Məhkəmə qərarları › İş №2-1(103)-650/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-650/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-650/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2016-cı il tarixli 777 nömrəli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 288,65 AZN manat yenidən hesablanaraq 288,65 manat olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 288,65 AZN manat yenidən hesablanaraq 305,15 manat olmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 315,53 AZN manat yenidən hesablanaraq 334,63 manat olmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-44666/2023 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 402.93 manat manat yenidən hesablanaraq 402.93 manat olmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 402.93 manat yenidən hesablanaraq 402.93 manat olmudur. (Qeyd: Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(112)-8501/2023 №-li qərarına əsasən əmək pensiyası yenidən hesablandı. xx.xx.1992 - xx.xx.1994- cü illərdə Türk dünyası firma müəssisəsində (əmr tarixləri qeyd olunmayıb), xx.xx.1994 - xx.xx.1996-cı illərdə Nurlan R firmasında (əmr tarixi və nömrəsi mövcud deyil) xx.xx.2000 - xx.xx.2004-cü illərdə isə (işə daxil olma əmri bazar gününə təsadüf edir), xx.xx.1996 - xx.xx.1999-ci illərdə Maqnat ticarət mərkəzində (əmr tarixlərinə düzəliş olmuş və əmrlər rus dilində yazılmışdır), xx.xx.1999 - xx.xx.2000-ci illərdə İnteqral firmasında (əmrlər kiril qrafikası ilə yazıldığından qeyd olunan dövrlər sosial sığorta stajına daxil edilmir.).

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.1993-cü il tarixdə 4092 nömrə ilə dövlət qeydiyyatından keçməsi, rəhbərinin İddiaçı, hüquqi ünvanının AZ1800, ünvan 1cuddur. Reyestrdə "xxxx" Firması adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu edilən hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır. Odur ki, sorğunun cavablandırılması üçün müraciətində hüquqi şəxsin VÖEN- i, ünvanı və ya digər rekvizitlərinin göstərilməsini xahiş edilmişdir. Reyestrdə "xxxx" Kiçik Müəssisəsi, "xxxx" Müəssisəsi və “Maqnat” Ticarət Mərkəzi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “X10 Dünyası” Firması və "xxxx" Kiçik Müəssisəsi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Həmçinin bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin informasiya sistemində X5 İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınmış hüquqi şəxslərə dair axtarış imkanı mövcud deyildir. Odur ki, X5 İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınmış hüquqi şəxslər barədə sorğunuzun cavablandırılması üçün müraciətdə hüquqi şəxs(lər)in VÖEN-i, ünvanı və ya digər rekvizitləri barədə məlumatın göstərilməsini xahiş edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1990-xx.xx.2006-cı işlədiyi müddəti sığorta stajı kimi müəyyən edərək DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə yaşa görə əmək pensiyanın xx.xx.2016-cı il tarixdən yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

9. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü ilədək işlədiyi müddəti sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanması” kimi dəyişdirilmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1953-cü ildə anadan olmuşdur. Ona 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edilərkən xx.xx.1990-xx.xx.2006-cı illərdə əmək fəaliyyətində olduğu müddət sığorta stajı kimi nəzərə alınmamışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, əmək pensiyası yenidən hesablanmamış və Filial tərəfindən iddiaçının Konstitusion hüquqları pozulmuşdur. Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasinin 38-ci maddəsinin İİİ bəndində gostərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçrilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsimləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə istinad edərək sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi qanunun qüvvəyə mindiyi gündən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunun 30-cu maddəsinə Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın tərəfindən təyin edilir. Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqqında iddia ona əmək pensiyasının yenidən hesablanması üçün zəruridir.

11. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırkı işə dair münasibət bildirərək hesab edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı R.X4 daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətinə və digər sənədlərə əsasən yaşa görə əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində 2019-cu və 2022-ci illərdə əlavə olunmuş pensiya kapitalı nəzərə alınmaqla hesablanmışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2016-cı il tarixdə qüvvədə olan 7-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçıya ilkin pensiya təyinatı zamanı əmək pensiyasının sığorta hissəsinin məbləği təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006- cı il tarixədək 22 il 22 gün əmək fəaliyyəti dövrləri və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1950,92 manat pensiya kapitalı nəzərə alınmaqla hesablanmışdır. Qeyd etmək lazımdır ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun redaksiyasına əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Maddənin tələblərinə əsasən iddiaçını əmək pensiyasını baza və sığorta hissələrinin cəmi məbləği xx.xx.2017-ci il tarixindən 181,65 manat olmaqla sığorta hissəsinə çevrilmişdir. Yuxarıda qeyd olunan Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2018-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə 228,08 manata çatdırılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 249,15 manata, xx.xx.2020-ci iil tarixdən 290,51 manata, 323,63 manata, xx.xx.2022-ci il tarixdən 315,53 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən 01 01 2023-cü il tarixdən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 402,81 manata çatdırılmışdır. Cavabdeh orqan tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 44666/2023 nömrəli qərara əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1992- ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində olan əmək fəaliyyəti dövrlərini müəssisələrin məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin adıçəkilən şəxsin xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında olan əmək fəaliyyəti dövrləri həmin dövrlərdə müəssisələrin maliyyə- təsərrüfat fəaliyyəti olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə Milli Arxiv İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə sorğular ünvanlanmışdır. Milli Arxiv İdarəsindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda "xxxx" kiçik müəssisəsinin, "xxxx" müəssisəsinin, “Maqnat” ticarət mərkəzinin, “Nurlan R” firmasının və "xxxx" firmasının arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan müəssisələrlə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd olunan olunan dövrlər aşağıdakı səbəblərə görə pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmamışdır: • xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək "xxxx" kiçik müəssisəsində işdən azad olma əmrində Azərbaycan SSR sözü qeyd edilmişdir; • xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində işlədiyi dövr- əmək kitabçasında əmr tarixləri qeyd edilməyib; • xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Nurlan R” firmasında işlədiyi dövr- əmək kitabçasında əmr tarixləri və nömrəsi qeyd edilməyib; • xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi dövr- işə daxil olma əmri bazar gününə təsadüf edir; • xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövr- əmr tarixlərinə düzəliş olunmuş və əmrlər rus dilində yazılmışdır; • xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında işlədiyi dövr- əmrlər kril qrafikalı ilə yazılıb.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilməsini, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004- cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət sosial sığorta stajına daxilməklə və məhkəmənin hazırki qərarında ifadə edilən hüquqi mövqeyinə uyğun olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasındakı “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə inzibati icraat aparmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, , iddia qismən təmin edilərək xx.xx.1992-ci il tarixdən xx.xx.1994- cü il tarixədək "xxxx" müəssisəsi və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət nəzərə alınaraq və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq cavabdeh orqan tərəfindən inzibati icraat apararaq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə qərarının icrası zamanı nəzərə alınmalıdır ki, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasının “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə inzibati icraatın aparılması müəyyən vaxt tələb etdiyindən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsi və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət üzrə yenidən hesablama ləngimədən aparılmalıdır

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:

67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:

3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

26. “İnzibati icraat haqqında” Qanunun:

15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü ilədək işlədiyi müddəti sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanmasıdır.

37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün göstərilən iki şərtdən biri mövcud olmalıdır:

1. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;

2. Azı 25 il sığorta stajı olduqda;

38. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

39. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 44666/2023 nömrəli qərara əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində olan əmək fəaliyyəti dövrlərini müəssisələrin məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin adıçəkilən şəxsin xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında olan əmək fəaliyyəti dövrləri həmin dövrlərdə müəssisələrin maliyyə- təsərrüfat fəaliyyəti olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir.

40. Bundan əlavə apellyasiya şikayətində qeyd edilmişdir ki, qərarda qeyd olunan olunan dövrlər aşağıdakı səbəblərə görə pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmamışdır: xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək "xxxx" kiçik müəssisəsində işdən azad olma əmrində Azərbaycan SSR sözü qeyd edilmişdir; xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində işlədiyi dövr əmək kitabçasında əmr tarixləri qeyd edilməyib; xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Nurlan R” firmasında işlədiyi dövr - əmək kitabçasında əmr tarixləri və nömrəsi qeyd edilməyib; xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi dövr - işə daxil olma əmri bazar gününə təsadüf edir; xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövr - əmr tarixlərinə düzəliş olunmuş və əmrlər rus dilində yazılmışdır; xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında işlədiyi dövr - əmrlər kril qrafikalı ilə yazılıb.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" müəssisəsinin, “Nurlan R” firmasının nizamnaməsi faktiki olaraq həmin müəssisələrin mövcud olduğunun sübutudur.

42. Bundan əlavə, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək İddiaçı "xxxx" firmasında olan əmək fəaliyyəti dövrlərinə münasibətdə qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1999-cu ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.

43. Həmçinin, Kollegiya qeyd edir ki, qanunvericilikdə işə qəbul tarixinin bazar gününə təsadüf etməsi və ya əmək kitabçasının kiril əlifbası ilə yazılması həmin dövrlərin iş stajına daxil edilməsini istisna edən müddəa nəzərdə tutulmamışdır.

44. Bakı İnzibati Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövrün yenidən hesablanma zamanı nəzərə alınıb-alınmaması ilə bağlı inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.

45. Kollegiya, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasının “Maqnat” ticarət mərkəzində işlədiyi dövrə münasibətdə qeyd edir ki, əmək kitabçasından göründüyü kimi həmin müəssisə Rusiya Federasiyasında mövcud olmuş və qeyd edilən dövr üzrə aparılan inzibati icraat zamanı cavabdeh orqan tərəfindən Rusiya Federasiyasının səlahiyyətli qurumlarına hər hansı sorğular verilməmişdir.

46. Eyni zamanda tələbin qeyd edilən hissəsi ilə bağlı cavabdeh bildirmişdir ki, xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixində isə Rusiya Federasiyasında ratifikasiya edilmiş, lakin, İnzibati Sazişin imzlanması bu günədək təmin edilməmişdir. Sözügeden Sazişin imzalanması sahəsində qarşılıqlı müzakirələr davam edir. Müzakirələrin nəticəsinə əsasən Saziş imzalandıqdan sonra Müqavilə qüvvəyə minəcəkdir.

47. Bununla bağlı Kollegiya qeyd edir ki, “İnzibati saziş”in imzalanmasının təmin edilməsi cavabdeh inzibati qurumun tabe olduğu yuxarı orqanın səlahiyyətindədir. Həmin sazişin hazırkı günədək imzalanmasının təmin edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bunun nəticəsində iddiaçının hər hansı hüququnun həyata keçirilməsindən imtina edilməsi yolverilməzdir.

48. Məhkəmə kollegiyası bildirir ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə, əgər sazişin hazırkı günədək imzalanması cavabdeh inzibati qurum tərəfindən təmin edilməmişdirsə, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki, sazişin imzalanması cavabdeh inzibati qurumun funksiyalarına aiddir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçası onun əmək fəaliyyəti ilə məşğul olduğunu və müvafiq sığorta stajına malik olduğunu təsdiq edir, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda (§20) 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir, cavabdehin arqumentləri həmin tarixədək iddiaçının işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.

49. Göründüyü kimi, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi).

50. Həmçinin Kollegiya qeyd edir ki, tələbin göstərilən hissəsi, yəni yenidən inzibati icraatın aparılma məsələsi ilə bağlı Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1108/2024 nömrəli 3 ulduzlu qərardadının mövcud olmasına baxmayaraq, cavabdeh inzibati icraat aparmaq əvəzinə xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti vermişdir.

51. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

52. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

53. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

54. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.

55. Həmçinin, kollegiya apellyasiya şikayətinin əmək kitabçasının doldurulma qaydasının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasının doldurulma qaydasına riayət olunmamasının iş stajına daxil edilməsinin yolverilməzliyini müəyyən edən müddəa qanunvericilikdə təsbit edilməmişdir.

56. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır.

57. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir.

58. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. 59.“İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

60. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə və məhkəmənin hazırki qərarında ifadə edilən hüquqi mövqeyinə uyğun olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasındakı “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə inzibati icraat aparmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

61. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

62. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar