Məhkəmə qərarları › İş №2-1(103)-648/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-648/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-648/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X4 ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “kirayə haqqının və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3582/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594 yerləşən 32 №-li evin 62 №-li mənzillərinin 1993-cü ildən məcburi köçkünlər tərəfindən zəbt edildiyinə görə, 1993-cü ildən 2019-cu ilin avqust ayına kimi hər ayı 250 manat hesablanmaqla 78 000 AZN manat kirayə haqqı və 20 000 AZN manat mənəvi zərərin əvəzinin, ümumilikdə 98 000 AZN manatın onlara ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3582/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)-3177/18 saylı qətnaməsinə əsasən, X5, X9, X6, X3, X7 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-dən çıxarılmalı, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-ə köçürülməlidir. Qətnamə qanuni qüvvəyə minmiş, icra olunması üçün Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə yönəlmişdir, icra məmuru cənab Rəsul Mirzəpur tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və iş üzrə tərəflərə göndərilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi borcluların müraciətinə əsasən Qaradağ rayon İcra və Probasiya Şöbəsindən borcluların yaşayış sahəsi ilə təmin edilənədək icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İcra sənədi üzrə icraatın dayandırılması bizim Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrində təsbit edilmiş konstitusion hüquqlarımızın pozulmasına səbəb olur. Digər tərəfdən, məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etmək bizim deyil, cavabdehlərin vəzifəsidir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət edilir ki, cavabdehlər borcluları yaşayış sahəsi ilə təmin edənədək, kirayə haqqı ödəsinlər. Kirayə haqqının ödəmə müddəti 1993-cü ildən hesablanmalıdır. Çünki, mənzilimiz 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşmüş şəxslər tərəfindən zəbt edilmişdir. 1995-ci ildə isə Laçın rayonundan məcburi köçkün olan X5 və onun ailəsi tərəfindən zəbt edilmişdir. Bütün bunlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində də öz əksini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibat icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Mənzil cavabdehlərin təmin etməli olduğu məcburi köçkünlər tərəfindən 26 ildir ki, zəbt edilib. İddiaçılar mənzildən məhrum olduğuna görə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Mənzilin aylıq kirayə haqqı 250 (iki yüz əlli) manat məbləğindədir. Bu məbləği də 26 ilə hesablayanda 78.000 (yetimiş səkkiz min) manat təşkil edir. Bu məbləğ cavabdehlərdən-tutulmalıdır. Bundan əlavə, cavabdeh mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat da ödəməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin materialları ilə müəyyən edilir ki, Bakı şəhər, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-3177/18 saylı qətnaməsinə əsasən, X5, X6, X3, X7 və X1 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-dən çıxarılmaları, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin mənzilə köçürülmələri qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi verilmiş, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsi tərəfindən «icraata başlamaq haqqında» xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli xx/xx-8341 №-li məktubdan görünür ki, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsi X5 və onun ailə üzvlərinin yaşayış sahəsi ilə təmin olunması üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi balansında boş mənzil fondu olmadığı üçün məcburi köçkün X2 ailəsinin başqa yaşayış sahəsi ilə təmin olunmasının imkan xaricində olması, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasını Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx xxxx 2004-cü il tarixli 298 saylı Sərəncamnın 2-ci bəndinə uyğun olaraq onun ailəsinin başqa yaşayış sahəsi ilə təmin edilənədək dayandırılması barədə Qaradağ rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2019-cu il tarixli məktub ünvanlamışdır. Hazırda iddiaçılar mənzillərinin məcburi köçkünlər tərəfindən zəbt edildiyinə görə, 1993-cü ildən 2019-cu ilin avqust ayına kimi hər ayı 250 manat hesablanmaqla 78 000 AZN manat kirayə haqqı və 20 000 AZN manat mənəvi zərərin əvəzinin, ümumilikdə 98 000 AZN manatın onlara ödənilməsini istəyirlər. İddiaçılar bununla bağlı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etdikdən sonra hazırki iddianı qaldırmışlar. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması müvafiq qaydada təsdiq edilmiş Dövlət Programı əsasında həyata keçirilir ki, cavabdeh orqan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasını və mənzillə təmin edilməsini yalnız müvafiq Dövlət Programları əsasında həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx xxxx 2004-cü il tarixdə 298 saylı Sərəncamına əsasən «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşqulluğun artırılması üzrə Dövlət Programı» təsdiq edilmişdir. Həmin sərəncamla Dövlət Proqramına Əlavə qəbul edilmişdir. Dövlət Proqramına edilmiş Əlavənin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi başqa vətəndaşlara məxsus olan mənzillər və evlərin boşaldılması, orada müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Dövlət Proqramında digər dövlət qurumlarla ilə yanaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də icraçılardan biri kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 01 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki,məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış, iddia tələbinə etirazdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 21 fevral tarixli, 1346 saylı Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 01 iyul tarixli, 298 saylı Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşqulluğun artırılması üzrə Dövlət Proqramı»na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və İddiaçı1 mənzilində məskunlaşmış məcburi köçkün X2 ailəsinin adı da daxil edilmişdir. Həmin Dövlət Proqramına əsasən başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə bağlı köçürülmə prosesi həyata keçirildiyi zaman, iddiaçının mənzilində müvəqqəti məskunlaşan məcburi köçkün X2 ailə üzvlərinin də mənzillə təmin edilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. İşin materiallarından aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 01 iyul tarixli, 298 saylı Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşqulluğun artırılması üzrə Dövlət Proqramı»na məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vahid büdcə təsnifatı»na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, o cümlədən Bakı və Sumqayıt şəhərlərində xüsusi mülkiyyətdə olan yaşayış və qeyriyaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə kompensasiya və ya kirayə haqqının ödənilməsi məqsədi ilə vəsait ayrılması, müvafiq məsələnin cavabdehin səlahiyyətinə aid edilməsi işin materiallarından müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın əsassız olmasına dair düzgün nəticəyə gəldiyindən iş üzrə qərar dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3582/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər : imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar