Məhkəmə qərarları › İş №2-1(103)-652/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-652/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-652/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1, üçüncü şəxs“xxxxxxxxx” MTKnın vəkili Vəkil iştirakı ilə İddiaçı mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarış verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3012/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər“xxxxxxxxx” MTK, “xxxxxxx” KB ASC) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 3 və 14 nömrəli mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m. (336,2+110,5) olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m. sahəni əlavə etməklə, ümumi 566,7 kv.m. mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4139/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. “xxxxxxxxx” MTK xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, onun üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, eyni məhkəmənin 2-1(81)-4139/2018 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, “xxxxxxxxx” MTK iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3012/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, mübahisə predmeti olan daşınmaz əmlakların qeyri-yaşayış sahəsinə keçirilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən sərəncam qəbul edilməlidir. Hazırki mübahisə üzrə isə belə bir sərəncamın mövcud olmadığı müəyyən edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, mənzilləri uzun müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə edir. Lakin mənzillər qeyri-yaşayış sahəsi kimi hüquqi qeydiyyata alınmamışlar. Mənzillərin qeyri-yaşayış sahəsi kimi hüquqi qeydiyyata alınması üçün sənədləşdirmə işlərini aparmaq fikrindədir. Cavabdeh heç bir sənədləri belə araşdırmadan, ölçülər aparılmadan əsassız olaraq ərizəsinin icrasından imtina etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, daşınmaz əmlakın dövlət reyestrindən RX ******* və RX ******* nömrəli çıxarışlara görə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 110,5 və 336,2 kv.m. olan 3 və 14 nömrəli mənzillər üzərində iddiaçının xüsusi mülkiyyət hüquqları xx.xx.2013 və xx.xx.2018-ci il tarixlərdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli **********73 və **********75 nömrəli məktublarla sonuncunun Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 24 ünvanda yerləşən qeyri-yaşayış sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə dair müraciətlərinin təmin edilməsindən, ərizəyə hüquq müəyyənedici sənədlər əlavə edilmədiyini əsas gətirərək, imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” xx.xx.2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Göründüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana təqdim edilməsi qanunvericiliklə tələb olunan əsas sənəd keçirilən sahənin yerləşdiyi inzibati ərazi vahidində keçirilməni həyata keçirən orqanın, yəni yerli şəhər rayonu icra hakimiyyəti orqanının (Nəsimi RİH-in) qərarıdır. Lakin işdən məlum olur ki, iddiaçı bu qərarı cavabdehə təqdim etməmişdir. İddiaçı bu sənədi apellyasiya şikayətinə də əlavə etməmiş, şikayətində də onda belə bir qərarın olduğunu irəli sürməmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3012/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar