı nəzərə alınan sonradan isə pensiya hesablanması zamanı nəzərə alınmayan 1982-1989-cu illərə aid əmək fəaliyyəti dövrünün sosial sığorta stajı kimi nəzərə alınmasını tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). İddiaçı onun üçün əlverişsiz hesab edilən inzibati aktın ləğv edilməsini və əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin üzərinə öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın olur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli inzibati aktın qəbul edilməsi nəticəsində əmək pensiyasının hesablanmasında nəzərə alınmayan dövrlərin əmək pensiyasında nəzərə alınmasını xahiş etmişdir. Faktiki olaraq həmin qərarın nəticəsindən narazı olsa da, iddiaçı qərarın ləğvi istiqamətində dəqiqləşdirilmiş ərizəsini apellyasiya baxışında təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən inzibati aktın cavabdeh tərəfindən iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut olmadığı halda həmin xx.xx.2021-ci il tarixli inzibati aktın yaratdığı hüquqi nəticənin aradan qaldırılması istiqamətində qaldırılmış iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Belə olan halda iddiaçı qanunvericiliklə tələb olunan prosessual müddəti ötürməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin: - 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əməkpensiyasıhüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın: - 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. - 7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. - 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. iddiaçının 1982-1989-cu illərdəki iş stajının ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması;

2. iddiaçının əmək pensiyasından artıq ödəmə adı altında tutulmuş məbləğin geri qaytarılması.

İşin hallarından göründüyü kimi, iddia tələbinin təmin olunmamış birinci hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İşin mübahisəli halı iddiaçının Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə diqqətə çatdırır ki, mübahisəli dövrlər inzibati orqan tərəfindən ilkin olaraq pensiya hesablanmasında nəzərə alınmış, sonradan inzibati orqan inzibati icraatı açaraq vətəndaşın iştirakını təmin etmədən qeyd edilən dövrləri pensiya hesablanmasında nəzərə almamış və pensiya məbləğini yenidən hesablanmışdır. Cavabdeh qeyd edilən hesablamanı aparmağını onunla əsaslandırır ki, qeyd edilən dövrlər üzrə əmək fəaliyyətini qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Məhkəmə kollegiyası inzibati orqanın həm əmək pensiyasının yenidən hesablanmasında, həm də hazırki iddia tələbinə etirazında qeyd etdiyi dəlilinə münasibətdə araşdırma apararkən aşağıdakı sənədləri nəzərdən keçirir: - İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə Mahrızlı kənd körpə evi uşaq bağçasına müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə başqa işə keçdiyi üçün ərizəsinə əsasən bağça müdiri vəzifəsindən azad edilmişdir. xx.xx.2005-ci ildə 36 saylı Ağdam köçkün orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. - Dövlət X17 xx.xx.2021-ci il tarixli, 42 nömrəli arxiv arayışında göstərilmişdir ki, Ağdam rayon Mahrızlı kənd ərazi nümayəndəliyinin 1981-1989-cu illərin arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. Ona görə də X15 həmin illərdə işləməsi haqqında heç bir məlumat vermək mümkün olmadı. - Məhkəmənin sorğusuna cavab olaraq Dövlət X17 xx.xx.2021- ci il tarixli, 34 nömrəli məktubunda bildirilmişdir ki, X18 20 aprel 2021-ci tarixli, 41 №-li arxiv arayışı filial tərəfindən təqdim olunmuşdur. Məlumat üçün bildirilir ki, əmr kitabları filiala təqdim olunmayıb. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 41 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon Qaradağlı və Zəngişalı kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərinə əsasən X2 uşaq baxçasında müdir vəzifəsində işləmiş və aşağıdakı qaydada əmək haqqı almışdır. Arxiv arayışına əlavə edilmiş əmək haqqı cədvəlində iddiaçıya 1990-2005-ci illərdə əmək haqqı ödənildiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nörməli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki: DSMF-nin Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 692 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya aid ümumi iş stajının hesablanma cədvəlində iddiaçının xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 04 ay hesablanmışdır. Son olaraq xx.xx.2021-ci il tarixli 5819 **********8 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçıya təyin edilmiş əmək pensiyası Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında müdir vəzifəsində işlədiyi xx.xx.1990-1993 –cü illər nəzərə alınmaqla yenidən hesablanmış, xx.xx.2006-cı il tarixədək 18 il 06 ay ümumi sığorta stajı müəyyən edilmişdir. Hazırki işin apellyasiya araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: - Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx xxx 1957-ci il təvəllüdlü Kamranova (Abbasova) Fima Yəhya qızının rayonun Mahrızlı kənd uşaq baxçasında müdir vəzifəsində işləməsi barədə rayon İcra Hakimiyyətində rəsmi sənədlər (əmrlər və s) mövcud deyil. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.1957-ci il təvəllüdlü Kamranova (Abbasova) Fima Yəhya qızının 1982-1990-cı illərdə Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında müdir vəzifəsində işlədiyinə dair əmrlər, əməkhaqqı cədvəlləri 1993-cü ildə Ağdam şəhəri işğal edilərkən Ağdam Rayon Təhsil Şöbəsində qalmışdır. Göstərilən səbəbə görə müvafiq sənədləri təqdim etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı onunla birlikdə işləyən X7, X10 və X13 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli notarial təsdiq edilmiş akt təqdim edərək, Mahrızlı kənd uşaq baxçasında müdir vəzifəsində işlədiyi dövrdə həmin şəxslərin onun işçiləri olduğunu, 1982-ci ildən 1993-cü ilədək onun müdir vəzifəsində işlədiyini təsdiq etdiklərini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya araşdırması zamanı Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında işləmiş xx.xx.1960-cı il təvəllüdlü X7, xx.xx.1956-cı il təvəllüdlü X10 və xx.xx.1956-cı il təvəllüdlü X5 pensiya işlərinin təsdiq edilmiş surətləri tələb edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən vətəndaş X4 hər hansı növ pensiya təyin edilməmişdir. X1 xx.xx.2016-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Ağdam rayonu Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evində əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. Vətəndaş İsmayılova (Bayramova) Rahilə Aslan qızına xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Ağdam rayonu Mahrızlı kənd körpə evi və uşaq bağçasında əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edilən vətəndaşlara pensiya təyin edilən zamanı hazırda mübahisələndirilən dövrlərin (1982-1989-cu illər üzrə) hansı sənədlər əsasında nəzərə alınmasını araşdırmaq istiqamətində pensiya işlərinə baxış keçirmişdir. X8 məxsus 33057 nömrəli pensiya işinin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə sonuncuya yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi sənədlərindən aydın olur ki, X5 əmək kitabçası Ağdam rayonun işğalı ilə əlaqədar işğal olunmuş rayonda qalmışdır. Şahid ifadələri üzrə protokola əsasən X5 1983-cü ildən 1993-cü ilədək Ağdam rayon Mahrızlı kənd uşaq baxçasında tərbiyəçi işlədiyi təsdiq edilmişdir. Həmçinin, X6 məxsus 291125 nömrəli pensiya işinin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə sonuncuya yaşa görə əmək pensiyası təyin edilmişdir. Sevil Süleymanova məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1983-cü ildə Ağdam rayonu Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evinə aşpaz köməkçisi və qabyuyan vəzifəsinə təyin edilmişdir. Pensiya işində olan Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2016-cı il tarixli arxiv arayışından qeyd olunan cədvələ əsasən Sevil Süleymanova 1991-ci ildən 2005-ci ilədək Ağdam rayonu Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evində işləyərək və əmək haqqı almışdır. Məhkəmə kollegiyası baxış keçirdiyi pensiya işləri üzrə materiallardan belə qənaətə gəlir ki, qeyd edilən vətəndaşlara pensiya təyin edilən zamanı Ağdam rayonu Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evində 1990-cı ilədək işlədikləri dövr ümumi iş stajına daxil edilmişdir. Həmin dövrlərin pensiya təyin edilən zamanı nəzərə alınmasına əsas kimi bir vətəndaşa münasibətdə şahid ifadələri protokolu əsas götürülmüş, digər vətəndaşa münasibətdə əmək kitabçasındakı məlumatlarla yanaşı arxiv idarəsinin arxiv arayışı əsas götürülmüşdür. Hansı ki, iddiaçı da iddia tələbini irəli sürərkən məhz həmin arxiv arayışına oxşar arxiv arayışını təqdim etmiş və məhkəmə araşdırmaları zamanı arxiv idarəsi 1990-cı ildən əvvəlki dövrə dair məlumatların işğal altında olan rayonda qalması əsasında mümkün olmadığını qeyd etmişdir. Belə olan halda Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun prinsiplərini nəzərdən keçirir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi bərabərlik prinsipindən bəhs edir: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13-cü maddəsi etimad hüququnun qorunması prinsipindən bəhs edir: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İnzibati icraatın prinsiplərindən də göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının etimad hüququ qorunmalıdır. Həmçinin, iddiaçı ilə eyni dövrdə eyni yerdə işləyən şəxslərə münasibətdə həmin dövrlərin pensiya hesablanan zamanı nəzərə alınması hazırki halda isə iddiaçıya münasibətdə isə mübahisələndirilməsi inzibati orqan tərəfindən bərabərlik prinsipinin pozulması deməkdir. Həmçinin, apellyasiya baxışı zamanı aidiyyəti orqan olan Azərbaycan Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsindən daxil olmuş sorğuya cavab məktubuna diqqət edilsə aydın görünür ki, iddiaçının ümumiyyətlə mübahisəli dövrlərdə qeyd edilən vəzifədə çalışmadığı qeyd edilmir, əksinə həmin dövrlər üzrə sənədlərin Ağdam rayonunun işğalı ilə Ağdam Rayon Təhsil Şöbəsində qaldığı qeyd edilmişdir. Cavabdeh inzibati orqan isə mübahisəli dövrləri pensiya yenidən hesablanan zamanı nəzərə almamaqla faktiki olaraq vətəndaşın 1990-cı ilədək Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında müdir vəzifəsində işləməməsi nəticəsinə gəlmişdir. Halbuki, 1990-cı ildən sonrakı həmin vəzifədə çalışdığı dövrlər ümumi iş stajı kimi nəzərə alınmışdır. Həmçinin, cavabdeh inzibati orqan əmək kitabçasını şübhə altına alaraq dublikat olduğunu və doldurulma tarixinin göstərilmədiyini qeyd etsə də, əmək kitabçasındakı sonrakı dövrləri mübahisəsiz nəzərə almışdır. Bundan əlavə, iddiaçının Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında işlədiyi vəzifədən azad edildikdən sonra çalışdığı Ağdam rayon 36 nömrəli orta məktəbdən şəxsi iş materialları və xx.xx.2005-ci il tarixli 66 saylı əmrin təsdiq edilmiş surəti tələb edilmiş və təqdim edilən sənədlərdən görünür ki, iddiaçı həmin məktəbə xx.xx.2005-ci il tarixdə işə daxil olan zamanı əmək kitabçasının surətini təqdim etmiş, həmçinin, tərcümeyi haldan da aydın görünür ki, iddiaçı qeyd edilən məktəbdə işə daxil olanadək 1982-ci ildən 2005-ci ilədək Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında işləməsi barədə məlumatlar qeyd edilmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqan iddiaya etiraz ərizəsində, həmçinin apellyasiya şikayətinə etiraz ərizəsində təqdim edilmiş əmək kitabçasının dublikat olduğunu, lakin Qaydalara əsasən əmək kitabçasının dublikatının verilməsi ilə əlaqədar müddəalara əməl edilmədiyini bildirmişdir. Bununla bağlı da, məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhkəmə qərarının qanunvericilik normalarının sadalanan hissəsində qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın müddəalarından da aydın görünür ki, əmək kitabçasının dublikatı işçi tərəfindən deyil, axırıncı iş yeri üzrə işəgötürən tərəfindən doldurularaq verilir. Həmçinin, birinci instansiya məhkəməsində araşdırma zamanı Ağdam rayon Təhsil Şöbəsi tərəfindən təqdim edilmiş 25 yanvar 2022-ci il tarixli sorğuya cavab məktubundan aydın olur ki, əmək kitabçasının 2-ci səhifəsində 1-ci hissədə aparılmış qeyd Qara Hüseynov tərəfindən icra edilərək imzalanmışdır ki, həmin şəxs də 1976-1995-ci illərdə həqiqətən də Ağdam Rayon Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmçinin, əmək kitabçasının xx.xx.1982ci il tarixə aid qeydinin üzərində sonrakı dövrlərə aid latın qrafikalı möhürün vurulmasına səbəb də əmək kitabçasının təkrar yazılması (dublikat olması) olmuşdur. Buna görə də həmin qeydin üzərinə 1994-cü ildən sonra dəyişdirilmiş möhür vurulmuşdur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırki işdə inzibati orqan əvvəllər ümumi sosial staj kimi nəzərə alınmış dövrlərin sonradan nəzərə alınmadan əmək pensiyasını yenidən hesablayarkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 12.2-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2146/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarı yoxlanılan hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı qanunsuz hesab edilərək, ləğv edilsin. İddiaçı Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar