Məhkəmə qərarları › İş №2-1(103)-650/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-650/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-650/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3330/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3330/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3330/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertin öz rəyində qeyd etdikləri 09 noyabr 2020-ci il tarixli göndərişdə qeyd olunan xəstəliklə eynilik təşkil etməsinə baxmayaraq, 01 iyun 2016-cı il tarixli 0309003AAN5Z nömrəli göndərişdə qeyd olunan məlumatlar sağlamlıq imkanları məhdudluğu səbəbi ilə əlillik təyin edilməsi üçün kifayət etməmişdir. Sonuncu müayinənin nəticəsindən məlum olur ki, 01 iyun 2021-ci il tarixli göndərişdə son illərdə xəstənin hansı müayinə və müalicələr keçməsi barədə məlumatlar göstərilməmişdir. Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdudluğu səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsinə əsaslar, ağırlaşmaları təsdiq edən instrumental müayinələrin nəticələri, mütəxəssislərin rəyləri müəyyən edilməmişdir və xəstənin vəziyyəti dəqiqləşdirilməlidir. Bu halda, göndərişdə qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmalı və yenidən qiymətləndirmə aparılmalıdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi. İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının qızı Şahbazlı Ayan Elçin qızı 18 iyun 2015-ci ildə anadan olmuşdur. “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişi, tez-tez residiv verən atopik forma” əsas və “Dəqiqləşdirilməmiş kəskin bronxit. Kəskin bronxit (Bronxozpazm)” yanaşı xəstəliklər diaqnozu ilə “Saatlı Rayon Mərkəzi Xəstəxanası”ndə dispanser qeydiyyatdadır. Şahbazlı Ayan Elçin qızının sağlamlıq imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndirilməsi üçün “Saatlı Rayon Mərkəzi Xəstəxanası” tərəfindən cavabdehə elektron qaydada göndəriş ünvanlanmışdır. Qiymətləndirməyə əsas verən 0309003AAL6P saylı göndərişin təhlili göstərir ki, Şahbazlı Ayan Elçin qızı xx.xx.2018-ci il tarixdən həmin xəstəxanada tibbi nəzarətdədir və xx.xx.2020-ci il tarixli göndərişə əsas: “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Bronxial astma, orta ağır gedişli, teztez residiv verən atipik forma”, yanaşı xəstəliklər: “Dəqiqləşdirilməmiş kəskin bronxit; Kəskin bronxit (Bronxozpazm)” diaqnozları ilə TSEK-ə göndərilir. Şahbazlı Ayan Elçin qızı xx.xx.2020-ci il tarixdən orta ağır ağırlıq dərəcəli xroniki xəstədir. Xəstəliyi ilə əlaqədar “6 saylı X7”nda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (6 gün); xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (13 gün) “Dəqiqləşdirilməmiş kəskin bronxit”; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (10 gün) “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma” diaqnozları ilə “Saatlı rayon Mərkəzi xəstəxanası”nda stasionar, xx.xx.2018-ci il; xx.xx.2018-ci il tarixlərdə “Dəqiqləşdirilməmiş kəskin bronxit”; xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə isə “Dəqiqləşdirilməmiş astma” diaqnozu ilə ambulator müayinə və müalicələrdə olmuşdur. TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ağırdır. Auskultasiyada ürəyin zirvə nöktəsində zəif, sistolik, diastolik küy eşidilir. Qaraciyərin ölçüsü 2 sm böyüyüb. Auskultasiyada ağciyərlər üzərində sərt tənəffüs fonunda quru və yaş xırıltılar eşidilir. Xəstə yaz, payız aylarında öşkürəkdən, təngnəfəslikdən, tez-tez boğulma tutmalarından şikayətlənir. Tutma vaxtı tənəffüsün sayı dəqiqədə 31 vurğu. Xəstəyə tutmalar vaxtı Eufıllin, Prednizalon, Aerazol, Salbutamol, Lukastin, Palmaline və inqalyasiya aparatından. Pediatrın müayinəsi: “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Bronxial astma, orta ağır gedişli, teztez residiv verən atopik forma. Xəstə “6 saylı ŞKX”-da daimi olaraq ambulator və stasionar müalicələr alır. X6 Elçin qızına “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Uşağın sağlamlıq imkanları məhdudluğu vəziyyəti dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. xəstəlik xx.xx.2003-cü ildə, yəni anadangəlmə başlamışdır. Həmin göndərişdə nevropatoloqun rəyi epilepsiyanı təsdiq etmir, həmçinin epilepsiya köməkçi diaqnostik müayinə ilə, yəni EEQ müayinəsi ilə təsdiq edilmir. Həmçinin, göndərişin "Funksional pozğunluğu" və "xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində sol tərəfli hemiparez təsdiq edən müayinələr sümüküstlüyü vətər refleksləri, əzələ gücü barədə məlumatlar qeyd edilməmişdir. Eləcə də göndərişdə son illərdə xəstənin hansı müayinə və müalicələr keçməsi barədə məlumatlar göstərilməmişdir. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Nəticədə iddiaçının qızına əlillik təyin edilməmişdir. İddiaçı bildirir ki, qızı anadangəlmə “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” diaqnozu ilə (Xəstəliyin kod göstəricisi J45.0) xəstəliyindən əziyyət çəkir. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və saglamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.10-cu bəndinin tələblərinə tam uyğundur və sağlamlıq imkanları məhdud olan uşağına əlillik dərəcəsinin təyin edilməsini təsdiq edir. Bronxial astma xəstəsi olan azyaşlı uşağı dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İxtisaslaşdırılmış Tibb Müəssisələrində müayinə və müalicə olunmuşdur. Bütün bunlardan başqa uşağı 08 iyun 2019-cu il tarixə qədər Naxçıvan MR X1 “Allergik bronxit” diaqnozu ilə Speleoterapiya müalicə kursunda olmuşdur. Daima asta xəstəsi olaraq azyaşlı uşağı Bakı şəhəri 6 nömrəli X4 qeydiyyatdadır. Uşağın ümumi vəziyyəti ağırdır. İddia ərizəsində qeyd etdikləri Forma 88 və digər tibbi sənədlərdə öz təsdiqini tapır. Xəstə və sağlamlıq imkanları məhdud olan uşağına əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiaçı Saatlı MRX-nın Həkim Məsləhət Komissiyasının xx.xx.2020-ci il tarixli 0309003A AL6P saylı (Forma 88) elektron göndərişlə cavabdeh orqana müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibb-Sosial Ekspertiza komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəsssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. xx.xx.2020-ci il tarixli 0309003AAL6P saylı elektron göndəriş əsasında müraciətinə cavabdeh orqan tərəfindən sağlamlıq imkanları məhdud olan və ağır xəstəlikdən əziyyət çəkən uşağına əlillik dərəcəsinin təyin edilməməsinə dair xx.xx.2020-ci il tarixli əsassız və qanunsuz imtina cavabı verilmişdir. İmtinaya guya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması kimi, diqnozun guya əlillik əlaməti təyin etmir” kimi absurd səbəblər göstərilmişdir. Cavabdeh orqanın imtina cavabı tam olaraq qanunsuz və əsassızdır. Cavabdeh iddiaya etiraz edir və etirazını əlillik dərəcəsinin təyin edilməsinə dair müraciətə imtinanın məzmununa uyğun olaraq əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir; 4.9-cu bəndinə əsasən, bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarından müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, araşdırma zamanı şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaranırsa, TSERAS vasitəsilə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək, şəxsə bildirilərək TSERAS-a daxil edilir. İş materiallarından isə görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Diaqnoz əlillik əlaməti təyin etmir”. Lakin, göndərişdən müəyyən edilir ki, azyaşlıda “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” (J45.0) diaqnozu öz təsdiqini tapmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 492/KEŞ nömrəli ekspert rəyinə əsasən 2015-ci il təvəllüdlü Şahbazlı Ayan Elçin qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Şahbazlı Ayan Elçin qızının məhkəmətibbi ekspertizası zamanı və Bakı şəhər “6 saylı X7”nda aparılmış müvafiq müayinələr, həmçinin mütəxəssis araşdırmalarına əsasən, onda hal-hazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edildi. 2. Şahbazlı Ayan Elçin qızına təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında müəyyən edilmişdir. 3. Şahbazlı Ayan Elçin qızına əlillik dərəcəsinin verilməsi haqqında qərar aidiyyatı üzrə müvafiq komissiya tərəfindən təyin oluna bilər. Göründüyü kimi, ekspert rəyi ilə Şahbazlı Ayan Elçin qızında hal-hazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Ona görə də, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Göründüyü kimi cavabdeh tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələrinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdehin hərəkətləri isə qeyd olunan normaların tələblərinə uyğun olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli 0309003A AL6P saylı göndərişdə iddiaçının qızına əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud deyildir və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “iddiaçının himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi” üzrə müraciətinə yenidən baxmaqla cavabın verilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmiş və iddiaçının müraciətinə əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 1 (bir) ay müddət təyin edilmişdir. Qərardadın icrasına cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “A.Şahbazlı Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən xx.xx.2022-ci il tarixdə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”və müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir”. Həmin məktuba cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, məhkəməyə ünvanlanmış cavab məktubunda Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icra edilməsi ilə bağlı deyil, işin birinci instansiya icraatı zamanı qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadına münasibət bildirilmişdir. Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə bağlı (müayinə aktı və ya digər sənədlərin) məhkəməyə qısa müddət ərzində məlumat verilməsi xahiş olunmuşdur. Lakin həmin qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir cavab verilməmişdir. İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinin 1-ci cümləsi və 67.4-cü maddələrində isə təsbit olunmuşdur ki, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Bu baxımdan kollegiya hesab edir ki, iddia tam təmin edilməli və iddiaçının qızına əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3330/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar