Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-653/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə iş stajı nəzərə alınaraq, pensiyanın yenidən hesablanması və ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3292/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin pensiya hüququ yaradan illər kimi tanınması, cavabdehin üzərinə xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin pensiya hüququ yaradan illər kimi tanınmasını, həmin illər üzrə ödənilən məbləğlər üzrə sosial sığorta stajının ümumi sosial sığorta stajına daxil edilməsi, bu illərə münasibətdə və ümumilikdə yenidən hesablanaraq ödənilməsinə, pensiya hüququnun yarandığı tarix yəni, xx.xx.2018-ci il tarixdən məhkəmə qətnaməsinin inzibati orqan tərəfindən icra olunacağı tarixə qədər olan dövr üzrə sosial sığorta stajına daxil edilməyən xx.xx.1992-ci il tarixdən xx.xx.1995ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlər üzrə ona ödənilməyən pensiya məbləğinin hesablanıb cəmləşdirilərək ona ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, yaşa görə əmək pensiyasının təyin olunma şərtləri pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İş materiallarına əlavə edilmiş sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” AR Qanununun 7.1-ci maddəsinə əsasən, işəgötürən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Məhz bu fakt ona əsas verir ki, 1992-2004-cü ilin hesabatlarında adı mövcud olmayan, dolayısıyla əmək haqqından heç bir ödəniş tutulmayan vətəndaşın işlədiyi müəssisə tərəfindən 2006-cı ildən əvvəlki tarixdə də dövlət büdcəsinə ödənişlər həyata keçirilməmişdir. Əmək pensiyası hüququ məcburi dövlət sosial sığorta haqları ödənildikdə mövcud olur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Həmçinin, vətəndaşın müəssisə ilə bağlı təqdim etdiyi sənədlərdə əmək haqqı barədə qeydləri öz əksini tapmamışdır. Borcların silinməsi onların kompensasiya edilməsi demək deyildir. Məhkəmənin istinad etdiyi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018 tarixli Qanunun məzmunundan da görünür ki, 2006cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci il 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları dövlət tərəfindən hər hansı formada kompensasiya edilməmişdir, sadəcə silinmişdir. Üstəlik, qeyd olunan Qanunun 3-cü maddəsinə əsasən, 2015-ci ildən etibarən məcburi dövlət sosial sığorta borclarına görə tətbiq edilmiş maliyyə sanksiyaları müəyyən şərtlər daxilində öz qüvvəsini saxlamışdır. Borcların silinməsi faktı yaşa görə pensiya təyin edilməsi üçün əsas deyil. Çünki pensiya təyinatı məhz həmin əmək haqqından tutulan və dövlət büdcəsinə keçirilən ödənişlər hesabına həyata keçirilir. Məhkəmə araşdırmanı tam olaraq həyata keçirməmiş, hüquqi mövqeyini bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddəsləri). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İşdən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin müəyyən etməyin mümkün olmadığı bildirilsə də, birinci instansiya məhkəməsi gəldiyi nəticəni faktiki cəhətdən yalnız iddiaçının əmək kitabçasının məlumatları ilə əsaslandırmış, cavabdehin qəbul etmədiyi dövrlərdə iddiaçının işlədiyi müəssisələrin mövcud olub-olmaması, iddiaçının həmin təşkilatlarda işləyib-işləməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlara heç bir sorğu verməmiş, əmək kitabçasının məlumatlarının yoxlanılması üçün hər hansı hərəkət etməmişdir. Bu kontekstdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İMP-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinə münasibətdə bu vəzifə nisbi xarakter kəsb edir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin yuxarı deyil də, növbəti məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış mövqenin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə bilavasitə onların əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələm-tələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi lazımi qaydada yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında inzibati apellyasiya icraatının əsas qaydaları şərh olunaraq göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” İPM-in 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə dəyişə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əhəmiyyətli sayda sübutları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020ci il tarixli qərarı ləğv edilsin, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-653/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-653/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver