Məhkəmə qərarları › İş №2-1(103)-65/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-65/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-65/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-1731/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən 06.07.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomunun tanınması və bununla bağlı şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən 06.07.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diploma əsasən dövlət imtahan komissiyasının 19.06.2018-ci il tarixli qərarı ilə iqtisadiyyat peşə istiqaməti üzrə bakalavr ali-peşə ixtisas dərəcəsi verilmişdir. Əldə etdiyi diplomun Azərbaycan Respublikasında tanınması üçün (nostrifikasiya olunması) 04.06.2019-cu il tarixdə Təhsil Nazirliyinə müraciət etmiş, 03.10.2019-cu il tarixli A78C2318E349629 nömrəli müraciətinə cavab olaraq göstərilmişdir ki, cavabdehin nəzdində olan Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil, ona görə də ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Ona görə də, diplomun tanınması və şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, o, rus dilini qənaətbəxş dərəcədə bilir, bu əsasla imtina verilməsi həm əsassızdır, həm də qanunsuzdur. Tədris dövründə dərslərdə və imtahanlarda iştirak etmiş, imtahanları verərək təhsilini başa vurub dövlət imtahanında iştirak edərək diplomu müdafiə edərək bakalavr dərəcəsi almışdır. Təhsil aldığı müddətdə davamiyyəti əla olmuşdur. Məhkəmənin 04 mart 2020-ci il tarixli qərardadları ilə inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilərək, Azərbaycan Respublkası Təhsil Nazirlyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.3-cü bəndinə əsasən, təhsilin məzmunununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanmması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu AR Nazirlər Kabinetinin 13.05.2003cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə, təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etməkdədir Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “Təhsil haqqında” 11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Cəmiyyətin hər bir inkişaf səviyyəsində bu təcrübə təhsilin məzmununu təyin edən aşağıdakı elementləri əks etdirməlidir: biliklər toplusu - təbiət, cəmiyyət, istehsalat, düşüncə və fəaliyyət üsulları haqqında biliklər; fəaliyyət üsulları fəaliyyətin məlum üsullarının həyata keçirilməsi üzrə toplanmış təcrübə; bu təcrübə eyni zamanda şəxsiyyətin müəyyən bacarıq və vərdişlər üzrə əldə etdiyi bilikləri də özündə əks etdirir; yaradıcı fəaliyyət təcrübəsi - cəmiyyətin tələbatına uyğun olaraq əvvəllər əldə edilmiş bilik və bacarıqların yeni şəraitdə tətbiq edilə bilməsi üçün yaradıcı fəaliyyət təcrübəsi, yeni fəaliyyət formalarının axtarışı və formalaşdırılması; cəmiyyətin əldə etdiyi nailiyyətlərə hörmətlə yanaşma təcrübəsi - insanın fəaliyyət obyektləri və üsullarına, ətraf aləmə, digər insanlara və ümumiyyətlə, bəşəriyyətin əldə etdiyi maddi və mədəni sərvətlərə hörmətlə yanaşma, dəyərləndirmə üzrə təcrübədən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”n 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsində qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır”. d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır”. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər”. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.5-ci bənində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında işə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Bu Qaydaların 1.1-ci, 2.2-ci və 3.6-cı bəndlərindən görünür ki, ixtisasların tanınması zamanı bilavasitə bu sahəni əhatə edən və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tətbiqi nəzərdə tutulmuşdur. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvesiyaya uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirlliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirlliyi tərəfindən verilir. Sözügedən Qaydaların 3.6cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-1731/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən 06.07.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə Qurbanov X1 peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən 06.07.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universitetində oxuduğu müddət ərzində “iqtisadiyyat” ixtisası üzrə 53 fəndən kafi, yaxşı və məqbul qiymətləri almışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq onun nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdehin imtinasını əsaslandırdığı iddiaçının ixtisasın mənimsənilməsi üçün tədris dilini (rus dili) bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin deyil, onun təhsil aldığı müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin vaxt başa vurduğundan, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd edilən dəlili ilə razılaşmır. Beləliklə, qeyd edilən səbəblər qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olmayaraq imtina cavabı verilmişdir. Hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından cavabdeh iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə hansı sübutlar əsasında gəldiyi müəyyən edilmir. Yəni, cavabdehin müsahibə zamanı iddiaçının dil biliklərini hansı qaydada yoxladığı bəlli deyildir. Eləcə də, bu yoxlamanın nəticələrini əks etdirən sübut (məsələn, CD və.s) da cavabdeh tərəfindən təqdim edilməmişdir. Bununla bağlı olaraq qeyd olunmalıdır ki, iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı halına istinad etdiyi üçün bu halı təsdiq edən mötəbər sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24-cü maddəsinin 3-cü bəndinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir; 4-cü bəndinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutları toplamağa borcludur. Bundan başqa, qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı 2-1(103)-715/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadla İddiaçı “diplom üzrə ixtisasının tanınması”na dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilmiş, cavabdeh inzibati orqan tərəfindən qərardad icra edilərək, aparılmış ekpertizanın nəticələrinə dair 02.11.2021-ci il tarixli məktub və disk təqdim edilmişdir. Məktubda qeyd olunmuşdur ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Aparılan ekpertiza zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdən artıq 3 ildən artıq müddət keçmişdir. Təqdim olunan disk isə ilkin inzibati icraat zamanı aparılmış ekspertizanın nəticələri ilə bağlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən İddiaçı 06.07.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomunun tanınmasından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-1731/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən 06.07.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomun tanınması və bununla bağlı şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-1731/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən 06.07.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomun tanınması və bununla bağlı şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar