Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-649/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “ehtiyata buraxılması barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ehtiyata buraxılması barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7947/2022 saylı 05 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 20N-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan 1-ci aviasiya eskadrilyasının (M-24) komandiri, polkovnik – leytenant İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı madəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiq hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısınında vəsatət qaldırılması və ehtiyata buraxıldıqdan sonra qeydiyyata durmaq üçün sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə göndərilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 950 saylı Hərbi Hissə tərəfindən iddiaçıya ünvanlanmış 3930 saylı xx.xx.2022-ci il tarixli imtnina məktubunda qeyd edilmişdir ki, iddiaçının xidmət sahəsindəki xüsusiyyətlərini, üçuş təcrübəsini və bu sahədə təcrübəli mütəxəssis olduğu nəzərə alınaraq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin göstərişinə əsasən zabitlərin öz arsuzu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları bir qayda olaraq Azərbaycan Ordusunun yay və qış təlim dövrləri (yanvar, iyul) qurtardıqdan sonra aparılmalıdır. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məsələsi cari ilin iyul ayında müzakirə olunması planlaşdırılır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ehtiyata buraxılması barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı il oktyabr ayınadək kursant kimi həqiqi hərbi xidmət keçmiş, 1999-cu ildən bu günədək N saylı hərbi hissədə polkovnikleytenant hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. N fevral 2022-ci il tarixdə komanda üzrə hərbi hissə komandirinə raportla müraciət edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raport N fevral 2022-ci il tarixdə "xxxx" MMC vasitəsi ilə göndərilmiş və hərbi hissənin kargüzarlığında N fevral 2022-ci il tarixli 1326 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. Hərbi hissə komandiri onun ehtiyata buraxılmağı üçün yazdığı raportun üzərinə müvafiq dərkənar qoymuş və həmin raport 15 fevral 2022-ci il tarixdə (xaric olma nömrəsi 621) qərar qəbul edilməsi üçün yuxarı instansiyaya – Hərbi Hava Qüvvələri Komandanlığına göndərilmişdir. Lakin raporta mahiyyəti üzrə baxılmamış, baxılmamasının səbəbləri barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Bundan sonra o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə 6 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə nazirinə və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanına şikayət ərizəsi ilə müraciət edərək N fevral 2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq təqdimatın N saylı hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raporta uyğun olaraq onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin bu günədək bu müraciətlər də cavabsız və nəticəsiz qalmışdır. Göstərilənlərə əsaslanaraq və «Vətəndaşların müraciətlərinə baxılması haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Silahlı X1, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, Azəbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələri Komandanlığının (N saylı hərbi hissə) və N saylı hərbi hissənin vəzifəli şəxslərinin iddiaçının raportunun cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz sayılması, iddiaçının N fevral 2022-ci il tarixli raportuna və 6 mart 2022-ci il tarixli şikayət ərizəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimatın N saylı hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi, raporta uyğun olaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı zabit kimi 1999-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor,polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda polkovnik-leytenant hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi, bununla da Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Silahlı Qüvvələr qarşısında Azərbaycan Respublikası Prezidenti - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7947/2022 saylı 5 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı N fevral 2022-ci il tarixli raportuna əsasında «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil dir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan hərəkətsizlik göstərmişdir. İPM-nin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası 39-cu maddəsinə əsasən hərəkətsizliklə bağlı iddianın 35 gün keçdikdən sonra verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı Cavabdehnə qarşı tələbi “N fevral 2022-ci il tarixli raportuna əsasında «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından hərəkətsizlik göstərilməklə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən aparılmış inzibati icraat nəticəsində iddiaçının müraciəti (raportu) üzrə imtina edilməsi (yay və qış təlim dövrlərin bitməməsi əsası ilə) qanunvericiliyin tələblərinə, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11, 12, 13, 17-ci maddələrinin, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 18-ci maddəsinin tələblərinə zidd hərəkətdir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Həmin Qanunun 22-ci maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddənin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə görə hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının N sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İnzibati mübahisənin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı 15 oktyabr 1999-cu il tarixdən Azərbaycan Ordusunda (bu barədə hərbi hissənin arayışı var), yəni N ildən artıq müddət zabit qismində xidmət etmiş hərbi qulluqçu kimi “öz arzusu ilə ehtiyata buraxılması barədə” ərizə ilə (raportla) N fevral 2022-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə müraciət etmişdir. Hərbi Hava Qüvvələrinin qərargahında müraciətə baxılmış və onunla fərdi söhbətlər aparılmışdır. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq səbəbləri öyrənildikdən sonra aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Hərbi Hava Qüvvələrinin rəhbərliyinə məruzə edilmiş, xidmət sahəsindəki xüsusiyyətlərini, uçuş təcrübəsini və bu sahədə təcrübəli mütəxəssis olduğu nəzərə alaraq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilməmişdir. Bu hallar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa işə birinci instansiya qaydasında baxılarkən müəyyən olunmuşdu ki, N nömrəli hərbi hissə hazırkı iddiaçı – polkovnik-leytenant İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məsələsinin cari ilin iyul ayında müzakirə aparılmasını nəzərdə tutmuşdur. Lakin hazırda iddiaçı öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdən müəyyən olunur ki, cavabdehin imtinası hazırki vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğu üçün iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulan müvafiq vəzifələrdə zabit olaraq azı 10 il xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılmasını tələb etməkdə haqlıdır və onun bu tələbi mövcud qanunvericiliyin müddəasına görə şərtsiz və hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən əsaslı iddia kimi təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7947/2022 saylı 05 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7947/2022 saylı 05 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. ss Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-649/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-649/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver