Məhkəmə qərarları › İş №2-1(103)-650/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-650/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-650/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseyn sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı Cavabdeh1nə qarşı (3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsi) “cavabdehin hərəkətsizliyinin qanun pozuntusu kimi tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6580/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Bakı Apellyasiya Məhkəməsi (3-cü şəxslər Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkətsizliyinin qanun pozuntusu kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23 oktyabr 2020-ci il tarixdə məhkəməyə ərizə (iddia ərizəsinə əlavə) ünvanlayaraq cavabdehlərin sırasından Bakı Apellyasiya Məhkəməsinin, 3-cü şəxslərin sırasından Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının çıxardılması, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6580/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İPM-in 13-cü maddəsinə istinad etsə də, hakim kimi məhkəməyə verməli olduğunu göstərmədiyindən yardım kimi qəbul edilə bilməz, o vəzifə borcunu yerinə yetirməmişdir. Əgər Cavabdeh1nə iddia ərizəsinin surəti göndərilsə idi, heç olmasa məhkəməyə verdiyi sübutları qaytarardı, məhkəmə işi ilə tanış olmaq hüququndan istifadə etmək barədə aldığı rəsmi müraciətini Nəsim Rayon Məhkəməsi həll edərdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi - hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Hazırkı iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxılmasının mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati orqan iştirak edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati mübahisələrin məhkəmə aidiyyətindən bəhs edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri və siyahısı tam şəkildə göstərilmişdir. Həmin iddiaların da adından və məzmunundan asılı olmayaraq, istisnasız olaraq cavabdeh qismində inzibati orqanın çıxış etməsi mütləq hal kimi qəbul edilmişdir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilmişdir. Hazırda siyahıda məhkəmə hakimiyyətini təmsil edən Azərbaycan Respublikasının məhkəmələri inzibati orqan kimi nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarında göstərilir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlər inzibati orqan olmadığından, iddia tələbi hüquqi şəxsə yönəldilməklə inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6580/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar