Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-651/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7545/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməli olan əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək dövrdə "xxxx" BİB-də dartıcı operator vəzifəsində işlədiyini, həmin müddətin də güzəştli iş stajına daxil edilməli olmasını nəzərə almamışdır. Belə ki, əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən də göründüyü kimi, iddiaçı müvafiq müəssisədə yuxarıda qeyd edilən müddətdə təmirçiçilingər vəzifəsini məhz “ikinci peşə” olaraq icra etmişdir. Yəni həmin müəssisədə əsas peşə olaraq, xx.xx.1994-cü il tarixədək əsas vəzifə olaraq, şüşə boruların və drot istehsalı üzrə dartıcı peşəsini icra etmişdir. xx.xx.1983-cü il tarixdə adına açılmış əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərelektroişıq” BİB-nin nəzdində şüşə sexində müxtəlif vəzifələrdə işləmişdir. Göründüyü kimi, əmək kitabçasına əsasən şüşə sexində zərərli sahədə işlədiyi ümumi müddət 11 il, 01 ay, 08 gün təşkil edir. Əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.1994-cü il tarixdən hazırkı tarixədək əmək fəaliyyəti ilə məşğuldur. "xxxx" tərəfindən verilmiş 19 nömrəli, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, yuxarıda qeyd edilmiş şüşə sexində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının 15-ci, yəni “Şüşə və çini-saxsı istehsalatı” bölməsinin 1150101а (bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr) bəndinə və 1150101а—19249 (şüşə boruları və drotu emal edən dartıcılar) bəndinə uyğun olaraq güzəştli pensiya hüququna malikdir. Müddətli həqiqi hərbi xidmət müddəti də nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən artıqdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, İddiaçı Q.Ə.X3 təqdim etdiyi "xxxx" ASCnin 27 may 2016-cı il tarixİi 19 nömrəli arayışında xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Bakı İstehsalat Birliyinin şüşə əritmə sexində şüşə əridici maşının sazlayıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi şüşə əridici maşının sazlayıcısı vəzifəsi yuxarıda qeyd olunan şüşə boruları və drotu emal edən dartıcılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (8 il 5 ay (xx.xx.1985-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7545/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər şüşə əridici maşının sazlayıcısı vəzifəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 15-ci bölməsində (Şüşə çini-saxsı istehsalatı) nəzərdə tutulmadığından bununla da onun xx.xx.2006-cı il tarixinə azı 10 il xüsusi stajı mövcud olmadığı müəyyən olunduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da yaranmır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərelektroişıq" tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 19 nömrəli arayış güzəştli iş stajının 10 ildən çox olduğunu təsdiqləsə də, məhkəmə həmin arayışı nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının işlədiyi şüşə əridici maşının sazlayıcısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) Bütün növ şüşə və şüşə məmulatları istehsalı bəndində (1) fəhlələr (a) yarımbölməsində 1150101а—19249 kodu üzrə şüşə boruları və drotu emal edən dartıcılar vəzifəsinə uyğun gəlmədiyini, bu səbəbdən, güzəştli iş stajı 10 ildən az olduğunu əsas gətirməklə müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 05 mart 2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İdia tələbinin qanuni əsasını xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi təşkil edir. Həmin normaya görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. Əmək kitabçası; 3.2.2. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) xx.xx.2006-cı il tarixədək iddiaçı qanunla tələb edilən pensiya yaşına çatmalı; 2) xx.xx.2006-cı il tarixədək iddiaçı qanunla tələb edilən 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının 20 ildən çox olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2012-ci il tarixdə tamamlamışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli, 129 nömrəli arayışında göstərilmişdir ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan silinmişdir. - İddiaçıya məxsus xx.xx.1983-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə şüşə sexinə şüşə əridici maşının sazlayıcısının şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə həmin sexdə şüşə əridici maşının sazlayıcısı peşəsinin 3-cü dərəcəsi verilmiş, xx.xx.1985-ci il tarixdə şüşə sexində dördüncü dərəcəli dartıcı operator keçirilmiş, xx.xx.1990-cı il tarixdə şüşə boruların və drot istehsalı üzrə dartıcı peşəsinin 5- ci dərəcəsi verilmiş, xx.xx.1990-cı il tarixdə həmin sexdə ikinci peşə almaq etibarı ilə 4-cü dərəcəli təmirçi-çilingər ixtisası verilmiş, xx.xx.1990-cı il tarixdə həmin sexdə ikinci peşə almaq etibarı ilə 5-ci dərəcəli təmirçi-çilingər ixtisası verilmiş, xx.xx.1993-cü il tarixdə həmin sexdə 6-cı dərəcəli təmirçi-çilingər ixtisası verilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə Yeni Bakı neftayırma zavoduna 14 nömrəli sexə 5-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə təzə ştat cədvəlinə uyğun olaraq 14 nömrəli sexin mexaniki təmir sahəsinin 5-ci dərəcəli istilik sistemi avadanlıqlarının təmiri üzrə çilingər adlandırılmış, xx.xx.2003-cü il tarixdə təzə ştat cədvəlinə əsasən istilik təchizatı və elektrik avadanlığının təmiri və xidməti üzrə 14 nömrəli sexin mexaniki təmir sahəsinin 5-ci dərəcəli istilik sistemi avadanlığının təmiri üzrə çilingəri adlandırılmış, xx.xx.2017-ci il tarixdə elektrik və istilik təchizatı, elektrik və istilik avadanlıqlarının təmiri və xidməti üzrə 14 nömrəli sahənin istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsinin, istilik, qaz və buxar boru kəmərinin təmiri və xidməti qrupunda 6-cı dərəcəli istilik şəbəkəsi avadanlığının təmiri və xidməti üzrə çilingər peşəsində sayılır, hal-hazıradək həmin sahədə işləyir. İşin mübahisəli halı iddiaçının xüsusi iş stajının 10 ildən az olması ilə bağlıdır. İş materiallarında olan: - "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 19 nömrəli arayışında qeyd edilmişdir ki, 1960-cı il təvəllüdlü İddiaçı, həqiqətən 1983-cü ilin yanvar ayının 26-dan (xx.xx.1983-cü il tarixli 25 saylı əmr) 1994-cü ilin mart ayının 04-nə qədər (xx.xx.1994-cü il tarixli 30 saylı əmr) "xxxx" Bakı İstehsalat Birliyinin şüşə əritmə sexində, müxtəlif işlərdə işləmişdir. 26.01.83-cü ildən 04.10.85-ci il qədər - şüşə əridici maşının sazlayıcısı, 04.10.85-ci ildən 04.03.94-cü ilə qədər - şüşə boru və drot istehsalı üzrə dartıcı operator. Bundan əlavə İddiaçı əsas işlərini yerinə yetirməklə bərabər, həmin sexdə əsas texnoloji avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsinə də yiyələnmişdir. Sexdə İddiaçı sazlayıcı işləyərkən əsas işi sobadan dartılaraq gələn isti şüşə boru və drotları, tələb olunan ölçüdə kəsərək, uclarını əridərək cilalayıcı maşının qaz odluqlarinı tənzimləmək, həmin odluqları təmir etmək və lazım gəldikcə yerindəcə dəyişməkdən ibarət olmuşdur. Dartıcı operator işləyərkən İddiaçı boru şəkilli maye şüşəni əl ilə dartaraq, kəsici-əridici maşına yönəltməkdən, şüşə borunun daxili diametrinin və divarının qalınığlının standarta uyğun ölçüdə olmasını təmin etməkdən ibarət olmuşdur. Hər iki işdə işləyərkən İddiaçı bütöv iş günü ərzində şüşə əritmə sobasının ətrafında, zərərli hesab edilən isti şəraitdə işləmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 15-ci bölməsinin (şüşə və çini saxsı istehsalatı) 11501010a bəndinə (bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr) və 11501010a-19249 (şüşə boruları və drotları emal edən dartıcılar) bəndinə uyğun olaraq güzəştli pensiya hüququna malikdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" BİB nəzdində açıq səhmdar cəmiyyəti yaradılmışdır. Həmin tarixdən etibarən müəssisə "xxxx" ASC adlandırılmışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, LP-06-0422 nömrəli arayışında qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü İddiaçı, həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1994cü il tarixədək "xxxx" İstehsalat Birliyinin şüşə əritmə sexində şüşə əridici maşının sazlayıcısı və şüşə boru və drot istehsalı üzrə dartıcı operator vəzifələrində işləmişdir. Bundan əlavə İddiaçı həmin sexdə əsas texnoloji avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsinə də yiyələnmişdir. Həmçinin İddiaçı "xxxx" İstehsalat Birliyində işlədiyi müddətdə ödənişsiz məzuniyyətə çıxmamışdır. Eyni zamanda bildirilir ki, İddiaçı işlədiyi "xxxx" İB-nin Şüşə əritmə sexində ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sexlər zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən İddiaçı həmin sexdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 15-ci bölməsinin (Şüşə və çini-saxsı istehsalatı) 11501010a-19249 (Bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr, o cümlədən şüşə boruları və drotu emal edən dartıcılar) koduna uyğundur. Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmıakının özəlləşdirilməsi departamentinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, LP-08- 0622 nömrəli məktubu ilə iddiaçının "xxxx" ASC-nin arxivində mövcud olan əmək haqqı cədvəllərinə əsasən İddiaçı cəmiyyətdə işlədiyi dövr ərzində ona hesablanmış illər üzrə əmək haqqlarına dair məlumatları cədvəl şəklində təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq laızmdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 19 nömrəli arayışında iddiaçının şüşə əridici maşının sazlayıcı və şüşə boru və drot istehsalı üzrə dartıcı operator vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 15-ci bölməsinin (Şüşə və çini-saxsı istehsalatı) 11501010a-19249 (Bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr, o cümlədən şüşə boruları və drotu emal edən dartıcılar) koduna uyğun olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1928/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, 26.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri arayış, bu tələblərə cavab vermir və buna görə də mötəbər sübut kimi qəbul olana bilməz. Məhkəmə kollegiyası qeyd edilən mövqeyə uyğun olaraq apellyasiya baxışı zamanı, yuxarıda qeyd edilən güzəştli arayışı təqdim edən quruma məhkəmə sorğusu ünvanlayaraq mübahisələndirilən dövr üzrə İddiaçı işlədiyi xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" Bakı İstehsalat Birliyinin şüşə əritmə sexində şüşə əridici maşının sazlayıcısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 Nömrəli siyahının 15-ci bölməsində olan 1150101a kodu altında göstərilən hansı fəhlələrə aid olması barədə ətraflı məlumatın (güzəştli arayışın) verilməsini və həmin şüşə əridici maşının sazlayıcısı vəzifəsinin vəzifə təlimatlarının təqdim edilməsini tələb etmiş, lakin məhkəmə sorğusuna cavab olaraq Ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda cəmiyyət ləğvetmə prosesindədir, heç bir daşınmaz və daşınar əmlakı yoxdur. Müəssisənin arxivində vətəndaş İddiaçıunn qeyd olunan sexdə işlədiyi peçəsinə (şüşə əridici maşının sazlayıcı) dair ətraflı məlumat olmadığından, sorğuda göstərilən məsələ barədə məlumatların təqdim olunması mümkün deyildir. Beləliklə, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçının xx.xx.1985-xx.xx.1994-cü il tarixədək əsas iş kimi icra etdiyi şüşə sexində dördüncü dərəcəli dartıcı operator vəzifəsi yuxarıda qeyd edilən 1 nömrəli Siyahıdakı vəzifənin adı, istehsal sahəsi ilə eynilik təşkil edir. Vaxtilə işəgötürən müəssisənin hüquqi varisi olmuş "xxxx" ASC-nin verdiyi güzəştli arayışda göstərilmişdir ki, iddiaçının həmin vəzifədə əsas işi boru şəkilli maye şüşəni əl ilə dartaraq, kəsici-əridici maşına yönəltməkdən, şüşə borunun daxili diametrinin və divarının qalınlığının standarta uyğun ölçüdə olmasını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 11500000 XV. Şüşə və çini-saxsı istehsalatı bölməsində 11501010, 1. Bütün növ şüşə və şüşə məmulatları istehsalı yarımbölməsində, 1150101a, a) fəhlələr: 1150101a—19249 kodu altında şüşə boruları və drotu emal edən dartıcılar peşəsi nəzərdə tutulmuşdur. İddiaçının şüşə boruları və drotu emal edən dartıcılar peşəsində əsas vəzifəsi isti, maye şəklində şüşəni şüşə əritmə sobasından, yəni qaynar şəkildə bilavasitə əl ilə dartaraq kəsici-əridici maşına yönəltməkdən ibarət olduğundan, həmin vəzifə, həm adına uyğun olaraq, həm də şüşə materiallarının emalından, yəni isti şəkildə şüşənin tökülməsi, preslənməsi, boşaldılması, cilalanması və s. kimi vəzifələr ilə bərabər bilavasitə isti şəraitdə şüşə əritmə sahəsində icra edilən vəzifə olduğundan adıçəkilən 1 nörməli siyahıda 1150101a—19249 kodundakı zərərli peşəyə uyğundur. Göründüyü kimi, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci il qədər şüşə əridici maşının sazlayıcısı vəzifəsinin adı 1 nömrəli Siyahıda 11500000 XV. Şüşə və çini-saxsı istehsalatı bölməsində çəkilmir. Belə ki, iddiaçının dartıcı vəzifəsində yerinə yetirdiyi işlə sazlayıcı vəzifəsində yerinə yetirdiyi iş eyni olmamışdır. Dartıcı vəzifəsində iddiaçı maye şüşəni isti sobadan əli ilə dartaraq kəsici-əridici maşına yönəldirdisə, sazlayıcı vəzifəsində isə artıq sobadan dartılaraq gətirilmiş şüşə boru və drotları cilalamaq üçün cilalayan maşının qaz odluqlarını təmir edirdi. Başqa sözlə, şüşə əridici maşının sazlayıcısı vəzifəsində əmək funksiyaları dartıcı operator vəzifəsində olduğu kimi bilavasitə isti şəkildə şüşə emalı ilə bağlı olan vəzifə olmamışdır. Şüşə əridici maşının sazlayıcısı vəzifəsi şüşə emalı üçün zəruri olan əridici maşının emal prosesindən kənar vaxtda təmir edilməsindən ibarət olmuşdur ki, bu vəzifə nə ad baxımından, nə də yerinə yetirilən işin xüsusiyyəti baxımından şüşə boruları və drotu emal edən dartıcılar peşəsinə uyğun hesab olunmur. Göründüyü kimi, iddiaçının sübut kimi təqdim etdiyi güzəştli arayış məhz mübahisələndirilən şüşə əridici maşının sazlayıcısı vəzifəsinin güzəştli olmasına dair mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiçının güzəştli iş stajının qanunvericiliklə tələb olunan 10 il ildən az olması (08 il 05 ay 01 gün) əsası ilə iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7545/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-651/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-651/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver