Məhkəmə qərarları › İş №2-1(103)-650/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-650/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-650/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimləri Səriyyə Seyid qızı Seyidova (sədrlik edən); X4 və X3 ibarət tərkibdə,X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair plan və ölçünün, eləcə də çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 saylı, 21.11.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək keçmiş Azərbaycan SSR, Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyindən ona Bakı şəhəri Binəqədi rayonu Goradil bağlar sahəsindəki 1290 «J» №-li 0,12 sot torpaq sahəsinə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ sahəsində yerləşən 0,12 ha sahəsi olan 1290 «J» saylı bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyindən ona Bakı şəhəri Binəqədi rayonu Goradil bağlar sahəsindəki 1290 «J» №-li 0,12 sot torpaq sahəsi ayrılmışdır. (Əsas: 132 №-li kooperativ B/S №-li orderə əsasən Bakı şəhər İK-nin 27.03.1991-ci il tarixli, 3/318 №- li qərarı). Göstərilən bağ sahəsi ona verildikdən 2-3 ay sonra o, həmin sahədə 4 otaqlı və birmərtəbəli ev tikmiş, indiyə kimi həm sözügedən torpaq sahəsi, həm də ev onun istifadəsindədir. Bu ilin iyun ayında həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə cavabdehə ərizə ilə müraciət etrmiş, lakin imtina barədə məktub göndərilmişdir. Cavabdehin 15.07.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, sözügedən bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından və bağ sahəsinə dair ilkin torpaqayırma cizgisi təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 saylı, 21.11.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 saylı, 21.11.2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1290J saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Bundan başqa, müvafiq bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmamışdır və bağ sahəsinə dair ilkin torpaqayırma cizgisi təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən eyni sənədlər digər ərazi göstərilməklə müraciət olunmuşdur. Bundan əlavə, təqdim edilmiş sənədlərdə (qəzetdə, elanda və Daxili İşlər Nazirliyinin Tapıntılar bürosunun arayışında) bağ sahəsi haqqında məlumatlar natamamdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunmüvafiq imtina məktubu ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2595/2019 saylı, 28.11.2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhər İcrayyə Komitəsinin 27.03.1991-ci il tarixli 3/318 №-li qərarı ilə İddiaçı Goradil bağlar sahəsində 132 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1290 «J» saylı bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən İddiaçı Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Goradil bağlar sahəsindəki 132 №-li BTK-nın nəzdində olan 0,12 ha torpaq sahəsi olan 1290 «J» nömrəli bağın ayrılması haqqında B/S saylı order verilmişdir. İddiaçıya bağ sahəsinin ayrılması Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş A131 №-li 26.04.2019-cu il tarixli arxiv çıxarışı ilə də bir daha təsdiq olunur. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ sahəsində yerləşən 0,12 ha sahəsi olan 1290 «J» saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir, İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 15.07.2019-cu il tarixli, **********42 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından və bağ sahəsinə dair ilkin torpaqayırma cizgisinin təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasəlarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının, (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqaviləninayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan açıq şəkildə aydın olunur ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ yarandığından cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qərarının ona münasibətdə ləğv edilməsi üçün əsas ola bilməz, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli araşdırma aparılmış maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 saylı, 21.11.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 saylı, 21.11.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar