Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-653/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6787/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: І. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni 24 avqust 2020-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, 1978-ci ildən başlayan uzun müddətli əmək stajına malikdir. 44 illik bir müddəti əhatə edən əmək fəaliyyətinin 18 ildən artıq hissəsini zərərli işlər təşkil edir. Başqa sözlə, uzunmüddətli əmək fəaliyyəti əmək qanunvericiliyinin müəyyən etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun tələblərinə tam şəkildə cavab verir. Buna görə də, yəni əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət etmişdir. Ərizəsinə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını təsdiq edən müvafiq sənədləri də əlavə etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 saylı imtina məktubu ilə ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. İmtinanın əsas səbəbi kimi, bildirilmişdir ki, işlədiyi zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, bu səbəbdən də neftin, qazın, qaz kondensatının, emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmadığı aşkar edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Belə ki, Mərkəzi Filialın mütəxəsisiləri tərəfindən iddiaçının zavoddakı iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi aparılmış, zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərrüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, buna görə də, neftin qazın, qaz kondensantının emalı, kömürün və şistin emalı sahəsinə aid olmadığı müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv arayışı onun güzəştli iş stajını təsdiq etmir. Ona görə ki, arayışda məlum siyahının 10.5.2-ci bəndinə ümumi istinad vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6787/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçi-çilingərlər peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X6”nun ona dair 10 noyabr 2021 -ci il tarixli SOCAR**********80020123X00195 nömrəli arxiv arayışında xx.xx.1996-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 8 saylı sexində texnoloji qurğuların təmiri üzrə çilingər, növbətçi çilingər və sexin təmir sahəsində təmirçi çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərrüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, bu səbəbdən də neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmadığı aşkar edilmişdir. Bu fakt “Heydər Əliyev adına X6”nun 30 noyabr 2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Qeyd edilən səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi F.Məmmədova iddiaçının tələb olunan pensiya kapitalına və güzəştli iş stajına malik olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 60 yaşdan, yəni 24 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilmişdir. Konkret halda, cavabdehin apellyasiya şikayətinin dəlillərində iddiaçının Mərkəzi Filiala təqdim etdiyi, SOCAR “Heydər Əliyev adına X6”nun 10 noyabr 2021 -ci il tarixli arxiv arayışında onun xx.xx.1996 - xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində zavadun 8 saylı sexində texnoloji qurğuların təmiri üzrə çilingər, növbətçi çilingər və sexin təmir sahəsində təmirçi çilingər kimi işlədiyi peşələrin - sexin su təsərrüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi əsas gətirilərək “neft emalı” sahəsinə aid olmadığı mübahsələndirilərək, iddiaçının güzəştli iş stajının olmadığı bildirilir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razlaşmır. Belə ki, xx.xx.1960-cı il tarixdə doğulmuş (Şəxs.vəs. AZE № 0*******) iddiaçının iş materialları və qanunvericiliyin tələbləri ilə müəyyən olunan əmək fəailiyyətinin göstəricilərinə və qanunvericiliyin tələblərinə münasibətdə münasibətdə iddiaçının tələbində haqlı olduğu öz təsdiqini tapır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixnədək qüvvədə olan redaksiyasına əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının iş materiallarında olan НЗ seriyalı № ******* saylı hərbi biletinin, Bakı Yüngül Sənaye Texnikumu tərəfindən xx.xx.1979-cu ildə verilmiş BT seriyalı 019160 №li diplomun, ИТ-İ ******* №li xx.xx.1979-cu il tarixli əmək kitabçasının - surətlərinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1975 – xx.xx.1979 Texnikumda orta ixtisas təhsili 3 il; xx.xx.1978 - xx.xx.1979: Bakı uşaq paltarları tikiş istehsalat birliyində təmirçi-çilingər – 1 il 7 ay 4 gün ; xx.xx.1979 - xx.xx.1981: müddətli həqiq hərbi xidmət-2 il 3 gün; xx.xx.1982 -xx.xx.1991: həmin istehsalat birliyində təmirçi-çilingər -9 il 1 a 1 gün; xx.xx.1991 - xx.xx.2014: 14 saylı poliklinikada təsərrüfat müdiri – 22 il 4 ay 22 gün; xx.xx.2014 - xx.xx.2016: Xətai rayonu 22 nömrəli Birləşmiş şəhər xəstəxanasında idaarəetmə aparatına təsərrüfat müdiri- 1 il 10 ay 27 gün; xx.xx.2016-xx.xx.2020: 38 №-li şəhər poliklinikasında təsərrüfat müdiri – 4 il 5 ay 16 gün. Eyni zamanda, iddiaçının digər notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* №li xx.xx.1992-ci il tarixli ikinci əmək kitabçasının surətinə əsasən isə iş stajı aşağıdakı kimidir: xx.xx.1992- xx.xx.1996: “Nail” kiçik müəssisəsinə təmirçi-çilingər – 4 il 3 ay 18 gün xx.xx.1996-xx.xx.1996: “Azərneftyağ ”İstehsalat Birliyi gözətçi – 2 ay 7 gün; xx.xx.1996 - xx.xx.2008: “Azərneftyağ ”İstehsalat Birliyinin 8 №-li sexində texniki qurucu təmiri üzrə 3-4 dərəcə çilingər -11 il 3 ay 21 gün ; xx.xx.2008 - xx.xx.2009: həmin sexdə çirkab suların təmizlənməsi sexinin təmir sahəsində 4-cü dərəcəli növbətçi çilingər – 1 il 6ay 8gün ; xx.xx.2009 - xx.xx.2014: həmin sexin sexinin təmir sahəsində 4-cü dərəcəli təmirçi çilingər – 5 il 2ay 7 gün. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qanunvericiliyin qeyd olunann tələbləri nəzərə alınmaqla, iddiaçının birinci əmək kitabçasının xx.xx.1992-xx.xx.2014-cü illər üzrə əmək fəaliyyəti dövrü, ikinci əmək kitabçasının müvafiq dövrü ilə üst-üstə düşdüyündən, həmin hissədə 1-ci əmək kitabçasının göstəriciləri istisna edilməklə hesablama aparıldıqda, 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə onun 44 il 5 ay 16 gün sığorta stajı toplanır. ИТ-İ ******* №li xx.xx.1992-ci il tarixli 2-ci əmək kitabçasının qeydlərindən isə göründüyü kimi, iddiaçı xx.xx.1996-xx.xx.2014-cü illərdə neft emalı sahəsində “Azərneftyağ ”İstehsalat Birliyində: gözətçi (2 ay 7 gün), texniki qurucu təmiri üzrə çilingər (11 il 3 ay 21 gün), çirkab suların təmizlənməsi sexinin təmir sahəsində 4-cü dərəcəli növbətçi çilingər (1 il 6ay 8gün), təmir sahəsində 4-cü dərəcəli təmirçi çilingər (5 il 2 ay 7 gün) kimi peşələrdə işləmişdir. İşə əlavə olunmuş, SOCAR- Heydər Əliyev adına X5 1-ci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı 14 iyul 2022-ci il tarixli arxiv arayışında qeyd olunur ki, İddiaçı həmin zavodda: “1. xx.xx.1996 - xx.xx.1996-cı illərdə zavodun yay üzgüçülük hövuzunda gözətçi;
2. xx.xx.1996 - xx.xx.2008 dövründə - zavodun 8 №-li sexində sexdə texnoloji qurğuların təmiri üzrə çilingər;
3. xx.xx.2008 - xx.xx.2008 dövründə sexin təmir sahəsində növbətçi çilingər;
4. xx.xx.2008- xx.xx.2014-cü illərdə sexin təmir sahəsində təmirçi çilingər -peşələrində işləmişdir. 2-ci və 4-cü bəndlər üzrə peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 10.5.2 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı üzrə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Heydər Əliyev adına X5 keyfiyyətə nəzarət laboratoriyası üzrə 8 №li sahə və “Azərneftyağ" X5 8 №li sahəsi (çirkab suların təmizlənməsi) fərqli funksiyaları yerinə yetirir.”(i.v.63) “Siyahı”nın sözügedən 10.5-ci bəndi araşdırıldıqa da müəyyən olunur ki, “texnoloji avadanlıqların təmiri üzrə çilingərlər və təmirçi-çilingərlər” güzəştli pensiya hüququ verən peşələr kimi təsbit olunmuşdur. Qeyd edilənlərdən isə görünür ki, həmin peşələr üzrə iddiaçının16 il 5 ay 28 gün (11 il 3 ay 21gün+5 il 2 ay 7 gün) sığorta stajı vardır. Beləliklə də onun 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixinə 25 ildən çox ümumi, 12 il 6 aydan da çox xüsusi stajının mövcudluğu sübuta yetirilir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə fərdi hesabının sığorta hissəsində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan pensiya kapitalına malik olması işin mübahisələndirilməyən halıdır. Hər bir halda, hazırkı mərhələdə məhkəməyə təqdim edilən iddiaçının fərdi hesabının sığorta hissəsindən elektron çıxarışa əsasən, onun 32.000 manatdan da çox pensiya kaptalına malik olduğu aydın olur. 2020-ci ildə Qanunun 6-1-ci maddəsi ilə müəyyən olunan minimum pensiya məbləği 200 manat təşkil edirdi ki, belə olan halda da həmin dövr üçün tələb olunan pensiya kapitalının miqdarı 28800(200x144) manat təşkil etmiş olur. Göründüyü kimi, iddiaçının mövcud pensiya kapitalı həmin məbləğdən artıqdır. “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir https://www.eqanun.az/framework/11566
Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu əsas tutulıraq ona 60 yaşından güzəştli pensiya təyin olunmasından imtina olunması, onun əmək fəaliyyətinin göstəricilərinə və əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da iddiaçının hüquqlarını pozulmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6787/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6787/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.