Məhkəmə qərarları › İş №2-1(103)-65/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-65/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-65/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrünün əmək haqqının tam ödənilməsi və məcburi iş buraxma dövrünün iş stajına daxil edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(112)-6945/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, onun Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsinin növbətçi köməkçisi vəzifəsinə bərpa ediməsi, məcburi iş buraxma dövrünə görə əmək haqqının tam olaraq ödənilməsi və məcburi işburaxma dövrünün xidmət illərinə daxil edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, polis baş serjantı kimi Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsinin növbətçi köməkçisi vəzifəsində xx.xx.2011-ci ildən xidmət göstərmişdir. Lakin xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan xidmətdən uzaqlaşdırılmışdır. Eyni zamanda heç bir əmr ona təqdim olunmamış yalnız əmək kitabçası təqdim edilmişdir. Əmrin tarix və nömrəsi həmin kitabçada qeyd edilmişdir. Şifahi olaraq bildirilmişdir ki, xidmətdən uzaqlaşdırılmasına əsas Binəqədi rayon Polis İdarəsində zərərçəkmiş şəxs kimi tanındığı hadisə barəsində zərərçəkdiyi gün məlumat verməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, onun həmin gün məlumat verməsi faktiki olaraq mövcud ola bilməzdi. Belə ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində o, növbədə olmadığı yaşadığı mənzildən ev geyimində qardaşının avtomobilini məhəllədəki avtomobil yuma məntəqəsindən götürməyə gedərkən həmin mənzilin yaxınlığında 2 nəfər şəxsin dalaşdığının şahidi olmuşdur. Bu zaman həmin şəxslərə yaxınlaşaraq özünü təqdim edərək mübahisəni dayandırmalarını və ayrılmalarını tələb etmiş, lakin həmin şəxslər iddiaçıya fikir vermədən əlbəyaxa mübahisələrini davam etdirdiklərindən o, onları aralamaq istədikdə, həmin şəxslərdən birinin iki bıçaq zərbəsi onun ağ ciyər nahiyəsini ağır zədələmiş və iddiaçı yerə yıxılmışdır. Bundan sonra onun qardaşı səs-küyə çıxmış və tez iddiaçının Sabunçu 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirmişdir. O, çox qan itirdiyindən dərhal əməliyyata alınmış və narkoz vasitəsilə ağciyərində açıq əməliyyat həyata keçirilmişdir. Bundan sonra o, reanimasiyaya qaldırılmışdır. O, hadisədən bir gün sonra özünə gəlmiş və hadisə üzrə araşdırma aparan polis müstəntiqinə tam olaraq məlumat vermişdir. Bundan sonra o, əmək qabiliyyətini müvəqqəti itirdiyindən 2022-ci ilin fevral ayının 18-nə kimi müalicə almış və 18 fevral tarixində işə çıxdıqda ona azad edildiyi bildirilmişdir. İşdən azad edilməsinin səbəbi ona izah edilməmişdir. O, əmrin surətini istədikdə əmrin verilə bilməyəcəyini və yalnız kitabçasını götürə biləcəyi bildirildiyindən o, əmək kitabçasını götürərkən kitabçasında işdən azad edilməsinin əsası, yəni hansı qanunvericilik aktının tələbinə əsasən işdən azad edilməsi qeyd edilmədiyindən bu günədək rəsmi hər hansı əsasla işdən azad olmasını öyrənə bilməmişdir. Onun qeyd edilən mübahisə ilə bağlılığı olmamışdır. Faktiki baş verəcək təhlükənin qarşısını alarkən özü təsadüfən ağır xəsarət almışdır. O, sabitliyin qorunması, digər şəxsin zərərçəkməsinin qarşısını almaq üçün özünü təhlükəyə atmışdır. Bu onun tutduğu vəzifəsindən və insanı tutumundan irəli gəlmişdir. Göründüyü kimi, onun işdən çıxarılmasının heç bir hüquqi və faktiki əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(112)-6945/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Polis İdarəsinin “Binəqədi RPİ növbətçi hissənin növbətçi köməkçisi İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə” Ə61-059-22 nömrəli, 21 fevral 2022-ci il tarixli əmrində əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmadığı qeyd edilir. Kollegiyanın diqqətinə çatdırırıq ki, iddiaçı belə bir əmrin olmasından, ümumiyyətlə, xəbərsizdir. Məhkəmədən bu məsələyə aydınlıq gətirilməsi üçün həmin əmrin surətinin və ona əsas olmuş sənədlərin, o cümlədən iddiaçının izahatının, əmrin ona verilməsini təsdiq edən məktubun və ya alınmanı təsdiq edən digər imzalı sənədin Polis İdarəsindən tələb edilməsi xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Bu da onu göstərir ki, iş araşdırılmadan inzibati orqanın əmri mötəbər hesab edilərək qərar qəbul olunmuşdur. Həmçinin, İddiaçı barəsində inzibati akt qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud sürətdə pozulmuşdur. Belə ki, onun barəsində inzibati akt qəbul edilərkən onun hüquqi müdafiə vasitələrindən istifadə edilməsi və dinlənilməsi üçün şərait yaradılmamışdır. Bundan sonra iddiaçı öz hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etsə də, məhkəmə iddiaçının hüquqlarının müdafiəsinə yönələn heç bir araşdırma aparmadan qərar çıxartmışdır. Məhkəmə iddiaçının işdən azad edilməsinə əsas olmuş əmrin əsaslı olub, olmamasını aydınlaşdırmamışdır. Belə ki, əmrin əsasında həm qeyd edilən hadisə, həm də iddiaçıya verilmiş töhmət durur. Həmin töhmətlərin hansı əsasla verilməsi, verilməsi zamanı qanunun tələblərinə əməl edilib-edilməməsi aydınlaşdırılmamışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən əmr xx.xx.2022-ci il tarixli olmaqla, iddia ərizəsi məhkəməyə müəyyən edilmiş müddət daxilində xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin: - 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. - 2-ci bəndinə əsasən Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. - 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. - 16-cı bəndinə əsasən özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. - 17-ci bəndinə əsasən müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2009-xx.xx.2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Daxili İşlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 11 il, 11 ay, 27 gün (on bir il, on bir ay, iyirmi yeddi gün) təşkil etmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 059-15982-1222 nömrəli məktubla təqdim edilmiş İddiaçı barəsində 21 fevral 2022-ci il tarixli əmr və əmrin verilməsinə əsas olmuş sənədlərdən görünür ki: - Binəqədi rayon Polis İdarəsinin Ə324-053-21 nömrəli, 01 oktyabr 2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”nin və xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər oqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozaraq 28 sentyabr və 01 oktyabr tarixində üzrsüz səbəbdən vaxtında işə gəlmədiyinə, həmçinin əvvəllər yol verdiyi analoji nöqsanlara görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq edilən iradlardan nəticə çıxarıb xidmətində müsbət dönüş yaratmadığına və xidməti yoxlama zamanı qeyrisəmimilik göstərdiyinə görə Binəqədi RPİ-nin növbətçi köməkçisi polis baş serjantı İddiaçı “töhmət” elan edilmişdir. - Binəqədi rayon Polis İdarəsinin Növbətçi Hissəsinin məsul növbətçisi X2 tərəfindən Binəqədi rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, verilən suallara cavab olaraq bildirmişdir ki, 2016-cı ildən tutduğu vəzifədə işləyir. Cari ilin yanvar ayından polis baş serjantı İddiaçı növbətiçi köməkçi kimi onunla eyni növbədə xidmət aparır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə növbədə olmuşlar. Sabahkı gün, yəni xx.xx.2021-ci il tarixdə növbəni təhvil verib evə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində İddiaçı qardaşı Elmir, Elvinin mobil telefonu ilə ona zəng edib bildirmişdir ki, Elvin 3 saylı şəhər xəstəxanasındadır, əməliyyat olunmuşdur. O, maraqlandıqda, Elmir demişdir ki, dünən axşam yıxılıb, ağ ciyərinə dəmir batıb. Həmin gün axşam saat 17:00 radələrində xəstəxanaya getmişdir. Elvinlə ətraflı danışa bilməmiş, sonra qardaşı Elmirlə təxminən 30-40 dəqiqə danışmışdır. O, ona bildirmişdir ki, Elvin məhəllədə yıxılıb və bu zaman böyrünə dəmir batıb. O, ona izah etmişdir ki, əgər başqa hadisə baş veribsə düzünü desin ki, o da, rəhbərliyə məruzə etsin. O, təkidlə yenə bildirmişdir ki, özü yıxılıb. Elvin yaxşı danışa bilmədiyindən, onun özündən heç bir şey öyrənə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, istintaq araşdırıb və məlum olmuşdur ki, İddiaçı bıçaqla vurub xəsarət yetiriblər. - Binəqədi rayon Polis İdarəsinin Növbətçi Hissəsinin köməkçisi İddiaçı tərəfindən Binəqədi rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, verilən suallara cavab olaraq bildirmişdir ki, 2016-cı ildən tutduğu vəzifədə işləyir. xx.xx.2021-ci il tarixdə istirahət günü olduğundan yaşadığı evdə idi. Axşam saat 20:00 radələrində qardaşı Elmir ona zəng edib bildirmişdir ki, yaxınlıqdakı kafedə dostları ilə oturublar, onlara meyvə gətirsin. O, evdən 3 ədəd nar götürüb həmin yeməkxanaya getmişdir ki, narı qardaşıgilə versin. Həyətə çıxanda bir qrup cavab oğlanların dalaşdıqlarını görmüşdür. Onları tanımasa da, sakitləşdirmək və aralamaq üçün oraya keçmişdir. İlk anda hiss etməsə də, bir az sonra görmüşdür ki, sağ döş tərəfindən qan axır. Hiss etmişlər ki, onu vurublar, xəsarət almışdır. O, yerə yıxılmışdır. Sonra qardaşı Elmir və digərləri onu xəstəxanaya aparmışlar. Xəstəxanada qeydiyyat zamanı həkim soruşduqda o, demişdir ki, bilmir nə batıb, yıxılmışdır. Sonra əməliyyat olunmuşdur. Həkim demişdir ki, bıçaqla xəsarət yetirilib. Daha sonra məlum olmuşdur ki, o, dalaşanların arasına keçməklə, onu əvvəldən tanımadığı X3 bıçaqla vurmuşdur. İlkin olaraq xəstəxanaya yetişdirilərkən yıxılması barədə məlumat verən zaman həqiqətən onu kim və nə üçün vurduğunu bilmirdi. Ona verilən “Nə üçün ilkin olaraq xəstəxanada doğru məlumat verməmisiniz, ağır cinayət və cinayəti törədən şəxs barədə məlumat verilməyib?” sualına cavab olaraq bildirmişdir ki, həmin vaxt həqiqətən ona nə olduğunu bilmirdi, yerə yıxılandan sonra qan axdığını bilmirdi, ona görə də, həyəcanlı olduğu üçün həkimə demişdir ki, yıxılmışdır. Onun cinayəti və cinayətkarı gizlətmək məqsədi olmamışdır. - “Binəqədi RPİ-nin növbətçi köməkçisi İddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə dair” Binəqədi rayon Polis İdarəsinin rəisi polis polkovniki Musa Musayevin 06 noyabr 2021-ci il tarixli rəyinin surətindən görünür ki, təklif edilmişdir ki, Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 16 və 17-ci maddələrinin tələblərini pozaraq baş vermiş hadisə barədə həqiqətə uyğun olmayan məlumat verməklə ağır cinayət hadisəsini gizlətdiyinə, hadisəni törətmiş şəxsin məsuliyyətdən kənarda qalmasına şərait yaratmaqla daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə, həmçinin xidməti yoxlama zamanı qeyri-səmimilik göstərdiyinə görə, RPİ-nin xx.xx.2021-ci il tarixli Ə324- 059-21 nömrəli əmri ilə elan edilmiş “Töhmət” intizam tənbehi də nəzərə alınmaqla Binəqədi RPİ-nin növbətçi köməkçisi polis baş serjantı İddiaçı daxili işlər oqanlarından xidmətdən xaric edilsin. - Binəqədi rayon Polis İdarəsinin “Binəqədi RPİ növbətçi hissənin növbətçi köməkçisi İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə” Ə61-059-22 nömrəli, 21 fevral 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 16 və 17-ci maddələrinin tələblərini pozaraq baş vermiş hadisə barədə həqiqətə uyğun olmayan məlumat verməklə ağır cinayət hadisəsini gizlətdiyinə, hadisəni törətmiş şəxsin məsuliyyətdən kənarda qalmasına şərait yaratmaqla daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə, həmçinin xidməti yoxlama zamanı qeyri-səmimilik göstərdiyinə görə, RPİ-nin xx.xx.2021-ci il tarixli Ə324-059-21 nömrəli əmri ilə elan edilmiş “Töhmət” intizam tənbehi də nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-954/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, X3 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs İddiaçı ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sözügedən hökmə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməklə ona 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Apellyasiya instansiyasında işin araşdırılması məqsədilə, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı məxsus şəxsi iş materialları cavabdeh orqandan sorğu edilmiş, şəxsi iş materialları məhkəmə işinin materiallarına əlavə edilmişdir. Həmçinin işin obyektiv araşdırılması məqsədi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə sorğu ünvanlanaraq 2021-ci il üzrə “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabı”nda 2085 sıra sayı ilə qeydiyyata alınmış məlumatın və həmin qeydiyyat kitabı”nın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğu əsasında məhkəməyə təqdim edilmiş “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabı”nda 2085 sıra sayı ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, -3 saylı Sabunçu xəstəxanasından t/b Şirinova zəng vurularaq bildirilmişdir ki, Binəqədi rayonu, Goradil bağları 2 saylı pansionatda yaşayan İddiaçı döş qəfəsinin kəsilmiş yarası ilə müraciət etmiş, deməsinə görə evdə yıxılıb dəmir batıb. Məhkəmə kollegiyası yuxarıda sadalananları məcmu halda nəzərdən keçirərək, belə bir nəticəyə gəlir ki, iddiaçının xx.xx.2021-ci il tarixli izahatında və xəstəxanaya daxil olan zamanı verdiyi məlumatlar arasında ziddiyyət olmuşdur. Belə ki, iddiaçı izahatında dalaşan şəxsləri ayıran zamanı döş qəfəsindən vurulduğunu, qan axdığını, yerə yıxıldığını bildirsə də, xəstəxanaya gedərkən isə evdə yığıldığı və dəmir batdığı barədə məlumat verilmişdir. Beləliklə, iş materiallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Binəqədi rayon Polis İdarəsinin “Binəqədi RPİ növbətçi hissənin növbətçi köməkçisi İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə” Ə61-059-22 nömrəli, 21 fevral 2022-ci il tarixli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Belə ki, əmrin verilməsinə əsas olmuş sənədlərdə (əmr, rəy, izahatlar) əmrdə göstərilən xüsusatlar öz təsdiqini tapmış, İddiaçı tərəfindən Binəqədi rayon Polis İdarəsi tərəfindən aparılmış xidməti təhqiqat və yoxlama zamanı verilən suallara tam və səmimi cavab verilməyərək, müxtəlif vaxtlarda hadisə barədə ziddiyyətli izahatlar verilməklə Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və qərarın ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(112)-6945/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(112)-6945/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar