Məhkəmə qərarları › İş №2-1(103)-652/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-652/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-652/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4269/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta (əmək) stajının 15.10.2017-ci ilədək (57 yaşının tamam olan günədək) 33 il 01 ay 04 gün müddətində olmasının və bu müddətin 29 il 09 ay 21 gününün elektrik-qaz qaynaqçısı kimi “əmək şəraiti zərərli və ağır olan” iş hesab edilməsi, 15.10.2017-ci il tarixdən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta (əmək) stajının 15.10.2020-ci ilədək (60 yaşı tamam olan günədək) 36 il 01 ay 04 gün müddətində olmasının və bu müddətdən 32 il 09 ay 21 gününün “elektrik-qaz qaynaqçısı” peşəsində “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməyi nəzərə alınmaqla həmin tarixdən, yəni 15.10.2020-ci il tarixindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur və hazırda 61 yaşındadır. Əmək fəaliyyətinə yeniyetmə yaşlarından başlamışdır. 01.09.1977-ci ildən 26.07.1978-ci ilədək Bakı şəhərində yerləşən 22 saylı X9 Məktəbində elektrik qaynaqçısı ixtisası üzrə əyani təhsil almışdır və 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. 02.08.1978-ci ildən 23.04.1979-cu ilədək ixtisası üzrə işləmişdir və ordu sıralarına xidmətə çağırılmışdır. 30.04.1979-cu ildən 03.07.1981-ci ilədək ordu sıralarında xidmətdə olmuşdur. Bundan sonra muxtəlif yerlərdə - 25.09.1981-ci ildən 07.06.1994-cü ilədək, 01.05.2001-ci ildən 30.08.2013-cü ilədək xarici şirkətlərdə, habelə 02.09.2013-cü ildən hal-hazıradək "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Hal-hazıradək (01.02.2021-ci ilədək) peşə məktəbində əyani təhsil almağı və hərbi xidmətdə olmağı da nəzərə alınmaqla, ümumi əmək stajı 36 il 04 ay 02 gündür ki, bunun da 33 il 01 ay 04 günü əl ilə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Elektrik (qaz) qaynaqçısı peşəsi “əmək şəraiti zərərli və ağır olan digər işlər" kateqoriyasına aiddir. Bu şəraitdə olan əmək stajı 57 yaşı tamam olan günə (15.10.2017-ci il tarixinədək) 29 il 09 ay 21 gün təşkil edir. Hal-hazıradək (01.02.2021-ci ilədək) isə həmin müddət 33 il 01 ay 04 gün təşkil edir. 01.01.2006-cı ilədək (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək) “əmək şəraiti zərərli və ağır'' iş şəraitində olan əmək stajı isə 18 il 00 ay 06 gün təşkil edir. 01.01.2006-cı ilədək onun artıq qanunla tələb olunan “əmək şəraiti zərərli və ağır iş şəraiti”ndə əmək stajı (12 il 6 ay) var idi, yəni həmin vaxtda 18 il 06 gün əmək stajı var idi. Lakin həmin vaxtlar onun 46 yaşı var idi və güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaşı tamam olmadığından mümkün deyildi. Həmin vaxtlarda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla tələb olunan əmək şəraiti zərərli və ağır olan əmək stajı (12 il 6 ay) artıq 07.06.1994-cü ilədək var idi və yaş həddi 55 idi. Qeyd olunan faktlar ərizəsinə əlavə olunan sənədlərlə də tam təsdiq olunur. 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə şifahi qaydada müraciət etmişdir, lakin orada şifahi olaraq ona demişlər ki, ona güzəştli şərtlə pensiya almaq hüququ yoxdur. Hüquqi savadı olmadığından onlara inanmışdır. 60 yaşı tamam olanda yenidən hazırda cavabdeh olan təşkilata - Filiala müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, onun işlədiyi peşə, yəni “elektirik-qaz qaynaqçısı" peşəsi həm hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həm də əvvəlki Nazirlər Kabinetinin 21.06.1993- cii il tarixli, 320 saylı Qərarında (2 nömrəli “Siyahı”da “Ümumi peşələr”) da nəzərdə tutulmuşdur. Elektrik-qaz qaynaqçısı peşəsi üzrə yerinə yetirilən işləri həmişə əli ilə aparılmışdır və təbii ki, o da elektriklə, həm də qazla qaynaq işlərini əli ilə aparmışdır. Həmin peşələr üzrə olan təlimatlarda da işlərin əllə aparılması qeyd olunurdu, əməyin təhlükəsizliyi barədə təlimatlarda da bu faktlar qeyd olunurdu. Elektrik və qazla aparılan qaynaq işlərini sözsüz ki, nə “ayaqla”, nə də “dişlə” aparmaq mümkün deyildir. Bu faktlar hamı üçün bəlli olan faktlardır və onların yenidən sübut edilməsinə zərurət yoxdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı 27 oktyabr 2021-ci il tarixində Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Filiala iddiaçının təqdim etdiyi 27 iyul 1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi peşə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4269/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı 15.10.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat X4 üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 01.09.1977ci ildən 26.07.1978-ci ilə qədər Bakı şəhəri, 22 №-li Texniki Peşə Məktəbində təhsil almış (10 ay 26 gün) və ona 3-cü dərəcəli elektrik qaynaqçısı ixtisası verilmiş, 27.07.1978-ci ildən 23.04.1979-cu ilə qədər “KƏM” Trestində elektrik qaynaqçısı (8 ay 15 gün) işləmiş, 30.04.1979-cu ildən 25.06.1981-ci ilə qədər (2 il 1 ay 26 gün) hərbi xidmətdə olmuşdur. O, 25.09.1981-ci ildən 17.09.1987-ci ilə qədər Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyinin 10 №-li sexində 3-cü dərəcəli elektrik qaynaqçısı (5 il 11 ay 23 gün), 28.09.1987-ci ildən 31.08.1990-cı ilə qədər “Ulduz” zavodunda 4-cü dərəcəli elektrikqaz qaynaqçısı (2 il 6 ay 4 gün), 03.09.1990-cu ildən 18.01.1994-cü ilə qədər “Xəzər” zavodunda 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı (3 il 4 ay 16 gün), 01.02.1994-cü ildən 07.06.1994-cü ilə qədər “Xəzər” kiçik müəssəsində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı (4 ay 7 gün), 01.05.2001-ci ildən 31.03.2008-ci ilə qədər AMSCO şirkətində qaynaqçı (6 il 11 ay 1 gün), 01.04.2008-ci ildən 30.08.2013-cü ilə qədər Finiks Konrekting S.A şirkətində qaynaqçı (5 il 5 ay) vəzifələrində işləmiş, 02.09.2013-cü ildən hal-hazıradək "xxxx" QSC-də qaynaqçı vəzifəsində işləyir. “ULDUZ” Elm-İstehsalat Birliyinin 06 №-li, 04.03.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 26.09.1987-ci il tarixində BAİB-dən köçürülmə yolu ilə Bakı ‘‘Ulduz” zavoduna 4-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunub. Əmr №-li 599 k 26.09.1987-ci il tarixində 31.08.1990-cı il tarixində Bakı “Ulduz” zavodundan köçürülmə yolu ilə zavodun tabeçiliyində olan Xəzər kiçik müəssisəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul olunub. Azərbaycan Respublikası ƏQM-nin 26-cı maddəsinin 5-ci bəndinə əsasən Əmr № 550 k 31.08.1990-cı il tarixində. 18.01.1994-cü il tarixində Xəzər KM-də köçürülmə yolu ilə ”Ulduz” EİB-nin tabeçiliyində olan BMPH zavoduna keçirilib. Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən 6-cı dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul edilib. Əmr № 47 k 18.01.1994-cü il tarixində 10.06.1996-cı il tarixində üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikası ƏQM-nın 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilib. Əmr № 56 k 10.06.1996-cı il tarixində Bakı “Ulduz” zavodunda işlədiyi illər ərzində o, sexdə metal məmulatların kəsilməsi, doğranması və qaynaq edilməsi işləri ilə məşğul olmuş, bütün fəaliyyəti dövründə elektrik qaz qaynaqçısı peşəsində çalışmışdır. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarı; Ümumi peşələr 35 səh 166.) Arayışın tərtibində müəssisə üzrə əmrlər, işçinin şəxsi vərəqəsində məlumatlar əsas olaraq götürülmüşdür. - "xxxx" QSC tərəfindən Filiala ünvanlanmış TİC-20-PA-OM-021 №- li, 22.11.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərardan irəli gələn müddəalara əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hühuqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr xüsusi bölməsi olaraq, İddiaçı aşağıdakı vəzifələrdə işləyirdi: 27.07.1978-ci ildən 23.04.1979-cu ilə qədər elektrik qaz qaynaqçısı - Stavropol trest “KEM”; 25.09.1981-ci ildən 17.09.1987- ci ilə qədər elektrik qaz qaynaqçısı- Bakı Aqreqat İstehsalat Birliyində; 28.09.1987-ci ildən 31.08.1990-ci ilə qədər elektrik qaz qaynaqçısı - Bakı “Ulduz” zavodu; 03.09.1990-cı ildən 18.01.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı - “Xəzər” Kiçik müəssisəsi; 01.02.1994-cü ildən 07.06.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı - Azərbaycan “Ulduz” Metal plastik hissələr zavodu; 01.05.2001-ci ildən 31.03.2008-ci ilə qədər qaynaqçı - AMSCO şirkəti; 01.04.2008-ci ildən 30.08.2013-cü ilə qədər qaynaqçı - FİNİKS Kontraktinq S.A.şirkətinin Azərbaycan Respublikasında filialı; 02.09.2013-cü ildən hal hazıradək qaynaqçı - Ticarət Sənaye Şirkəti QSC. Qanunvericilikdə nəzərdə tutulmuş Ümumi peşələr xüsusi sahəsində elektrik qaz qaynaqçısı, qaynaqçı vəzifələrində işləməsi nəzərə alınaraq, həqiqətən, o, güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir. "xxxx" MMC tərəfindən verilmiş KŞ-118/05 №-li, 05.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində (hazırkı vaxtda "xxxx" MMC) 25.09.1981-ci ildən 17.09.1987-ci ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik olan zərərli əmək şəraitli elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində “Fəhlə peşələri və işlərin vahid tarif - ixtisas sorğu kitabçası”na uyğun müxtəlif poladlardan, əlvan metallardan detal, qovşaq və konstruksiyaların qaynaq edilməsi işləri ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən XXXİİİ bölmə “Ümumi peşələr” 23200000-19756 “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” (hazırkı vaxtda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35-ci bölmə “Ümumi peşələr” “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları”) müəyyənləşdirilmişdir. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış TİC-21-PA-OM015 №-li, 26.04.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (AZE 0*******) zərərli iş şəraitində - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına əsasən (fəsil XXXİİİ, bölmə “Ümumi peşələr”, kod ********) “kəsməkdə və əl ilə qaynaq işlərində məşğul olan elektrik qaz qaynaqçıları” (kod: 23200000-19756), “qaz qaynaqçıları” (kod:23200000- 11620) və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod: 23200000- 19906) (Nazirlər Kabinetinin hazırda qüvvədə olan 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarı ilə təsdiq olunmuş Siyahısında Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları), “qaz qaynaqçıları” vəzifələrində işləmişdir. İddiaçı zərərli iş şəraitində əmək stajı belədir: 27.07.1978-ci ildən 23.04.1979-cu ilə qədər elektrik qaz qaynaqçısı - Stavropol trest “KEM”; 25.09.1981-ci ildən 17.09.1987-ci ilə qədər elektrik qaz qaynaqçısı- Bakı Aqreqat İstehsalat Birliyində; 28.09.1987-ci ildən 31.08.1990-ci ilə qədər elektrik qaz qaynaqçısı - Bakı “Ulduz” zavodu; 03.09.1990-cı ildən 18.01.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı “Xəzər” Kiçik müəssisəsi; 01.02.1994-cü ildən 07.06.1994cü ilə qədər elektrik qaz qaynaqçısı - Azərbaycan “Ulduz” Metal plastik hissələr zavodu; 01.05.2001-ci ildən 31.03.2008-ci ilə qədər qaynaqçı - AMSCO şirkəti; 01.04.2008-ci ildən 30.08.2013-cü ilə qədər qaynaqçı - FİNİKS Kontraktinq S.A.şirkətinin Azərbaycan Respublikasında fılialı; 02.09.2013-cü ildən hal hazıradək qaynaqçı - Ticarət Sənaye Şirkəti QSC. İddiaçı zərərli iş şəraitində (“elektrik qaz qaynaqçısı” vəzifəsində) əmək stajı 13 il 04 ay 12 gün təşkil edir. “Əl ilə qaynaq aparan elektrik qaz qaynaqçıları”, “elektrik qaynaqçıları” və “qaz qaynaqçıları”nın əmək funksiyalarına aiddir: Əl ilə qaynaq işlərinin aparılması, müxtəlif metal məmulatların kəsilməsi, doğranması, dəmir, polad və əlvan metallardan detal, qovşaq və konstruksiyalarının qaynaq edilməsi və sair işlər. Filial tərəfindən məhkəməyə ünvanlanmış 05.08.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşının tamam olduğu 15.10.2020-ci il tarixinə sözügedən Qanunun 29.1-1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilməsini nəzərə alaraq 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14890,84 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 39097,01 manat olmaqla cəmi pensiya kapitalı 53987,85 manat təşkil edir. Adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq qeyd olunan tarixə ona münasibətdə 40800,00 manat məbləğində hesablanmışdır. Eyni zamanda bildirilir ki, İddiaçı hal-hazıra 2006- cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13741,28 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 36477,13 manat olmaqla cəmi pensiya kapitalı 50218,41 manat təşkil edir. Adı çəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın, alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun ona münasibətdə 39000,00 manat məbləğində hesablanmışdır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1. İddiaçının 60 yaşının tamam olması; 2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı 15 oktyabr 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur, sonuncunun 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq, yəni 35 il 10 ay 22 gündür, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 53987,85 manat olmaqla ona münasibətdə tələb olunan 39200,00 manat məbləğində artıqdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı işlədiyi müəssisələr, yəni “Ulduz” Elm-İstehsalat Birliyi, "xxxx"xxxx"xxxx" MMC tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. İddiaçının işlədiyi “elektrik qaz qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın Ümumi peşələr adlanan 35-ci bölməsində nəzərdə tutulan “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələrinə uyğun olmaqla güzətli iş stajı 13 il 04 ay 12 gün təşkil edir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (15 oktyabr 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 15.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4269/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar