Məhkəmə qərarları › İş №2-1(103)-647/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-647/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-647/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6691/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. 11 iyun 1970-ci il tarixdə doldurulmuş əmək kitabçasında (notarial qaydada tərcümə və təsdiq olunmuş surəti) aparılmış qeydlərə əsasən İddiaçı xx.xx.1998-ci il tarixdə “Bakımalqaratədarükemal” İB-də Xarici–iqtisadi əlaqələr şöbəsinə menecer vəzifəsinə qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 186 №li sərəncamı ilə “Malqaratədarükemal” İB “Bakı ət kombinatı” adlandırılmışdır və Dövlət Əmlak Komitəsinin 16 iyun 1998-ci il tarixli 913 saylı sərəncamı ilə Bakı ət kombinatı "xxxx" ATSC-yə çevrilmişdir. Hal-hazırda xx.xx.2008-ci il tarixdən "xxxx" ATSC "xxxx" ASC adlanır.

4. xx.xx.2014-cü il tarixdə İddiaçı tutduğu vəzifədən azad olunmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərin İnventarlaşdırması üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-57511/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsi tərəfindən açılmış İddiaçı aid 094901 №-li pensiyaçının uçot vərəqindən müəyyən olunur ki, həmin şöbənin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. -Əmək pensiyası təyin olunmuş pensiyaçı haqqında məlumat: ümumi iş stajı – 30 il, 09, 0 gün, xx.xx.2006-cı il tarixədək iş stajı - 30 il, 09, 0 gün, xx.xx.2006-cı il tarixdən sonra 0 il, 0 ay, 0 gün, fərdi hesabında yığılan pensiya kapitalı 9564,76 manat, o cümlədən xx.xx.2006-cı il tarixədək pensiya kapitalı 9564,76 manat, xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı 0,00 manat, pensiyanın növü – yaşa görə, təyinatı tarixi – xx.xx.2014. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 1151 №-li, xx.xx.2020-ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə İddiaçı təyin olunmuş əmək pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 233 manat 20 qəpik olmuşdur. Bununla yanaşı qərarda qeyd olunmuşdur ki, ümumi sığorta stajı xx.xx.1992-ci ilədək 21 il, 09 ay, 02 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 04 il, 08 ay, 27 gün, cəmi xx.xx.2006-cı ilədək 26 il, 05 ay, 29 gün təşkil edir. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********8 №-li, xx.xx.2021-ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə İddiaçı təyin olunmuş əmək pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 259 manat 78 qəpik olmuşdur.

6. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********6 №-li, xx.xx.2023-cü il tarixli Qərarının surətindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə İddiaçı təyin olunmuş pensiya məbləği 268,62 manat olan əmək pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 268 manat 62 qəpik olmuşdur. Qeyd: yenidən hesablama zamanı pensiyanın məbləği dəyişmədi. xx.xx.2006-xx.xx.2014-cü illərin pensiya kapitalı PASda aşkar olunmadığından xx.xx.1999-xx.xx.2006-cı illəri sığorta stajına əlavə edilməsi məqsədə uyğun deyil, eyni zamanda xx.xx.1999-xx.xx.2014-cü illər öz hesabında məzuniyyətdə olmuşdur. Bununla yanaşı qərarda qeyd olunmuşdur ki, ümumi sığorta stajı xx.xx.1992-ci ilədək 21 il, 09 ay, 02 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 06 il, 03 ay, 06 gün, cəmi xx.xx.2006-cı ildən pensiya hüququ yarananadək 28 il, 08 gün təşkil edir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlə Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********277700 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki: -Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlə Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" açıq səhmdar cəmiyyəti xx.xx.1998-ci il tarixdə 2832 № ilə dövlət qeydiyyatına alınmışdır. -xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" açıq səhmdar cəmiyyətinin “Nizamnamə”sinin (2-ci redaksiyada) surətindən görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsi 2 olan "xxxx" ASC xx.xx.2008ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17-1/2-95557/2023 №-li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə "xxxx" ASC-nin (SUN: **********1, VÖEN: **********) tərəfindən 1998-2001 və 2003-2014- cü illər üzrə 0111 fəaliyyət növünün kodu üzrə (işəgötürənlər- muzdla işləyənləri əmək müqavilələri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna omaqla)) təqdim edilmiş hesabatlarda ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə təqdim edilmiş “Məlumat”dan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 1998-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta -1000,00 manat; 1999-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 1000,00 manat; 2000-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 4,60 manat; 2001-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 0,00 manat; 2003-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 82,78 manat; 2004-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 64,62 manat, 2005-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 9,90 manat, 2006-cı il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 0,00 manat, 2007-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 0,00 manat, 2008-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 5078,32 manat, 2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 3259,30 manat, 2010-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 4509,00 manat, 2011-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 4763,17 manat, 2012-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 6353,84 manat, 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 7987,27 manat, 2014ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 9748,25 manat təşkil etmişdir.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 08 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, xx.xx.1951-cı il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixindən (Əmr №17-k; xx.xx.1998) Bakı Ət Kombinatının (hal-hazırda "xxxx" ASC adlanır) X3 şöbəsinə 5-ci dərəcəli menecer vəzifəsinə qəbul olunub və xx.xx.2014-cü il tarixində (Əmr №18-k; xx.xx.2014) öz xahişi ilə işdən azad olunmuşdur. Müəssisədə iş həcminin azalması ilə əlaqədar bir çox işçilər 1999-cu ildə öz hesabına məzuniyyətə göndərilmişlər, o cümlədən də İddiaçı xx.xx.1999-cu il tarixindən (Əmr №16-k; xx.xx.1999) işdən çıxma əmri verildiyi günə qədər öz hesabına məzuniyyətdə hesab olmuşdur. Məktuba əlavə edilmiş sonuncunun pensiya hesablanması üçün tələb olunan əmək haqqının illər və aylar üzrə məbləğlər barədə məlumat təqdim edilməklə aşağıdakı kimi olmmuşdur; 1998-ci il üzrə yanvar ayı – 586,00 manat, fevral ayı - 1368,00 manat, mart ayı- 2376,00 manat, aprel ayı - 2376,00 manat, may ayı - 2376,00 manat, iyun ayı – 2376,00 manat, iyul ayı – 2376,00 manat, avqust – 2376,00 manat, sentyabr ayı – 2376,00 manat, oktyabr – 2376,00 manat, noyabr ayı – 2376,00 manat və dekabr ayı – 2376,00 manat olmuşdur. 1999-cu il üzrə yanvar ayı – 2376,00 manat, fevral ayı - 2376,00 manat, mart ayı- 2376,00 manat, aprel ayı - 2376,00 manat, may ayı - 2376,00 manat, iyun ayı – 2376,00 manat və ümumillikdə yekun 39970,00 manat iddiaçıya əmək haqqı ödənilmişdir.

9. Bakı Apellyasiya məhkəməsinin 24 yanvar 2024-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 04 №-li cavab məktubu ilə xx.xx.1951-cı il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixindən başlayaraq öz hesabına məzuniyyətdə olması ilə bağlı əmrlərin bir-neçəsinin və T 2 kartının, həmçinin, işlədiyi müddətə aid əməkhaqqı cədvəllərinin surəti məhkəməyə təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi əmək stajı illərinə görə ona düşən əmək pensiyasının yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ümumilikdə 40 ildən çox əmək stajı var. Hesab edir ki, cavabdeh təşkilat onun əmək stajını gah 28 il 8 gün, gah da ki, 30 il 9 ay hesablayaraq, yekunda düzgün pensiya təyin etməmişdir. Belə ki, əvvəlki müraciətinə verilən cavabda qeyd olunur ki, xx.xx.1968-ci il tarixdən xx.xx.1999-cu il tarixədək əyani təhsil illəri də daxil olmaqla əmək stajı 26 il 5 ay 29 gün müəyyən edilmiş və nəticədə 681.22 manat məbləğində artıq vermə yaranmışdır. 681.22 manat məbləğində pulu ondan geri tuturlar. xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, xx.xx.2006-cı il tarixinədək 28 il 8 gün əmək stajı müəyyən edilmiş və müxtəlif tarixlərdən dəyişən olaraq müxtəlif məbləğlərdə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 285.28 manat məbləğində sonuncu əmək pensiyası təyin edilmişdir. xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Ət Kombinatında (keçmiş Bakı Malqara Tədarükü X4) işləmiş, işlədiyi müddət ərzində işlədiyi müəssisə Dövlət Sosial Müdafiə Fonduna sığorta ödənişi etməmişdir. 2014-cü ildən işlədiyi müəssisədən işdən çıxmışdır. 2000-ci ildə müəssisə ASC-yə çevrilmiş və dövlət tərəfindən verilmiş 4 səhmi ASC-yə təhvil vermiş və cəmiyyətin səhmdarına çevrilmişdir. 2019-cu ildə institut və hərbi xidmətə dair sənədləri DOST Mərkəzinə təqdim etmişdir. Bundan sonra ona bildirmişlər ki, onun əmək pensiyası 239 manat yox, 12 manat artaraq 251 manat olmuşdur. Kombinat hal-hazırda da fəaliyyət göstərir. Hesab edir ki, əmək pensiyası düzgün hesablanmayıb və yenidən hesablanmalıdır. Buna görə də məhkəməyə müraciət etmişdir.

12. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ona təyin olunmuş pensiyanın əmək kitabçasında qeyd olunmuş bütün dövrlərin nəzərə alınmaqla yenidən hesablanması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının müraciətinə mərkəzi filialda baxılmışdır. Cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajının aparılmış monitorinq nəticəsində 28 il 8 gün olduğu bildirilərək onun müraciətindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası “hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İş üzrə icraat materiallarından müəyyən olunur ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət və xx.xx.1970-ci il tarixdən xx.xx.1974-cü il tarixədək dövrləri də nəzərə alınmaqla) ümumilikdə 28 il 8 gün təşkil edir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Bakı Malqara Tədarükü Emal İstehsalat birliyində ("xxxx" ASC) aparılan monitorinq nəticəsində tərtib olunmuş qarşılıqlı yoxlama aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş sözügedən zavoddakı xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Bu barədə, “Əmək pensiyaları haqqında” Qanuna istinadən bildirilir ki, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Həmçinin, yuxarıda qeyd olunmuş qanunun 21.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyət dövrü sığorta stajına daxil olan dövrlər syahısında təsbit olunmadığından, həmin dövrləri sığorta stajının tərkib hissəsi kimi qeyd etmək yolverilməzdir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsində bildirilmişdir ki, zohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz “əzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmçinin 129.2-ci maddədə göstərilmişdir ki, işçiyə işəgötürənlə qarşılıqlı razılıq əsasında və kollektiv müqavilədə nəzərdə və ya əmək məcəlləsində nəzərdə tutulan şərtlərlə 6 aydan çox olmayaraq ödənişsiz məzuniyyət verilə bilər. Bundan başqa, Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz - məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmçinin, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və bu zaman Məcəllənin 169-cu maddəsinə əsasən boşdayanmanın vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) -maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2- 1(102)- 40/2022 nömrəli iş üzrə bildirdiyi, həmçinin hal-hazırki iş üzrə analoji rol oynayan qərara əsasən iddiaçının da işlədiyini iddia etdiyi sözügedən əmək fəaliyyəti zamanı qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci bəndində bildirilmişdir ki, uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah şlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6691/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçı-xx.xx.1951-ci il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində ödənişsiz məzuniyyətdə olduğu müddətdən 06 (altı) ayı əmək stajına daxil edilməklə, ona xx.xx.2014-cü il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq xx.xx.1951-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.

15. Hazırda iddiaçı ona təyin olunmuş əmək pensiyasının Bakı Malqara Tədarükü Emal İstehsalat birliyində (hazırda "xxxx" ASC) əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1999-cu il tarixindən xx.xx.2014-cü il tarixədək olan dövrlər nəzərə alınmaqla, əmək pensiyasına çıxdığı tarixdən yenidən hesablanmasını tələb edir.

16. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət ən çoxu altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər.

17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci, 69-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 21.1-ci, 7-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6691/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyasının: - 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu:

67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. - 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin: - 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

34. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Qərarın 24-28-ci bəndləri) çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənatə gəlmişdir ki, iddia tələbi qismən əsaslıdır.

35. Belə ki, işin hallarından müəyyən olunur ki, qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq xx.xx.1951-ci il təvəllüdlü İddiaçı xx.xx.2014cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı ona təyin olunmuş əmək pensiyasının Bakı Malqara Tədarükü Emal İstehsalat birliyində (hazırda "xxxx" ASC) əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1999-cu il tarixindən xx.xx.2014-cü il tarixədək olan dövrlər nəzərə alınmaqla, əmək pensiyasına çıxdığı tarixdən yenidən hesablanmasını tələb edir.

36. Hazırki işin araşdırılmış hallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının xx.xx.1999-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olması əsası ilə qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsindən imtina etmişdir.

37. Bakı Apellyasiya məhkəməsinin 24 yanvar 2024-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 04 №-li cavab məktubu ilə xx.xx.1951-cı il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixindən başlayaraq öz hesabına məzuniyyətdə olması ilə bağlı əmrlərin bir-neçəsinin və T 2 kartının, həmçinin, işlədiyi müddətə aid əməkhaqqı cədvəllərinin surəti məhkəməyə təqdim edilmişdir.

38. Məhkəmə Kollegiyası, ödənişsiz məzuniyyət dövrünün iddiaçının ümumi stajına daxil edilməsi ilə bağlı münasibətdə qeyd edir ki, bu məsələyə işçinin əmək stajı hesab edilən müddətlərlə əlaqədar müvafiq qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir.

39. Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. (1-ci hissə) İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (2-ci hissə). (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci və 129-cu maddəsi)

40. Məhkəmə Kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 128-ci maddənin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

41. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət ən çoxu altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər.

42. Bu Qərarın 29-cu bəndində istinad olunan hüquq normalarına əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

43. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmaqla, iddiaçının xx.xx.1999cu il tarixindən xx.xx.2014-cü il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olması müddətindən 06 ay onun əmək stajına əlavə edilməklə sonuncuya təyin edilmiş əmək pensiyası yenidən hesablanmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6691/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6691/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar