Məhkəmə qərarları › İş №2-1(103)-651/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-651/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-651/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 aprel 2024-cü il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, Vətəndaşlıq məsələləri baş idarəsində 22 mart 1977-ci il təvəllüdlü İddiaçı 30 mart 2024-cü il tarixli 95003/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılaraq müəyyən edilmişdir ki, iddiaçı sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, aparılmış araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutularaq, qərara alınmışdır ki, 22 mart 1977-ci il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

2. AZ-T 058924 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx.xx.19775-ci ildə Bakı şəhərində doğulmuşdur, atası kimi X4 (milliyyəti azərbaycanlı), anası kimi X2 (milliyyəti rus) qeydə alınmışlar.

3. 55 ******* nömrəli pasportun surətindən görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 03 aprel 2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasına dair qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 mart 1977-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında, Bakı şəhərində anadan olmuşdur. Bu barədə Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydiyyatı kitabında 02 aprel 1977-ci il tarixdə 1082 nömrəli qeyd aparılmışdır. Atası X4 milliyyətcə azərbaycanlıdır və Azərbaycan SSR vətəndaşı olub. O, 1999-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bakalvr təhsil pilləsi üzrə bitirmiş və Dövlət Attestasiya Komissiyasının 29 iyun 1999-cu il tarixli Qərarına əsasən ona ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İddia ərizəsinə əlavə olunan hərbi biletdən də göründüyü kimi o, 1999-cu ildən Bakı şəhəri Səbail rayonunda hərbi qeydiyyatdadır. O, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 aprel 2024-cü il tarixli ******* nömrəli Qərarına əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir Hesab edir ki, bu Qərar tamamilə əsassız olduğu üçün ləğv edilməli, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. 15 noyabr 1985-ci ildə Azərbaycan SSR, Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, 1 yaşı olanda valideynləri onunla birlikdə Tümen vilayətinin Surqut şəhərinə köçmüşlər. 2001-ci ildə 16 yaşı tamam olduğu üçün, qanuna görə, o, pasport almaq məcburiyyətində idi. 2002-ci ilin yanvar ayında ona Rusiya Federasiyasının vətəndaşı pasport avtomatik olaraq verildi və doğum şəhadətnaməsində bu barədə möhür vuruldu. 2002-ci ilin may ayından sonra qanunda dəyişikliklər edildi və Rusiya Federasiyasının vətəndaşlığına daxil olmaq üçün seçim etmək və bütün sənədləri təqdim etmək lazımdır. O, özü Rusiya Federsiyasının vətəndaşlığının alınması haqqında qərarı qəbu etməmiş və bunu könüllü olaraq edə də bilməzdi, çünki hələ yetkinlik yaşına çatmamışdır. Onun valideynləri onlar Rusiya Federasiyasının ərazisində yaşadıqları üçün Sovet İttifaqının dağılmasından sonra ona Rusiya Federasiyasının pasportunu aldılar. O, Rusiya Federasiyasının vətəndaşlığı üçün sənədləri təqdim etməmiş ona pasportu 1991-ci ildəki qanun əsasında yuxarıda göstərdiyi səbəbə görə avtomatik olaraq veriblər. xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 yanvar 2024cü il tarixli, ******* nömrəli Qərarına əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Belə ki, cavabdeh təşkilat həm mənsubiyyətin tanınmasında imtinaya dair qərarında “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə istinad edir. Belə ki, həmin hüquqi normaya əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə indiki redaksiyada dəyişikliklər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli 973- İVQD nömrəli Qanuna əsasən həyata keçirilmişdir. Belə ki, sözügedən Qanunun 2-ci maddəsinə diqqət yetirsə bəlli olur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. O, Rusiya Federasiyasının vətəndaşlığına 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanun qəbul edilənədək yiyələndiyi üçün sözügedən qanun ona şamil edilə bilməz. Belə ki, işə əlavə olunmuş iddiaçıya məxsus Rusiya Federasiyası tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ən geci xx.xx.2007-ci ildən Rusiya Federasiyasının Moskva şəhəri Fedor Polotayev küçəsində qeydiyyatdadır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydalarının 2.2.2- ci bəndinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla), həmçinin həmin Qaydaların 2.2.4-cü bəndinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, bu hal şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydaların 4.1.4.1-ci yarımbəndinə əsasən doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Şərh onun valideyinləri də ASSR vətəndaşı olub və Azərbaycan Respublikası da Azərbaycan SSRnin hüquqi varisi olduğu üçün Azərbaycan SSR-nin vətəndaşları da Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Qeyd edilən bu 2 hal onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsas olmalı idi. Lakin cavabdeh orqan əsassız olaraq onun Azərbaycan Respublikasına mənsubiyyətini tanımaqdan imtina etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunması xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün müraciət edən zaman Rusiya Federasiyasının vətəndaşı olması mübahisəsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 4.4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İddiaçı cavabdehə müraciət edən anda onun Rusiya Federasiyasının vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan cavabdehin qəbul etdiyi qərar yuxarıda sadalanan qanunvericlik normalarının tələblərinə və işin hallarına uyğun olmuşdur. İddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin еdilməməlidir.

9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun:

Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) Bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) Bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər

...

Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

14. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

Maddə 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.2 İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1 Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddiadır (İPM, maddə 2.2.2).

20. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarət olmaqla, tələbinin hüquqi əsası kimi özünün 22 mart 1977-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında, Bakı şəhərində anadan olması, bu barədə Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydiyyatı kitabında 02 aprel 1977-ci il tarixdə 1082 nömrəli qeyd aparılması və atası X4 milliyyətcə azərbaycanlı olmaqla, Azərbaycan SSR vətəndaşı olması göstərilmişdir.

23. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı Rusiya vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina üçün əsasdır.

24. İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin indiki redaksiyasına dəyişikliklər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanuna əsasən həyata keçirilmişdir. Belə ki, sözügedən Qanunun 2-ci maddəsinə diqqət yetirsək bəlli olur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun (yəni, 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanun) qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı bildirir ki, yuxarıda qeyd edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur.

26. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 20 və 21-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

27. İddiaçı apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9670/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarının 2-ci səhifəsində ona aid olmayan və başqa şəxsə aid olan məlumatlar əks olunmuşdur.

28. Əvvəla qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9670/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarıda yol verilmiş texniki yanlışlıq Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9670/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə düzəldilmişdir.

29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi qərarda texniki yanlışlığa yol vermiş olsa belə, işin hüquqi əsaslandırması və yekun nəticə qanunamüvafiqdir və ləğv edilməsi üçün əsas hesab edilməməlidir.

30. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

31. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının 2001-ci ildə 16 yaşı tamam olduğu üçün, qanuna görə, o, pasport almaq məcburiyyətində olması, 2002-ci ilin yanvar ayında ona Rusiya Federasiyasının vətəndaşı pasportunun avtomatik olaraq verilməsi və könüllü surətdə vətəndaşlığını dəyişdirməməsi ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının 16 yaşının tamam olması faktı onun məhz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməli olması anlamına gəlmir. Başqa sözlə, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etmişdir.

32. Həmçinin, iddiaçının apellyasiya şikayəti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.4-cü bəndi ilə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab etmir. Belə ki, Qaydanın 4.1.4-cü bəndi də daxil olmaqla iddiaçının istinad etdiyi normalar şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməli olduğu halları nəzərdə tutur. Başqa sözlə, həmin hallar özü-özlüyündə vətəndaşlığı müəyyən etmir və yalnız mənsubiyyətin müəyyənləşdirilməsinin əsası kimi çıxış edirlər. Həmin normalar doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs (4.1.5.-ci bənd) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə münasibətdə tətbiq olunur.

34. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.19775-ci ildə Bakı şəhərində doğulmuşdur, atası kimi X4 (milliyyəti azərbaycanlı), anası kimi X2 (milliyyəti rus) qeydə alınmışlar.

35. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: "Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir".

36. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir) və bunu təsdiq edən rəsmi sənədlər, o cümlədən iddiaçıya aid pasport iş materiallarına əlavə olunmuşdur.

37. Yuxarıda qeyd edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur.

38. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı hazırda Rusiya Federasiyası vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

39. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş və cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunun müddəaları pozulmamışdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji işlər üzrə əvvəlki qərarlarında, o cümlədən 14 mart 2024-cü il tarixli, 2-1(102)-373/2023 nömrəli; 02 fevral 2024-cü il tarixli, 2-1(102)-22/2024 nömrəli və 07 aprel 2023-cü il tarixli, 2-1(102)- 340/2023 nömrəli qərarlarında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmaması barədə cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar