Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-648/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11065/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı il təvəllüdlü olmaqla, uzun illərdir ki, ağır xəstədir. Uzunmüddətli müalicələr almağına baxmayaraq, səhhətində müsbət irəliləyiş müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq, TSEK-ə müraciət olunmuş və müayinələrdən keçdikdən sonra xx.xx.2010-cu ildə «Ürəyin xroniki işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası 3-cü funksional sinif. Hipertoniya xəstəliyi 3-cü mərhələ. Ürək çatışmazlığı 2-ci funksional sinif. Nevrosteniya. Torlu qişanın angiopatiyası» diaqnozu ilə ona TSEK tərəfindən 2-ci (ikinci) qrup əlillik təyin edilmişdir. İddiaçı dəfələrlə stasionar və uzunmüddətli ambulator müalicələr almışdır. Hər il əlilliyi ilə bağlı Tibbi Sosial Ekspertiza Komissiyası (Agentlik) tərəfindən müayinə olunmuş və hər dəfə əlilliyi təstiq edilmişdir. 2016-cı ildə təkrar müayinədən sonra 2-ci dərəcə 5 (beş) il müddətinə əlillik təyin edilmişdir. Ümumilikdə onun 12 (on iki) il fasiləsiz əlilliyi olmuşdur. Azərbaycan Respublikası Nazirllər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təstiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.2. bəndinə əsasən «ikinçi və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin, 04 avqust 2022-ci ildə 12 (on iki) il fasiləsiz əlilliyi olduğu halda, növbəti qiymətləndirmədə iddiaçıya əlillik müddətsiz təyin olunmalı olduğu halda, iş üzrə cavabdeh olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yuxarıda göstərilən Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarının tələblərini kobud surətdə pozaraq əlilliyi ləğv etmiş və təqaüdünü əsassız olaraq dayandırmışdır. Səbəbini isə «Əlavə müaliyəcə ehtiyac olmasını qeyd etmişdir. Ətraflı: «müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür» kimi göstərmişdir.Tibbi sənədlərlə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda, əlilliyin müddətsiz müəyyən edilməsi üçün «Forma- 88-in tərtib edilərək, əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır. Bununla belə, həmin dövrdə Forma 88 alınması üçün müəyyən edilmiş yeni və daha sərt qaydalara riayət edərək, o, stasionar müalicə almış və çoxsaylı müayinələrdən keçərək, zəruri tibbi sənədləri X6 təqdim etmiş, peşəkar və tanınmış 8 nəfərlik mötəbər həkim komissiyasından da keçdikdən sonra ona qoyulmuş ağır xəstəlik diaqnozu tam təstiq edildikdən sonra Forma 88 elektron qaydada xx.xx.2022-ci il tarixdə iş üzrə cavabdehə göndərilmişdir. Lakin cavabdeh heç bir qanuni əsaslar olmadan xx.xx.2022-ci ildə əsassız olaraq imtina etmişdir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli əsassız imtinası ilə əlaqədar olaraq iş üzrə olan mötəbər tibbi sənədlər əsasında iddiaçıya 2-ci (ikinci) qrup əlillik təyin edilməsi barədə xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi müraciət olunmuşdur. Lakin, cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bundan əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11065/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci ildə Forma-88 alınması üçün cavabdehin yeni müəyyən etdiyi sərt qaydalara riayət edib, stasionar müalicə almış, çoxsaylı həkim müayinələrindən keçərək, tibbi sənədləri X6 təqdim etmiş, həkim komissiyası ağır xəstəlik diaqnozunu bir daha tam təstiq etmiş və Forma-88 xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş, lakin cavabdeh heç bir qanuni əsaslar olmadan pensiyasını bərpa etməmiş və bu barədə ona nə qərar təqdim etməmiş, nə ünvanına məktub, nə də SMS bildirişi göndərməmişdir. Həmin dövrdə ağır xəstə olsa da, Gəncə şəhərində tənha yaşayan 84 yaşlı yataq xəstəsi olan anasının müalicə və qulluğu ilə 2 il davamlı məşğul olduğundan, pensiyanın hansı əsas və səbəblə kəsilməsini bilməmiş və cavabdehin yaratdığı süni əngəllər səbəbi ilə heç cür məlumat da almaq mümkün deyildir. Lakin xx.xx.2023-cü ildə anası vəfat etdikdən sonra Bakıya ailəsinin yanına qayıdaraq, pensiyanın kəsilmə səbəbi ilə maraqlanmış, 2024-cü il mayın sonunda çətinliklə öyrənmişdir ki, cavabdeh pensiyasını tibb elmində mövcud olmayan «əlavə müalicəyə ehtiyacı var» bəhanəsi ilə əsassız kəsmiş və bu barədə ona indiyədək də nə qərar təqdim etməmiş, nə ünvanına məktub, nə də SMS bildirişi göndərməmişdir. Ona görə xx.xx.2024cü ildə cavabdehə rəsmi müraciət edərək, işdə olan tibbi sənədlər əsasında ona müddətsiz 2-ci dərəcə əlillik təyin olunmasını xahiş etmişdir, lakin cavabdeh xx.xx.2024-cü il tarixli cavabla nəinki imtina etmiş, hətta ona hədə qorxu da gəlmiş, o da qısa müddətdə məhkəməyə iddia ilə müraciət etmişdir. Bundan başqa qərardadda İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) prosessual tələbləri də sadalanmış, lakin onların lüzumsuz sadalanması əsassız qərardada hüquqi don geyindirmək məqsədi ilə edilmiş və heç bir halda onun tərəfindən iddia müddətinin guya buraxılması barədə heç bir dəlil sübut gətirilməmişdir. Bildirir ki, məhkəmə özünün istinad etdiyi AR AM-nin Plenum Qərarının 6.1-ci bəndində olan tövsiyyələrin heç birinə əslində əməl etməmiş və Plenum Qərarının tövsiyyələrini və İPM-nin tələblərini düzgün təfsir və tətbiq etməmişdir. Belə ki, X7 2.3.-cü bəndinə əsasən məhkəmə ilk növbədə cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini İPM-in 37-ci maddəsinə uyğun yoxlamalı olsa da, məhkəmə bunların heç birini aşkar surətdə etməmişdir. X7 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsi, 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir, 3.4-cü bəndinə əsasən birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalı, 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması, iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmaldırlar, 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır, 5.3-cü bəndinə əsasən iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalı, 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s. də mövcudluğu yoxlanılmalıdır, 13-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ... hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda sadalanan məlum Plenum Qərarının və İPM-nin müddəa və tələblərinə riayət etməmiş onları proses zamanı tətbiq etməmişdir. Məhkəmə məlum Plenum Qərarının və İPM-nin tövsiyə və tələblərini ilk gündən pozmuş, 10 gün ərzində təqdim olunmalı olan qərardad (göndəriş barədə məktubda formal olaraq xx.xx.2024-cü il tarix qeyd olunub) yalnız onun israrlı xahişlərdən sonra xx.xx.2024-cü ildə təqdim olunarkən, iclas protokolu ilə tanış olan zaman protokolda proses zamanı baş verənlərdən təmamilə fərqli və cavabdehin heç bir dəlil-sübut gətirmədiyi əsassız mövqeyinin lehinə olan və faktiki reallığı təhrif edən ifadələr işlədilmişdir. Buna görə də uyğunsuzluqların aradan qaldırılması barədə xx.xx.2024-cü il tarixdə qeydlərlə məhkəməyə müraciət etmişdir. (bax: qoşma). Cavabdeh təqaüdünü AR NK-nin 2015-ci il tarixli Qərarının imperativ tələbinə zidd olaraq ona heç bir qərar təqdim etmədən, məktub və yaxud SMS-lə məlumat verilmədən qanunsuz kəsmiş, çətinliklə səbəbini öyrənən kimi xx.xx.2024-cü ildə cavabdehə rəsmi müraciət edərək, işdə olan tibbi sənədlər əsasında ona müddətsiz 2-ci dərəcə əlillik təyin olunmasını xahiş etmiş, lakin cavabdeh öz qanunsuz əməlini ört-basdır edərək, xx.xx.2024-cü il tarixdə imtina etmiş, hətta ona hədə qorxu da gəlmiş, ona görə də məhkəməyə müraciət etmişdir. Bundan başqa protokolda qeyd olunub ki, cavabdeh deyib ki, iddiaçının hazırki vəziyyətində ağırlaşma olmayıb, yüngülləşmələr ola bilər, yenidən Forma-88 almağını tövsiyyə edir, bu isə o deməkdir ki, hakim cavabdehin lehinə əsassız qərar qəbul edəcəkmiş deyə əvvəldən ona demişdir ki, «cavabdehin tövsiyyələrini dinləyin ki, nə etməli olduğunuzu biləsiniz». Halbuki, ixtisasca hüquqşünas olan nümayəndə həkimlik savadı və tibbi ekspert bilikləri olmadığı halda zalda haradan bilərdi ki, onun hazırki vəziyyətində ağırdaşma olmayıb, yüngülləşmə ola bilər. O cavabdehə sual verdikdə ki, havadanmı və hansı əsasla belə deyir, o cavab vermişdir ki, belə düşünür. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı cavabdehin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apllyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan TSEK Müayinələrinin qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya Ümumi xəstəlik səbəbindən xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2015-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı daha sonra xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə təkrar müayinəyə getsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə X4 08 avqust 2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və «əlavə müalicəyə ehtiyac olması» səbəbi ilə xx.xx.2022-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia növünə görə məcburetmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 24.2-ci maddəsinə əsasən Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, qüvvədə olan inzibati prossesual qanunvericilikdə məcburetmə haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də onun qanunvericilkdə nəzərdə tutulmuş müddətdə məhkəməyə verilməsidir. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarından məlumatlı olmasına baxmayaraq təxminən 2 il sonra, yəni qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan normaların tələbinə görə, iddia müddəti ötürüldükdə və bundan 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi yolverilməzdir. Bu səbəbdən iş üzrə birinci instansiya məhkəməsi iddia müddətinin bərpası ilə bağlı müvafiq ərizənin verilməsini iddiaçıya təklif etməyə lüzum görməmişdir. Bu mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqların müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə kollegiya iddiaçıya hüquqi yardım baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq tibb müəssisəsinə müraciət edərək, barəsində yeni göndərişin tərtib edilməsini və daha sonra onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün həmin göndərişin TSEK-ə göndərilməsini tələb edə bilər. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında yuxarıdakı kimi əsaslandırılmışdır (2-1(102)-1318/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qeyrimümkün sayılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11065/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11065/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-648/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-648/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver