Məhkəmə qərarları › İş №2-1(103)-652/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-652/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-652/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X2 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3679/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçın təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçı ümumi iş stajı qanunvericilikdə qeyd edilən 25 ildən azdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətinə görə, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. HZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətinə əsasən, iddiaçı xx.xx.1978xx.xx.1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2000-ci il tarixli ******* nömrəli əmək kitabçasının notariat təsdiqli surətinə görə, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Abşeronneft” NQÇİ-nin 3 saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə sürücü vəzifəsində, xx.xx.2005-ci il tarixdən hal-hazıradək “Abşeronneft” NQÇİ-nin 3 saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir. “Azneft” İB “Abşeronneft” NQÇİ-nin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçının barəsində xx.xx.2020-ci il tarixli RQ-03/485 nömrəli məktubla təqdim etdiyi Arayışda göstərilmişdir: “xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Abşeronneft” NQÇİ-nin nəqliyyat traktor sexində sürücü vəzifəsində işləmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi X1 İdarəsində 3-cü dərəcəli sürücü vəzifəsində işləmişdir. xx.xx.2003-cü il tarixdən ARDNŞ-nin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən X1 idarəsi “Abşeronneft” NQÇİ-nin tərkibinə daxil edildikdən sonra texnoloji nəqliyyat sexi adlandırılaraq 3-cü dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdən hal-hazırki dövrə qədər "Abşeronneft” NQÇİ-nin 3 saylı neft və qazçıxarma sexində neft və qazhasilatı üzrə operator peşədə çalışır. Əmək funksiyaları: Nəqliyyat traktor sexində sürücü aşağıdakı funksiyaları yerinə yetirmişdir; Yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə operator aşağıdakı funksiyaları yerinə yetirir; Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsi. Yüksək məhsuldarlıqlı elektrik dalma nasos qurğularının mənimsənilməsi və iş rejiminə qoyulması. Sadə və orta mürəkkəblikdə olan neft-mədən avadanlıqlarının, qurğuların, mexanizmlərin, nəzarət-ölçü cihazlarının və kommunikasiyaların quraşdırılması və sökülməsi işinə rəhbərlik. Quyuların yeraltı və əsaslı təmirdən sonra qəbul edilməsində iştirak etmək. Quyuların tədqiqata hazırlanması, nəzarət-ölçü cihazlarının köməyi ilə avtomatika və telemexanika vasitələrinin yerüstü və yeraltı avadanlıqların nasazlıqlarının müəyyən edilməsi. Yerli avtomatikanın nasaz bloklarının dəyişdirilməsi və xırda təmir işlərinin aparılması. Güc və işıq elektrik xətlərində xırda nasazlıqların müəyyən edilməsi və mürəkkəb olmayan nasazlıqların aradan qaldırılması.” Cavabdeh iddiaçıya ünvanlanan Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda bildirmişdir ki, idarəyə təqdim etdiyi xx.xx.2000-ci il tarixli ******* nömrəli əmək kitabçası üzrə ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 5 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 60 yaşı tamam olan tarixə mövcud olmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 5) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərdən cavabdeh yalnız ikincisini mübahisə edir. İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdən müəyyən olunur ki, 60 yaşı xx.xx.2019-cu il tarixdə tamam olan iddiaçının həmin tarixə, hərbi xidmət də daxil olmaqla, 25 ildən çox ümumi, Siyahıda nəzərdə tutulan “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” - 10.2. Neft, qaz və qaz kondensatının hasilatı - neft və qaz hasilatı üzrə operatorlar” peşəsində isə 12 il 6 aydan çox xüsusi staja malik olması əmək kitabçası, iş yerinin güzəştli arayışı və hərbi biletlə təsdiqini tapır. Dördüncü şərtə gəldikdə isə, məhkəmə kollegiyasına bu şərtə əməl olunmaması barədə hər hansı hal məlum deyil, iş materiallarında da bununla bağlı heç bir dəlil yoxdur. Cavabdeh də həm xx.xx.2020-ci il tarixli, həm işdə olan xx.xx.2019-cu tarixli imtina məktublarında, həm iddiaya xx.xx.2020-ci il tarixli yazılı etirazında, həm də apellyasiya şikayətində bu faktı ümumiyyətlə qeyd etmir ki, bu da sosial sığorta ödənişləri ilə bağlı ümumi elektron sistem onun üçün əlçatan olan sonuncunun sözügedən məsələni araşdırdıqdan sonra bununla bağlı etirazının olmadığı anlamına gəlir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3679/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar