Məhkəmə qərarları › İş №2-1(103)-649/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-649/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-649/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızına katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1972-ci il tarixdə Füzuli rayonunun Mahmudlu kəndində anadan olmuş, Bakı şəh., Babək pr., ev 90, mən. 14) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3076/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Xanalıyev Qədim Əliyar oğlu xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiаçı Xanalıyev Qədim Əliyar oğlu xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir, xx xxxxxx 1992-ci ildən xx xxxxxx 1994-cu ilədək N saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, döyüş əməlliyatlarında iştirak etmişdir. 2-ci qrup Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar əlildir. Halhazırda iddiaçı 5 nəfərdən ibarət ailəsilə birlikdə , sahəsi 38,6 kv.m olan mənzildə yaşayır. İddiaçı hesab edir ki, bir nəfər üçün yaşayış sahəsi 9 kv.m olduğu üçün o, mənzil növbəsinə götürülməlidir. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri sənədləri təqdim etməklə mənzil növbəsinə götürülməsi haqqında ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin Xətai rayon İcra Hakimiyyəti 24.01. 2020-ci il tarixli cavab məktubu ilə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir.İmtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində mənzil var. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuna ziddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3076/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı Xanalıyev Qədim Əliyar oğlunun cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3076/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -AN-İ seriyalı, №0015121 saylı, xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın Alqısatqı Müqaviləsinin surətinə əsasən qeyd edilmişdir ki, Fizuli rayonu, Mahmudlu-3 kəndində yaşayan X1, xx.xx.1980-ci ildə doğulmuş, pasport: AZE №00265203 Xətai RPİ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş gələcəkdə “Satıcı” adlanan və həmin ünvanda yaşayan İddiaçı, xx.xx.1972-ci ildə doğulmuş, pasport: XX11-JQ №709106 Fizuli RPİ tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş gələcəkdə “Alıcı” adlanan digır tərəf müqaviləni bağlamışlar. -Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, X-1/2-068/2 nömrəli məktubunda qeyd edilmişdir ki, ümumi sahəsi 67.6 kv.m olan yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı ev onun tam mülkiyyətindədir. Yuxarıda qeyd edilənlər və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq o mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyindən xahişi imkan xaricindədir. -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM № 199688 seriya və nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri Babək prospekti 90 saylı evin 38.6 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1205 saylı reyestr kitabında 180947 səhifəsində 30/16326№ ilə xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********98№-li məktuba əsasən İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90, 14 saylı mənzil Bakı şəhəri 18 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2004-cü il tarixli, 4Ə-04-607 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “işin faktiki hallarına əsasən iddiaçı beş nəfərdən ibarət ailəsi ilə hazırda yaşadığı 3 otaqlı, ümumi sahəsi 67,6 kv.m, yaşayış sahəsi 38,6 kv.m olan mənzilin mülkiyyətçisidir. Belə olan halda o, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanuna uyğun olmuşdur” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1- ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52- ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər”. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 90 saylı evin 38.6 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 saylı mənzili İddiaçı mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində mənzil olduğundan, o, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Bu səbəbdən hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3076/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3076/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar