Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-650/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə X9 qızının katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “özəlləşdirmənin etibarsız sayılması və şəhadətnamənin və reyestrlərdən çıxarışın ləğv olunması barədə” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9465/2022 qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra ƏMDX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1-ci mərtəbəsində yerləşən 120 (bir yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəsinin onun xəbəri və icazəsi olmadan qanunsuz olaraq özəlləşdirilməsinin etibarsız sayılmasına, həmin özəlləşdirməyə görə verilmiş şəhadətnamələrin və reyestrlərdən çıxarışların ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Azərkitab” Kitab Ticarəti Birliyinin Bakı şəhəri Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 34Q (keçmiş Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A”) ünvanda yerləşən 28 saylı mağazasında 13 mart 1989-cu il tarixdən 23 avqust 2001-ci il tarixinə qədər müdir kimi fəaliyyət göstərmişdir. 28 saylı mağazasının 1-ci mərtəbəsi 120 (bir yüz iyirmi) kv. metr, zirzəmisi 154 (bir yüz əlli dörd) kv. metr sahədən ibarət olmaqla 3 (üç) nəfər işçi olmuşdur (yəni o, və iki nəfər işçi). 1999-cu ilin təxminən iyul-sentyabr aylarında “Azərkitab” Kitab Ticarəti Birliyi həmin 2 (iki) nəfər işçinin işdən azad olunması haqda əmrini imzalamışdı. O, narazılıq etmişdir ki, tək 120 (bir yüz iyirmi) kv. metr sahədən ibarət mağazanı tək işlədə bilməz. Lakin birlik onun narazılığına, xahişlərinə etinasız yanaşmışdı. Həmin işçilər işdən azad olunandan xeyli sonra Birliyin rəhbərliyi 28 saylı mağazanın 1-ci mərtəbəsindəki 120 (bir yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəni boşaltmağı əmr etmiş və həmin 100 kv.m sahə Azərkitab Birliyinin balansından çıxarılmışdır. Sonradan həmin 100 (bir yüz) kv. metr sahədə qastronom açılmışdı. Nəhayət 12 fevral 2001 il tarixdə 28 saylı kitab mağazasının müdiri kimi AR Dövlət Əmlakı Nazirliyinə ərizə ilə müraciət etməklə 28 saylı Kitab mağazasının özəlləşdirilməsi haqda qərar verilməsini xahiş etmişdir. 13 fevral 2001-ci il tarixdə AR Dövlət Əmlakı Nazirliyi ilə “Azərkitab” Kitab Ticarəti Birliyi arasında Bakı şəhəri Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 34Q (keçmiş Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A”) ünvanında yerləşən 1-ci mərtəbəsindəki 20 (iyirmi) kv. metr, zirzəmidəki 154 (bir yüz əlli dörd) kv. metr sahələrindən ibarət 28 saylı mağazasının icarəyə verilməsilə əlaqədar icarə müqaviləsi bağlanmışdır. Həmçinin “Azərkitab” Kitab Ticarəti Birliyi Dövlət Əmlakı Nazirliyinə 27/8 saylı 13 fevral 2001 il tarixli məktubla müraciət edərək 28 saylı Kitab mağazasının özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. 29 may 2001 il tarixdə respublika auksion mərkəzində hərrac keçirilərək Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda yerləşən 28 saylı Kitab mağazasının alqı-satqısı haqda 38/1 saylı Hərrac Protokolu imzalanmışdır. X5 əsasında 09 iyul 2001 il tarixdə onunla AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti arasında 28 saylı kitab mağazasının alqı-satqısı haqda 4 saylı müqavilə bağlanmışdır. Həmin Müqavilədən sonra Bakı şəhəri Yasamal rayonu, Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda yerləşən 28 saylı kitab mağazasının onun mülkiyyətinə verilməsinə dair 000004 saylı 13 avqust 2001 il tarixli şəhadətnamə verilmişdir. Mülkiyyətinə Bakı şəhəri Yasamal, rayonu, Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda 1-ci mərtəbədə yerləşən 28 saylı Kitab mağazasının cəmi 20 (iyirmi) kv. metr, həmin ünvanın zirzəmisində yerləşən 154 (bir yüz əlli dörd) kv. metr sahə verilmişdir. O, xəstə olduğundan, müalicə aldığından həmin obyekti lazımınca işlədə bilməmişdir. Məhz 2022 ilin fevral ayının sonlarından o, başqa şəxslərdən də öyrənmişdir ki, 28 saylı kitab mağazasının 1-ci mərtəbəsində yerləşən 120 (bir yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahə Mirkərim Seyidov adlı şəxsin adına özəlləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9465/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsində iş araşdırılarkən cavabdeh Bakı şəhəri Yasamal rayonu, Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanının birinci mərtəbəsində yerləşən 100 (yüz) kv.m. sahəsinin hansı əsasla Seyidov Mirkərimə 2000-ci ildə verilmiş olduğu barədə bütün sənədlərin əsillərinin məhkəməyə təqdim edilməsinə dair Qərardad çıxarmasını, həmin qeyri-yaşayış sahəsinə baxışın keçirilməsi və şahidlərin dindirilməsi, Seyidov Mirkərimin üçüncü şəxs qismində məhkəməyə cəlb edilməsinin vacibliyini diqqətə götürüb, Bakı inzibati məhkəmənin (hakimi olmuş Abıyev N.İ.-in) iş JV«2-1(112)-9465/2022ci saylı 05 oktyabr 2022-ci il tarixinde çıxarılmış qerardadın tamamilə ləğv edilməsi haqda Qərar çıxarmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1 -ci maddə). Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1ci maddə). Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (8.1-ci maddə). Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (15.1 -ci maddə). Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (16.1.6-cı maddə). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (22.1 -ci maddə). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) X7 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. İş materiallarında olan ƏMDX-nin **********41 №-li, xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan ünvanda (ünvan 1iki Vahabzadə küçəsi, 34Q) 173,2 kv. metr sahədə yerləşən 28 saylı kitab mağazası “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2001-ci il tarixli, 4 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən özəlləşdirilmiş və bu barədə alıcıya xx.xx.2001- ci il tarixli, 000004 nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. Məktuba əlavə olunmuş aşağıdakı sənədlərdən: - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 13 fevral 2001-ci il tarixli 4023 №-li müqavilədən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə “İcarəçi” adlandırılacaq “Azərkitab” Kitab Ticarət Birliyi (28 saylı mağaza) arasında müqavilə bağlanmışdır. - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcarəyəverən” Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirinin 12 fevral 2001-ci il tarixli 55 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən ümumu sahəsi 174,0 kv. metr təşkil edən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında olan qeyri-yaşayış sahəsini kitab ticarəti və anbar məqsədi ilə “icarəçi”nin müddətli istifadəsinə verir; 2.1-ci bəndinə əsasən icarəyə verilən qeyri-yaşayış sahəsi, sahəsi 20 kv. metr olan kitab ticarəti (1-ci mərtəbə) və sahəsi 154 kv. metr olan anbar (zirzəmi)dan ibarət olmuşdur. - 29 may 2001-ci il tarixli 38/1 №-li Hərrac Protokolundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinə məxsus ünvan 4 ünvanında yerləşən 28 saylı kitab mağazası 7.231.000 (yeddi milyon iki yüz otuz bir min) manata İddiaçı satılmışdır. xx.xx.2001-ci il tarixli 4 №-li müəssisənin alqı-satqı müqaviləsi ilə “Satıcı” (Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi), “Alıcı” (İddiaçı) Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi 556/57-ci məhəllə, ev “a”-da yerləşən 28 saylı kitab mağazasını auksiondan satış qiyməti ilə ******* (yeddi milyon iki yüz otuz bir min manata satın alır) (1.2ci bənd). - Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 002187 №-li Texniki pasportun surətindən müəyyən olunur ki, balanssaxlayıcısı Azərbaycan X2muş və “Azərkitab” Kitab Ticarət Birliyinin (28 saylı mağaza) icarəsinə verilmiş 1967-ci ildə inşa edilmiş ünvan 5 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsi 19,9 kv. metr, zirzəmi hissəsi isə 153,3 kv. metrdən ibarət olmaqla, cəmi 173,2 kv. metr təşkil edir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında “Şəhadətnamə”nin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 28 saylı kitab mağazasını İddiaçı satın almışdır və 28 saylı kitab mağazasının onun (alıcının) toxunulmaz mülkiyyətindədir. Bununla bağlı 1 №-li reyestr kitabının 1-ci səhifəsində 000004 qeydiyyat nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X3 məxsus ünvan 2 ünvanında yerləşən 20,0 kv.m qeyri-yaşayış sahəsinə bitişik 98.3 kv.m sahə mövcuddur. İddia ərizəsindən və işin digər materiallarından aydın olur ki, “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında yerləşən kitab mağazasının 1-ci mərtəbəsində yerləşən 120 (bir yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəsi “Azərkitab” birliyinin balansından çıxarılmışdır. Daha sonra iddiaçı ilə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə arasında bağlanmış 13 fevral 2001-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən 1-ci mərtəbəsi 19,9 kv. metr, zirzəmi hissəsi isə 153,3 kv. metrdən ibarət olmaqla, cəmi 173,2 kv. metr təşkil edən qeyri yaşayış sahəsi iddiaçıya icarəyə verilmişdir. Bundan sonra həmin sahə iddiaçı tərəfindən satın alınmış və onun xüsusi mülkiyyətinə keçmişdir. Göründüyü kimi, dövlət əmlakı olan mağazanın birinci mərtəbəsindəki 120 kv.m sahəsindən, 100 kv.m-nin “Azərkitab” birliyinin balansından çıxarılması, iddiaçı ilə icarə müqaviləsi bağlanılmasından illər əvvəl baş vermişdir. Belə olan halda dövlət əmlakı hesab edilən “Azərkitab” Birliyinin 28 saylı mağazasında icarə müqaviləsi bağalanana qədər “müdir” kimi işləyən şəxsin “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1-ci mərtəbəsində yerləşən 120 (yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəsinin özəlləşdirilməsinin etibarsız sayılaraq həmin özəlləşdirmə əsasında verilmiş şəhadətnamənin və reyestrdən çıxarışın ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsinə dair hər hansı subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9465/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirzə Tağızadə Hakimlər : Kamran Əkbərov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-650/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-650/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver