Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-653/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan - Bakı şəh., İnşaatçılar pr. 33a, ofis 6a) cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətinin təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3994/2021 saylı, 10.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 29.01.2021-ci il tarixində cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 28.01.2021-ci il tarixli, M-37/2-003/2 saylı məktubun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat pulun tutulması, Bakı şəhər Səbail rayon Polis İdarəsinin razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə barəsində tədbir görülməsinə dair şifahi xəbərdarlığı Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onun sərbəst toplaşmaq azadlığı pozulmuşdur və buna görə də, iddiaçı hüququnun təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, vurulmuş ziyanın əvəzi olaraq 10.000 manat pulun tutulmasını, həmçinin, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə barəsində tədbir görülməsinə dair şifahi xəbərdarlığın qanuna zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-3994/2021 saylı qərardadı ilə (hakim A.Oruczadə) iddia mümkün sayılmamışdır. İddiaçı 17.07.2021-ci il tarixdə (ştampa əsasən) (11.02.2021-ci il tarixdə imzalanmışdır) qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1226/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə (hakim A.Hüseyn, A.Nuriyeva,Valeh Məmmədov mətnə uyğun, imzalanmışdır – Vidadi Məmmədov tərəfindən) Apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-3994/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19.10.2021-ci il tarixli, 2-1(103)-1529/2021 saylı qərarı ilə (hakimlər K.Bədəlov,İ.Hüseynov,N.Rəsulbəyova) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2021-ci il tarixli, 2- 1(103)-1226/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinini iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “hazırkı iş üzrə aşağı instansiya məhkəmələri Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin birgə cavabdeh ola bilməməsi nəticələrinə gəlsələr də, iddiaçıya düzgün cavabdehin seçilməsi ilə bağlı hüquqi yardım göstərməmiş və bununla da, inzibati prosessual qanunvericiliyin tələblərini pozmaqla iddia tələbini mümkün saymamışdır” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 02 dekabr 2021-ci il tarixli məktubu ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (iş üzrə iddia tələbinin hansı cavabdehə qarşı irəli sürülməsinin aydınlaşdırılması) təklif edilsə də, iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı cavabdehlər qismində Bakı şəhər İcra Hakimiyyətini və Bakı şəhəri Səbail rayon Polis İdarəsini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadında Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon Polis İdarəsininin cavabdehlər qismində prosessual həmiştirakçılığına yol verilməməsini qeyd etsə də, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd edilməlidir ki, hər hansı iddianın ümumi və ya xüsusi mümkünlük şərtlərinə cavab verib-verməməsinə qiymət verilməsi üçün ilk növbədə iddianın hansı cavabdehə qarşı qaldırılmalı olduğu məsələsinə aydınlıq gətirilməlidir. Çünki, konkret iş üzrə cavabdehin kim olması aydınlaşdırılmadığı halda cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmamasına və ya cavabdehə ilkin müraciət edilib-edilməməsinə qiymət verilməsi mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən qərar qəbul etməklə, İPM-in 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipini pozduğundan, işin birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3994/2021 saylı, 10.02.2021-ci il tarixli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3994/2021 saylı, 10.02.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “Azərbaycan Respublikası Konstitusiyasının sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 28.01.2021-ci il tarixli, M-37/2-003/2 saylı məktubun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat pulun tutulması, Bakı şəhər Səbail rayon Polis İdarəsinin razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə barəsində tədbir görülməsinə dair şifahi xəbərdarlığı Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsinin həmin cavabdehlərə həvalə edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-653/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-653/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver