Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-648/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8969/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanındakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 1990-cı il tarixli 15 nömrəli sərəncamı ilə ona ünvan 3 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Qeyd olunan yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və sözügedən yaşayış sahəsinin ona verilməsi barədə 11 iyul 1990-cı il tarixli 002219 nömrəli xidməti order verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd olunanlara istinadən o, yaşadığı ünvan 3 ünvanındakı yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinə ərizə ilə müraciət etmişdir. Mənzil-İstismar İdarəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən Mənzil-İstismar İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 3 ünvanındakı yaşayış sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olmadığı üçün daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8969/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qərardadı əsassız və qanunsuz olduğu səbəbindən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən sözügedən yaşayış sahəsinin Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti mənzil olduğunu və cavabdehin balansında olmadığına əsaslanmışdır. Lakin məhkəmə Müdafiə Nazirliyini üçüncü şəxs qismində işə cəlb etməyərək, məsələni obyektiv araşdırmadan qərardad qəbul etmişdir. Halbuki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən ünvan 3 ünvanındakı yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması və onunla daimi kirayə müqaviləsinin bağlanılması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3513/2022 saylı xx.xx.2022-ci il tarixli qərradadı ilə Azərbaycan respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsi adi cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilkin məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçı ünvan 3 ünvanındakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iddia tələbi üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti cavabdehlik daşıyan inzibati orqan deyildir. Belə ki, məhkəmənin müvafiq sorğuları əsasında təqdim edilmiş: - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli 01-13/118 nömrəli məktubundan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsi, Samir Cəfərov küçəsi 9 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Sözügedən binanın 130 saylı mənzili isə keçmiş 26 Bakı Kommisarları rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 002219 saylı xüsusi orderi ilə İddiaçı verilmiş xidməti mənzildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 7686 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 9, 130 saylı mənzil Müdafiə Nazirliyinin balansındadır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi sözügedən mənzilin qanun çərçivəsində xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına etiraz etmir. Bununla bağlı Mənzil-İstismar İdarəsi tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə müraciət məktubu ünvanlanmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli 104 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 9 saylı bina Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır, sözügedən binanın 130 saylı mənzili Müdafiə Nazirliyinin balansındadır. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası müdafiə nazirinin müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2/1532 nömrəli məktubdan aydın olur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, əlavə edilmiş sihayıda göstərilən mənzillərin (sözügedən mənzildə həmin siyahıda qeyd edilib) xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz edilmir. İşin hallarından göründüyü kimi, keçmiş 26 Bakı Kommisarları rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 002219 saylı xüsusi orderi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 9, 130 saylı xidməti mənzil İddiaçı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz etməmiş, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi də sözügedən mənzilin qanun çərçivəsində xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına etiraz etmədiyini qeyd edərək Suraxanı rayon İcra Hakimiyyətinə müraciət məktubu ünvanlanmışdır. Belə olan halda Məhkəmə kollegiyası xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələri ilə bağlı, həmçinin yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. - 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. - 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq eidlmiş Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi haqqında Qaydaların 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Göründüyü kimi, hazırda sözügedən mənzil xüsusi təyinatlı mənzil fonduna aid edilmiş xidməti mənzildir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmçinin, Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin məktublarını əsas gətirərək, həmin inzibati orqanlar tərəfindən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına etiraz edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası isə izah edir ki, yuxarıda qeyd edilən Qaydalardan da aydın olduğu kimi xüsusi təyinatlı mənzil fonduna aid edilmiş mənzilin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılması müvafiq prosedur qaydada həyata keçirilməlidir. Hazırki halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən etiraz edilmədiyindən balans saxlayıcı Müdafiə Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilməli, daha sonra müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilməlidir. Yəni ki, hazırki halda mənzilin yerləşdiyi ərazi üzrə icra hakimiyyətinin balansına daxil edilməlidir. Lakin işin hallarından aydın olduğu kimi, sözügedən mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında saxlanılmış, Suraxanı Rayon İcra Hakimiyyətinin balansına daxil edilməmişdir. Məhkəmə kollegiyası hüquqi yardım göstərək izah edir ki, iddiaçı ilk öncə sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı aidiyyəti inzibati orqana müraciət etməli, mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı qərar qəbul edilməli, müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının balansına daxil edilməklə sosial təyinatlı yaşayış fonduna aid edilməlidir. Bundan sonra isə iddiaçı hazırki tələblə müraciət etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin hazırda iddiaya cavab verməli olan orqan olmaması ilə bağlı gəldiyi qənaət əsaslıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8969/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-648/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-648/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver